Azərbaycanlıların sıxışdırılmasına etiraz edən millətçi təşkilatREPRESSİYA TARİXİ

<b>Azərbaycanlıların sıxışdırılmasına etiraz edən millətçi təşkilat</b> – <span style="color:red;">REPRESSİYA TARİXİ
30 yanvar 2018
# 17:30

Kulis.az filosof Aydın Əlizadənin “Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938-56)” yazısını təqdim edir.

Məqalədə 1938-56 illərdə Azərbaycanda aparılan “Ehtiyatda olan sağ trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı adlanan qrupun istintaq işinin tarixi araşdırılmışdı. Bu iş üzrə Azərbaycan SSR rəhbərliyinin üzvləri və SSRİ Ali Sovetinin 1-ci çağırış deputatları daxil olmaqla 300-dən çox insan məhkum olunmuşdur. Bu səbəbdən də, bu işi o dövrün ən böyük istintaq işlərindən biri saymaq olar. Gələcəkdə isə bu işin saxtalaşdırılmış olduğu sübuta yetirilmiş, zərərçəkmişlər bəraət qazanmışdılar. Məqalədə tarixi hadisənin izlənməsi olan narrativ metod işlədilmişdir. İşin yeniliyi ondan ibarətdir ki, bu iş ilk dəfə tədqiq olunmuşdur. Əsas nəticəsi isə ondan ibarətdir ki, siyasi cinayət işi əvvəlcədən sifariş edilib saxtalaşdırılmışdır. Məqalənin yazılışı zamanı arxiv materiallarından və başqa Qırmızı Terror dövrünü araşdıran tədqiqatçıların əsərlərindən istifadə edilib.

AZƏRBAYCANDA QIRMIZI TERROR: ƏKSİNQİLABÇI MİLLİYYƏTÇİ TƏŞKİLATIN İŞİ (1938-56)

1937-38 illərdə Sovet Azərbaycanında dövlət terrorizminin tüğyan etməsi o zaman SSRİ-də gedən ümumi prosesin bir hissəsi idi. “Sovet dönəminin ilk oniillikləri boyu (1953-cü ilə qədər) dövlət zorakılığı ardı arası kəsilməyən kütləvi siyasi terror halında özünü göstərməkdə idi. Hər il yüzminlərlə insan basqı və təzyiqlərə məruz qalırdı. Məhz terror o dönəmdə sovet sisteminin varlığını təmin edən əsas amil idi. Onun vasitəsilə hakimiyyətin mərkəzləşməsinə, ehtimal olunan hər bir narazılığın qarşısının alınması üçün üfüqi bağlarının qırılmasına, ideologiyanın yeridilməsinə, insanların kölə işlərinə zorlanmasına və başqa məqsədlərə nail olmaq olurdu” (6).

Azərbaycanda kütləvi repressiyalara Zaqafqaziya diyar komitəsinin sədri Lavrenti Beriyanın 1936-cı ildə bütün Cənubi Qafqaz respublikalarında “Sosializm düşmənlərini yandırıb küllərini küləyə üfürmək” adlı məqaləsinin yayımlanmasından sonra başlanılmışdır. Onu təqiblərə başlanğıc verən bir təkan sayırlar. Bu məqaləyə görə, guya Azərbaycanda trotskiçilər (SSRİ-nin rəsmi leninçi təliminə qarşı olan başqa kommunist ideologiyası), milliyyətçilər və başqa hökumətə qarşı olan təşkilatlar fəallıq göstərir və onlar dövlət çevrilişi, eləcə də mərkəzi hakimiyyəti devirmək üçün çeşidli təxribatlar hazırlayırlar (14). Ona görə də Beriya bu təşkilatlara qarşı barışmaz savaşın açılmasına çağırış etmişdi.

Artıq 1937-38-ci illərdə Azərbaycanda çoxlu sayda insan tutulmuşdu, təqiblər həm də respublika rəhbərliyinin arasında gedirdi. Repressiyalar o qədər şiddətlənmişdi ki, “1937-ci ilin yayından başlayaraq 1938-ci ilin payızına qədər Azərbaycan rəhbərliyi məhv edilmiş, respublika rəhbərlərsiz qalmışdı” (1, 775-776). Təkcə 1937-ci ildə 22 xalq komissarı, 49 rayon partiya komitəsi katibi, 29 rayon icraiyyə komitə sədri tutulmuşdu. Onlardan 18 xalq komissarı və rayon partiya komitəsi sədrinin hamısı həmin il güllələnmişdi (1, 777). Xalq əkinçilik, maarif və ədliyyə komissarları (o zaman nazirləri xalq komissarı adlanırdılar) ilə birlikdə onların müavinləri və onların tabeliyində olan idarə işçilərinin çoxu da həlak olmuşdu (1, 777). Repressiyalar və ya təqiblər hakimiyyətdə olan Azərbaycan SSR Kommunist (bolşeviklər) Partiyası (bundan sonra Az.SSR K(b)P yazılacaq) rəhbərlərinin çox hissəsini də məhv etmiş, partiyanın orta sinfini ləğv etmişdi (15, 36).

Repressiyalar Az. SSR K(b)P katibi (o zaman partiya katibi respublikanın rəhbəri idi) M. C. Bağırov tərəfindən partiya və sovet işçilərinin idarəedici heyətini məhv etmək və onların yerinə öz yaxın və etibarlı adamlarını yerləşdirmək” məqsədi ilə həyata keçirilirdi (13, 572-576).

O zaman daxili işlər və dövlət təhlükəsizliyi vəzifələrini özündə cəmləşdirən Xalq Daxili İşlər Komissarlığı (bundan sonra XDİK yazılacaq) “az qala bütün Azərbaycan əhalisinin təbəqələrini əksinqilabçı fəaliyyətdə ittiham etmiş, onları ən çeşidli təşkilatların üzvləri sırasına daxil etmişdi. Keçmişdə çar hakimiyyəti ilə gizli qurumlarda mübarizə aparmış kommunistlər bir anda sovet hökumətinin düşmənləri elan edilmiş, partiya və sovet rəhbərləri bir-birini çeşidli əksinqilabçı təşkilatlara cəlb etmiş kimi göstərilmiş, qoca professorlar terrorçu təşkilatların vurucu qüvvəsinə; ermənilər müsavatçı, rus fəhlələri isə Azərbaycanda milli hakimiyyətin qurulması mübarizləri kimi təqdim edilmişdir. XDİK işçilərinin siyasi və mədəni nadanlığı məhbuslara qarşı ən ağlasığmaz ittihamların irəli sürülməsinə gətirib çıxardırdı. Örnək üçün, onlar keyfiyyətsiz kağızın buraxılmasında, araba təkərlərinin qəsdən yararsız hala gətirilməsində, Azərbaycanın Zaqafqaziya Sovet Federativ Respublikasından ayırmağa cəhdlərdə ittiham edilirdilər” (9, 151).

Azərbaycanda “Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı”

1938-ci ildə SSRİ-də ən şiddətli repressiyalar “Sovetlər əleyhinə sağ-trotskiçi blokunun” işi üzrə həyata keçirilmişdi. Bu iş üzrə Moskvada ən fəal kommunistlər olan Buxarin və Rıkov, eləcə də onların tərəfdarları tutularaq mühakimə edilmiş və güllələnmişdilər. Məhkəmə hesabatlarına görə onların məqsədi “sosialist ictimai və dövlət quruluşunun devrilməsi, SSRİ-də kapitalizmin bərpası, onun dağılması, Ukraynanın, Belarusun, Orta Asiya respublikalarının, Gürcüstanın, Ermənistanın, Azərbaycanın və Primorsk diyarının (Uzaq Şərqdə) vahid ölkənin tərkibindən çıxması idi” (4, 485).

Bu proses də bütün ölkədə yeni təqiblərə gətirib çıxartmışdır. Hər yerdə Buxarin və Rıkovun dəstəsindən olan “sağ-trotskiçilər” axtarılıb həbs edilirdi. Azərbaycanda da bu iş üzrə çox şiddətli təqiblər olmuş, “ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyyətçi təşkilatı” adlandırılan bir təşkilat aşkar edildi (12, 881-892). Bu təşkilatın başçıları kimi birdən-birə beş SSRİ Ali Sovetinin (parlamentinin) 1-ci çağırış deputatları da göstərilirdi. Onlar 1899-cu ildə Bakının Qala kəndində anadan olmuş Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini Mənaf Xəlilov, 1902-ci ildə Bakıda anadan olmuş Az. SSR Xalq Daxili Ticarət komissarı İbrahim Əsədullayev, 1898-ci ildə Ermənistan SSR Akarat kəndində anadan olmuş Az. SSR Xalq Əkinçilik komissarı Əbülfət Məmmədov, 1906-cı ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Şuşa şəhərində anadan olmuş Az. SSR Xalq Yüngül Sənaye komissarı İskəndər Əliyev, 1899-cu ildə Rusiyanın Saratov vilayətində anadan olmuş SSRİ Xalq Rabitə Komissarlığının Az. SSR üzrə səlahiyyətlisi Yefim Rodionov və 1906-cı ildə Rusiyanın Smolensk vilayətində anadan olmuş Az. SSR Xalq Təsərrüfatı Sovetinin katibi Boris Lyuborski-Novikov (təkcə o deputat olmamışdı) idi.

Bundan başqa, həmin iş üzrə daha bir SSRİ Ali Sovetinin deputatı, Az. SSR K(b)P Lenin (indiki Bakının Sabunçu) Rayon Komitəsinin katibi Nikolay Kulkov həbs edilmişdi.

Bu iş o qədər gurultulu, əhəmiyyətli və böyük idi ki, hətta 1937-38 ilin başqa repressiya işləri arasında fərqlənirdi. 4 may 1956-cı ildə keçirilən Mir Cəfər Bağırovunun və onunla əlbir olanların məhkəmə prosesində bu azərbaycanlı “sağ-trotskiçilərin” işi onlara qarşı ittihamların sırasında səsləndirilmiş, məhkəmə Hökmündə əks olunmuşdu (8).

İstintaq işi o zamanın Azərbaycan SSR rəhbərliyi tərəfindən o qədər kobud surətdə saxtalaşdırılmışdır ki, “bu təşkilatın mövcudluğuna hətta məhbusları dindirən müstəntiqlər belə inanmırdılar. Bağırov, Rayev və Borşyov tərəfindən aparılan istintaq əsasən zorakılığın və işgəncələrin tətbiq olunması ilə getmiş, məhbuslardan və şahidlərdən bu vasitələrlə uydurulmuş ifadələr alınmış, sonra isə yeni təqsirsiz insanların tutulması davam etdirilmişdir” (13, 572-576).

Cinayət işinin 31 avqust 1940-cı il İttihamnaməsinin mətninə görə, bu təşkilat ona görə “ehtiyatda olan” adlandırılmışdır ki, guya ondan qabaq 1936-37-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş “əsas” təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar (5, 285).

SSRİ Ali Sovetinin deputatlarına qarşı ifşaedici materialların yığılması

Əldə olunmuş sənədlər bu cinayət işinin əvvəlcədən düşünülmüş şəkildə saxtalaşdırılması və sifariş edilməsi fikrinin irəli sürülməsinə imkan verir. Məsələ burasındadır ki, Az. SSR K(b)P Mərkəzi Komitəsinin (MK) sədri Mir Cəfər Bağırov K(b)P MK Sovet ticarəti şöbəsinin müdiri Brenerə “Ali Sovet deputatlığına irəli sürülmüş, ya da namizəd kimi qeydə alınan hər bir şəxs üçün (onlar haqqında rəy bildirmək üçün) xüsusi qovluq yaratmaq və onlar haqqında daxil olan bütün xəbərləri və imzasız (anonim) məktubları nömrələmək və sıralamaq” (11, 85) haqqında xüsusi əmr vermişdi. Bu əmrin verilməsi də ondan xəbər verir ki, bir çox deputatların həbsi qabaqcadan ən yüksən partiya və dövlət səviyyələrində planlaşdırılmış və xüsusi siyahılara salınmışdı.

Brener 5 yanvar 1937 ildə M. C. Bağırova bəzi deputatlar haqqında ifşaedici məktubların daxil olması haqqında məlumat vermişdi. Onun təqdim etdiyi siyahıda ikinci nömrə ilə İskəndər Əliyevin adı keçməkdə idi. Məlumata əsasən, “Yoldaş Əliyev haqqında bildirilir ki, onun həyat yoldaşı (Pəri Həsənova) güllələnmiş müsavatçı Dadaş Həsənovun (Müsavatın 1923-26-cı illərdə gizli fəaliyyət göstərmiş təşkilatının sədri) bacısıdır. Onun başqa qohumu olan 65 yaşlı Həmid Paşa oğlu isə XDİK tərəfindən bu yaxınlarda tutulmuşdur. Yoldaş Əliyev təsdiq etmişdir ki, onun anasının ögey qardaşı doğrudan da tutulmuşdur, ancaq onunla onun uzun illər boyu heç bir əlaqəsi olmamışdır. Yoldaş Əliyev həm də təsdiq etmişdir ki, onun həyat yoldaşının qardaşı 1926-cı ildə sürgün edilmişdir. Onun sonrakı aqibəti ona məlum deyil” (11, 59-60).

Bundan qabaq İ. Əliyev qısa zamanda fəhlədən xalq komissarı vəzifəsinə qədər yüksələ bilmişdi. Əvvəlcə Gəncə dəmiryolu deposunda fəhlə və çilingər, sonra həmkarlar fəalı olmuşdu. 1932-ci ildə Bakıya köçəndən sonra Ali Xalq Təsərrüfatı Sovetində təlimatçı, əmək ixtiraçılığı mərkəzi bürosunun sədri, istehsalat texniki təbliğat sektorunun rəisi vəzifələrində çalışmış; 1933-cü ildə Ümumittifaq Dövlət Pambıq Satışı İdarəsinin (Soyuzxlopkosbıt) Azərbaycan şöbəsinin müdiri, 11 avqust 1937-ci ildə Azərbaycan SSR xalq yüngül sənaye komissarı müavini, 2 noyabr 1937 ildə isə xalq yüngül sənaye komissarı vəzifələrinə təyin olunmuşdu. 1937-ci ilin sonunda SSRİ Ali Sovetinin I çağırış deputatı (millətlər palatası) seçilib. Təhsili orta idi: 1932 ildə Bakı Neft Fəhlə fakültəsini, 1933-34-cü illərdə isə Moskvada yüngül sənaye nazirliyinin rəhbər işçilərinin ixtisasartırma kurslarını bitirmişdi. 1928-ci ildən Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının üzvü idi.

Bundan başqa Brenerin hesabatında öncə adı çəkilmiş Kulkov da var idi. Onun haqqında “bir neçə xəbər daxil olmuşdur. Bu xəbərlərə görə, Kulkov yoldaş Belenkiy, Bondarenko, Rusavski, Prozumentik kimi hazırda ifşa olunmuş xalq düşmənləri ilə dostluq etmiş, Şaumyan (indiki Bakının Xətai) rayonunda əksinqilabçı ünsürləri himayə etmiş, Stalin adına zavodun partiya komitəsinin katibi olanda xalq düşmənləri haqqında xəbərlər verənləri təqib etmişdi. Həm də o, (bolşeviklərə qarşı vuruşan) Ağ hərəkatın tərəfdarı olaraq, Qızıl Orduda xidmət etmiş öz qardaşını öldürmüşdü. Ancaq təşkil edilmiş yoxlamalar zamanı bütün bu xəbərlər təsdiq edilməmişdir” (11, 64).

Brenerin hesabatından görünür ki, o həm Əliyevi həm də Kulkovu bacardığı qədər təmizə çıxartmaq istəyirdi. Ancaq sonra onun özü də bu iş üzrə həbs edilmişdi.

Mənaf Xəlilovun da əleyhinə işləyən amil ondan ibarət idi ki, o 1919-cu ildə müsavatçılarla əməkdaşlıq etmişdi. Bu barədə də yüksək dairələrə məlumatı çatdırmışdılar. Hətta bu amil gələcəkdə onun məhkəmə hökmündə də xatırlanmışdı (5, с. 6, 187).

Həbslər və istintaqın gedişi

Hadisələr 1938-ci ilin may ayının sonunda XDİK-ə bir yüngül sənaye komissarlığının müəssisə işçisinin ifadəsindən sonra başlamışdı. Onun hansı səbəblər üzündən bunu etməsi bilinmir. İ. Əliyev öz izahatında qeyd etmişdi ki, o adam və ona qarşı ilk ifadələr verən digər iki nəfər şəxs onu şəxsi münasibətlər üzündən şərləmişdilər. Ancaq ola da bilər ki, XDİK yuxarıların sifarişini yerinə yetirərək bu adamları belə ifadə verməyə məcbur etmişdi.

Həmin adamın ifadəsinə görə, yüngül sənaye sistemində İskəndər Əliyevin başçılıq etdiyi əksinqilabçı təşkilat fəaliyyət göstərirdi (5, c.4, İ. Əliyevin izahatı, 276). Güya Əliyev, bir yaxın adamına müəssisələrdə ziyanverici işlərin görülməsini tapşırmışdı.

Bundan sonra, həmin o “yaxın adam” da həbs olunaraq özünün xalq komissarı İ. Əliyevin başçılıq etdiyi yüngül sənaye sistemində fəaliyyət göstərən əksinqilabçı təşkilatın üzvü olduğu haqqında etirafedici ifadə vermişdir (5, c. 4, 29.05.1938 dindirilmə protokolu).

Onun ifadəsinə görə, öncə bir əksinqilabçı təşkilat olmuşdu, ancaq onu XDİK darmadağın edəndən sonra, onun azadlıqda qalmış fəalları “əksinqilabçı milliyyətçi təşkilatın” yeni mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etdilər. 1938-ci ilin yanvar ayında onlar Kirovabad (indiki Gəncə) şəhərində yerli yüngül sənaye müəssisəsində çalışan Balabəy Bağırovun evində toplantı keçirərək elan edirlər ki, Bakıda təşkilatın İ. Əliyevin başçılığı ilə yeni mərkəzi yaradılmış və onun tərkibində daha bir neçə şəxs vardır. Ona görə də Kirovabadda onlar öz tərəfdarlarını yığmaq üçün İ. Əliyevin tapşırığını yerinə yetirməlidirlər. Əliyevin özü isə SSRİ Ali Sovetinə seçkilərlə bağlı Nuxaya (indiki Şəki şəhəri) gedib oradan Kirovabada gəlməlidir.

Bu iki nəfərdən başqa daha bir yüngül sənaye işçisi XDİK-ə bunlara bənzər ifadələr vermişdir.

Bu ifadələr kifayət etmişdir ki, Az. SSR XDİK Dövlət Təhlükəsizlik idarəsinin 3-cü şöbəsinin müdiri kapitan Meşeryakov İ. Əliyevin həbsinə dair 1 iyun 1938-ci il tarixində həbs qərarı vermişdir.

Cinayət işinin materiallarına görə, İ. Əliyev 2 iyun 1938 il tarixində keçirilən ilk dindirilmədə təqsirli olduğunu boynuna almışdır (5, c.4, 02.06.1938 tarixli İ. Əliyevin dindirilmə protokolu). Ancaq bu etiraf çox şübhəlidir, çünki məntiqlə bu kimi ittihamlar ilk olaraq təqsirli bilinən tərəfindən rədd edilməli idi. Ona görə də, çox güman ki, dərhal edilən bu etiraf müstəntiqlər tərəfindən saxtalaşdırılmış da ola bilərdi. Bunu İ. Əliyevin 1956-cı ilin aprelində M. C. Bağırov və onunla əlbir olanların üzərində məhkəmə prosesində verdiyi şahid ifadəsi də təsdiq edir. Orada o, zərərçəkmiş qismində çıxış edərək demişdir ki, tutulandan sonra hələ bir neçə gün özünü təqsirli bilməmişdi. Yalnız ona qarşı işgəncələr və zorakılıq tətbiq edildikdən sonra o özünü təqsirli saymağa məcbur olmuşdur (16, 123-124).

Bu arada İ. Əliyevə qarşı ifadə vermiş ikinci şəxs Az. SSR XDİK Dövlət Təhlükəsizlik idarəsinin 7-ci şöbəsinin əməkdaşı kiçik leytenant Babenkoya ifadə verərkən bildirmişdi ki, İ. Əliyev ona yüngül sənaye sistemində çalışan daha iki şəxsin təşkilata cəlb edilməsinə dair tapşırıq vermişdir. O da, cəlbetməni uğurla həyata keçirərək bu barədə İ. Əliyevə məlumat vermişdir (5, c. 14.07. 1938 tarixli dindirilmə protokolu). Bundan da sonra o adam, istintaqa İ. Əliyevin terror aktları hazırladığı haqqında ifadələr vermişdi. Onun sözlərinə görə, Əliyev bu məqsədlə elektrik stansiyaları ilə əlaqəli olan bir rus elektrikini cəlb etmişdir ki, o mənsub olduğu milliyətinə görə heç kəsi şübhələndirməyərək təxribatlar törətsin (5, c. 4, 14.07. 1938 tarixli dindirilmə protokolu).

Bu zaman İ. Əliyev özü də “etiraf” etməyə başlayır ki, o gizli təşkilata öncə həbs olunmuş keçmiş xalq yüngül sənaye komissarı Seyfulla İbrahimov tərəfindən 1933-cü ildə cəlb olunmuşdur (5, c.4, 04.06.1938 tarixli İ. Əliyevin dindirilmə protokolu). Bundan sonra İbrahimov Əliyevi irəli çəkməyə başlayaraq, onu Ümumittifaq Dövlət Pambıq Satışı İdarəsinin (Soyuzxlopkosbıt) Azərbaycan şöbəsinin müdiri təyin etmişdi. İbrahimov tutulandan sonra da Əliyev guya onun “əksinqilabçı” işini davam etdirmişdir.

Daha sonra İ. Əliyev “etiraflarını” davam etdirərək Kirovabadda təşkilatın Balabəy Bağırovun başçılıq etdiyi özəyinin olduğu haqqında xəbər vermişdi (5, c. 4, 02.06.1938 tarixli İ. Əliyevin dindirilmə protokolu). “Təşkilatın” başqa həbs edilmiş üzvləri bu etiraflara əlavə edərək İ. Əliyevin Nuxada da təşkilatın özəyinin yaratması haqqında istintaqa xəbər vermişlər.

İ. Əliyevin sonrakı ifadələrinə görə “milliyyətçi əksinqilabçı təşkilatın” üzvləri azərbaycanlıların ölkədə sıxışdırılmalarına və məsul vəzifələrə başqa millətlərdən olan adamların təyin olunmalarına görə narazı idilər (5, c. 4, 19-21.06.1938 tarixli dindirilmə protokolları).

Yüngül sənayedə məsul vəzifədə çalışan daha bir şəxsin verdiyi məlumata əsasən, onların “təşkilat” başçısı İ. Əliyev əhalini sovet hökumətinə qarşı qaldırmaq üçün iqtisadi sabotaja da əl atmışdı. Belə ki o, keyfiyyətsiz malların buraxılması məqsədi ilə müəssisələrdə qəsdən yeni avadanlığın yerləşdirilməsini gecikdirirdi (5, c. 4, 01.08.1938 tarixli dindirilmə protokolu). Bundan öncə isə həmin şəxs iddia etmişdi ki, İ. Əliyev təşkilatı yaradanda onun məqsədi Azərbaycanı SSRİ tərkibindən çıxarmaq olmuşdur. Onun dediklərinə görə, İ. Əliyev həmçinin başqa millətlərin üstünlüyü şəraitində azərbaycanlıları öz hüquqlarını qorumaq üçün birliyə çağırırdı (5, c. 4, 10.06.1938 tarixli dindirilmə protokolu).

Getdikcə yeni-yeni xəbərlər çoxalmaqda idi. İ. Əliyev “etiraf” edir ki, 1938-ci ilin yanvar ayının 12-17-də SSRİ Ali Sovetinin birinci toplantısında Moskvada olduğu zaman o, qaldığı “Moskva” mehmanxanasında Azərbaycandan olan digər deputatlarla: Mənaf Xəlilovla, Əbülfət Məmmədovla və İbrahim Əsədullayevlə görüş keçirib. Bu görüşdə onlar sovet hökumətinə qarşı olduqları haqqında etiraflar etmiş və orada gizli təşkilat yaratmışlar (5, c. 4, 11.06.1938 tarixli İ. Əliyevin dindirilmə protokolu).

Bir qədər sonra buna bənzər “etirafları” Moskva görüşünün başqa iştirakçıları olan Məmmədov (5, c.4, 16.06.1938 tarixli dindirilmə protokolu) və Xəlilov (5, c.4, 17.07.1938 tarixli dindirilmə protokolu) da edirlər. İ. Əsədullayev isə bunlara əlavə edərək bildirir ki, orada görüş iştirakçıları həm də Moskva sağ-trotskiçilərlə əlaqələr qurmaq qərarına gəlmişdilər. Eləcə də o, “təşkilat” üzvlərinin dövlətə qarşı cinayətdə ittiham olunan keçmiş Ukrayna K(b)P MK katibi Kosiorla görüşdükləri haqqında məlumat vermişdi (5, c. 4, 286). “Mehmanxana” görüşündə iştirakçılar Brener və Kulkov kimi “sağçı-trotskiçilərlə” əlaqə qurmağı qərara alırlar (5, c. 4, 286).

Beləliklə, İ. Əliyevin başçılıq etdiyi yüngül sənaye “təşkilatı” Moskva görüşündə yaradılan daha böyük “qurumun” tərkibinə daxil edilir. Sonra isə məhbuslar istintaqa daha iki nəfər “təşkilat” üzvünün adını verirlər. Bunlar K(b)P MK məsul işçisi Kvyatkovski və Lenin rayonu K(b)P RK 2-ci katibi Məmmədov idi. Mənaf Xəlilov isə bundan başqa “etiraf” edir ki, onun başçılıq etdiyi “əksinqilabçı təşkilat” hələ 1936-cı ildən fəaliyyət göstərir (5, c. 4, 09.07.1938 tarixli dindirilmə protokolu)

Ardı var

Ədəbiyyat:

1. Баберовски Й. Враг есть везде. Сталинизм на Кавказе М.: Российская политическая энциклопедия (РОССПЭН), Фонд «Президентский центр Б.Н. Ельцина», 2010.

Baberovski Y. Düşmən hər tərəfdədir. Qafqazda Stalinizm. Moskva, 2010, http://caleb.feelnatural.ru/klassika/goo-2958 (müraciət tarixi 08.01.2018).

2. Вексельберг А. Депутатская неприкосновенность и для неприкасаемых? // Радио Свобода, 02 сентября 1999.

Vekselberq A. Deputat toxunulmazlığı həm də toxunulmazlar üçün? Azadlıq radiosu, 02 sentyabr 1999, https://www.svoboda.org/a/24202793.html (müraciət tarixi 08.01.2018).

3. Выписка из протокола № 54 заседания Президиума ЦК от 29 марта 1954 г. // Политбюро и дело Берия. Сборник документов. М., 2012.

29 mart 1954 il tarixli MK Prezidiumunun iclasından 54 №-li çıxarış // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu, Moskva, 2012, http://istmat.info/node/22308 (müraciət tarixi 08.01.2018).

4. Вышинский А.Я. Судебные речи. M.: Госюриздат, 1955.

Vışinski A.Y. Məhkəmə nitqləri. Moskva, 1955, http://istmat.info/node/31282 (müraciət tarixi 08.01.2018).

5. Дело №25910, т. 1-6, подлинник, машинопись // Архивые материалы.

İş № 25910, c. 1-6, əsli, maşın yazısı, arxiv materialları.

6. Жемкова А., Рогинский А. Между сочувствием и равнодушием - реабилитация жертв советских репрессий // Дрезден, 2016.

Jemkova A., Roginski A. Təəssüf və biganəlik arasında – sovet repressiya qurbanlarının reabilitasiyası. Dresden, 2016, https://www.memo.ru/media/uploads/2017/08/22/mezhdu-sochuvstviem-i-ravnodushuem_reabilitacia-zhertv-sovetskikh-repressiy.pdf (müraciət tarixi 08.01.2018).

7. Записка Р.А.Руденко в Президиум ЦК КПСС о М.Д.Багирове. 15 марта 1954 г. // Дело Берия. Приговор обжалованию не подлежит. Сост. В.Н. Хаустов. М.: МФД, 2012.

R. A. Rudenkonun M. C. Bağırov haqqında 15 mart 1954 ildə Sov. İKP MK-ya yolladığı yazı. // Beriyanın işi. Hökmə şikayətvermə hüququ verilmir. Moskva 2012, http://istmat.info/node/28162 (müraciət tarixi 08.01.2018).

8. Искендер Алиев // Жертвы политического террора в СССР.

İskəndər Əliyev // SSRİ-də siyasi terror qurbanları. http://base.memo.ru/person/show/2779630 (müraciət tarixi 08.01.2018).

9. Исмаилов Э. Р. Власть и народ: послевоенный сталинизм в Азербайджане: 1945-1953. Баку: Адильоглы, 2003.

İsmayılov E. Hakimiyyət və xalq: Azərbaycanda müharibə sonrası stalinizm. Bakı, 2003, http://www.ebooks.az/view/KGYobCwp.pdf (müraciət tarixi 08.01.2018).

10. Исмаилов Э. Советский государственный терроризм в Азербайджане // Кавказ и глобализация / CA&CC Press AB. Т. 4, № 1-2, 2010.

İsmayılov E. Azərbaycanda Sovet dövlət terrorizmi // Qafqaz və Qloballaşma / CA&CC Press AB. C. 4, № 1-2, 2010, www.ca-c.org/c-g/2010/journal_rus/c-g-1-2/16.shtml#nazad11 (müraciət tarixi 08.01.2018).

11. На имя Багирова, за подписью Багирова. Сборник архивных материалов / Составитель Теюб Гурбан. Редактор А. Балаев. Баку: "Ol"npkt, 2016.

Bağırovun adına, Bağırovun imzası ilə. Arxiv materiallarının toplusu / Tərtib edən Teyyub Qurban. Redaktor A. Balayev. Bakı, 2016.

12. Копия приговора Военной коллегии ВС СССР от 26 апреля 1956 г. по делу М. Д. Багирова, Т. М. Борщева, Р. А. Маркаряна, X. И. Григоряна, С. И. Атакишиева и С. Ф. Емельянова // Политбюро и дело Берия. Сборник документов. М., 2012.

Bağırov və başqalarının işi üzrə SSRİ AS Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. Moskva, 2012, istmat.info/node/22355 (müraciət tarixi 08.01.2018).

13. Постановление Президиума ЦК КПСС от 1 апреля 1954 г. о М. Д. Багирове // Политбюро и дело Берия. Сборник документов. М., 2012.

Bağırov haqqında Sov. İKP MK 1 aprel 1954 il Qərarı // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. Moskva, 2012, http://istmat.info/node/22308 (müraciət tarixi 08.01.2018).

14. "Правда" (газета) от 19.08.1936.

“Pravda” qəzeti (19.08.1936).

15. Свентоховский Т. Русское правление, модернизаторские элиты и становление национальной идентичности в Азербайджане // Азербайджан и Россия: общества и государства. М.: Летний сад, 2001.

Sventoxovski T. Rus idarəetməsi, islahatçı elitalar və Azərbaycanda milli identikliyin qurulması. Moskva, 2001, http://sbiblio.com/biblio/archive/svent_rus (müraciət tarixi 08.01.2018).

16. Смирнов Н. Рапава, Багиров и другие. Антисталинские процессы 1950-х гг. М: АИРО-XXI, 2014.

Smirnov N. Rapava, Bağırov və başqaları. 1950-çi illərin Stalin əleyhinə prosesləri. M, 2014, https://www.libfox.ru/files/book/596372.pdf (müraciət tarixi 08.01.2018).

17. Сталинские списки.

Stalin siyahıları, http://stalin.memo.ru/images/intro.htm, (müraciət tarixi 08.01.2018).

# 2068 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #