Cənubi Azərbaycandan bəhs edən 1947-ci il filmimiz

Cənubi Azərbaycandan bəhs edən 1947-ci il filmimiz
27 yanvar 2018
# 09:00

Kulis. az “Naməlum kino” layihəsində Muxtar Dadaşov və Esfir Şubun 1947-ci ildə çəkdiyi “Arazın o tayında” sənədli filmini təqdim edir.

“Arazın o tayında” filminin özəlliyi, tarixi dəyəri operatorlar Muxtar Dadaşovun və Seyfulla Bədəlovun müxtəlif illərdə Cənubi Azərbaycanda lentə aldıqları sənədli kadrlardır.

Film Araz çayından-Şimal Azərbaycanından Cənuba baxan görüntülərlə başlayır. Sonra o taydakı kəndlərdə insanların yaşayışı, məişəti təsvir olunur: sürü otaran çobanlar, torpaq şumlayan kəndlilər, su daşıyan, nehrə çalxalayan, yuxa bişirən qadınlar... Amma bu sadəcə məişətin, gündəlik yaşayışın fiksəsi deyil. Həmin kadrlar, tarixi, ictimai, siyasi, sosial mənalarla yüklənir, həm vizual, həm də mətnlə dolğun informasiya ötürülür. Və filmin də çəkilməsində əsas məqsəd elə budur.

Dramatuji ardıcıllıqla Cənubi Azərbaycanın müxtəlif şəhərlərində Ərdəbildə, Urmiyada, Təbrizdə əhalinin ağır həyat tərzi göstərilir. Astara çəltik zəmilərində çətin şərtlərdə işləyənlərin əməyini ərbab istismar edir. Ərdəbildə taxılı kəndlilər ibtidai dövrdən qalma üsulla döyür.

Tütün, çay plantasiyalarında, kişmiş karxanalarında, parça sexlərində, duz mədənlərində böyük zəhmət müqabilində az qazanc əldə edən sadə insanlarla tanış oluruq.

Bu epizodlarda iş gününün, istehsal prosesinin detalları, yaxın planda ümidsiz insan üzləri, seyrçiyə ekranın o üzündə baş verənləri sanki realda yaşamağa imkan verir.

Duz karvanlarının Təbrizə yola düşməsi epizodu ilə paytaxt həyatına uğurlu keçid edilir. Təbrizin zəngin, dəbdəbəli həyatı, təmiz, geniş mərkəzi küçələri ilə pinti, gölməçəli məhəllələrdəki kasıb həyatı paralel görüntülənərək paradoksal mənzərə yaradır.

Kadrarxası və vizual mətndə eyni zamanda Cənubi Azərbaycanın tarixi, memarlıq nümunələri, xalqın mübarizliyi əksini tapır. Bununla da ilk səhnələrdə zavallı göstərilən insanların əslində özünü müdafiəyə, müstəqil yaşamağa qabil olduğu çatdırılır.

Kadrarxası mətni İsmayıl Əfəndyev oxuyur. Tamaşaçı onu daha çox “O olmasın bu olsun” , “Arşın mal alan” filmlərindən tanıyır. Baxmayaraq film dövlət sifarişi ilə çəkilib, mətndə sovet ideologiyası az nəzərə çarpır, kontekstdə daha çox bütöv, müstəqil Azərbaycan ideyası irəli sürülür, üstəlik mətnin dili axıcı, ahəngdardır. İ.Əfəndiyev də mətni pafossuz, o qədər içdən, səmimi səsləndirir ki, bu detallar filmi bizə xeyli doğmalaşdırır və onu günümüz üçün daha aktual edir.

“Arazın o tayında” filmi Azərbaycan xalqının sivil, demokratik cəmiyyət qura bilməsinin real, faktlarla görüntüsüdür. Bu, filmin ən əhəmiyyətli tərəfidir.

Ekran əsərində Pişəvərinin başçılıq etdiyi milli hökumətin yaranması geniş göstərilir və qiymətli kadrlar yer alır. Fədailərin hərbi təlimi, sosial islahatlar, ana dilində qəzetlərin nəşri, məktəblərin, universitetin açılması, qadınların fəallığı, təhsili, abadlaşdırılan küçələr, ümid dolu üzlər, milli hökumətin tədbirindən, Novruz bayramından fraqmentlər, xalqın nigarançılıqla milli hökuməti Tehrana danışıqlara yola salma mərasimi... Və ekrana 12 il zindanda yatan Pişəvərinin çıxışı, hökuməti quran digər qəhrəmanlar gəlir: daxili işlər naziri Doktor Cavid, xalq qoşunları naziri Cəfər Kavian, torpaq naziri doktor Mehtaş, maarif naziri Məhəmməd Biriya...

Eyni zamanda şair Mədinə Gülgünün, Balaş Azəroğlunun və Səttarxanın qızının kadrları da yer alır.

Filmi montaj etmək üçün operator Muxtar Dadaşov rus-sovet montajçısı və rejissor Esfir Şubu dəvət etmişdi. Sənədli filmlər müəllifi olan Şub son dərəcə istedadlı montajçı idi. O, istənilən əcnəbi filmi təşviqata çevirməyi bacarırdı.

O, İranda çəkilişlərdə iştirak etməmişdi, yalnız hazır materiallara quruluş vermişdi. Şub sonradan titrlərdə rejissor olaraq Muxtar Dadaşovun adının yazılmasını təklif etsə də o imtina etmişdi. Amma Muxtar Dadaşovun rejissor kimi əməyinə sayğı olaraq, onu filmin rejissoru kimi də təqdim edirəm.

Filmin ikinci rejissoru isə İsmayıl Əfəndiyevdir.

Bakı Kinostudiyasında istehsal olunan əsərin musiqisini Niyazi bəstələyib.

# 1195 dəfə oxunub

Oxşar xəbərlər

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

12:00 11 aprel 2024
#
#
# # #