Kralın ölümünə səs verdiyi üçünü atasının rəsmini yandıran fransız - Rəssamlıq tarixi

<b>Kralın ölümünə səs verdiyi üçünü atasının rəsmini yandıran fransız</b> - <span style="color:red;">Rəssamlıq tarixi
27 yanvar 2018
# 13:00

Kulis.az rəssamlar haqqında maraqlı məlumatları təqdim edir.

İtalyan Sandro Bottiçelli qonşuluğuna bir toxucu köçübmüş. Toxucunun özü ilə gətirdiyi dəzgahlar bütün günü yüksək səs salır, rəssama mane olurmuş. Sandro şikayət etsə də qonşu anlayış göstərmir, deyir ki, ev mənimdi nə istəsəm edərəm. Bundan sonra Bottiçelli evinin damına yekə bir qaya parçası qaldırıb qoyur, qaya hər an qonşunun evinə düşüb dağıda bilərdi. Bu dəfə qonşu şikayət edəndə Bottiçelli bildirir ki, öz evində nə istəsə edə bilər. Axmaq qonşunu səhvini anlayır və toxucu dəzgahlarını evindən çıxarır.

Leonardo Da Vinçinin ləng işləməsi onunla əməkdaşlıq edən, xüsusən onun layihələri yekunlaşdırmasını gözləyən hər kəsi əsəbiləşdirirdi. Da Vinçi “Sonuncu şam yeməyi”ni çəkdiyi zaman həmişəki kimi yenə də ləng işləyirmiş. Dahi rəssamın astagəlliyindən usanan Santa Mariya della Qrasiya kilsəsinin (Milan şəhərində yerləşir, “Sonuncu şam yeməyi” freskası bu kilsənin yemək otağının divarını bəzəyir) baş rahibi Milan hersoquna şikayət edir. Leonardo Yehudaya oxşayan qaramat bir üz axtardığını, amma belə bir model tapa bilməsə işi tez bitirmək xatirinə o səbirsiz rahibin başını çəkə biləcəyini deyir. Bundan sonra daha heç kəs hersoqa Leonardodan şikayət etmir.

Alman rəssam Albrext Dürerin ən qalıcı əsərlərindən bəziləri ən bəsit olanlarıdır. 1515-ci ildə hazırladığı kərgədan qravürü də bunlardan biridir. Dürer xallı zirehi olan kərgədanını heyvanı heç görmədən çəkmişdi. Qravürü çəkmək üçün Lissabonda yaşayan bir iş adamının Nürenberqdəki dostuna göndərdiyi yazılı təsvirə və eskizə əsaslanmışdı. Portuqaliya kralına indiki Qujarat sultanından hind kərgədanı hədiyyə göndərilir. Kərgədan Lissabonda nümayiş olunur. Dürerin qravürü heyvanı görməyənlər arasında da məşhur oldu. Bu gün Dürerin təsvirinin həqiqətə uyğun gəlməyən bir çox tərəfləri olsa da XVIII əsrə qədər həqiqi kərgədan obrazı kimi qəbul edilmişdi.

İtalyan heykəltəraş, rəssam Mikelancelo Buonarroti çılpaq bədəni, xüsusən kişi bədənini incəsənətin ən böyük uğuru hesab edirdi. Kişi bədənini o qədər sevirdi ki, rəssamın qadın bədənləri belə kişi kimi təsvir edilirdi. Misal üçün, “Gecə” heykəlindəki qadın fiqurunun qarnı əzələli kişi qarnına bənzəyir, döşləri isə qadın döşündən çox şara bənzəyir. Bəzi araşdırmaçılarına görə Mikelancelo qadın model istifadə etməzmiş. Hətta deyilənə görə ömrü boyu çılpaq qadın görməyib. Bunu onun cinsi oriyentasiyası ilə də əlaqələndirirlər. 1530-cu illərin mühafizəkar atmosferində onun “Məhşər günü” freskasını ciddi tənqid edildi. Rəssam müqəddəsləri və din qurbanlarını çılpaq göstərdiyi üçün qınanırdı. Bundan sonra kilsə rəhbərliyi fiqurların şəhvətli olduğunu qəbul etdi və əlavə rəssamları tutaraq tapşırdı ki, çılpaq fiqurların üstünə ipək örtüklər çəksinlər. Bu tənqidlərdən sonra Mikelancelo rəsmlərində mələkləri nadirən çılpaq çəkməyə başladı.

Holland rəssam Yan Vermeerin yoldaşı Katerina ona 20 ildə on beş uşaq doğmuşdu. Buna görə də Vermeerin rəsmlərindəki qadınların çoxunun hamilə görünüşünə heyrətlənmək lazım deyil. Yoldaşından tez-tez model kimi yararlanan rəssama onu hamilə olmadığı zamanlar çəkmək yəqin çox az nəsib olub.

İspaniya ilə müharibənin ikinci ilində Fransisko Qoyaya fransız kralı Jozefin portreti sifariş edildi. Pula ehtiyacı olduğu üçün rəssam könülsüz də olsa sifarişi qəbul etdi. Əsərinə “Madrid alleqoriyası” adı verən rəssam kralın özünü deyil, bir qravürdən kopya etdiyi profilini mələklər və Madridi təmsil edən qadının yanındakı medalyonun içində təsvir etdi. 1812-ci ildə ingilis orduları Napoleonun qoşununu məhv edir, Jozef Bonapart Madriddən qaçır. Qoya da sabiq kralın profilini silib yerinə ispanlara fundamental azadlıqları vəd edən sənədin şərəfinə “Konstitusiya” kəlməsini yazır. Amma Bonapartın yüz günlük hakimiyyəti dövründə Jozef bir daha Madridə qayıdası olur. Qoya kralın profilini yenidən medalyona işləyir. Jozef 1813-cü ildə birdəfəlik getdiyi zaman Qoya köməkçilərindən birinə təkrar “Konstitusiya” sözünü yazdırır.

Ancaq gözləyin, hələ bitməyib. 1814-cü ildə ispan kralı Fernando geri qayıtdı və dərhal konstitusiyanı ləğv elədi. Bu dəfə medalyonun içinə Fernandonun ən çox sevdiyi saray rəssamı tərəfindən öz profili çəkildi. Bu profil 1843-cü ilə qədər orda qaldı, 1843-cü ildə isə vəfat etmiş hökmdarın rəsminin yerinə ora “Libro de la Constitucion” kəlməsi yazıldı. Bu kəlmələr də daimi olmadı. 1872-ci ildə isə medalyona yeni kəlmələr yazıldı – “Dos de Mayo” (Mayın ikisi). Bu günə qədər də belədir.

Fransız rəssam Jak Lui Davidin məşhur “Maratın ölümü” tablosu əvvəllər rəssamın inqilab qurbanlarına həsr olunmuş iki əsərindən biri idi. Birincisi respublikaçılarla əlverişli ittifaq qurub kralın ölümü lehinə səs verən sabiq aristokrat Lui Mişel Lepeletye, markiz de Sen-Farjonun şərəfinəydi. XVI Luinin gilyotinə aparıldığı ərəfədə kralın sabiq mühafizəçilərindən biri Lepeletyeni güdərək öldürdü. Lepeletye dərhal “İnqilab qurbanı” elan edildi. David onun ölüm anındakı rəsmini çəkmək qərarına gəldi və Lepeletyeni milləti üçün canını verən bir romalı döyüşçü kimi təsvir edən tablonu dərhal tamamladı.

Bəs bu rəsm bizim dövrümüzə niyə gəlib çıxmayıb? Lepeletyenin Suzanna adlı kiçik qızı vardı. Onun ölümündən sonra bu qız fransız milləti tərəfindən övladlığa götürüldü və “Azadlıq” adı ilə yenidən xaç suyuna salındı. Kiçik Azadlıqda atasının ideyalarına bağlılıq yox idi, qatı kral tərəfdarı kimi böyüdü və ilk fürsətdəcə “Azadlıq” adından imtina elədi. Böyüyəndən sonra rəsmin tapa bildiyi bütün kopyalarını və nəşrlərini alaraq məhv elədi. Sonra rəsmin orijinalını əldə etmək üçün Davidin oğlu ilə görüşdü. Qiyməti nə olursa olsun varlı Suzanna ödəməyə hazır idi. Davidin ailəsi nəhayət rəsmi satmağa razılaşdılar. Və qız da “Lui Mişel Lepeletye, markiz de Sen-Farjo ölüm yatağında” tablosunu alaraq yandırdı. Yaxşı ki, rəsmin cırılmış bir nəşri ilə Davidin tələbələrindən birinin çəkdiyi eskiz günümüzə qədər gəlib çıxıb.

# 2228 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #