Qənirə Paşayeva: “O fikirdən məni anam daşındırdı” – ŞƏKLİNLƏ DANIŞ

<span style="color:red;">Qənirə Paşayeva:  “O fikirdən məni anam daşındırdı” – <span style="color:red;">ŞƏKLİNLƏ DANIŞ
24 yanvar 2018
# 09:00

Kulis.azın “Şəklinlə danış” layihəsinin budəfəki qonağı Qənirə Paşayevadır.

Onunla müsahibəni çoxdan planlaşdırırdım, yanvara təsadüf etdi. Nəhayət görüşdük, çox mətləblərə toxunduq. Son dərəcə rahat bir insan olduğundan mənim də diskonfortluğumu aradan götürdü.

- Müsahibə verən zamanı hər hansı suala qadağa qoyursunuz?

- Xeyr, belə bir şey olmayıb, jurnalistlərin müsahibələrinə heç bir müdaxiləm olmur. Yalnız bir tabum var, o da şəxsi həyatıma olan toxunulmazlıqdır. İnsanlar üçün mənim şəxsi həyatım yox, işim, fikirlərim önəmli olmalıdır. Millət vəkili olduğum üçün gündəmdə olan mövzularla bağlı fikirlərimi alırlar. Təbii ki, buna əks olan qeyri-rəsmi müsahibələr də olur ki, məmnuniyyətlə vaxt ayırıram, çünki bu da bizə fərqli mövzular ətrafında müzakirə aparmağa önəmli bir tribuna verir.

- Aktiv sosial şəbəkə istifadəçisisiniz, sizə qarşı antipatiya dolu paylaşımlara necə münasibət göstərirsiniz?

- Mən xaraktercə realist insanam, bilirəm ki, bir insanı hamının sevməsi mümkün deyil. Əlbət ki, məni sevənlər də olacaq, qəbul etməyənlər də. Bu, bəzən mənim fikirlərimdən dolayı da ola bilər, xarici görünüşümdən də, mövqeyimdən də. Mənim də belə bir iddiam olmayıb ki, hamı məni sevsin. Tək iddiam var, o da insanlara faydalı ola bilməkdir. Bunu da qeyd edim ki, çox vaxt o mənfi fikirlərin arxasında tanımamazlıqdan doğan önyarğılar dayanır. İnsanları mənə olan münasibətlərinə görə bölmürəm, mən Azərbaycanda vətənə, millətə, dövlətə, torpağa xəyanət etməyən hər kəsə öz doğmam kimi yanaşıram.

- Bu yerə gəlib çıxmaq üçün nələrisə qurban vermisiz?

- Təbii ki. Əksi qeyri-normal olardı. Bu, həyatın qanunudur. Nəyi qurban vermişəm, nəyi qurban verməmişəm, bunları deməyim vətənə minnət olardı. Bir də görürsən, çıxıb efirdə deyirlər ki, mən sənətimə bunu qurban verdim, onu qurban verdim. Axı bunu səndən kim xahiş etmişdi ki, indi də başa qaxırsan? Az yatıram, az dincəlirəm, əyləncələrə vaxt sərf etmirəm, amma çox şükür ki, qarşılığında Allah mənə bu şansları tanıyıb. Belə deyim, bizi ən çox sevən insanlar ailə üzvlərimizdirsə, onlar da bizi torpağa verənə qədər yanımızdadırlar, bizlə sona qədər gedən əməllərimiz olacaq. Zənnimcə insanın dilindən çox, əməlləri danışsa, daha yaxşı olar.

- Dövlət rəsmisi olmaq insanlara örnək olmaq üçün bir növ kameraya işləməkdir, təbii halından çıxıb qeyri-təbii notlara köklənməkdir, bu sizi bezdirmir?

- Mən olduğum kimiyəm, kameraya-filan işləmirəm. Dünyada ən təsirli dil səmimiyyətin dilidir. Cəmiyyətdə tutduğum mövqe şəxsiyyətimdə heç bir şeyi məhdudlaşdırmayıb. Vəzifə öncəsi də bu xarakterə malik idim, vəzifədən sonra nələrsə dəyişməyib. Yalnız, işlərimlə əlaqədar ailə üzvlərimə lazımlı diqqəti ayıra bilmirəm, onlar da bunu anlayışla qarşılayırlar. Sözünüzlə razıyam ki, xalqın üzdə olan nümayəndələri onlara örnək olmalıdırlar, yanlışlıqlara yol verməməlidirlər.

Müsahibə olan məkana daxil olanda əlində bir qeyd dəftəri gördüm, diqqətimi cəlb etdi. Dəftər haqda soruşanda içindəki qeydlərini göstərdi, dəhşətə gəldim. İnsan bu qədər işi görə bilmək üçün gərək gecələr yatmaya.

- İnsan plansız yaşayanda həyat daha maraqlı olur, sizdə isə günlük planların qeyd dəftərini görürəm. Bunlar sizin həyata marağınızı azaltmır?

- Mən sufi düşüncəliyəm, mənim üçün keçmiş və gələcək yox, sadəcə bu an var. Keçmiş bitib, ondan sadəcə dərs almaq olar. Gələcək isə mənim əlimdə deyil, əlimdə olan yalnız bu andır. Bu anı dəyərləndirməyə, faydalı yaşamağa çalışıram. Mənim üçün dünyada ən dəyərli şey zamandır. Zamanımın bir dəqiqəsini belə boşa sərf etməmək üçün belə bir qeyd dəftəri tutmuşam, gördüyünüz kimi məsuliyyətini daşıdığım görəcəyim işlər bir-birinin ardınca düzülüb və onları yerinə yetirdikcə üzərindən xətt çəkirəm və daxilən çox həzin bir rahatlıq duyuram.

- Sizcə, millət vəkili obrazı necə olmalıdır?

- Necə varsa, elə olmalıdır, bunun standartı yoxdur. Bəlkə kimsə bilir, amma mən bunun düsturunu bilmirəm. İnsan necə varsa, elə olmalıdır, bu, qanun millət vəkili üçün də keçərlidir, qeyri-millət vəkili üçün də. Kibirli olmaq nəyə gərəkdir? Mən hər kəslə eyniyəm, daşıdığım status onlardan üstünlüyüm demək deyil. Xalqın içindən çıxan, onun fikirlərini ifadə etmək öhdəliyini daşıyan biriyəm, vəssalam. Seçicilərimlə görüşlərim olanda geyimimə xüsusi diqqət yetirirəm ki, onlardan nəyləsə üstün olmasın. Ona görə də sizin bu sualınıza tam olaraq cavab verə bilməyəcəyəm.

- Mütaliəyə daha çox vaxt ayırırsınız, ya yazmağa?

- Təbii ki, mütaliəmə yazmaqdan daha çox vaxt ayırıram, çünki yazmaq üçün də oxumaq lazımdır. Yazmağım belə məndə oxumaq vərdişini axsamağa qoymur. Bir şey haqda yazanda məlumatlanmaq üçün yenə də kitaba əl atıram. Oxumağı uşaqlıqdan alışqanlığa çevirmək lazımdır, insanın başlıca həyat tərzi olmalıdır. Varlı insanların çoxunun evində hər şey var, bircə kitab yoxdur. Mən belə insanları zəngin hesab etmirəm, ən zəngin ev kitabxanası olan evdir.

- İlk ali təhsilinizi Tibb Universitetində almısınız, illər sonra Səhiyyə komitəsinin üzvü olmanız təsadüfdür?

- Xeyr, bilərəkdən seçilmişdi. Tibb Universitetində oxuduğum zamanlarda mənim üçün həm oxumaq, həm işəmək çox çətin idi. Bu səbəbdən hətta təhsilimi yarımçıq qoymaq fikrinə də qapılmışdım, amma anam məni bu fikrimdən daşındırdı. İndi düşünürəm ki, nə yaxşı daşındırdı. Çünki həmin təhsilim sayəsində çox şeylər öyrəndim, çoxlu dostlar qazandım. Millət vəkili olaraq da parlamentə gələndən sonra səhiyyə sahəsi ilə bağlı çox çıxışlarım oldu. Səhiyyə komitəsi yaradılanda özüm könüllü üzv oldum. Tibb Universitetini bitirməsəydim o komitəni seçməzdim.

- Cəmiyyətdə tutduğunuz mövqe, vəzifə insanların sizə olan münasibətinə təsir etdi?

- Ailəmdə və dost çevrəmdə belə bir dəyişiklik ola bilməz, amma digərlərinin münasibətinin dəyişməsi normaldır. Çünki mənim məsuliyyətim artdıqca, insanların da məndən gözləntiləri artır. İnsanların jurnalist Qənirə Paşayevayla millət vəkili Qənirə Paşayevadan olan gözləntiləri çox-çox fərqlidir və mən də bunun fərqində olduğuma görə çalışıram ki, onların heç birini diqqətsiz qoymayım.

Yemək süfrəsiylə başlayıb, çay süfrəsiylə davam edən söhbəti İçərişəhər gəzintisiylə yekunlaşdırmaq istəyirdik. Yol boyu müşahidə etdiyim digər şey onun insanlarla salamlaşması oldu. Bu, elə-belə, görüntü xatirinə olan bir salam-kalam deyildi. İnsanlar onu çoxdan tanıyırdılar, artıq öyrəşmişdilər onun bu axşam gəzintisinə. Hamısını da bir ayrı dinləyirdi.

- Rəsmlərlə, fotolarla aranız necədir?

- Çox əla. Mənim gerçəkləşməyən ən böyük arzularımdan biri də rəssamlıq idi, hətta bir müddət müəllimlə də məşğul oldum, amma çox düşmədim ardınca. Rəssamlara qibtə edirəm, getdiyim bütün ölkələrdə tanınmış rəssamların əsərlərindən mənəvi qida alıram. Da Vinçi, Qauldi, Salvador Dali, Van Qoq, Səttar Bəhlulzadə, Tahir Salahov sevdiyim rəssamlardandır. Allahın möcüzəsi hesab edirəm onları. İmkanım çatdığı dərəcədə bəyəndiyim əsərlərin kopiyalarını alıram. Fotoları da çox sevirəm, özüm də çəkməyi bacarıram. Amma peşəkarların yanında öyünəsi qədər yox. Sadəcə son illər buna çox vaxtım olmur, bilirsiniz ki, foto çəkmək üçün müşahidəyə vaxtın olmalıdır. İş sonrası olan yorğunluğumu rəsm-foto, musiqi və bədii əsərlərlə çıxarıram.

# 2051 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #