Kişiləri sevindirən bu kəşf təsadüfən yaranıbSİYAHI

 

Dünyaya hər hansı bir inqilabi yenilik bəxş etmiş adamlar haqqında düşünəndə bizə elə gəlir ki, , sanki onlar gecə-gündüz hər hansı fiziki qanunlar haqqında baş sındırırmışlar. Ancaq bu fikir bütün kəşflər üçün xarakterik deyil. Bilirsinizmi ki, “Koka-kola”nın yaradıcısı müharibədə yaralandığı üçün özünə ağrıkəsici hazırlamaq istəyirmiş, ancaq  təsadüfən bu içki ortaya çıxıb? Bu materialımız da təsadüfən ortaya çıxmış kəşflər haqqındadır.

 

Kulis.az təsadüfən ortaya çıxmış on kəşfi təqdim edir.

 

 

Kartof çipsləri

 

 

Çox güman bu kəşf insan qəzəbinin bəşəriyyətin xeyrinə yönəldiyi nadir hallardandır. XIX əsrin ortalarında Nyu-York restoranlarından birində müştəri sifariş verdiyi qızardılmış kartoflar çiy və həddən artıq qalın olduğu üçün geri qaytarır və nəticədə ortaya çips çıxır. Corc Kram adlı şef-aşpaz müştərinin şıltaqlığına görə elə hirslənir ki, acığından onun sifariş verdiyi kartofları bacardıqca nazik doğrayır, ərinmiş yağda qızardır və çoxlu duz səpərək təqdim edir. Və budur! Bütün zamanların ən sevimli və bəlkə də ən zərərli məzəsi doğulur!

 

“Koka-kola”

 

 

Əczaçı Con Pemberton orduda xidmət zamanı yaralanmışdı. Hospitalda olduğu zaman o, şiddətli ağrılardan əziyyət çəkdiyi üçün morfidən istifadə etməyə başlamışdı. Narkotik vasitələrə olan asılılığını azaltmaq üçün Con kokain və şərabla müxtəlif eksperimentlər etməyə başlayır. O, hətta “Pemberton’s French Wine Coca” adlı içkinin patentini də əldə edir. Bir müddət keçəndən sonra Pemberton reseptin yaxşılaşdırılması məqsədi ilə kolleqasına müraciət edir. Təcrübələr zamanı şəriklər təsadüfən patentli içki ilə sirop və qazlı suyu qarışdırırlar. Nəticədə ortaya çıxan içki ağlagəlməz dərəcədə dadlı alınır. Pemberton qərara gəlir ki, əldə edilmiş qarışıq soyuducu içki kimi daha çox satılacaq, nəinki dərman kimi.

 

Viaqra

 

 

Bu əhvalatı hamı bilir. Pfizer kompaniyasının əczaçıları ürək-damar xəstəliklərini sağaldan dərmanlar üzərində çalışırlar. Amma kliniki təcrübələr zamanı məlum olur ki, preparat lazımı effekti vermir, əvəzində qəribə yan təsir yaradır. Hazırlıq işlərini bitirdikdən sonra mavi həblər bazara çıxarılır, bununla da kişilər və partnyorlarına seksual münasibətlərdə yenilik qazanmaq imkanı yaradırlar.

 

İlk kardiostimulyator

 

 

Baffalo universitetinin elektrotexnika kafedrasının professoru adi kardioqraf hazırlamaq niyyətində idi. Ancaq sınaq zamanı səhvən qaranlıq rəfdən başqa nominalın elektron detalını götürür. Professor komponenti lazımı yerə lehimləyəndən sonra sxem qəfildən insan ürəkdöyünməsindən fərqlənməyən impulslar verməyə başlayır. Professor dərhal cihazın ölçü və formasının dəyişilməsi ilə məşğul olmağa başlayır ki, onu insan bədənini yerləşdirmək mümkün olsun.

 

Mikrodalğalı soba

 

 

1945-ci ildə Persi Spenser “maqnetron” adlı yeni vakuum lampası üzərində eksperimentlər aparmağa başlayır. O, bu təcrübələri çalışdığı “Rayteon” şirkəti üçün edirdi. Qəfildən köynəyinin cibində qoyduğu şokolad batonu əriməyə başlayır, stolun üstündəki fincana yığılmış qarğıdalı toxumları isə partlamağa başlayır. Spenser əvvəllər məlum olmayan bu effektin potensialını dərhal dərk edir. İki il sonra “Rayteon” kompaniyası ilk mikrodalğalı sobanı satışa buraxır. Onun çəkisi 315 kq, hündürlüyü 165 sm, qiyməti 5 min dollar idi. İlk model istehlakçılar arasında uğur qazanmasa da müasir mikrodalğalı sobalardan bir o qədər fərqlənməyən ikinci buraxılış geniş yayıldı.

 

 

Penisillin

 

 

Penisillinin yaranması haqqında ənənəvi əhvalat belədir: Londondakı Müqəddəs Mariya Hospitalının laboratoriyasında çalışan Aleksandr Fleminq açıq pəncərəyə qoyulan Petri fincanında yetişmiş stafilokok bakteriyası aşkar edir. Stafilokokun bir hissəsi açıq pəncərədən ora düşmüş göbələk tərəfindən məhv edilmişdi. Bundan sonra alim bakteriyanın hüceyrə örtüyünü məhv edən və onun inkişafının qarşısını alan maddəni müəyyənləşdirir, nəticədə penisillin peyvəndi ortaya çıxır. Hazırda alimlər bu əhvalatın doğruluğuna şübhə edirlər. Onların fikrincə kif göbələyi ora bakteriyadan qabaq düşübmüş, özü də küçədən deyil, aşağı mərtəbədə yerləşən laboratoriyadan. Çünki aşağı mərtəbədəki laboratoriyada kif göbələkləri üzərində təcrübələr aparılırdı.

 

 

Şırnaqlı printer

 

 

“Canon” kompaniyasının mühəndisi köynəyini ütüləyərkən diyircəkli qələmini cibində unudur. Qələmin içindəki pasta əriyərək köynəyə dağılır və dərhal da quruyur. Mühəndis bu müşahidəsini printerlərdə tətbiq etmək qərarına gəlir. Həmin prinsip indiyə kimi təkcə “Canon” şirkətində deyil müxtəlif istehsalçıların şırnaqlı printerlərində qorunur.

 

 

Rentgen rəsmləri

 

 

8 noyabr 1895-ci ildə fizika üzrə alman professoru Vilhelm Rentgen yeni tipli elektron lampalar ilə təcrübə apararkən qəribə şüalanmalar aşkar edir. Bu kəşfin dəqiq yaranma şəraiti məlum deyil, çünki Rentgenin gündəlikləri məhv olub, ancaq alimin bioqraflarının fikrincə hadisə bu cür baş verib: fizik barium və lüminessensiya birləşməsi ilə örtülü ekranda zəif yaşılımtıl işıqlanma müəyyən edir. Bununla məlum işıq ekranda lazımı qədər əks olunmur. Alim bu qənaətə gəlir ki, bu maddə hansısa görünməyən şüaya görə reaksiya verir. Rentgen lampa ilə ekranın arasına müxtəlif materiallar qoyur, lap axırda isə insan əlinin dəqiq rəsmini çəkə bilir. Əfsanəyə görə bu onun həyat yoldaşının əli idi. Qadın rəsmi görəndə qışqırıbmış: “Bu mənim ölümümdür.” Həqiqətdə isə rentgen rəsmində alimin laborantının əli əks olunmuşdu.

 

Süni dadlandırıcı

 

 

1879-cu ildə bütün günü “kömür qətranı” adlı qarışıq üzərində çalışan kimyaçı Konstantin Falberq evə gələndən sonra əllərini yumadan (Siz belə etməyin!) masa arxasına keçib yemək yeməyə başlayır. Kimyaçı müəyyən edir ki, toxunduğu hər şey şirin dadmağa başlayır. Səhəri gün o “saxarin” adlandırdığı yeni maddəni kəşf edir. Çirkli əllər adətən inkişafın qarşısını aldığı halda bəzən irəli də aparır.

 

Post-it qeyd kağızları

 

 

1968-ci ildə “3M” adlı kompaniyada işləyən kimyaçı Spenser Silver heç bir səthdə iz buraxmayan zəif yapışqan əldə edir. Qəribədir ki, o tamamilə əksinə, olduqca güclü yapışqan hazırlamağa çalışırdı. Heç kəs bilmirdi ki, bu yeni kəşfi harda tətbiq etmək olar. Ta ki, başqa bir alim özünün kilsə himnlərinin yazıldığı kağızların qırağına bu yapışqanı çəkənə qədər. Bundan sonra Post-it stikerləri olduqca geniş yayılır. Hətta müasir incəsənətin əsas alətlərindən birinə çevrilir.

 

 

 

 

LENT

23 May 2018
22 May 2018
21 May 2018