Onun ötkəmliyinə həsəd aparardımBİRCƏNİN ROMANI

<b>Onun ötkəmliyinə həsəd aparardım</b> – <span style="color:red;">BİRCƏNİN ROMANI
19 yanvar 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Çox çalışdım, paltarları təkəlli yuya bilmədim, elə sarıqlı-sarıqlı yaralı əlimi də isti vannaya saldım. Sol əlim üçün adi olan sabunlu su zədəli əlimə dəydikcə dözülməz ağrı verirdi, elə bilirdim yarama dağ üstündən dağ çəkirlər.

Yumağına paltarları bir zülümlə də olsa yudum, amma arxda durulaya bilmədim, soyuq suyun təmasına zədəli barmağım heç dayanmadı.

Evdə Mahmud əminin anasından qalma iri bir mis qazan vardı. Yuduğum paltarları bu qazanın içinə yığıb aparıb atdım novun altına. Dupduru su üstündən axdıqca paltarların sabunu yuyulub gedirdi. Sonra o buzlu sudan paltarları bir-bir çıxarıb yaralı qolumun köməyilə bərkdən ağlaya-ağlaya sıxırdım; səslə ağlamaq bu məqamda köməyimə gəlirdi, ağrının şiddətini bir balaca azaldırdı. İşin sonunda ipdən asdığım paltarların hamısından su şora verirdi, demək artıq olar ki, yuduqlarımı yaxşı-yaxşı sıxmağa gücüm yetməmişdi.

Axşam hamı evə yığışanda sağ qolum artıq sözümə baxmırdı. Yaralı əlim şişmişdi, dırnağının sədəfi də parçalanmış barmağımın sızıltısı saçlarımın ucuna qədər gedib çıxmışdı.

***

Axşamtərəfi Cavidə xoruzla bağlı evdəkilərə nə deməli olduğumuzu bir də xatırlatdım. Uşaq yenə söz verdi, di gəl, nənəsini görən kimi verdiyi sözü unutdu. Qaynanam pilləkəni çıxar-çıxmaz Cavid qabağına qaçdı:

- Nənə, anam Zuzunu (zərərdidə xoruzun adı beləydi) döydü, sonra da başını dəhrəylə qopardı.

Qaynanamın rəngi avazıdı:

- Niyə, Zuzu anana neyləmişdi?

Uşaq nənəsinin əlindən tutub darta-darta xoruzun leşini atdığım ləyənə sarı apardı. Arvad qana-palçığa bulaşmış xoruzu o üz-bu üzünə çevirib dedi:

- Öldürdün-öldürdün, barı təmizləyəydin...

Şişmiş qolumu qaldırıb qucağıma qoydum, çox gərgin, əsəbi olduğum bilinməsin deyə dillənmədim.

- Sən solaxay necə elədin bunu? Nə hünərli qızmışsan sən...

Yenə dinmədim. O dedi, mən susdum. İçimdə nə qorxu vardı, nə xəcalət, nə peşmanlıq – ağzımacan hikkəylə silələnmişdim. Yerişini-duruşunu itirməmiş bu arvad mənim bu günümdə heç olmasa özünün, subay oğlunun tumanını yumağı, evinə bir süpürgə çəkməyi belə özünə rəva bilmirdi. Mahmud əminin qırxı çıxandan diz qatlayıb evə yığışmırdı. Özü də nə dilindən, nə felindən, nə əməlindən kəsirdi, adamı abrının, səbrinin bitdiyi yerəcən qovurdu:

- Səndən qorxmaq lazımdı, sən adam da öldürərsən!

Söz bu həddə çatanda ağzımın zənciri qırıldı, ağlım yerindən oynadı:

- Onda qorxun məndən, ehtiyatlı dolanın! Yaxşı elədim öldürdüm! Yox bir, gözləyəcəkdim hoppanıb üzümü cırsın, gözümü töksün sizin əziz-xələf xoruzunuz!..

Hikkəmin bəndi sökülmüşdü, ağlıma-ağzıma gələni püskürürdüm, qaynanam nə deyirdisə cavabını artıqlamasıyla qaytarırdım. Arvadın gözü kəlləsinə çıxmışdı, gördüyünə-eşitdiyinə inana bilmirdi:

- Bax buna görə razı deyildim eey getməyinə. Gör anan-bacın səni necə doldurub göndərib bizim üstümüzə.

Nədənsə ərimə də elə gəlirdi ki, mən atam evinə gedən kimi doğmalarım məni bunların əleyhinə çevirirlər. Amma belə olsaydı, ər evində mən özümü bir az ürəkli aparardım, düşünərdim ki, arxamda “qorxma-qorxma” deyənim var, tərəf-tərəf olanda üstümdən gələsi həyanım var. Yox, haqq bilir ki, belə deyildi. Bizimkilər dar ayaqda mənə nə qədər dayaq olsalar da, nə atamın-qardaşımın, nə anamın-bacımın üzündə-gözündə heç vədə “sən ərinlə, qaynananla qarşı-qarşıya gəlsən, biz sənin tərəfini saxlayacağıq” kimi yozula biləsi bir him, bir işarə belə sezməmişdim, oxumamışdım. Əksinə, doğmalarım həmişə məni səbirli, qanacaqlı, götürümlü olmağa dəvət eləyirdilər.

Qaynanam danışa-danışa çaydandakı qaynar suyu ləyənə boşaltdı:

- Yaxşı elədin öldürdün, di gəl bunun tükünü yol ver mənə.

Palçıqlı suda buğlanan xoruza nifrətlə baxdım:

- Mən ona əlimi vuran deyiləm. – Sonra aradakı gərginliyi azaltmaq üçün sözü dəyişdim: - Bir də axı tək əllə necə yolum onu?

Qaynanam deyəsən gərginliyin azalmasında maraqlı deyildi:

- Paltarı bir əlinlə necə yumusan, bunu da elə yolarsan.

Mən buğlanan xoruzu bu dəfə də ikrahla süzüb:

- Onun əti sizə dərman olsa da, yolmayacam, - dedim. - Evdə oturaydız, paltarları necə yuduğumu görəydiz.

Deyib öz otağıma keçdim. Zöhrə xala arxamca bir qatar da söz atdı:

- Allah bilir, bəlkə paltarları da uşaqlara yuduzdurub.

Sonra ayrı çarə qalmadığını görüb xoruzu yolmağa başladı. Geri döndüm ki, onun axırıncı sözlərinin cavabını qaytarım, baxdım Emin pilləkəni çıxır.

- Boy, Zuzunu kim qanladı?

- Kim qanlayacaq, arvadın.

- Təkəlli? Sağ ol, arvad!..

- Həə, sənin arvadının əli də təkdi, dili də.

Qaynanam gözünü yumub ağzını açdı, dediklərimin üstünə beşini də qoyub Eminə xəbərlədi. Arvadı mənim sözlərimdən çox xoruzun başını üzməyim yandırırdı, qızının evində hamı o xoruzun boyunu sevirdi. Mənsə indi yalnız canımın hayındaydım, gözümə ayrı heç nə görünmürdü. Hiss eləyirdim ki, əlim durmadan şişir. Ancaq bu evdə belə şeylərə görə heç kəsə isti keçməzdi.

Emin yenə əsib-coşub üstümə ayaqlandı. Mən sakitcə:

- Əlim yaralıdı, məni rahat buraxın, - dedim.

Elə bunu dediyimi gördüm, qaynanam bomba kimi partladı:

- Ay balam, əlin mənim evimdə, mənə iş görəndə yaralanmayıb ha, dədənin evində, əziz-xələf qardaşının ucbatından olub da!

Daha bunlara dil çatdıra bilməzdim, danışmağın, deyişməyin mənası qalmamışdı. Üzümü çevirib gedəndə qaynanam son gülləni kürəyimdən vurdu:

- Oğlumun qoluna o qədər pinə elədin ki, Allah sağ qolunu yanına saldı. Di qoy qabağına, dərsini al!

Biz deyəsən doğrudan da ayrı dünyalardan, ayrı zamanlardan gəlmişdik, ayrı dillərdə danışırdıq. “Pinə” bu kənddə rişxənd, töhmət, qaxınc mənasında işlədilən söz idi. Həm də bunların çox yaxşı bacardığı, sevdiyi bir məşğuliyyət idi. Bir yerim ağrıyan kimi mənə xorla “Xəstə Qasım” deyib lağ eləyirdilər. Mənimsə Eminin qolundakı fıra “pinə” eləmək ağlımın ucundan belə keçməmişdi; sadəcə, onları susdurmaq üçün sübuta yetirmək istəmişdim ki, axtarsan hər gözəldə bir eyib tapmaq olar; ümid eləmişdim ki, bundan sonra mənim azar-bezarımı başıma qaxmaqdan utanıb çəkinərlər. Amma yox, indi qaynanamın əlinə Allahın da onların tərəfində olduğunu göstərmək üçün yaxşıca bir əyani vəsait düşmüşdü. Mənə demək istəyirdi elə bilmə sənin başına fəlakət təsadüfən gəlib, yox, günahının cəzasıdı çəkirsən.

Ancaq mən də susmadım. Mahmud əmidən sonra əməlli-başlı həyasızlaşmışdım – hamıyla dilləşirdim, yetənə cavab qaytarırdım, qabağımdan yemirdim. Mənim əfəlliyimə, mütiliyimə gülə-gülə bir az da Maral gözlərimi açmışdı. Tez-tez məni danlayırdı:

- Sən bunları niyə başına çıxarırsan, canını, sağlamlığını bunlara niyə qurban verirsən? Nə günahın yiyəsisən ki, bunların dediyini qanun bilirsən?

Maral yanında deyilən haqsız, insafsız sözün birini də cavabsız qoymazdı – o sözü kim deyir desin, kimin ünvanına deyir desin; qılınc kimi kəsib nahaq danışanı peşman eləyərdi. Onun ötkəmliyinə həmişə həsəd aparardım. Məni tək əllə paltar yuyan görəndə eltim üzümə itin sözünü demişdi:

- Niyə canına yazığın gəlmir, ay qoyun! Seç uşağının paltarlarını yu, vəssalam. Qoy qaynanan o yekə götünü bir az əritsin, heç olmasa tumanını özü yusun.

Mən abrıma maska taxmağı bacarmırdım, düşünürdüm bu evin gəliniyəmsə paltarı paltardan seçməməliyəm, hamısını yumalıyam. Doğrudu, ana-bala birləşib üstümə ayaq alanda fikirləşirdim Maral lap düz deyir, özümə söz verirdim ki, sabahdan bunların qulluğunda durmayacam. Di gəl, gün sabah olunca mən də həminki kölə olurdum.

***

Zöhrə xala deyinə-deyinə xoruzu birtəhər yolub təmizlədi, ancaq o müddətdə bir ləhzə susmadı, elə bir ucdan Eminin körüyünə köz atdı. Anasına xoş getsin deyə onun dediklərini Emin də təsdiqləyirdi.

Daha deyişməyə halım qalmamışdı. Qolum kökünəcən şişib üstəlik də qızdırmışdı, yəqin suya salmışdım deyə hovlamışdı. Məni yaramdan da çox Eminin münasibəti incidirdi. Anasının yanında üzümə demədiyi təhqir, söyüş-hədyan qalmırdı, gecələrsə heç nə olmamış kimi yatağıma sürünürdü. Bu da məni gündüz dediklərindən betər alçaldırdı. Köməyi özünə qalsın, adam zədəli qolumla heç maraqlanmırdı da, barmağımın yarasına bircə yol baxmamışdı, ancaq məni çarpayıya sürüyüb istəyinə çatmaq üçün dəridən-qabıqdan çıxırdı. Onda da mən dişi canavara dönürdüm. Gün axşamacan özümü ac-susuz qoyurdum ki, tualetə çox getməyim, çünki... Daha burasını xırdalamıram, ayaqyoluya təkəlli girməyin nə demək olduğunu hər kəs təsəvvür eləyə bilər. Bu halımda mən ulayan yaramı kiritməyin hayındaydım, mənim ərimsə vəhşiləşmiş şəhvətini doyurmağın. Bərk müqavimət göstərəndə də Cavidi itiləyib salırdı üstümə - saçımı yoldururdu, əlindəkini üstümə atdırırdı, atama-anama söydürürdü...

Qaynanamla baldızım Mahmud əminin otağını yağmalayandan sonra mən oranı səliqəyə salıb özümə oxu zalı, tikiş otağı kimi bir şey düzəltmişdim. İstədiyini ala bilməyəndə Emin məni həmin otağa qovurdu. O gecə də belə oldu, qaynatamın əzablarına şahidlik eləmiş otaqda səhərəcən ağrıdan qovruldum. Evdə bir adamın tükü tərpənmədi, eşikdə hürüşən itlərcə də mənə həyan olmadılar. Qolum bir az da şişdi, sümüklərimin ağrısından gözlərim az qaldı pırtlayıb şıxsın. Qaranlıq otaqları kölgə kimi dolaşdım, bilmədim dərdimi kimə söyləyim. Yadıma düşdü ki, bir yaramız-xoramız olanda nənəm üstünə soğan bişirib qoyardı, kələm pörtlədib bağlayardı. O gecə bildiyim türkəçarələrin hamısını sınaqdan keçirdim, heç hansının da faydası olmadı.

Səhər Emin qapıdan çıxanda qorxa-qorxa yaxınlaşıb:

- Bəlkə məni evimizə aparasan, - dedim, - qolum kötüyə dönüb.

- Nə var evinizdə, eviniz qoluna neyləyəcək?

- Atama deyərəm həkimə aparar məni.

Emin şişmiş qoluma gözucu baxa-baxa:

- Heç nə olmaz, keçəcək, - deyib pilləkəni düşüb getdi.

Ərimin vecinə olmasa da, vəziyyətimin qorxulu həddə çatdığına özümün şübhəm qalmamışdı: bəlkə də qolumu kökündən kəsəcəkdilər! Cavidi bir zülümlə yedirə-yedirə fikirləşirdim ki, bir azdan təkcənə yola çıxıb payi-piyada üz qoyaram evimizə. Mən bu götür-qoydaykən Səməndər qapıda göründü – iki saat dərsini deyəndən sonra halımdan xəbər bilmək üçün yolüstü bizə dönmüşdü.

Üfürülmüş qolumu görəndə Səməndər məndən betər hala düşdü, heç kimlə məsləhətləşmədən, vaxt itirmədən məni həkimə qaçırdı. Həkim dedi qorxulu bir şey yoxdu, yaranın açıq yerinə yuyucu toz düşdüyünə görə qolum allergiya verib. Bir xeyli iynə-dərmanla evə qayıtdıq.

Səməndərin fikri Cavidi də götürüb bizi öz evinə aparmaq idi. Bizlə dabanqırma qapıda bir milis işçisi də maşın saxladı. Sən demə, əlim yaralanıb xəstəxanaya getdiyim gün həkimlər qanun-qaydaya uyğun olaraq milis şöbəsinə mənlə bağlı məlumat veribmişlər.

Sahə müvəkkili bizim ardımızca evə girdi, girən kimi də qaynanama üzünü tutub:

- Ay xala, evin ağbirçəyisən, - dedi, - niyə qoyursan oğlun vurub gəlinin əlini sındırır?

Hamı heyrətlə baxışdı. Emin dinmədi, Zöhrə xala gülə-gülə qayıtdı:

- Ay bala, indi arvad döyən kişi nə gəzir? Bir də indiki gəlinləri döymək olar? Gəlin az qalır adamın gözünü çıxara...

Milis heç kimə məhəl qoymadan masa başına keçdi, qovluğunu açıb içindəki kağızları eşələməyə başladı. Siftə-siftə hamı onun dediklərini zarafata yozmuşdu, ancaq əlindəki kağızı oxuyanda mən bir az da qorxan kimi oldum. Dediyinə görə, evdəkilər hamılıqla izahat verib Eminin məni döydüyünü, barmağımı sındırdığını təsdiqləməliydilər. Yoxsa iş böyüyəcəkmiş.

Ana-bala üzümə qanlı-qanlı baxırdı, bunun da günahını məndə görürdülər. Uzun mübahisədən, çək-çevirdən sonra milisə gerçəyi anlatdılar. Əslində nə baş verdiyini o lap yaxşı bilirdi, sadəcə bir şey qoparmamış durub getmək istəmirdi.

Milis işçisi qarşısındakı ağ vərəqləri tələsmədən yazıb doldurdu (arada tuluğunu doldurmağı da unutmadı), duranda da qapıdakı erkəklərdən birini seçib maşınının yük yerinə basdı:

- Bir də belə iş tutsanız, bir dana boyunlayacam, - deyib irişə-irişə getdi.

Səməndərin bizi aparmasına nə Zöhrə xala, nə də Emin razı oldu. Milisin yediyi erkək ikisini də yandırmışdı, onu mənim qabırğalarımdan çıxarmalıydılar – qoyardılarmı mən gedib hardasa rahat müalicə olunum?!..

Qaynanam Səməndərin yanında mələk donuna girmişdi:

- Bax, üzüm üzünə deyirəm, əlini ağdan-qaraya vurmasın, otursun uşağına baxsın.

Saf könüllü Səməndər də uşaq kimi inanır, uşaq kimi sevinir, mənə bir uşaq səmimiyyəti ilə yalvarırdı:

- Nolar bir müddət iş görmə, gözlə əlin sağalsın, mənim xətrimə özünü qoru...

Mən onu arxayın salıb sağımda yaralı qolumla, solumda yaralı ürəyimlə baş-başa qaldım.

ardı var

# 1216 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #