Əxlaqsızlığını siğə ilə pərdələyən müsəlman

 

Günel Natiq

 

“Çox yaxşı, namaz qılan oğlandır”. Adətən belə deyirlər. Yəni əgər namaz qılandırsa, deməli süddən çıxmış ağ qaşıqdır, heç bir qüsuru yoxdur.

 

Ya da “namazqılan qızdır, nə eyibi olacaq?” Qəribə təfəkkürdür. Deməli namaz qılan qızdırsa, digərlərindən üstündür. Nə qədər yanlış bir düşüncə tərzi.

 

Elə adam tanıyıram ki, günahını yumaq, tövbə etmək üçün namaz qılır. Həm də tövbələrin sayı yoxdur.

 

Əksəriyyətin dinə baxışı yanlışdır. Ona görə sui-istifadə edirik, dinlə pərdələnirik. Amma yenə də eybimiz görünür.

 

Məsələn, mən hicab taxıb, bir müddətdən sonra ondan imtina edib açıq-saçıq geyinənləri anlaya bilmirəm. O nə idi, bu nədir?

 

Tanıdığım iki bacı var. İkisi də hicablı idi. Böyüyü evli idi, həyat yoldaşı onun qapalı olmasını qəbul edir və dəstəkləyirdi.

 

Kiçik bacı subay idi, böyük bacısından görüb-götürürdü. Məclislərdə Qurandan ayələr oxuyurdu.

 

Bir müddətdən sonra kiçik bacı da ailə qurdu. İki övladı oldu. Çox da sabit fikirli olmayan kişi evlilikdən az sonra başqa qadınlara nəzər salmağa başladı.

 

Yəqin ki, evliliklərində də bəzi-para anlaşılmazlıqlar var idi.

 

Sözün qısası, kişi başqa bir qadınla tanış olub evi tərk etdi. Hicablı qadın iki uşaqla tək-tənha qaldı. Tezliklə rəsmi olaraq boşandılar.

 

Qadın yanlış olaraq belə düşünməyə başladı ki, həyatında baş vermiş istənməyən hadisələrin səbəbi hicabdır. Və hicabdan birdəfəlik imtina elədi.

 

İkinci mərhələdə qarderobunu dəyişdi. Qısa ətəklər, dəbli libaslar aldı.

 

Üçüncü mərhələdə estetik əməliyyat etdirdi. Və tamamilə başqa bir qadına çevrildi. Qısa ətəkli, boyalı sarı saçlı, makiyajlı bu qadını görənlər onun nə vaxtsa hicablı ola biləcəyini ağıllarına belə gətirmirdilər. 

 

Halbuki hicab onun görünüşünə xələl gətirmirdi, əksinə bir qadın kimi zərafətini vurğulayırdı.

 

Sadəcə olaraq bu qadın problemi başqa yerdə axtardı.

 

Əgər hicab münasibətlərdə əngəl idisə, normal evliliyi olan böyük bacısı da bu problemlə qarşılaşa bilərdi.

 

Və ya özü hicabdan imtina etdikdən sonra həyat yoldaşının qəlbini yenidən qazana bilərdi.

 

Demək ki, problem hicab deyilmiş.

 

Və nəticədə hicab bir ailənin gözündə öz dəyərini itirdi, lazımsız əşya kimi bir kənara atıldı. Yəqin ki, bu qadın hər dəfə hicabı gözünə dəyəndə öz küskün taleyi yadına düşür və onu görməmək üçün dolabın ən qaranlıq guşəsinə itələyir.

 

Bu münasibət isə ona heç də başucalığı gətirmir.

 

Bu günlərdə mənə “din icazə verir” deyə saysız münasibətlər quran bir qadından danışdılar. Bu qadın oturaq bir tip deyil. Yəni kişilərlə münasibət qurmağı sevən bir qadındır.

 

Günlərin birində qadın günahlarını yumaq qərarına gəlir və hansısa müqəddəs bir ziyarətgaha gedir. Ziyarətdən gələndən sonra hicab taxır və artıq həyat tərzinin dəyişdiyini elan edir.

 

Qohum-qonşu da elə bilir ki, həyat tərzini dəyişdiyini etiraf edən qadın artıq ayağını qatlayıb evində oturacaq, saleh əməllər yiyəsi olub övladlarını da yığacaq başına.

 

Elə qadın özü də bunu inkar eləmir. Ona görə kişilərlə münasibət qurmazdan əvvəl siğə elətdirir.

 

Qadın deyir ki, əvvəl səhv yolda imiş. Naməhrəmlərlə görüşürmüş. Nə yaxşı, ağlı başına gəlib. Yaşı 40-ı ötəndə islah olub.

 

Rəfiqələrinə də böyük ciddiyyətlə tövsiyə edir ki, günaha batmayın. Siğə kağızı olmadan intim münasibətdə olmaq böyük qəbahətdir.

 

Amma sabit fikirli olmadığından, yenə də sevgililərini dəyişməli olur. Hər dəfə də siğə kağızı kara gəlir. Bu kağızla işlərini düzüb-qoşur.

 

İlahiyyatçılar deyir ki, siğə əxlaqsızlığa dini don geydirmək cəhdidir. İslamda belə anlayış yoxdur. Düzdür, əksini də iddia edirlər.

 

Hər halda siğənin də öz şərtləri var. Kor-koranə “dinimiz yol verir deyə” hər istədiyini etmək eyibləri ört-basdır etməkdir.

 

Əgər siğə kağızıyla kiminə bir saatlıq, kiminə beş günlük arvad olan bu qadın özünü düz yola qayıtmış sayırsa, onda ona ancaq ağıl duası kömək edər.

 

 

 

LENT

20 İyul 2018
19 İyul 2018
18 İyul 2018
17 İyul 2018