O, yeganə qadın idi ki, ərinin canına and içirdi – XATİRƏ

O, yeganə qadın idi ki, ərinin canına and içirdi – <span style="color:red;">XATİRƏ
12 yanvar 2018
# 17:30

Kulis.az Həcərin “Sarmaşıq gülü” xatirə-essesini təqdim edir.

Yazmaq qərarına çoxdan gəlmişdim. Sanki şeytan düyününə düşmüşdü; elə hey nələrsə araya düşür, məni yazmaqdan saxlayırdı. Bir neçə gün əvvəl ona diqqətlə baxdım: nəfəsi təngiyir, çuxura düşmüş gözləri yumağının içindən baxan kirpi gözləritək kiçilmiş və sanki nədənsə incimiş kimi qıyılıb baxırdı. Valideynin ölümü övlad üçün ağırdır. Onun qocalığını, çarəsiz və acizləşdiyini görmək, hər an ölümün gələ biləcəyi qorxusu da ağırdı.

Valideynləri anamın yadına gəlmirdi, həmişə azaylananda: “Ana görməyən canım!” - deyib qüssələnərdi. Ana görməyən anam çoxlarına ana oldu. Gözümü açandan onu çalışqan, qonşu qadınlara məsləhət yeri, kömək yeri, əl tutan yeri görmüşəm. Çətinliyə düşən üstünə qaçardı. Elə mərd, qayğıkeş, yanımcıldı ki... İndi bunları xatırlayanda təəccüblənirəm - mərdlik, səxavət vara-yoxa baxmır. Bəlkə, Allah elə ona görə başlarından tökmüşdü. Rəhmətlik atam atalı-analı yetimdi: anasından boşanan atası müharibədən əvvəl Batuma üz tutmuş, orda müharibədə yaralanan zaman hərbi xəstəxanada onu müalicə edib sağaltmış bir türk qızı ilə - Sara nənəmlə evlənmişdi. Atamın anası Fatma nənəm də başqası ilə ailə qurmuş, sonradan yoldaşı 3 oğlunu və nənəmi evdə qoyub müharibəyə getmiş və qayıtmamışdı.

Atam 3 qardaşını saxlamaq üçün 12-13 yaşından işləməli olmuşdu. O, anamla evlənəndə 2 otaqlı evləri olub. Sonra iki ailəcanlı adam birlikdə əlavə olaraq 3 otaq və böyük mətbəx tikdilər. Anam o qədər səliqəli və zövqlü idi ki, bu otaqların hamısını gəlin otağı kimi bəzəyərdi. Yadıma gəlir, o vaxt qohum-qonşularda bizim evimiz kimi gözəl və səliqəli ev yoxdu. Almaniyaya hərbçi əri ilə gedən xalası qızına ev üçün pərdələr, stöl süfrələri və çarpayı örtükləri aldırmışdı. Elə gözəldilər ki, uzun illər evimizə yaraşıq verdilər. Yaz gələndən ta payızacan stolların üstündən güllər əskik olmazdı. Anam iri güldanlarda seçilmiş gülləri qoyar, otaqlar gül ətri ilə dolardı. Sonralar biz qardaş-bacılar ailə qurduqdan, hamımız dağılışandan sonra qohumumun gəlininə zəng vurub ağlamsındım : “Sən Allah, mamam neyliyir, iş-gücünü çatdıra bilirmi?”. “Ay qız, özünü öldürmə, indicə anangildən gəlirəm. Vallah, evdə elə bil 7 qulluqçu çalışıb, tərtəmiz, səliqəlidi. Stolların da üstünə bir qucaq gül qoyub”. Gəlinin bu cavabına elə sevindim ki, elə bil üstümdən dağ götürüldü.

O gülləri özü becərərdi. Həyətimizə girən adam bir müddət evə keçməz, dayanıb gülləri, ağacları seyr edərdi. Yadımdadı, bir dəfə rayondan evimizə getmişdik. Bizi aparan taksi sürücüsü evə girmədi, uzun müddət həyətdə güllərin, ağacların arasında dolaşdı. Evə keçəndə ilk sözü bu oldu:

- Gözəl bağçadı, elə bil cənnətdi. Bir dənə alaq otu yoxdu. Necə edirsiniz?

Anam yarızarafat:

- Ot məndən qorxur, burda bitmir, - sonra isə, - hər gün artdayıram, -dedi.

Barının dibi ilə bağın ətəyinəcən gün düşən yerə çoxlu qızılgül kolları və yasəmən ağacları əkmişdi. Evin qabağında isə toxumunu müxtəlif yerlərdən gətirdiyi elə qəşəng çiçəklər əkərdi ki, baxan heyran qalardı. O güllər payızacan çiçəkləyərdi. Biz tərəfdə (Naxçıvanda) camaat yayda evdə yatmazdı: hamının həyətində bir, iki- üç mərtəbəli çardaqlar (kətil də deyirdilər) qurular, üstünə şifer vurulardı və payızacan bütün ailə gecələri burda yatardı. Bu çardaqlar adətən həyətin dalda yerində olardı ki, soyunub-geyinəndə o tərəf-bu tərəfdən görünməsin. Bizim də ikimərtəbəli yaşıl boya ilə rənglənmiş çardağımız evin sağ tərəfində, dalda bir yerdə idi: birinci mərtəbədə atamla anam və kiçik qardaşlarım, ikinci mərtəbədə isə biz dörd bacı yatardıq. O çardağın dörd tərəfinə anam sarmaşıq gülləri əkərdi. Bu çiçəklər sürətlə böyüyər, ikinci mərtəbəyəcən qalxar, çardağımızı ikimərtəbəli yaşıl evə bənzədərdi. Səhər yuxudan gözümü açanda başım üzərində sallanan tünd-bənövşəyi, çəhrayı sarmaşıq güllərini görərdim. O çiçəklər mənim ata evimlə bağlı beynimə ömürlük həkk olunan nağılvari xatirələrdi. Anam haqqında düşünəndə onu bu sarmaşıq güllərinə bənzədərdim: hamını qayğı ilə əhatə edən, hər tərəfə gözəllik və ətir saçan çiçək. Kondinsioner çıxandan sonra çardaqlar yavaş-yavaş dəbdən düşdü, hamı yayı evdə yatmağa başladı. Bununla da o çardaq həyatının nağılvari gecələrinə də son qoyuldu: gecə göz vuran ulduzlar arasında ən parlaq ulduzun onun olması üstdə uşaqların mübahisəsi, karvanını sürən buludlardan müxtəlif fiqurlar, şəkillər tapıb bir-birinə göstərənlərin səsi, qonşu evlərdə çardaqdakı körpə yatmayanda bu biri qonşuların deyintisi, “Az, o uşaq niyə yatmır?”, “A bala, bələyini dəyiş”, “Ay qız bəlkə acdı?” - səslərindəki səmimiyyət notları, hərdən evə gecə yarı və sərxoş gələn qonşumuzun arvadı ilə dalaşması, ordan-burdan qadınların arvada qahmarçılığı, tərtəmiz, oksigenlə dolu havanın ləzzəti - bunlar hamısı keçdi, getdi, o günlərin ləzzətini sonrakı nəsillər görmədi. Heyif!!

Atam anamla ailə qurandan sonra babamın Batumda yaşadığını öyrənir, anamı və ilk övladı olan 2 yaşlı bacımı da götürüb Batuma gedir, babamı tapır. Babam müharibədə ayağından yaralanıb çəliklə yeriyir, Sara nənəmdən olan 3 oğlunu və 3 qızını çətinliklə saxlayırmış. Ömründə ata çörəyi yeməyən, ata qayğısı görməyən atam dədəsinin maddi vəziyyətini görüb iki böyük bacısını babamdan alır: “Bunları aparım mən saxlayım, sən bu dördünü ancaq saxlayarsan,” – deyir. Mən gözümü açandan bibilərimi bizim evdə görmüşəm. Anam onları ata-analarından uzaq olduqları üçün əzizlər, heç nələrini əskik etməz, övladlarından çox onlara qayğı göstərərdi.

Yaxın zamanların söhbətidi, bir məclisdə hamımızın bir arada olduğu vaxt bacımın yoldaşı Zöhrə bibimdən soruşdu:

- Zöhrə, beş qardaş arvadı var burda. Hansını daha çox istəyirsiniz?

Kiçik (Sona) bibim ehtiramla:

- Nərgiz bizim anamızdı (anamın adı Nərgizdir), qardaş arvadı deyil. O biriləri haqqında deyə bilərik, - deyə dilləndi.

Babam və Sara nənəm rəhmətə gedəndən sonra anam Moskvada yaşayan Sona bibimə qoz, fındıq, kişmiş, xurma, ərik, gavalı qurusu alıb bağlama edər, içinə bir dənə də olsa qəşəng, bahalı hədiyyə alıb qoyar: “Sonanın ata-anası yoxdu, həm də qəriblikdədi, qoy sevinsin”, - deyərdi.

Bir dəfə Rübabə adlı dul qonşumuz atamdan pul borc almışdı. Bir ildən sonra utana-utana gətirib dil-ağız elədi ki, bağışlayın, gec qaytarıram.

Anamın xahiş dolu nəzərləri atama dikildi, yəni alma. Atam sakitcə: “Rübabə, bu pulu sənə bağışlayıram, apar ehtiyaclarına xərclə”, - dedi. Arvad nə illah elədisə, atam pulu götürmədi. Atamla anam bir-birini beləcə sözsüz başa düşürdülər. Mən bir dəfə də olsun onların dalaşdığını görmədim.

Atam ona “ay ceyran”, “ay qaragöz”, “ay sevgilim” - deyə müraciət edərdi, bizimlə isə xüsusilə mehriban idi. Heç vaxt xətrimizə dəyməz, xoş sözlərlə əzizlərdi. Anam isə bizə qarşı ciddi idi, sevgisini büruzə verməzdi. Bir dəfə xalam deyəndə ki, bu uşaqları az sıxma-boğmaya sal, anam qətiyyətlə: “Adil bunlarla çox yumşaq davranır, ondan çəkinmirlər, qoy bir çəkindikləri yer olsun”, - dedi. Atam nə qədər mülayim olsa da, anam ondan çəkinərdi. Bir şey olanda: “Yox, Adildən qorxuram”, “Qoy Adilə deyim, sonra”, “Yox, Adilin acığı tutar”, - deyərdi. Çox təəccüblənərdim ki, ipək kimi xasiyyəti olan atamdan anam niyə belə çəkinir. Sonradan anladım ki, o, atamın simasında evdə bizim - övladlarının gözündə bir kişi obrazı formalaşdırır, atama hörmət hissi aşılayırdı. Qardaşı olmadığı üçün həmişə atamın canına and içərdi. Mən qonşu və qohum qadınlardan heç birindən ərinin canına and içəni görmədim .

Bizim uşaqlıq xatirələrimizi bəzəyən zəngin və gözəl səhifələrin bir hissəsi Batumla bağlı idi. Əmilərim böyüdükdən sonra çox gözəl, kürsülü, geniş otaqları olan ev tikmişdilər. Hər il mayın axırında köçəri quşlar kimi bağlamamızı bağlayıb babamın yolunu, gəlib bizi Batuma - yay tətilini keçirməyə aparmasını gözlərdik. Əvvəlcə Naxçıvandan İrəvana, ordan qatarla Samtrediyə, sonra isə elektrik qatarı ilə Batuma gedərdik. Batum xatirələrimdən ən çox yadımda qalan bir dəniz, ona olan sonsuz sevgi və bir də orda tikilən evlərin gözəlliyi idi. Əksəriyyəti ikimərtəbəli olan evlər o qədər gözəldi ki, saraya bənzərdi. Çöl divarları parlaq şüşə və güzgü qırıntıları qatılmış xüsusi palçıqla suvayardılar və gün düşdükcə müxtəlif rənglər bərq vurardı. 60-70-ci illər Naxçıvan məişəti, ümumi sosial həyatı ilə onların həyat və məişəti arasında çox kəskin təzad vardı. Və bir də bu təzadı Batuminin o zaman çox böyük turist şəhəri olması, sosialist Avropasından oraya çoxlu turistlərin gəlməsi kəskinləşdirirdi. Babamgilin evi dənizə çox yaxındı: piyada 10 dəqiqəyə çatardıq. Hər gün saat 11-12-də dənizə gedər, axşamüstü qayıdardıq. Bir az böyüyəndən - 14-15 yaşımdan sonra uşaqlar evə qayıdar, mən saatlarla oturub dənizə baxmaqdan doymazdım. Nə görmüşdüm o sularda, heç özüm də bilmirdim. Bildiyim o idi ki, dəniz ürəyimdə özündən də dərin, saf və təmiz duyğular oyadırdı. Sonralar dənizlə bağlı duyğularım şeirə çevrildi:

Sən mənim ilk sevgim, məhəbbətimsən,

Qara dəniz.

Zümrüd ormanlarda açmış

Bir mavi çiçəksən -

ləpələrin - ləçəklərin.

Sahilindəki yastı daşlara uzanıb isindiyim,

Sularının çəkdiyi tumar düşür yadıma.

Bir də Anqisanın yaşıl xiyabanları...

Orda burnumu dik tutub gəzməklərim,

Mənə dikilən nəzərləri sezmirmiş kimi

Forslu, ədalı yerişlərim düşür yadıma.

Allahın yaratdığı gözəlliklərə

ilk açılmış gözümsən.

Ünvanı olmayan sevgilərimin ilk ünvanı,

Sən mənim ilk sevgim, məhəbbətimsən -

Qara dəniz...

Qara dəniz...

Hər gün işdən yorğun qayıdan Qadir əmim axşam alatoranda dalımca sahilə gələr, mənə hirslənərdi:

- Ay kız, neredesin? Baba seni zopalayacak (zopa babamın çəliyinə deyirdi).

Evə gələndə, həqiqətən, babam çəliyi götürüb ləngərləyə-ləngərləyə üstümə cumardı:

- Köpəyoğlunun qızı, hardasan? Qız uşağı bu vaxtacan...

Mənim şitliyim tutar, o tərəf-bu tərəfə qaçıb babamı cırnadardım. Hirsi tez yatardı. Gülümsəyib boynumu qucaqlayar:

- Ay qızım, o dənizdən bir gün biri çıxıb səni qaçıracaq, dədənə nə cavab verəcəm? - deyərdi.

Mən də:

- Qorxma, qaçırmazlar, su pərisi deyiləm ki, - deyərdim.

Səhəri gün yenə hər şey təkrar olardı.

Bu xatirələrimin yadda qalan epizodlarından biri də Qadir əmimin ova getməsi ilə bağlıdı. İki dənə böyük, uzunorta ov tazısı vardı. Onları yanına salıb ova gedər, səhər brezent torbası bildirçin quşları ilə dolu qayıdardı. Tüfənglə gündüz, projektorla isə gecə ova gedərdi. Qaranlıqda işığı yuvadakı quşların gözünə salıb çaşdırar, itlər də onları tutardı.

Hər dəfə ova gedəndə məni də özü ilə aparması üçün ona yalvarardım və hər gün söz verirdi:

- Yaxşı, əmi balası, seni de aparacağım.

Tezdən saat 6, ya 7-də məni astaca oyadardı:

- Kızım, dur, ova gedirik.

Yerimdən dik sıçrayardım. Onu qarşımda əlində quş dolu torbası və uzun rezin çəkmələrdə görəndə cin təpəmə vurardı:

-Yenə məni aparmadın, - deyib incikliyimi bildirərdim.

O da gülümsəyərək:

- Ay kız, seni nereye, nasıl apariyim? - deyərdi (Batumdakı acar türklərinin ləhcəsi ilə danışardılar).

Axşamlar ov hazırlığını görən əmim çox vaxt boş gilizlərə qırma tökər, kəsdiyi kiçik dairəvi keçələri qırmanın üstdən gilizə doldurub qəlibə uyğun taxta ilə pərçimləyərdi. Mən də həvəslə ona kömək edərdim. Bir dəfə gecə yenə əmim gilizlərə qırma tökür, mən də keçə parçalarını qırmanın üstünə pərçimləmək üçün taxtanı gilizə soxur, bərk-bərk stolun üstünə vururdum. Birdən əmimin həyəcanlı “Dayan!” - səsini eşitdim. Qorxa-qorxa üzünə baxdım. Rəngi ağarmışdı. Sən demə, bütün bu müddət ərzində taxtanı stola vurmaq əvəzinə, gilizin piston taxılmış tərəfini stola döyəcləyirmişəm. Əgər pistondan qığılcım çıxsa, patron əlimdə açılar, daha sonrasını təsəvvür etmək dəhşətdi. Naxçıvana qayıdanda bunu anama danışdım. Nəzir çıxıb payladı.

Batumdan avqustun axırları evə qayıdardıq. Həyətə girəndə sanki tamam başqa bir cənnətə düşürdük: bilmirdik, hara, nəyə cumaq. Üzüm tənəklərindən asılan iki qarış uzunluğunda günəş işığını doyunca içmiş, bərq vuran salxımlar, alma, bir yanağı qızarmış iri alça, gavalı və başqa meyvələr az qalardı budaqları qırsın. Pomidor, badımcan, şirin bibər, qarğıdalı, günəbaxan kolları bardan aşıb-daşardı. Bol-bol açmış güllər də bir özgə aləm olardı. Sevincimizin həddi-hüdudu olmazdı. Bunların hamısını anam tək becərər, bizə saxlardı.

Anamın görkəmi də xarakterindən xəbər verirdi. Sifəti ciddi idi. Qapqara, dalğalı saçını ortadan ayırar, iki yoğun hörük hörüb kürəyinə atardı. Onun çox xoşuma gələn, xatirimdə dəqiqliklə qalan paltarı tünd-yaşıl şifon donu idi. Üzərində kiçik ağ qu lələyi kimi incə yarpaqlar vardı. Həmin rəngdə tufli geyər, yaşıl yelənli ağ ipək yaylıq bağlardı. Dəyirmi sifətində diqqəti cəlb edən iri, qapqara gözləri və qəşəng qaşları vardı. Məktəbdə valideynlər iclası olandan sonra sinif qızları anaları müzakirəyə qoyar, mənim anam haqqında: “Həcərin maması toçnı hind qızlarına oxşuyur”, - deyərdilər.

Anamın əliaçıq olduğunu yazmışdım. Əziyyətlə əkib becərdiyi bağ-bostanın məhsulunu ehtiyacı olanlara paylar və dodaqaltı: “Allah savabını balalarımın qabağına çıxarsın!”, - deyərdi. Bir dəfə Naxçıvandan Bakıya - evə gəlirdim. Evdən çıxmağıma az qalmış darvaza döyüldü və dörd əsgər:

- Xala, acıq, yeməyə bir şey olarmı? - deyə məzlum-məzlum anama baxdılar. Anam cəld bağa qaçdı. Bir aşsüzən dolusu üzüm, pomidor, xiyar yığdı, xeyli pendir-çörək və mənim yoluma soyutma etdiyi böyük çolpanın bir budunu kəsib mənə saxladı, qalanını onlara verdi və:

- Bayaqdan narahat idim, təyyarə ilə uzaq yol gedirsən, bala, indi ürəyim arxayınladı, sağ-salamat gedib çıxacaqsan, - dedi. Anam bir təyyarə dolusu adamın həyatını qızınınkı ilə bərabər cənab Haqqa o əsgərlərin ac qarnını doyurmaqla sığortaladı. Hərbi hissədə işləyən xalamoğlu danışırdı ki, ara-sıra boyük zalda iki stolu birləşdirib süfrə açar, stolun üstünü hər cür yeməklər, turşu, kompot, dovğa, meyvə ilə doldurar və ondan xahiş edərmiş ki, ən arıq, imkansız, kasıb, korluq çəkən rus əsgərlərini gətir, yeyib-içsinlər. Özü evdən çıxıb xalamgildə oturarmış. Yeyib içəndən sonra əsgərlərin minnətdarlıq hərəkətləri - qab-qaşığı yuması, evi səliqəyə salması - onu kövrəldərdi. Qəriblərə xüsusi münasibət bəslərdi. Əslən İrəvandan olan Mehriban adlı qonşumuz evimizə gedəndə bir dəfə mənə dedi:

- Anan qəriblərə o qədər yandı ki, öz qızı qəribliyə düşdü.

Qurban bayramında biz tərəflərdə ata evindən qıza qurban payı gedərdi. Mənim qurban payımı hər il anam böyük bir qazan yemək bişirər, qab-qaşığı, çörək və turşusu, salatı ilə çantaya yığıb evimizə yaxın olan hərbi hissəyə gedər, əsgərləri başına yığıb onlara çəkib verər və: “Mənim uzaqda qızım var, ona dua edin”, -deyərmiş. Danışırdı ki, yeməkdən sonra əsgərlər əllərini göyə açıb: “Mamaşa, pust tvoya doçka vseqda budet sçastlivım i zdorovım”, - deyirdilər.

Anam rusca çox gözəl bilirdi. Uşaq vaxtı hər il Sisyana - Bazarçay yaylağına gedərmişlər. O, rus dilini orada olan malakan rəfiqələrindən öyrənmişdi. Evimizə yaxın hərbi hissədə Rusiyanın müxtəlif şəhərlərindən gəlmiş hərbçilər olardı. Orda anamın özündən 20 yaş böyük Marusya adlı rəfiqəsi vardı. Anamın adı gələndə arvadın gözləri gülərdi. Mən ona evdən qoyulan bostan məhsullarını pay aparar, o da “voyentorq”dan - hərbçilərin mağazasından seçmə mallar almaqda bizə kömək edərdi - həm ərzaq, həm də geyim şeyləri. Anamın gözəl yaddaşı vardı. Şifahi ədəbiyyat nümunələrinin müxtəlif janrlarından orijinal nağıllar, tapmaca və məsəllər, rəvayətlər, xalq oyun və tamaşalarından nəğmələri elə maraqlı danışardı ki, dinləməkdən yorulmazdıq. Uzun qış gecələrində bizi başına yığıb bunları danışar, nağılların və anamın səsinin sehri altında yuxuya gedərdik.

Hər il avqust, ya sentyabr ayında atam 2 erkək qoyun alar, onları qovurma edib bidonlarda zirzəmiyə qoyardılar. Qovrulmuş və yağın içində gillənmiş ət tikələri qışacan yetişmiş motal kimi ətirli və dadlı olurdu: qayğanaq, əvəlikli-ələyizli çəkmə, əriştə, umac, müxtəlif suplar qovurmasız bişməzdi. Qovurma bozbaşının dadı isə tamam başqa cür olardı. Qovurma hazırlanan zaman kiçik qazançalarda yaxın qonşulara pay gedərdi.

Payızın önəmli tədarüklərindən biri də turşu-şoraba qoyulması idi. Anam iri taxta çəlləkdə müxtəlif məhsullardan, bostanın xıralarından (sona qalıb yetişməmiş) elə dadlı turşu qoyardı ki, onun dadı hələ də damağımdadı. Payızda çəlləyin ağzı açılanda yenə qonşulara pay gedərdi. Zirzəmidə turşu çəlləyinin yanında iri yeşikdə ağac yonqarlarının arasında cilə qarpızları saxlanılardı. Qarpız mövsümünün sonunda 7-8 zədəsiz qarpız seçilər, çilədə kəsmək üçün yeşiyə yığılardı. Çilədə niyə qarpız kəsildiyini bilmirəm, amma adla deyilən Naxçıvan qarpızı (məşhur ifadə var: “Naxçıvanın qızı, duzu, qarpızı”) çiləyəcən başqa bir dad, kəramət kəsb edərdi. Çilədə qarpızlardan nişanlı qızlara, ərdə olanlara pay qoyulardı.

Payızda çox zaman qonşular iməci qurub bir-biri üçün qışa çörək - lavaş bişirərdilər. 2-3 kisə unun xamırını yoğurur, lavaş bişirib böyük otaqda süfrələrin üstünə sərərdik. Sonra anam onları yığıb zirzəmidə atamın hazırladığı taxtaların üstünə qoyar, bez süfrə ilə bərk-bərk bürüyərdi. Bu çörək ailəni yazacan görərdi. Hissə-hissə gətirib sulayar, qatlayıb qazana yığardıq. Sulanan zaman o çörəklərdən elə ətir qalxardı ki, sanki indicə təndirdən çıxıb. Çörək bişirmək ağır əziyyətdi, amma bu əziyyətli işi elə əyləncəyə çevirərdilər ki, lavaş yayan qadınların bəzəmələri, gülüşlərinin şaqqıltısı uzaqdan eşidilərdi.

90-cı illərin əvvəlinin söhbətidi. Atam evə gələndə yolda 4 nəfər qərib, çaşıb qalmış yeniyetmə oğlan görüb, hara getmək istədiklərini soruşur. Məlum olur ki, əsgərlikdən qaçıblar, əllərinə keçən cırıq-cındır paltar geyib, hərbi hissəni tərk ediblər. Atam onları evə gətirir. Anam danışırdı ki, 2-si qızdırmadan yanırdı. Arıqlamış, ac, cılız uşaqlardı. Adətən qışı çox soyuq olan Naxçıvanda həmin illərdə qış daha soyuq keçirdi, sanki bəla üstündən bəla gəlmişdi - həm müharibə, həm də dəhşətli soyuqlar. Qaz və elektrik enerjisi yox idi. Bir otağı ancaq qızdıra bilirdilər. Anam çətinliklə hamamı isidir, uşaqlar yuyunur, qardaşlarımın köhnə paltarlarını geyinirlər. Bir otağın içində o uşaqları 4-5 gün saxlayırlar, müalicə edirlər. Atam poçtdan valideynləri ilə danışır, Ağcabədidən gəlib hərbi hissədə məsələni atamın köməkliyi ilə həll edirlər. Anam deyir, onların valideynləri uşaqların yanına gələndə bir neçə dəfə bizə baş çəkdilər. Bilmirdilər ki, öz minnətdarlıqlarını necə ifadə etsinlər.

Valideynlərimlə bağlı o qədər maraqlı, cürbəcür xatirələrim var ki, bunları rəngbərəng muncuğu uyğunlaşdırılmış şəkildə sapa düzmək kimi yazmaq istəyirəm. Yazımın əsas qəhrəmanı anam olsa da, atamsız bu xatirələr birtərəfli alınardı.

Bir dəfə atam evə bir cüt böyük dovşan alıb gətirdi və bağa boşlayıb dedi ki, uşaqlar saxlasın , həm də əylənsinlər. Anam çox narahat oldu ki, bunlar bağ-bostanı viran qoyacaqlar. Atam məsələnin bu tərəfini nəzərə almamışdı. “İşə gedəndə aparıb qaytararam” - dedi. Həmin gün cümə olduğu üçün dovşanlar 3 gün qaldılar və bazar ertəsi atam aparıb 1-2 manat ucuzuna onları geri qaytardı. Səhəri gün anam bağdan elə həyəcanla qayıtdı ki... Hamımız bağa qaçdıq. Üzüm kollarının arasında 5-6 deşikdən gün işığının altında parıldayan, hələ tam tüklənməmiş bir cüt kiçik, qırmızı dovşan qulaqları görünürdü. Anaları gəlmədiyi üçün ac qalan balalar yuvanın ağzını açmışdılar. Axşam atam gələndə anam: “O balaların ahı bizi tutar, səhər get, gör o dovşanı tapıb gətirə bilərsənmi?”, - dedi. Səhəri dirigözlü açdıq, ana dovşanın satılmaması üçün Allaha yalvardıq. Səhər atam yenə ana dovşanı 2-3 manat bahasına alıb gətirdi. Satılmadığı üçün çox sevindik. Dovşan satan isə bu vəziyyətdən faydalandı.

Mən 6-cı sinifdə oxuyanda tikinti materialları kombinatının müdiri işləyən atamı onun yerində gözü olanlar dolaşdrdılar və atam məcbur olub ərizə verərək işdən çıxdı. Sonra az maaşa işləməyə razı olmadı və dəstə toplayıb mövsümi iş üçün Rusiyaya getdi. İlin 7-8 ayı Rusiyanın, Orta Asiyanın, Uralın müxtəlif şəhərlərində işləyir , qalan vaxtı evə gəlirdi. Onunla gedən evli adamların heç biri yayda o uzaq yerlərdən gəlib ailəsinə baş çəkməzdi - atamdan başqa. Yayda gəlib evə baş çəkər, 5-6 gün qalıb qayıdardı. Məndən 5 yaş böyük olan bacım Bakıda institutda oxuduğu üçün atam evdə olmadığı müddətdə anama ev işlərində yaxın köməkçi mən olurdum - bağ-bostanı becərməkdə, ev işlərində, bazarlıqda, atamın göndərdiyi bağlamaları gedib vağzaldan yük vaqonlarından almaqda (bunlar qovurma, yağ bidonları, bal, müxtəlif ərzaqlar olurdu) və s. Son dərəcə ailəcanlı olan atam balı, qoyunları dağlardan-aullardan gedib alar, hazırlayıb evə göndərərdi. Bizim tərəflərdə ilk dəfə evinə televizor, soyuducu, lüstr, divan kimi ev əşyaları alan atam oldu. Qohum və qonşuların bizə gəlib maraqla televizora, soyuducuya baxmaqlarını hələ də xatırlayıram.

3-4 il əvvəl anamla Naxçıvana xalanəvəsinin toyuna getmişdik. Ordakı tanışlar, qohum və qonşular arılar pətəyə yığışdığı kimi anamın başına yığışdılar. Milli Elmlər Akademiyasının müxbir üzvü, Naxçıvan Universitetinin kimya kafedrasının rəhbəri Tofiq Əliyevin (atamın yaxın qohumu) sözlərinin valideynlərimin obrazının tamamlanmasında , məncə, ən həlledici rolu olar: “Nərgiz xala, oturub öz-özümə fikirləşirəm ki, o vaxt mənim atam rəhmətə gedəndən sonra ikiniz də niyə məni belə tez-tez evə dəvət edir, qayğıma qalırdınız? Mən onda uşaq idim. İndi başa düşürəm, demək istəyirdiniz ki, biz varıq, sən özünü kimsəsiz, yetim hiss etmə. İndi mən bunu başqası üçün edə bilərəmmi? Siz ayrı cür adamlar idiniz!”

Bunlar mənim xatirələrimin az bir hissəsidir. Əminəm ki, valideynlərim, xüsusən, anam haqda müəyyən təsəvvür yarada bildim. Onun əllərinə - zəhmətkeş əllərinə baxıram. Əvvəlkitək işgüzar olmasa da, yenə köməyə can atır.

# 1574 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #