İntihardan saxlayan dərslik

 

Günel Eminli

 

Son dövrlər ha istədim bu intihar xəbərlərinə qulaq tıxayım, internetdəki bu kütləvi pessimizm, total depressiya gətirən xəbərlərə göz yumum, onları nə görüm, nə eşidim... Mümkün olmadı.

 

Bəd xəbərin qolları məndən güclü çıxdı. Əslində, intihar haqda yazmağı çoxdan düşünürdüm. Hardasa, 2-3 il bundan qabaq da ölkədə intihar bumu yaşanırdı. İntihar edənlərin də çoxu ya yeniyetmələr, ya da cavan gəlinlər idi.

 

Məni ən çox dəhşətə salan 7-8 yaşlı bir neçə uşağın intiharı, yəni özünü asması barədə xəbərlər oldu. Belə bir sadə, eyni zamanda da ağrılı sual məni girinc-giriftar eləmişdi: “O yaşda uşağın kəndiri yuxarı bağlamağa necə gücü çatır, ən əsası da, onda bu amansız cəsarət hardan yaranır?” Və bu tip xəbərlərin ən mənfur yönlərindən biri də insanın əsəb sistemini alt-üst edən bu basmaqəlib cümləylə bitməsidir: “ Fakt üzrə cinayət işi başlanıb, təhqiqat aparılır”.

 

Məlumdur ki, sonradan həmin dəhşətli olayla bağlı heç bir təhqiqat nəticəsi açıqlanmır. Səbəb-nəticə əlaqəsi yaddan çıxır.  İntihar barədə xəbərləri həvəslə yayanlar sanki dərhal da hər şeyi unudur, yeni “ov” həsrətilə gözləyirlər. Halbuki bu hadisələrin kökünü, heç olmasa, sosial-psixoloji yöndən araşdırmaq olar! Bu “intihar epidemiyası”nın səbəbləri nədir axı? Bir çıxış yolu görünmürmü? Bəlkə sınaq üçün məktəblərdə hansısa formada proqrama yeni dərs saatları salınsın, “İntihar etməmək üçün 100 səbəb” adlı dərslik üzrə tədris başlansın?!

 

Yazıçı dostum Ziyad Quluzadənin bir fikri diqqətimi çəkdi bu ara: “ İntihar dalğasının səbəbi, heç şübhəsiz, sadəcə maddi vəziyyətin ağır olmasından qaynaqlanmır. Həm də milli və kütləvi inamsızlıq, ruhsuzluq halıdır bu”.

 

Düşündüm və bu nəticəyə gəldim ki, doğru fikirdir, dostum haqlıdır.  İntihar üçün maddi imkansızlıq köklü, tutarlı səbəb sayıla bilməz. Belə olsaydı, özünə qəsd edənlər içərisində bomjlar, dilənçilər mütləq üstünlük təşkil edərdilər. Amma mənzərədən belə çıxır ki, onlara sabaha inam baxımından az qala hər gün intihar xəbərləri yayılan gənclərdən çox-çox üstündürlər.

 

Razıyam, indi elə bir dövrdə yaşayırıq ki, sanki dünya, həyat özü qəsdimizə dayanıb. Hər gün hansısa tərs situasiya, ağır hadisə, hətta bəzən yaxınlarımız, sevdiklərimiz bizi dərin depressiyaya sürükləyə bilər. Amma hər addımda təslim olmaq da insanlıq halı deyil axı. Ola bilsin, sırf nəzəri cəhətdən gəlişigözəl səslənə bilər bu düşüncələrim. Etiraz da doğura bilər ki, həyatda heç nə bu qədər asan, rahat olmur. Aydındır. Onda birlikdə fikirləşib baş sındıraq, görək içindəki yaşamaq eşqini, həyat işığını tezcə itirən, heç axtarmaq da istəməyən bu qədər adam hardan, necə peyda oldu, görəsən?! Bu amansız intihar meylini nə, hansı şərait üzə çıxartdı? Bəlkə elə son vaxtlar həyatı büsbütün qara boyada, olduğundan min dəfə sərt, çətin təsəvvür etməyimizin nəticəsidir bunlar?! Bəşəriyyət indikindən qat-qat ağır, məşəqqətli dönəmlərdən keçib, heç birində bunca intihar dalğası yaşanmayıb, yəqin ki. İnsanların həyat eşqi heç bir dövrdə bu qədər zəif olmayıb, görünür.

 

Həyat eşqindən söz düşəndə özümün də iştirakçısı olduğum bir epizodu bu aralar tez-tez xatırlayıram. Axşam vaxtı evə avtobusla qayıdırdım. Saat, hardasa 8-9 arası olardı. Bəlkə daha gec. Bir dayanacaqda avtobusa iki ahıl qadın mindi. Rus olduqlarını düşündüm, nədənsə. Birinin əlində böyük gül dəstəsi vardı. Tez qalxıb yer verdim. Əlində gül dəstəsi olan mənim yerimdə oturub başı ilə minnətdarlıq bildirdi, arxa oturacaqdan qalxan oğlanın yerinə isə o biri qadın keçdi. Artıq ayaq üstə olduğumdan nisbətən arxa tərəfə çəkilmək istəyirdim ki, qucağı gül dəstəli qadından gələn parfüm qoxusu məni saxladı. Ahıl bir qadının belə “cürətkar, meydan oxuyan” parfüm vurmasına, sözün açığı, mat qaldım. Dayanıb diqqət edəndə başqa vacib bir nüans da gözümə dəydi. Hər ikisi al-qırmızı dodaq boyası çəkmişdi ki, bu da məni əməllicə heyrətə saldı. Üzlərində elə bir təbəssüm vardı ki, axşam vaxtı işdən yorğun, qaramat içində qayıdan adamlarla dolu avtobusu işıqlandırırdı desəm, gərək inanasınız. Onlara baxa-baxa qalmışdım, işin ən xoş tərəfi bu idi ki, mən də gülümsəyirdim artıq. Gül dəstəli xanım, görünür, bunun fərqinə vardığı üçün, ona tərəf əyilməyimi işarə ilə anlatdı. Təxminimdə yanılmamışdım. Rusca danışdı. Əvvəlcə yer verdiyim üçün bir daha təşəkkür elədi, sonra da marağıma cavab kimi dinlədiyim bu cümlələri dedi:

 

- Doğum günümdü. Gözəl keçdi. Əla bir yerdə yığışmışdıq. Rəfiqəmlə ordan qayıdırıq.

 

Təəccübümü növbətçi təbəssüm hesabına pərdələyib dikəlmək istədiyim halda ahıl qadın daha bir cümlə söylədi. Yəqin, heyrətimi sezib, bilərəkdən əsas “zərbə”ni axıra saxlayıbmış:

 

- 85 illiyimdi mənim.

 

Belə dedi və təkrar gülümsədiyi üçün azacıq aralanan al-qırmızı boyalı dodaqları gözlərimin önündə mayak kimi yandı...

 

30, yaxud 40 yaşımızı qeyd etməməkdən ötrü cürbəcür bəhanələr uydururuq çoxumuz. Daha betəri: yaşamamaq üçün dəhşətli səbəblər uydurub ya özümüzü asırıq, ya yandırırıq, ya da hündür bir yerdə həyata erkən “Əlvida” deyirik.

 

Əlacım olsaydı, o güldəstəli ahıl qadınla rəfiqəsinin əllərindən tutub bütün Bakını gəzdirərdim: yaşamaq eşqinin gerçək, canlı simvolları kimi!

 

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018