Dahi rejissorun şeirləri: Kölgəm mənə yoldaş...

Kulis.az dünyaca dahi İran rejissoru Abbas Kiyarustaminin şeirlərini təqdim edir.

 

***

 

Alma ağacdan

düşdü  

və mən

sənin cazibən haqqında düşündüm

 

***

 

Qapının yırtığından

həm sazaq dolur içəri

həm nur

 

***

 

Heyf

yaxşı ev sahibi ola bilmədim

kirpiyimə qonan

ilk qar dənəciyinə

 

***

 

Enməyi təcrübə elədim

qanadlanıb uçmaq üçün.

 

***

 

İllərdir saman çöpütək

illər arasında

sərgərdan olmuşam

 

***

 

Gecənin, gündüzün

sonuna olduğu qədər

inamım yoxdu heç bir şeyə.

 

***

 

Uşaq beşiyində

xəbərsizdir öz yatağının hüdudlarından

üçün dördə olan bir otağın içində

 

***

 

Uşaq-nənə oyunlarında

uduzan həmişə

ağbirçəklərdir.

 

***

 

İşıldaböcək

öz işığını səxavətlə paylaşır

Aysız gecədə

 

***

 

Çəltikçilərin oxuduğu nəğmələr

bəziləri hüznlüdür, bəziləri sevincli

amma hər ikisinin ahəngləri eynidir.

 

***

 

Məbəddə

min şey haqqında düşündüm

çölə çıxanda birini belə xatırlamadım

 

***

 

Yağış yağır dənizə

tarlalar susuz

 

***

 

Alabalıqlar bilmir

bu çayın məqsədini

üzürlər axınla aşağı

duzlu sulara qədər

 

***

 

Şərqdən gələn fırtına

sürət verir

qarğaların

Qərbə doğru uçuşuna.

 

***

 

Bütün ilin məhsulu

bircə günə yığılır

yorğun kəndlinin

yorğun ulağının belinə.

 

***

 

Heç kəs bilmir

çeşmənin qəlbindən qopan

kiçik arxın

dənizə qovuşmaq niyyətini

 

***

 

Qatar inildəyir

və dayanır

Uyumuş bir kəpənək

dəmir yolu üzərində

 

***

 

Nə qədər düşünsəm də anlamıram

kasıbın əlindəki qabarların səbəbini

 

Nə qədər düşünsəm də anlamıram

həqiqətin bu qədər acılığını

 

Nə qədər düşünsəm də anlamıram

kəhkəşanın bu qədər böyük olduğunu. 

 

***

 

Ay qırılır

pəncərənin çərçivəsində.

 

***

 

Bir neçə məktəbli

qulaqlarını dayamışdı

tərk edilmiş dəmir yolu relslərinə

 

***

 

Zəlzələ viran qoydu

qarışqaların taxıl anbarını

 

***

 

Kölgəm mənə yoldaş

Aylı gecələrdə

 

***

 

Yerə düşür açar

səssizcə

çəltikçi qadının boynundan yerə

qaynayır qəhvədan

ocağın üstündə.

 

***

 

Növbəti rüzgar

hansı yarpaq sıradadır düşmək üçün

 

Tərcümə Ariz Tarverdiyevindir 

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018