“Barama” serialının ssenaristi: “Kişilər primitivdir”MÜSAHİBƏ

<span style="color:red;">“Barama” serialının ssenaristi:  <b>“Kişilər primitivdir”</b> – <span style="color:red;">MÜSAHİBƏ
11 yanvar 2018
# 09:00

Kulis.az yerli serialların istehsalında çalışan, ssenari yazarı, künoşünas Reyhan Cəfər İsayeva ilə müsahibəni təqdim edir.

- Reyhan, hazırda telekanallarda yayımlanan iki seriala ssenari yazırsınız - “Barama” və “Ögey ana” serialları. “Barama” serialının isə həm də aktyor heyətindəsiniz. Yazdığın mətndə rol oynamağın hansısa üstünlüyü varmı?

- Öz yazdığını oynayanda özün redaktələr edə bilirsən. Seriala ssenari yazmağın bir özəlliyi var: əgər serialda 20 obraz varsa ssenari müəllifi olaraq sən mətndə 20 nəfər kimi düşünməli, 20 nəfər kimi danışmalısan. 20 nəfərin konfliktini qurmalısan. Və ssenari serial ssenarisidirsə, fasiləsiz işləyirsən və müəyyən məqamlarda “dona” bilərsən. Yəni, bəzi yerlərdə 20 yaşlı qız, ya 60 yaşlı kişi kimi düşünməyə, danışmaya bilərsən. Ona görə də, çəkiliş meydançasına gedəndə aktyorlara deyirəm ki, mənim mətnim dəqiq olmaya bilər. Yorğun ola bilərəm və ya diqqətim başqa personaja fokuslanar, sizin mətniniz kölgədə qala bilər. Bunu siz hiss edirsinizsə, kontekst daxilində uyğun əlavələr və redaktələr edin.

Çünki öz təcrübəmdən bilirəm ki, oynayanda mətndəki səhvləri görə bilirsən.

- Ssenari yazmaq prosesi necədir? Bilirəm ki, qrup şəklində yazılır ssenarilər...

- Əvvəlcə ümumi gedişatı qururuq. Sonra hər seriyanın tritmentini qururuq. Sonra bölümləri bölüşdürürük və yazırıq.

- Senari müəllifləri kimi aktyor kastinqlərində iştirak edirdinizmi?

- Bəzen olur. Rejissora fikirlərimizi deyirik.

- Serialların ünvanına tənqidlər səslənir. Yerli serialları keyfiyyətsizlikdə ittiham edirlər. Serial istehsalında olan bir şəxs kimi onlara bir cavabınız varmı?

- Bizim serialları hansısa bazarlarda olan serial biznesi ilə, serial sənayesi ilə müqayisə etməyin mənası yoxdur. Bir də görürsən ki, bizə sual verirlər: bizim seriallar da türk serialları kimi ola biləcəkmi? Bu sualı qəbul etmirəm. Çünki rusun öz serial üslubu var. Türklər bir başqa cür serial çəkir. Gürcülərin də üslubu başqadır. Bu yaxınlarda italyan serialına baxdım. Tamam başqa bir şeydir; nə rus serialına, nə də türk serialına bənzəyir. Bəs biz niyə türk serialına oxşamaq istəyirik? Niyə onu etalon götürürük? Niyə Amerika serialı, ya rus serialı yox, türk serialı? Olmursa, heç biri olmasın. Demək istəyirəm ki, bizim öz serialımız olmalıdır. Nə türk serialı kimi, nə rus serialı kimi. Çünki bizim yaradıcı heyət azərbaycanlıdır, aktyorlar azərbaycanlıdır, tamaşaçılar da azərbaycanlıdır. Bizim məhsulumuz bizim düşüncəmizin məhsuludur. Türklər bahalı villalarda seriallar çəkir, aktyorlarına ağlagəlməz qonorar ödəyir və yaxud da, kəndin ən kasıb yerinə gedib, orada əhvalat çəkir. Biz bunu edə bilmirik. Biz öz imkanlarımız çərçivəsində işləyir, özümüzə görə ortaya məhsul çıxarırıq. Və bu məhsul ixrac olunan digər məhsullar kimi deyil. Bu, bizim həyatımızla, yaşamımızla, təfəkkürümüzlə, mentalitetimizlə bağlı məhsuldur. Ona görə bu tənqidləri ədalətsiz sayıram. İşin içində deyillər, işin başqa tərəflərini görmürlər - hansı şəraitdə, necə işləyirik, maliyyəmiz nə qədərdir və s.

- Reyhan, bəs özünüzün serialda dəyişmək istədiyin bir şey varmı? Səlahiyyətiniz xaricində olan, amma dəyişilməsini istədiyiniz?

- Elə bir şey yoxdur. Mən uşaqları görürəm necə işləyirlər; səhər tezdən gecəyədək çəkilişlər... Səhəri gün də, növbəti gün də... Hər gün. Serialın yükünü çiyinlərində daşıyan insanlar var. Problemlərin içində onlar olur həmişə. Daim nəyisə həll etməlidirlər; bu gün aktyor gələ bilmir, bu gün paltar olmadı, dükan imtina etdi, ya bu gün məkan imtina etdi. Dar vaxtda bu işləri düzüb qoşan, stressə girən adamlar - rejissor, ikinci rejissor və s. Yəni, bunların fonunda deyə bilmərəm ki, mən olsam, başqa cür edərəm. Sadəcə, istəyirəm ki, daha geniş imkanlarımız olsun. Daha çox məkanımız olsun, daha çox aktyor cəlb edə bilək. Biz məcburuq belə işləməyə. Yenə hər şey gəlib maliyyəyə və iş rejiminin ağırlığına dayanır. Gündəlik serialdır, 45 dəqiqəlik. Özünüz bilirsiniz...

- Seriala yazılan rəyləri oxuyursunuzmu? Bunlar gələcək seriyaların ssenarisinə təsir edirmi?

- Biz ara-sıra rəyləri oxuyuruq. Amma hər seriyadan sonra “Yutub”da 100-200 şərhi oxumağa fiziki imkanımız yoxdur. Təsir etməsi məsələsi yoxdur. Çünki, baxırsan ki, 10-15 şərh qəhrəmanların makiyajının, geyiminin müzakirəsinə həsr olunub, bunu oxuyub buna niyə vaxt sərf edim? Amma kimsə aktyor oyunu, dramaturgiya haqda yazanda biz ondan nəticə çıxarmağa çalışırıq. Amma bir də görürsən ki, belə rəylər yazırlar: “Ay Arif, o qadın səni aldadır” – guya qəhrəmanı bilmədiklərindən agah edirlər. Bunlar artıq gülməlidir. Bundan necə bəhrələnəsən?

- Bayaq dediniz ki, olmayan bir adamı uydurmaq asan deyil. “Barama” serialında oynadığınız Kəmalə bir canlı insan kimi təsəvvürünüzdə varmı?

- Əvvəllər çətin idi. İndi onun haqqında başqa bir adam kimi düşünə bilirəm. Mən peşəkar aktrisa deyiləm. Təklif gəldi, mən də razılaşdım (gülür). Şöhrət hissimə qalib gələ bilmədim. Bilirsiniz niyə? Bir dəfə Rasim Cəfər (həyat yoldaşı – red.)və başqa bir neçə serial aktyoru ilə bir yerdə oturmuşduq. Gələn-gələn gəlib aktyorlarla şəkil çəkdirirdi. Biz qalmışıq qıraqda. Bu birinci dəfə deyil. İllərdir, belədir. Rasimlə harasa gedirəm, gəlib onunla şəkil çəkdirirlər. Adam birtəhər olur. Bu boyda serialın yükünü çiynində daşıyan adamsan, amma səni heç kim tanımır. Sən həmişə kənarda qalırsan. Eləcə də bu, montajçıya, rejissora, ikinci rejissora, operatora aiddir. Amma aktyorları hamı görür. Mən də düşündüm ki, mən də sınayım, görüm necə hisdir. Razılaşıb çəkildim. Amma mən aktrisa deyiləm.

- Kinoşünaslığı bitirmisiniz?

-Bəli.

- “Barama” serialında qadınlar kölgədədir. Konflikt kişilərin konfliktidir. Qadınlarsa onların kölgəsi kimi görünür.

- Haqlısınız. Əvvəldən belə qurulmuşdu. Mən qadın xəttini qaldırmağa çalışırdım. Amma dedilər ki, drama meyllənmək olmaz. Serial kriminal serialdır, elə də davam etməlidir. Hətta öz obrazım olan Kəmaləyə müstəqil qadın kimi bir obraz biçmişdim. Amma olmadı. Sonda bu qənaətə gəldim ki, onlar qadınları sevmirlər (gülür).

- Amma “Ögey ana” da qadınlar konfliktdə əsas iştirak edənlərdir.

- Düppədüz.

- Serialdan belə bir ideya da çıxır ki, qadınların həyat fəaliyyətini məhdudlaşdıran tək kişilər deyil, onlar özləridirlər, bəlkə hətta kişidən də artıq bunu edirlər. Bu haqda necə düşünürsən: qadınların həyatını kişilər daha çox məhdudlaşdırır, yoxsa qadınlar özləri?

- Məncə qadınlar özləri. Kişiləri də qadın tərbiyə edir. Oğlanlarının beynini həmişə analar doldururlar. Məsələn: “Filankəsi ala bilməzsən, o boşanıb”. Bunu kişilərin beyninə elə qadınlar salır. Adətən deyirlər ki, bu, ətrafın reaksiyasından çəkinməkdi, “Məhlədə nə deyərlər” qorxusudur filan. Amma əminəm ki, məhəllədəki fikirləri elə qadınlar özləri formalaşdırır. Biz evdə nə mövzuda danışırıqsa, hamısı boşa getmir. Uşaq evdə eşidir ki, anası qonşuya deyir: “Ay bacı, filankəs boşanıb bədbəxt oldu; indi onu kim alacaq?” Fərqinə varmadan bu söhbətləri uşaqların – gələcək kişilərin, qadınların beyninə hopdururuq.

- Bəs səncə öz həmcinsinə belə amansız olmaq nədən irəli gəlir?

- İfritə təbiətliyik ona görə yəqin... (gülürük) Bir-birimizə qarşı çox qısqancıq. Kişilər əslində çox sadədirlər. Sadə. Bir dəfə dedim kişilər primitivdirlər, xətirlərinə dəydi. Yəni mürəkkəb deyillər. “İki vur iki” qədər sadədirlər. Amma qadın sinusa, kosinusa tangensə kimi gedib çıxır. Kişilər sadədirlər, ona görə də rahatdırlar. Ona görə kişini razı salmaq da asandır. Amma qadınlarla çətindir. Miflər elə-belə deyil. Alma məsələsini deyirəm. (gülürük)

- Reyhan, cəmiyyət qadını yaradıcı insan kimi tanımağa çətinlik çəkir. Bu bir yana, qadının özünün də yükü daha ağırdır. Məişətin ağırlığını o çəkir. Həyat yoldaşın Rasim Cəfər aktyordur. İki yaradıcı insan kimi ailədə kimin imkanları daha genişdir?

- Bizim cəmiyyətdə kişinin imkanları çoxdur. Ailədə uşaq varsa, onun məsuliyyətini daha çox ana çəkir. Sabah məni qastrola çağırsalar, mən gedə bilməyəcəm. Ya da o qədər düşünəcəyəm ki, getməsəm, ondan yaxşıdır. Amma kişinin belə problemi yoxdur. Bu gün desələr, sabah gedəcək. Evin bütün yükünü qadın çəkir.

- Serial, aktyor oyunu, ssenari işlərində Rasimlə bir-birinizə kömək edirsiniz?

- Rasim çox kömək edir mənə. Yəni mən də. Bir-birimizin işinə baxıb fikir deyirik, ya kömək edirik.

- Rasim aktrisa kimi səni qəbul edirmi?

- Bilmirəm, məni qırmamaq üçün belə edir, yoxsa ürəkdən gəlir, amma deyir ki, yaxşıdır. Ondan kömək istəyirəm. Edir də. Amma Rasimlə kompleksim var. Onun yanında oynamağa utanıram.

- Reyhan, biz səninlə universitetdə bir yerdə oxumuşuq, sonra bir qəzetdə çalışmışıq. Yazıların oxunurdu. Öz üslubun vardı. Sonra ssenarilərin oldu. Hətta nazirliyin təşkil etdiyi müsabiqədə bir ssenarin qalib oldu. Heyf ki, ondan film çəkilmədi. Daha sonra fotoqraf kimi çalışdın. İşdən başqa maraqlı foto-layihələrin də oldu. İndisə ssenari yazırsan, həm də seriala çəkilirsən. Həmişə yazı-pozu ilə kinolent arasında oldun. Bəs etmək istədiyin nədir? Bilirəm ki, sənət adına etmək istədiyin daha ciddi işlər var.

- Haqlısan. Hələ mən arada televiziyada da işlədim. İndi qısametrajlı filmlər çəkmək fikrim var. Ağlımda bir qısametrajlı film ssenarisi var. Amma hələ bilirəm ki, o işlərə qoşulmağa fiziki olaraq hazır deyiləm. Beynimi çox yerə bölürəm. İstəmirəm, filmi elə işləyim.

- Reyhan, bəs özünə vaxt ayıra bilirsənmi? Filmlərə baxmaq. Kitablar oxumaq...

- Sosial şəbəkələr vaxtımı alır. Buna görə özümü qınayıram. Uşaq yatandan sonra filmə baxmağı, kitab oxumağı planlayıram, ancaq edə bilmirəm. Arada istəyirəm hər şeyi atıb bir həftə filmə baxım, kitab oxuyum. Filmdən, kitabdan ayrı düşdükcə tükənirsən, daha doğrusu, özünü unudursan. Bircə bilirəm ki, nə oxuyuramsa oxuyum, Çexova mütləq qayıtmalıyam və tez-tez də belə edirəm.

# 1688 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #