İstanbulla Ankaranın on fərqi

İstanbulla Ankaranın on fərqi
23 iyul 2012
# 09:40

İstanbula ilk dəfə keçən yay səyahət etmişdim. Duyğularım o qədər qarışıqdı ki, ən çox görmək istədiyim şəhər haqqında bir il ərzində bir cümlə belə yaza bilmədim. Bəlkə xəyallarımda həddindən artıq böyütmüşdüm bu şəhəri. Və bu durumda xəyalqırıqlığı qaçılmazdı. Birinci səbəb buydu, çox güman ki.

Hələ Bursadaykən həmkarlarmız çoxlu məsləhətlər vermişdilər, qızlardan birinə qızıl qolbağları çıxarmağı, başqasına şəkil çəkdirmək üçün “makinayı” tanimadığı birinə verməməyi tapşırmışdılar. Gedəcəyimiz yerin dünyanın ən bahalı şəhərlərindən biri olduğunu da vurğulayandan sonra bizi mənfi çalara yükləyən o cümlələri söyləmişdilər: “İstanbul çox acımasız”, “İstanbul bir başqa Türkiyə”. Yəqin ki, bu da ikinci səbəbdi.

Üçüncü səbəb şəhərin küçələrində türklərdən çox gözə dəyən soyuq baxışlı əcnəbilərdi. Bütün bunlar İstanbulun üzünə qonağından bezmiş ev sahibi ifadəsi verirdi.

Şəhər qorxunc görünəcək qədər böyük, vaxtımız İstanbulu fəth etməyəcək qədər azdı. Hərdən bu qorxu küçələrdə azmaq təhlükəsinə qədər zalımlaşırdı. Ona görə də nə Sultanahmet Camisi, nə Topkapı Sarayı, nə Kapalıçarşı huzur vermədi.

Öz-özümə Vaqif Səmədoglunun bir şerini pıçıldayırdım:

İçərişəhərdən
Bayır şəhərə çıxan təəccübüm,
Oğrulardan qorxan cibim…


Üç gün sonra Atatürk hava limanından Bakıya dönərkən uzun müddət gizli qalmış sevgisini etiraf edib rədd cavabı almış kimiydim.

Bu yay Ankaraya ayaq basdığımız zaman artıq bir təcrübə sahibi qədər laqeyddim. Nə bir həyəcan vardı ürəyimdə, nə bir həsrət. Bir az illər küskünüydüm, bir az da yollar yorğunu.

Bir iyun səhəri açılırdı və gözəl bir yağmur vardı Ankarada. Hava nə isti, nə də soyuqdu. Nə işıqdı, nə qaranlıq. Taksi şəhərin tərtəmiz küçələri ilə mərkəzə doğru irəlilədikcə hamımız susurduq. Amma hər şeyə rəğmən Ankaranın üzündə yuxuda gülümsəyən uşaq təbəssümünə bənzəyən məsum bir ifadə vardı.

İlk baxışda sıradan, sadəcə gözəl və modern bir şəhər təsiri bağışlayırdı Ankara. Amma çox keçmədən onun gerçəkdən “İç Anadolunun ürəyi” olduğunu anladım.

Bu dəfə nə vaxtımız o qədər azdı, nə də şəhər o qədər böyük. Sakinlərin üzündəki mehriban ifadə küçələri də doğmalaşdırırdı elə bil. Sonra bir –birindən maraqlı kitab evləri, poeziya gecələri. Bir də şairi “şısından anlayan” dinləyicilər.

Ankaradan dönərkən doğma birindən ayrılmış kimiydim. Bu məndə İstanbulu bir daha görmək həvəsi yaradırdı. Ona yenidən, daha inadla “eşq elan edəcəkdim”. Axı böyük sevgilər heç vaxt qarşılıqsız qalmır.

# 1799 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #