Bu rayonumuzda seks yoxdur

Bu rayonumuzda seks yoxdur
28 dekabr 2017
# 10:26

Hikmət Orhun

Siz heç bordaq dananın kəndirdən açılmağını görmüsünüz? Mən görmüşəm. Aylarla damda bağlı qalan heyvan açılan kimi birinci özünü divara çırpır, özünə xəsarət yetirməmiş dayanmır.

***

Mən birinci sinfə gedən il kəndimizdən bir qız universitetə qəbul olmuşdu. Bakıda oxuyacaqdı. Bakı hər zaman kənd uşaqlarının xəyallarının paytaxtı olub. İndi də elədir, amma o vaxt bu, insanlara bir az qəribə gəlmişdi; birinci sinfə qədər qapının kandarından, orta məktəb illərində məktəb yolundan kənara qədəm basmamış birinin qapalı ailədən çıxıb, təkbaşına heç tanımadığı şəhərə təhsil dalınca getməsi olduqca fantastik səslənirdi.

Düzdür, o vaxtlar bunu anlamırdım. Sonralar, çox sonralar... böyür-başımda biri-birinin qulağına pıçıldayan insanların özünü unudub, yüksək səslə dediyi fikirləri analiz etdikcə bu qənaətə gəldim. O qızın ailəsi doğrudan qapalı idi.

Biz “qapalı” deyəndə gözümüzün qabağına namaz qılan, oruc tutan bir ailə modeli gəlir. Bu ailə isə nə namaz qılırdı, nə oruc tuturdu, nə qadınlarının başını bağlatdırırdı. Sadəcə, ağsaqqallar uşaqların üzərində hakimiyyət qurur, onların azadlıqlarını məhdudlaşdırırdı.

Böyüklərin danışdığına görə, keçən əsrin 80-90-cı illərində kəndin cavanlarının yarı faizi SSRİ-nin dörd bir yanına səpələnib, hərəsi bir ölkədə bacardığından bir iş tapıb dolanışığını çıxarır, bu “qapalı” dediyimiz ailənin uşaqları isə hələ də kənddə mal-heyvan otarmaqla, üzüm dərməklə, istixana becərməklə məşğul olurmuş. İşləməyəndə döyülür, söyülür, süfrə başına yaxın buraxılmırmış. Həmin uşaqlar ata olanda ağsaqqallarından gördüyü zülmü övladlarına da yaşatdı.

...İndi bu qızın böyük şəhərə təhsil dalınca getməsi ona görə camaatı bu qədər təəccübləndirirdi.

Birinci kursu bitirməmiş onu kəndimizdən birinə nişanladılar. O vaxtlar qaranlıq şəkildə yadımda qalıb: deyirdilər, özünün xoşu yoxdur, nəslin başbilənləri belə istəyib. Fikirləşiblər ki, qız şəhərdə yolundan azmasın, məsuliyyətini anlasın.

Dördüncü kursun axırlarına yaxın bir xəbər kəndə bomba kimi düşdü; işıq sürəti ilə bir ucundan, o bir ucuna yayıldı: həmin bu “qapalı ailə” qızı bəkarətini itirib. İki günün içində nişan qayıtdı, ailələr düşmən oldu. Bilən də, bilməyən də qızı qaraladı ki, atasının, qardaşının və nəhayət, bütün nəslin papağını yerə soxub. Amma...

Kimsə onun hansı ailədən çıxdığını, necə böyüdüyünü, nə əziyyətlər çəkdiyini özünə, yaxud bir başqasına sual eləmədi. Ən rahatı qızı qaralamaq idi: dili sirr tutmayan qarılar bulaq başında, yağlıqarın kişilər çayxanalarda danışıb durdular. Atasına salam vermədilər, anasını saya salmadılar, qardaşını başıdaşlı elədilər, bacısı isə uzun zaman evdə qaldı, alanı olmadı.

Bir daha kəndə qayıtmadı o qız, kəndə qayıtmadı.

Təhsil haqqısı ödənmədiyi üçün oxuduğu məktəbi də bitirə bilmədi. Taleyi necə oldu bilən yoxdur, amma söz düşəndə camaatımız hələ də danışır ki, həyasız bir bölük nəsliniz papağını yerə soxdu.

***

Mənim iyirmi altı yaşım var, danışdığım söhbətin üzərindən azı on altı-on yeddi ilə yaxın vaxt keçib, hələ də qızların azadlıqları məhdudlaşdırılır; hələ də qızların oxumağını xor görən atalar, işləməyini, sosiallaşmağını istəməyən qardaşlar, gecə-gündüz özünü oda-közə vurub onlara ər axtaran analar var.

Hələ də Qazaxda bir oğlanın sevdiyini qoluna taxıb şəhərdə gəzişməyi gözə girir, ağızdan-ağıza dolaşır. Siz də deyirsiniz, seksual azadlıq elə gəldi, gender belə getdi.

Qazaxda seksual azadlıq yoxdur, çünki seks yoxdur. Sadəcə, nəsil artırmaq üçün yaşayır insanlar, sadəcə, nəsil artırmaq üçün. Sözsüz, bütün rayonlarda belədir, hətta, bəlkə də, o biri rayonlara baxanda bizdə nisbətən daha irəli düşüncəli adamlar var, amma mən gördüklərimi, eşitdiklərimi danışıram, sadəcə, gördüklərimi...

Bu yaxınlarda Qazaxda fəaliyyət göstərən kafelərin birində iki köhnə tanışımı gördüm. İki normal insan kimi qabaq-qənşər oturub çay içir, söhbət edir, biri-birinin gözünün içinə baxıb gülürdülər. Anlaşılan o ki, təzəcə münasibət qurublar.

Qız nisbətən sərbəst insandır, oğlan isə həyəcanlı. Bir ara kənardan fikir verdim, oğlanın gözü qapıda qalmışdı. Bu dəm uşaqlar zəng elədi, çıxmalı oldum. Arxası mənə dönük olan tanışları ürkütməmək üçün sakitcə aradan çıxmağa çalışdım, olmadı. İstər-istəməz göz-gözə gəldik.

Qız eləcə gülümsündü. Oğlanın isə əli ayağına dolaşdı, bir anlıq mənə elə gəldi ki, utandığından özünü stolun altına soxacaq. Dili söz tutmadı, bircə kəlmə bunu deyə bildi: “Şair...”

***

Azadlıqları məhdudlaşdırılan insanları o bordaq danalara bənzədirəm.

# 1867 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #