Elə bilirdim məni oğurluq üstündə tutublarBİRCƏNİN ROMANI

 

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

 

əvvəli burada

 

Mahmud əminin üçü günü səhər tezdən baldızım mənlə dalaşdı.

 

Hamı bilirdi bizi ağır gün gözləyir, qonağın sayı-hesabı olmayacaq. Mahmud əminin qardaşları təşkilatçılığa nəzarət eləyirdilər. Ehsanı böyük qaynımla Emin verirdi. Həyətdən axan arxın kənarında ocaqlar çatılıb üstünə ehsan qazanları düzülmüşdü, çayçılar iri samovarlara qamqalaq atırdılar, arvadlar sac üstündə yuxa bişirirdilər. Bir sözlə, hərənin başı bir işə qarışmışdı.

 

Yasa gələn qadınları mən qarşılayıb yerləşdirirdim, hamı hər şeyi məndən istəyirdi. Ona görə də çalışırdım Cavidi tez yedirib, qalın geyindirib qaynımın uşaqlarına qoşum. Uşaq da tərslikdən ipə-sapa yatmırdı, bəlkə də həyət-bacada ilk dəfə bu qədər adam gördüyündən idi, bilmirəm. Mən ona yaxın gedəndə uşaq qışqırıb ağlayırdı, heç nə yemirdi, gözümdən yayınan kimi qonşu arvadların bişirib üst-üstə qaladıqları isti yuxanı dəstələyib suya tökürdü. Bu yandan da qaynanam dil boğaza qoymurdu:

 

- Get fərli paltar geyin, üst-başından qır-qızıl as.

 

Baldızım qollarını, barmaqlarını doldurmuşdu, elə biləsən ölən bunun atası deyildi, toya-nişana gəlmişdi. Onun bu məqamda bəzənməyi qıraqdan eybəcər görünürdü deyə mən qaynanamın bəzək-düzəklə bağlı göstərişindən yayınmağa çalışırdım. Bundan da çox öz qohum-əqrəbamın görəcəyindən çəkinirdim; bizimkilər məni bərli-bəzəkli görsəydilər, ən azından lağ eləyəcəkdilər mənə. Bu kəndin adət-ənənəsi bizim elin qayda-qanunundan seçilirdi, burda gənc qadınlar yasa da üzlərini bəzəyib gedirdilər.

 

Mən işlərimi bir qırağa qoyub, hamının zəhləsini tökmüş Cavidi qucağıma aldım. Uşaq qəribə şəkildə dəyişilmişdi, tanınmaz olmuşdu. Mən onu qucağıma alan kimi Cavid balaca barmaqlarını saçlarıma yeritdi, qışqıra-qışqıra saçımı yolmağa, başıma qapaz vurmağa, üzümü cırmağa başladı. Həyət-baca dolu adam bizim tamaşamıza durmuşdu. Mən Cavidlə süpürləşə-süpürləşə ara qapıdan Misir əmigilin həyətinə keçmək istəyirdim; bir əlimlə uşağı qucağımdan salmamağa, o biri əlimlə onun barmaqlarını saçlarımdan qoparmağa çalışırdım. Cavid də qucağımda elə qışqırırdı, deyərdin bəs ətini kəsirlər.

 

Bir də gördüm baldızım qışqıra-qışqıra üstümə atıldı, Cavidi dartıb əlimdən aldı. Uşaq onun qucağında, saçımın tağı uşağın barmaqlarında – Bəsti hikkəylə evə doğru gedirdi, mən də onun yedəyində qaçırdım ki, bəlkə saçlarımı Cavidin barmaqlarından qopara biləm.

 

Baldızım hamı eşitsin deyə çığıra-çığıra deyirdi:

 

- Sən bu uşağa yağı törəməsi kimi baxırsan, gün uzunu tifili döyüb şiltiyini atırsan. Bu evdə hamıdan zəhlən gedir, bilirəm, daha bunun hayıfını körpədən niyə alırsan?!

 

Nə baş verdiyini anlamağa hələ macal tapmamışdım. Bu qız nə danışırdı, mən gözümün ağı-qarası bir balamı nə vaxt döymüşdüm?! Mən ömrümü, gələcəyimi oğlumdan ayrı xəyal eləyə bilmirdim, uşağımın önünə də, arxasına da canımı qoymuşdum, mənim bundan sonra yaşamağıma olsa-olsa bu uşaq səbəb olacaqdı. Bəs bu, nə danışırdı?

 

Baldızım qışqırıb-bağırdıqca, məni söyüb-alçaltdıqca əlini işdən-gücdən ayırıb bizə tamaşa eləyənlərin sayı da artırdı. Cavid bibisinin qucağından əllərini mənə sarı uzadıb var səsiylə çığırırdı. Baldızım onu bir dəfə də qucağına alıb əzizləməmişdi deyə uşaq yad əllərə düşmüş kimi qorxub mənə gəlmək istəyirdi. Mən eləcə quruyub qalmışdım. Emin uzaqdan, yas çadırının içindən bizə baxırdı. Hamıdan çox da qaynatamın ağsaqqal qardaşlarından, onların oğlanlarından necə utanırdımsa yerə girmək istəyirdim. Bəsti bir göz qırpımında bu qədər adamın içində mənim elə bir obrazımı yaratmışdı ki, tanımayanlar məni nifrətlə süzürdülər.

 

Ayaqlarım əsirdi, qulaqlarım uğuldayırdı, adamların üzünə məzlum-məzlum baxıb kömək istəyirdim.

 

Yenə Maral ürəkli çıxdı, irəli yeriyib Cavidi Bəstidən aldı:

 

- Nə şəbih çıxarırsan, aaz, neçə aydı sənin dədənə qulluq eləyir, uşağını döyməyə vaxtı olub onun?! Bu da sənin sağolundu gəlinə?

 

Maral dillənəndə məni ağlamaq tutdu, ona qədər yalnız əsirdim. Cavid hələ də çığırırdı, baldızım dartıb onu Maraldan almaq istəyirdi. Başı dartışmağa qarışsa da, çənəsi işindən qalmırdı, ağzı köpüklənə-köpüklənə məni yuyub sərirdi.

 

Mən qəfil irəli durub Cavidi onların əlindən aldım, Bəstiyə tərəf əyilib sakitcə:

 

- Ağzını yum, harsın! – dedim, sonra uşağı qoltuğuma vurub Maralgilə üz tutdum.

 

Belə deməyim baldızımı bir az da coşdurdu:

 

- Buna baxın, ay camaat, mənim atam dünən ölüb, bu da mənə harsın deyir. Emin, eşitdin?

 

Baldızım hikkəsindən az qalırdı çatlasın. Sahib əmi gördü qız səsini kəsənə oxşamır, hirslə Bəstinin üstünə yeridi:

 

- Çox düz deyir, harsın, kəs səsini! Ay anasının balası, rədd ol burdan!

 

Baldızım mənə barmaq silkələyib evə qalxdı, mənsə Marala qoşulub onlara getdim. Emin bizlə dabanqırma qaynımın evinə girdi. Bilirdim yaxşı iş tutmamışam, bu məqamda gərək Bəstinin dediklərini vecə almayaydım, amma səbrimi basmağa gücüm yetməmişdi. Haqlı olduğuma görə sakit idim, içimdə heç bir qorxu-hürkü yoxuydu. Sadəcə, bütün günü bu evin səkil tikələrini özü qarışıq balalarına yedirən, qalanını da müftəxor ərinə aparan, bu evdə bir bulaşıq qab yaxalamayan, atasının meyiti soyumamış səsini başına atan ifritənin oyununa girdiyimə peşman idim.

 

Maral Emini görcək aramıza girdi:

 

- Ona əl qaldırsan, səni hörmətsiz eləyəcəm! Niyə hamınızın ətini-qanını bivec ərinə yedirdən bacının ağzını yummursan? Bacın görəsi işlərin hamısını bu yad qızı görüb. Hamınız ona borclusuz, hələ bir üstünə xoruzlanırsız da?!

 

Emin Maralı itələyib mənə sarı yeridi:

 

- Sən ona niyə ağız verdin, əmilərim baxırdılar axı! Qoyaydın danışaydı, sən dillənməzdin.

 

- Özümü saxlaya bilmədim. Görmürsən, camaatın içində mənə deyir bu səy şeydi, uşağına baxmır. Yaxşı, mən indən belə hər işi atıb uşağıma  baxaram, görərsiz uşağa baxmaq necə olur.

 

Emin mənə lap yaxınlaşdı.

 

- Sənə deyirəm, bircə çırtma vursan mənə, günü bu gün atamgilə qoşulub gedəcəm.

 

- Nədi, indi də məni hədələyirsən?

 

- Yox, amma bacına görə məni vursan gedəcəm, biləsən.

 

Emin duruxub bir Marala, bir mənə baxdı, sonra çevrilib gəldiyi kimi də getdi.

 

O, pilləkəni düşər-düşməz baldızımın böyük qızı içəri təpildi. Maral onun qabağını Ərəbzəngi kimi kəsdi:

 

- Nədi, anan göndərdi görəsən Emin döydü arvadını, ya yox?

 

Dördüncü sinifdə oxuyan qız eltimin sualı qarşısında mat-mat gözünü döydü:

 

- Yoox, məni aşsüzənə göndəriblər. 

 

- Al bu aşsüzən, bax bu da biz – halvayla çay içirik.

 

Baldızımın qızı mənim üzümə diqqətlə baxıb getdi. Çoxbilmiş Maral onu gözüylə ötürə-ötürə dedi:

 

- Dişində şirə qalıb eey bunların – hər xırda şeyə görə ərimiz bizi budaya, bunlar da qəşş eləyə...

 

Sonra bildim ki, qohum-əqrəbanın mənə “üzün ağ olsun, ay bala, sən ki qaynatana elə qulluq elədin” kimi sözlər deməsi baldızımı qıcıqlandırıbmış. Bundan da çox Mahmud əminin ölməmişdən neçə gün qabaq otağındakı o “sehirli” sandığı açıb Maralla mənə istədiyimizi verməsi onu özündən çıxarmışdı. Bir iş olan kimi qaynanam deyirdi:

 

- Kişi hər şeyi sizə verib, canınız çıxsın, gələn qonağı yola salın.

 

***

 

Qaynatamın yeddisi axşamı baldızım mənlə yenə tutaşdı.

 

Onsuz da evdə hamının əsəbləri tarıma çəkilmişdi. Axın-axın yasa gələn adamları yedirdib-içirdib yola salmaq, süfrələri bir ucdan yığışdırıb təzələmək, saysız-hesabsız qab-qacağı, bulaşıq süfrə-dəsmalları yuyub ağardıb ütüləmək, bir sözlə, neçə günün qaçaqaçı, gərginliyi canımı əməllicə üzmüşdü. Gördüyüm işlərdən də çox məni evdəki səs-küy, qoyma-haray, qaynanamın ehsan yeməkdən doymayan, yas evində içilən bir istəkan çayı da qənimət bilən, bir ucdan gətir-götür eləyən qohumlarının acgözlüyü bezdirmişdi. Elə bil əhd eləmişdilər, yayxanıb oturub hərəsi bir buyruq verirdi.

 

Cavidin də rejimi pozulmuşdu, bu üzdən çox da kürləşmişdi. Gözdən yayınan kimi pilləkəndəki ayaqqabıları qucağına yığıb aparıb arxa tökürdü. Bilmirdim qonaqların qulluğunda durum, yoxsa uşağı güdüm. Bircə istədiyim vardı – sakitlik, qulaq dincliyi.

 

Bakıdakı qaynımın rus arvadı da mənə çox kömək eləyirdi. Baldızımın işi isə kimin gəlib kimin getdiyilə maraqlanmaq, bir də yeməklərə nəzarət eləmək idi.

 

Qonşuda bir fağır, yoxsul arvad vardı, gündüzdən qulağıma pıçıldamışdı ki:

 

- Ay gəlin, nəvəm məndən halva istəyib, nolar mənə bir çimdik halva ver, aparım ona. Amma sən Allah elə ver, görən olmasın.

 

Mən iki iri yuxa götürüb arasına xeyli halva qoydum, büküb çıxanda baldızım dalımca gəldi:

 

- Hara aparırsan onu?

 

- Qonşu istədi, ona verəcəm.

 

Arvadı yanlayıb, içində halva olan sellofan torbanı heç kimin diqqətini cəlb eləmədən ona verdim.

 

Mən eşiyə çıxanda qardaşlarım, qardaşım arvadları, bibim, ya başqa qohumlarım gəlib yanımda dururdular. Halvanı qonşu arvada verib bayıra çıxanda da belə oldu. Baldızımsa elə başa düşüb ki, onu aldadıram, qonşu adıyla halvanı özümünkülərə verirəm.

 

Axşama yaxın da Misir əminin arvadı məni yanladı:

 

- Ay qızım, gəlinim boyludu, mənə bir qazan ver, ona ehsan göndərəcəm.

 

Mən də cehiz gətirdiyim qazanlardan birini bozbaşla doldurub ona verdim. Burasını da deyim ki, bizim kənddə ölüyə ehsan verilən günün sonunda ayaq tutmayan qocalara, xəstələrə, zahı qadınlara o ehsandan pay göndərərdilər. Biz gözümüzü açandan belə görmüşdük. Nənəm  öləndə də atam kəndimizdə neçə evə-ailəyə dolu qab-qazan göndərmişdi.

 

Axşam hamı dağılışandan sonra bayır-bacaya bir az əl gəzdirdik. Mən yorğun-arğın evə qalxan kimi baldızım düz gözümün içinə dedi:

 

- Sən əhd eləmişdin ki, mənim atam ölsün, ehsanını əzizlərinə paylayasan?

 

Söz mənə çox pis dəydi, ancaq dillənmədim, əlimdəki boşqab dolu siniylə mətbəxə keçdim. Üçdəki söz-söhbətdən sonra mən onu dindirmirdim. Həm məndən beş yaş böyük olduğuna görə, həm də dağ kimi ata itirdiyinə görə baldızımla üz-üzə gəlməkdən çəkinirdim.

 

Rus eltim ev adamları üçün süfrə açmışdı. Hamımız ac idik, ağır məclis yola vermişdik, saysız-hesabsız qonaq-qara qulluğunda durmuşduq. Soyuq, səs-küy, ayaq üstə qalmaq amanımızı kəsmişdi. Di gəl, baldızımın havasını almağa bütün bunlar yetməmişdi.

 

Bəsti ardımca mətbəxə girdi, nazik qaşlarını alnında oynada-oynada:

 

- Sənlə deyiləm, - dedi, - niyə cavab vermirsən, saymırsan məni?

 

- Lənət sənə, şeytan! Ay qız, mən hansı əzizimə sənin atanın ehsanını verdim axı?

 

- Elə bilirsən görmədim? Halvanı cibinə soxub apardın özününkülərin yanına, bozbaşı qazana doldurdun.

 

Qabları mətbəx masasının üstündə çinlədim, çevrilib baldızımla burun-buruna dayandım. Onun dayaz, məzmunsuz sifətinə elə baxdım ki, söysəydim ondan yaxşıydı.

 

- Sən bu həyatda ən çox nəyə inanırsan?

 

- Sənə nə var nəyə inanıram, araya söz qatma, sualıma cavab ver! 

 

Qaynanam, eltilərim, qaynanamın bacıları, qayınlarım səsimizə mətbəxə doluşdular. Çox pərt olmuşdum, özüm də özümdən şübhələnirdim, elə bilirdim məni oğurluq üstündə tutublar. Daha özümü ələ ala bilmirdim, ən çox da sinirlərimin pozulacağından qorxurdum.

 

Bir addım yana çəkildim. Döşəmə, masanın üstü, hər yer bulaşıq qabla doluydu. Soyuducunun cərəyana qoşulduğu divarın yuxarısındakı taxçada dəsmala bükülü qədimi Quran vardı. Bulaşıq qazanlardan birini ağzı üstə çevirdim, üstünə çıxıb taxçadan Quranı götürdüm:

 

- Bu Quran haqqı halvanı qonşu Nigar xalaya, bozbaşı da Misir əminin arvadına vermişəm! Yenə bu Qurana and olsun, atanın bugünkü  ehsanından bir istəkan çaydan başqa ağzıma bir şey aparmamışam!

 

Hamı bir nəfər kimi kirimişcə gözünü üzümə dikmişdi. Sözümü bitirəndə məni yaş boğdu, ancaq bu qədər adamın qarşısında ağlamaq istəmirdim, gözlərimi geniş açıb baxırdım, bilirdim kirpiklərimi bircə dəfə endirsəm, gözümün yaşı dizlərimə axacaq. Maral mənim bərəlmiş gözlərimə həyəcanla baxırdı, görünür, bayılacağımdan qorxurdu. Birdən o, qaynanamı özündən geriyə doğru itələyib irəli çıxdı:

 

- Kül sənin də, qızının da başına! Siz sevinin ki, bunun atası-anası sizin evdən qazan aparsın. Bəs onun qardaşları sizin yasa qutu-qutu yağ, kisə-kisə qənd gətirəndə yaxşıydı? Ayıb olsun sizə! Bu yazıq səhərdən ayaq üstədi, xalxın qızını niyə bezdirirsiz?..

 

***

 

Mən adamların arasından sivişib bayıra çıxdım, Cavidi qucağıma alıb meyvə bağına keçdim. Məndən sonra nə danışdılar, kimi danladılar, bilmədim. Çılpaq ağaclar, ayağımın altında xışıldayan xəzəl qaranlıqda məni vahimələndirirdi. Cavidi üzümə sıxıb ağlayırdım, özümün bunca qədir-qiymətsiz olduğuma yanırdım. Cavid balaca əlləriylə üzümü-başımı yumruqlayıb evə dartınırdı. Məndən ötrüsə indi o evə qayıtmaq, qayıdıb o adamların üzünə baxmaq, onlarla bir süfrədə oturmaq işgəncəydi.

 

Cavidi bağa açılan balaca qapıdan keçirib evə gedən cığıra buraxdım, özüm yenidən bağın qaranlığına çəkildim. Hardasa skripka çalınırdı, itlər hürüşürdü, yel xəzəli süpürüb həyətin dərinliklərinə aparırdı. Vahimə məni basmasın deyə tez-tez göyə baxırdım, sayrışan ulduzlar həyanım olurdu. Düşünürdüm ki, bu ucsuz-bucaqsız kainatda canımı qoymağa bir isti yuvam, dərdimi deməyə sirdaşım yoxdu.

 

Üşüyürdüm, yeyin yeriyirdim ki, bəlkə canım isinə. Gözümün yaşı da dayanmırdı ki, geri qayıdım; istəmirdim evdəkilər məni sınmış, əzilmiş halda görsünlər. Birdən ayağım çalaya düşdü, üstümə palçıqlı su sıçradı, elə bildim yuxudaydım ayıldım. Gözümün yaşı xırp kəsdi. Göbəyimin üstündən bir qara sancı tutdu, ürəyim bulandı, ac olmasaydım bəlkə də qusardım. Mahmud əminin yuyat yerində qazılmış, meyitin yuyulduğu suyun axdığı çalaya düşmüşdüm. Bilmirəm, bəlkə sonradan ora ayrı sular da axıtmışdılar.

 

Ayağımı lehməli sudan çəkib çıxardım, qorxudan üşəndim, canıma vəlvələ düşdü. Dönüb geri baxdım: ev xeyli aralıda qalmışdı, bizim otağın çilçırağı yansaydı, bura azca işıq düşərdi. Gəldiyim yolla üzügeri qaçmağa başladım, ancaq həyəcandan cığırı itirmişdim, özümü hara gəldi vururdum. Qaranlıqda başıma nəsə dəydi, sağ yanağım, qaşımın üstü göynədi. Bu da məni lap qorxutdu. Sonra anladım ki, sən demə, zülmətdə azıb cığırdan çıxmışam, başıma dəyən budaqdan asılmış nar, üzümü cıran da ağacın tikanlı budağı olub.

 

Birtəhər özümü həyət qapısına çatdırdım. İçimi deşən sancı dişlərimin dibinəcən yayılırdı, ürəyim şiddətlə döyünürdü, ağzımda yenə iyrənc bir dad vardı. Bir ayağım lehmə palçıq, üst-başım lilli su içində pəncərədən içəri boylandım. Hamı süfrə başında yeyib-içir, danışıb-gülürdü, məni itirib-axtaran yoxuydu.

 

Ağsaqqal qovaq ağacına söykənib bir az toxtadım. Skripkanın tellərindən daman həzin klassik musiqi gecənin damarını titrədirdi. Çalanın kimliyini Mahmud əmidən soruşmuşdum. Dediyinə görə, iş-güc dalınca Rusiyaya gedən cavanlardan biri neçə il sonra evləndiyi rus qızıyla kəndə qayıdıbmış. Oğlanın valideynləri yadelli gəlini yola verməyiblər, onda qadın öz yurduna qayıtmaq istəyib. İş bu yerə dirənəndə gəlinin bircə qızını əlindən alıb özünü yola salıblar. Hər axşam skripkada kədərli melodiyalar çalan da elə o qızmış.

 

Mən o qızı heç vaxt görmədim, amma çaldığı havalardan onun anasızlıq dərdini çox yaxşı anlayırdım. Mənə elə gəlirdi o, hər axşamkı çalğısıyla uzaq üfüqlərdə sitəm içində qovrulan bir qadına – anasına ehsan verir.

 

Skripkanın səsi kəsilən kimi özümü hamama saldım, palçıqlı paltarları üstümdən atıb canımı isti suyun altına verdim. Su başımdan axdıqca içimin sancısı keyidi. Axar su altında mən həmişə xəyallara dalardım, ancaq indi xəyallıq deyildim. Kürəklərimə yapışmış qarnıma, bürüşüb çillə almasına dönmüş döşlərimə baxdıqca özümə hörmətim artırdı: nə yaxşı ikinci uşağı doğmağa razı olmadım!

 

İsti su bir ucdan axıb gedirdi, ancaq mən təmizə çıxmırdım. Dönə-dönə sabunlanırdım, qüsullanırdım, di gəl, o iyrənc dad damağımdan silinmirdi. Elə bilirdim ağzıma dolan yuyat yerindəki çaladan sıçrayan su deyil, hansısa tabutdan, hansısa meyidin qarnından fışqıran bir mayedi. O dadı unutmaq üçün ağzıma nəsə dadlı bir şey qoyurdum, çeynəyib udan kimi yenə o dad gəlib dolurdu ağzıma...

 

ardı var

 

 

 

LENT

20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018