Gecələr saçlarına qarışır... – Hüseyn Əfəndinin şeirləri

 Gecələr saçlarına qarışır... – Hüseyn Əfəndinin şeirləri
21 dekabr 2017
# 15:30

Bu gün mərhum şair Hüseyn Əfəndinin anım gündür. Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.

Günün günortası, ömrün yarısı,

Yalançı bir səhər olmaq çətindi.

Noolar, qoy camaat ərdən yarısın

Əsri ki səhv salan Məcnun sənindi.

Bilirəm, çox şeylər üşüdür səni,

Payızdı, payızın dumanı qalın...

Hələ açılmayan paraşütlərin

Yerəcən açılmaq gümanı qalır.

Oyuncaq kimiyəm şeirin əlində,

Başım qapılardan qapıya dəyir.

Mənim gözlərimə kədər gələndə,

Sənə də, sənə də təpiyi dəyir...

Dilimin ucunda söz – sözdən küsür,

Adına gələndə tapılmır biri.

Sən olub uzanan həsrətə dözür,

Sənə yazacağım məhəbbət şeiri.

***

Dilimdən qopası bir haray kimi,

Hələ dişlərimin

arasındayam.

İçərişəhərdə bir saray kimi

Sehirli nağıllar

sırasındayam.

Hələ odlanmamış siqaret

kımi

Qələmin əlimdə, gözü

görünmür

Hələ aldanmamış səadət

kimi

Taleyin kəmfürsət üzü

görünmür.

Mənim ürəyimdə dağ

məhəbbəti,

Mənim ürəyimdə qar ağlığı

var.

Dağıdar bu dünya dağ

məhəbbəti,

Dağıdar, min cürə fırıldağı

var.

Çatlayar bağrımın başı

ağrıdan,

İçimdə hər gecə ildırım

çaxar.

Savalan sarıdan, Təbriz

sarıdan

Bir çay gözlərimə qılıcı

baxar.

Yalın qayalara çırpılacağam

Dilimdən qopası bir haray

kimi...

Mən haçan, mən havaxt

tapılacağam

İçərişəhərdə bir saray

kimi?...

***

Qoru urəyində yeddinci qatı,

Bacarsan qat ona, məni də qoru.

Sevinc ötəridi, dərd muvəqqəti,

Tək mən əbədiyəm gözümün nuru.

Mənəm bu dünyada sənin axırın,

Bunu keçib gedən sevdalar bilir.

Arılar çiçəklər üçün doğulur,

Elə çiçəklərə görə də ölür.

Gecə və mən

Ac canavarlar daraşıb

səmanın canına.

Ac-ağ gözlər işıldaşır,

Qorxudan üşüyür gecə.

Qısılıb mənə gecə.

Qapqara qollarını

salıb boynuma.

Kaş dilini biləydim bu gecənin

Ona – “qorxma”, – deyərdim.

Kaş əllərim bir az uzun olaydı

Gecənin saçlarını

sığallardım, əzizlərdim.

Kaş günəş olaydım...

Bu tənbəl gecəni çimdirərdim

***

Sən dəlisən, a dağ çayı, döşə nə?

Bir az yavaş, bənövşələr üşənər.

Çay daşları yollarına döşənər,

Ayaqlayıb, tapdalayıb keçərsən.

Cığırları itirərsən selində,

Azıb qallam dumanların əlində.

İlk sevgitək ömrün gödək sənin də,

Axır bir gün xatirəyə köçərsən.

Sözlərimdən gəl incimə, dağ çayı,

Bu dağların dəli oğlu, ağ çayı,

Bilirsənmi, tez qurtarır qar payı –

Qurtaracaq, bir gün özün görərsən…

Nə Məcnunsan, nə Kərəmsən, nə Qərib,

Bu dağlarda Hüseyn qərib, sən qərib.

Başı daşlı, axı sənə nə gəlib,

Atılasan qayalardan, öləsən…

***

Nə taksi tapılar, nə səmt maşını,

Düşərəm piyada yolun ağına.

Bu boyda şəhəri qoyub başına,

Mən çıxıb gedərəm yolu nağıla...

Üzümə yağan qar əriyər sakit,

Külək kürəyimə dəyib qayıdar.

Mənimlə yanaşı yeriyər səki,

Hərdən döngələri əyib qayıdar.

Mənimlə yeriyər uca binalar,

Mənə yoldaş olar yol işıqları.

Nağılı olmayan gəlin analar,

Nəynən yatırırlar gör uşaqları?

Durub göstərərlər pəncərələrdən

Bu qarlı gecədə bu qar əmini.

Evim, eşiyim də qalar geridə

Ağ gecə, ağ küçə aparar məni...

Ağ gündən betərmiş gecənin ağı,

Bəxti ağ olana ağ at nə gərək.

Bu gedib bir yana çıxmayan nağıl

Məni bir tərəfə çıxara gərək.

Camaat yol gedər, yorulub yatar.

Sabahlar açılar ürəyim kimi.

Ay mənim ağ gecəm, sən məni apar,

Sənə dəyişmərəm ağ günlərimi...

***

Sənə noyabrdan məktub yazıram.

Qarşıdan gələcək ilin fevralı!

Burda havaların üzü bozarıb,

Burda ölən ölüb, qalan qıvrılır.

Yer, göy əvvəllərdə olduğu kimi,

Yaxşı tanıyırsan özün payızı.

Kiməsə uğurlu olub qədəmi,

Kiməsə uğursuz, hansından yazım?!

Dalımca atılan daşdan betərdi,

İndi qəfil yerdən bir günəş doğsa...

Otuza çatacaq yaş da kədərdi,

“Otuzluq lampacan işığı yoxsa...”

Ütüb saçlarımı vaxtın tonqalı

Qalan vəlvələdən, zəlzələdəndi.

Bu dünya Adəmin vaxtından qalır

Payız da bizimtək gəlib-gedəndi.

Sanıya-sanıya bura gəlmişəm,

Səninlə aramda həftələr, aylar

Gör, mənim fevralım, hara gəlmişəm,

Otuz il əvvələ məni harayla.

Yadımdan çıxan var, qalan var, bəlkə

Olsun ki, çatmayıb bizə sorağı.

Bu dəqiq hesabda yalan var, bəlkə

Otuz il bir igid ömrüdü, axı.

***

Aç qapını,

Dəysin üzünə

Boş otağın havası.

Aç qapını,

Yoxam daha,

Bir qızılgüldü

Ömrümün bahası,

Tapşırdım onu

Sənə və Allaha.

Bax tavana,

Döşəməyə.

Hələ örtük çəkməmişdən

Güzgüdə

Özünə bax.

Aç qapını,

Sözümə bax!

…Açacaqsan qapını

Bir səhər,

Yerim -

Ürəyin kimi…

Çıxa bilməyəcəksən burdan,

Yaşayacaqsan bu ölümü.

***

Mən səni yatıram, gecələr, səni -

Mən səni yatıram yuxu adına.

Əllərini,

Gözılərini,

Səsini

Sala bilməsəm də heç vaxt yadıma.

Sən dünyanın ən bəxtəvər qadını,

İşin-gücün başdan aşır.

Sən bilmirsən gecələrin dadını…

Gecələr saçlarına qarışır.

Yuxun qarışır yəqin,

Yaddan çıxıram.

Mən hər gecə Kərəmin

Nəfəsindən qopan oddan çıxıram…

Mən səni yatıram gecələr, səni…

Axan buludlara ver nəfəsini.

Axan ulduzlara göstər üzünü.

Mən səni yazıram şeir yerinə

Səni yaşayıram ömür yerinə.

# 2442 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #