Azərbaycanda azad qadın olmağın faciəsi

Azərbaycanda azad qadın olmağın faciəsi
20 dekabr 2017
# 10:34

Ayxan Ayvaz

Sən oxuyub-çalmağı sevdiyindən

qol götürüb süzürsən hər havaya

yaxası açıq

gödək geyinməyi xoşlayarsan

zənnimcə bu

az sözlə çox şey demək istəyindəndir

Metro darıxdırar səni

avtobusa minməzsən

yayxanarsan taksilərin arxa oturacağına

bir siqaret yandırıb

aralı qoyduğun ətli ayaqlarını boğarsan tüstüdə

sürücü fağır bilməz yola baxsın

sənə baxsın

Gecələr işıq gəlməz kirayə qaldığın evdən

televizorun səsi getməz qonşuya...

Üstündə gecənin his-pası

səhərə yaxın qayıdarsan evə

fikrində qorxu-şübhə

görəsən xəstələnməmişəm ki?!

Sən canını belə fəda edərsən xalqın yolunda

xalqsa günü-gündən aşağı salar qiymətini

Ancaq heç könlünü sıxma

sən öləndə

sənə heykəl qoyacaqlar

ey azad qadın!

Rövşən Naziroğlu

Tatulu, göbəyi açıq, rəngli paltarlar geyinən, rahat ünsiyyətə girən qızlar cəmiyyət tərəfindən amansız qınağa tuş gəlir. Onlara hər cür ad qoşurlar: pozğun, əxlaqsız, fahişə və s.

O qızlar barmaqla sayılacaq qədər azdır. Bəlkə də bu cür amansız münasibət qızlarımızın müasir olmasına imkan vermir. Fikir vermişəm, həmişə bu cür qızlara “başı aşağı” qızlar qibtə ilə baxır. Onlara baxıb köks ötürürlər. Hərdən də qısqanclıq damarları tutur: “Özlərini göstərirlər. Əslində elə deyillər”.

Bir qız saçını kəsdirəndə, açıq-saçıq geyinəndə deyirlər ki, bu cür müasir olunmaz. Söyüş söyəndə qulaqlarını tuturlar. Ay-aman, din-iman əldən getdi, qız xeylağı nədir, bu cür danışıq nədir? Heç yerdə rahatlıq yoxdur onlara.

Evdə isti münasibət görməyən qızlar həyatdan qisasını bu cür alır: göbəyini açıq qoyur, söyüş söyür, bakirəliyə önəm vermir, rahat ünsiyyətə girir. O qızlarla çox danışmışam. Uşaq vaxtı atasının anasını döydüyünü görüb, anasının onu qucaqlamadığını deyib, onun uğuruna valideynlərinin içdən sevindiyi ilə rastlaşmayıb.

Bu travma onların qabağında yeni üfüqlər açıb. Hər şeyi boşa vermək, rahat yaşamaq istəyib. Bu zaman isə cəmiyyətin zirehli maşınları ilə qarşı-qarşıya dayanıb. Heç bir oğlan o qızlara yiyə dura bilməyib. Orda-burda azad münasibətdən danışan oğlanlar bu qızlarla münasibət qurub, iş ciddiliyə gələndə aradan çıxıblar.

Kədərlidir onların həyatı. Təsəvvür eləyin, hamı sizi özündən kənara atır.

Adətən tənha olur o qızlar. Özgə yataqlarında keçən bir ömür düşünün. Kimin qollarında təskinlik tapdıqlarını belə unudurlar. Əllərin, baxışların bir adı olmur. Heç nəyin dadını çıxara bilmirlər.

Azad qadının Azərbaycandakı taleyi budur. Hər şeydən qaçıb gizləndiyin qucaq isti olmaz, üşüdər səni. Təzə tanış olduğun oğlanın da səni xilas edə bilməyəcəyini anlayıb gizli-gizli göz yaşı tökərsən. “Prisinq”li, tatulu qızın göz yaşlarını düşünün. Necə qəribə bir mənzərə...

Oğlanlar bu cür qızları çox sevərlər. Onların yanında rahat danışarlar, söyüş söyərlər, istədikləri kimi rəftar edərlər. O qızlar siqaret çəkərlər, kimsə siqaret çəkəndə “üf” deməzlər.

Amma oğlanlar o azad qadınların içini görməzlər. Gedib başqa yerdə həmin qadınlar haqqında ağzına gələni danışarlar. Utanmazlar heç.

O qızların sayı artmalıdır. Azad qadınlar çoxalmalıdır şəhərdə. Ona görə ki, o qızlar ögeylik yaşamasınlar. Ata-analarından keçən soyuqluğu bir ömür üstlərində daşımasınlar. Heyifdi o qızlara. Axı o qızlar filmlərə baxan, kitab oxuyan qızlardı. Cəmiyyətin ən maraqlı rəngləridi. Onlara qarşı bu amansızlığın adı nədi?

Mən hər dəfə Bakıda damağında siqaret, göbəyi açıq, gözləri kədərli azad qadın görəndə kövrəlirəm. Həm də sevinirəm. Deməli, onlar qəlibə uymurlar. Başqa dünya axtarışındadırlar. Onlar xalası oğluna gedənlərdən olmayacaq. Təhsil almaq üçün vuruşacaq. Bütün gücü ilə özünün kim olduğunu təsdiqləyəcək. Ona əzilən qadın kimi deyil, normal insan kimi yanaşılmasını istəyəcək. “O olmaz, bu olmaz” yarlığı yapışdırılmış qadın plakatını bir təpiklə vurub aşırdacaq. İnsanların saxtakar olduqlarını üzlərinə çırpacaq. Hamının özünə görə deyil, başqalarına görə yaşadıqlarını deyəcək. Özü üçün yaşayacaq. Yalnız özü üçün. O azad qadındır. Onun bu cəmiyyətdə yeri yoxdur. Hamı qovacaq onu. Amma bu onun vecinə deyil. Çünki o azaddır. Hərdən gecələr makyajı göz yaşından üzünə axsa da...

# 1840 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #