Facebook qadını xəyanətə təhrik edirmi?

 

İnsanlarımızın ən böyük problemi ondadır ki, olduğu kimi görünmürlər. Hamının içində fərqli bir adam var. Elə məharətlə gizlənirik, heç rentgen şüaları da içimizdəki “mən”i üzə çıxara bilməz.

 

Kənardan xoşbəxt ailə təəssüratı yaradırıq, fərsiz övladlarımızla guya fəxr edirik, özümüzü olduğundan daha zəngin göstəririk, oxumadığımız kitablardan ağızdolusu danışırıq. Ağıllı görünmək üçün eynək taxanlar belə var.

 

Əlbəttə, heç kimsə olduğu kimi görünmək zorunda deyil. Bu onun öz əxlaqına bağlı bir məsələdir. Amma məsələ burasındadır, məhrum olduğumuz nəsnələri əsl simamız kimi başqalarına sırıyırıq, bax dəhşətli olan budur.

 

Məsələn, “barışa bilmədiyimiz” özəlliklərin önündə “qeyrət məsələləri” gəlir. Əxlaq məsələsindən söz düşəndə ağzımıza çullu dovşan sığışmır.

 

Bir haşiyə çıxım. Bir neçə il əvvəl tanışlarla havadan-sudan söhbət edirdik. Ən dəbli mövzu kimi sosial şəbəkələrin adı  hallandı.

 

Kənd məktəbində müəllimə işləyən qızlardan biri sosial şəbəkədə profil açmasından bəhs edirdi ki, qardaşının gözü böyüdü:

 

- Sən məgər sosial şəbəkədəsən? Kim sənə ixtiyar verib elə saytlara daxil olasan?

 

- Birincisi, sosial şəbəkələr yeni dünyanın açarıdı, - məclisdəkilər qardaşı yola gətirməyə çalışdılar, - Sosial şəbəkələrə daxil olmaq pis bir şey deyil. Əksinə faydalıdır. İnsanın təfəkkürünü dəyişir, yeni üfüqlər açır.

 

Qardaşın fikri qəti idi. Pardon, “qeyrət dağarcığı”, deyəcəkdim.

 

- Siz özünüz bilərsiniz. Mən bacıma icazə vermirəm.

 

Məclisdəkilər bir-birinin üzünə baxdılar. Belə çıxırdı ki, “qeyrət dağarcığı”nın nəzərində qeyrilərinin əxlaqı sosial şəbəkələrə daxil olmağa müsaidə edirdi.

 

Bacı dağ kəndində yaşayırdı. Ucqar dağ kəndindən kənara çıxmamış mütəvazi bir müəllim üçün sosial şəbəkələr yuxusunda belə görmədiyi yeni dünyayla tanışlıq idi. Sanki bir dağ kəndindən Nyu-Yorka gəlmisiniz. Virtual da olsa uzaq məmləkətləri seyr etmək gözəldir.

 

Amma bacısının yeni ölkələrlə, yeni məkanlarla, yeni insanlarla virtual tanışlığı qardaşının əxlaq anlayışına zidd idi.

 

Bir neçə ildən sonra kənddə güzəran keçirən ailənin dolanışığı bir az da çətinləşdi. Cüzi müəllim maaşıyla ailəni saxlamaq müşkül idi. Şəhərdə yaxşı qazancı olan qeyrətli qardaş nəinki ailəyə maddi kömək etmirdi, hətta cüzi maraq belə göstərmirdi. Ailənin maddi imkansızlığı qardaşın əxlaq dairəsində deyildi.

 

Bir müddətdən sonra bacı Bakıya üz tutdu. “Dolana bilmirik” - dedi. Qardaş özünü görməməzliyə vurdu.

 

Bacı çörək sexində iş tapdı. “Qalmağa yerim yoxdur”, dedi. Qardaş yenə özünü bilməməzliyə vurdu. Arvad-uşağıyla yaşadığı gen-bol evin qapı-pəncərələrini yaxşı-yaxşı kilidlədi ki, heç kim yaxın gələ bilməsin.

 

Beləliklə, qohum-qardaşın yanında özünü qeyrət mücəssiməsi kimi göstərmək istəyən “qeyrət dağarcığı”nın əxlaqi tələbləri sosial şəbəkələrlə məhdudlaşıb qaldı. Demək ki, qardaşın “sevgisi elə bura qədərmiş.”

 

Təbii ki, qardaş sosial şəbəkələrin əxlaqsızlıq yuvasını olduğunu deməklə əslində öz içindəki “mən”i göstərirdi. Axı məsələ hara baxmaq deyil, necə baxmaqdır.

 

Təəssüf ki, bizdə əxlaq haqqında yanlış təsəvvürlər mövcuddur. Yəqin o qardaş bilmir ki, əxlaqsızlıq elə ehtiyac içində olanlara arxa çevirməkdir. 

 

Daha bir nüans. Sosial şəbəkələr niyə insanlarımızda kompleks yaradır ki? Elə bil oğurluq üstündə yaxalanıblar. Tez-tələsik deyirlər ki, bilirsiniz, biz sosial şəbəkələrə ona görə daxil oluruq ki, informasiyalardan isti-isti agah olaq.

 

Guya qeyriləri internetdən hakerlik və ya başqa pis məqsədlər üçün istifadə edir.

 

Yəqin elə bu səbəbdəndir ki, ərə gedən qızlar sosial şəbəkədəki profilini tez-tələsik bağlayır. Çox vaxt bunu həyat yoldaşlarının təkidiylə edirlər.

 

Belə çıxır, sosial şəbəkələr ərli qadınlar üçün arzuolunmaz bir yerdir. Qəribə düşüncə tərzidir. 

 

Halbuki bu qadınların əksəriyyəti burdan birdəfəlik ayrılmırlar, saxta profillər açıb başqa adlarla fəaliyyət göstərirlər.

 

Özünüz düşünün, hansı düzgün və etikdir - öz ad və soyadınla, heç nə gizləmədən və heç kimdən gizlənmədən fəaliyyət göstərmək, təmiz dostluqlar qurmaq, paylaşımlar etmək, yoxsa üzünü, adını, soyadını, kimliyini gizlədərək suç işləyirmiş kimi sosial şəbəkəyə qatılmaq?

 

İstəsək də, istəməsək də, sosial şəbəkələr həyat tərzimizə çevrilib. Artıq informasiyaları internetdən alırıq, taksiləri internetdən sifariş edirik, hər növ ixtisasa uyğun gərəkli materiallar üçün internetə baş vururuq. Hər hansı bir mütəxəssisin tanıtımında, əsərlərin təbliğində bu vasitələrin rolu danılmazdır.

 

Maraqlıdır, sosial şəbəkələrin bütün məziyyətlərini əlimizlə kənara çəkirik, rolunu inkar edirik, cığal uşaqlar kimi ziyanlı tərəflərindən danışıb dururuq. Əlinin arvadının Vəliyə qoşulub qaçdığını nümunə göstəririk.

 

Halbuki əxlaqı müəyyənləşdirən kodlar bizim öz içimizdədir. Sosial şəbəkələr bizi dəyişdirməz, əsl simamızı, əsl əxlaqımızı üzə çıxara bilər.

 

Yəni deməyim odur ki, sosial şəbəkələr olmasaydı da, Əlinin arvadı bir yol tapıb Vəliyə qoşulub qaçacaqdı.

 

Deməli, qüsur sosial şəbəkələrdə deyil, bizim əxlaq anlayışımızdadır.

 

 

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018