Seksə həsrət qalan evli qadınlar

<b>Seksə həsrət qalan evli qadınlar</b>
18 dekabr 2017
# 10:24

Könül Cəfərli

Şəmkirdən bir tələbə yoldaşım vardı. Ağır təbiətli və qoçaq qız idi. Savadına, tərbiyəsinə söz ola bilməzdi. Nə isə, bu qızı magistraturada oxuyanda öz kəndçisinə nişanlayıb, tez-tələsik toy etdilər. Oğlan imkanlı idi, orta məktəbi bitirəndən Rusiyada işləyirdi.

Toydan sonra Aysel (ad şərtidir) qiyabi keçdi, amma ali məktəbi atmadı. Əvvəlcədən şərt kəsmişdi ki, təhsilimi davam etdirəcəyəm.

Yoldaşının Gəncədə də evi vardı. Qız dərs və imtahan sessiyası vaxtı o mənzildə qalırdı. Ayselin xətrini hamımız çox istəyirdik. Qiyabiçilərin dərsi başlayanda gedib onunla görüşür, söhbətləşərdik. Çox vaxt qanı qara olurdu. Niyə kefsiz olduğunu soruşanda “yaxşıyam” deyirdi.

Ayselin əri yanında deyildi. Toydan 2 həftə sonra Rusiyaya getmişdi. Bir də yayda, imtahan vaxtı gəldi. Bir neçə gün qalıb yenə Moskvaya uçdu. Yoldaşını özü ilə aparmırdı. Beləcə 1 il ötdü.

Qızı bir də ikinci kursun dekabrında gördüm. Əri yaydan gedən idi, hələ gəlib çıxmamışdı. Xoşbəxt olmadığı hər halından bilinirdi. Çox dilə tutduq, axır dərdini açıb danışdı. Sən demə, 1 il uşağı olmadığı üçün qaynanası adını sonsuz çıxarıb. Qadın Ayseli hələ ginekoloqa da aparıb ki, müalicə etsin, guya xəstədir. Həkim də müayinədən sonra: “Gəlinin sağlamdır, nəvə istəyirsənsə, oğlunun yanına göndər”, - deyib.

Qıza ürək-dirək verib sakitləşdirdik. Bir neçə gün sonra Aysel bizim qrupa gəldi ki, sağollaşaq. Elə bildik ərinin yanına gedir. Məsələ başqa imiş. Dedi ki, oxumağıma daha icazə vermirlər, qaynatam universitetdən çıxarır. Səbəbini ağlayaraq danışdı. Deməli, ərinə zəng edib, telefonu rus qadın açıb. Yoldaşı and-aman edib ki, satıcımdır. Sonra gecə saatında yenə zəng edib və rusun səsini eşidib. Nə isə, məlum olub ki, oğlan orada rus saxlayır, uşağı da var.

Etiraz edəndə qaynana-baldız üstünə düşüb ki, kişi xeylağıdır, yanında arvadı yox, bəs neyləməlidir? Xəyanətə ərin seksual tələbatı ilə haqq qazandırmağa çalışıblar. Aysel də hirslənib, deyib, kişiyə qadın lazımdır, bəs qadına əri lazım deyil? “Arvadın da əri kimi intim tələbatı ola bilər” fikri qaynanasına od qoyub. Qadın başılovlu qudasını çağırıb, “tərbiyəsiz” gəlini baldızları da qınayıb: “Cavan gəlinin dediyi sözə bax, gör ağlından nələr keçir”.

Axırda ailə böyükləri qızın “utanmazlığının” səbəbi kimi təhsili günahlandırıb. Oxumasaydı, belə “axmaq” fikirlər ağlına gəlməzdi. Biz axı öyrənmişik qadının hər cür əzilməyinə. Gəlinin səsini çıxarması, özü də belə “ayıb” mövzuda haqqını tələb etməsi qohum-əqrəbanı çaşdırıb.

Milli düşüncəmizə görə gəlinin intim istəyini dilə gətirməsi rüsvayçılıq, kişinin uzaq ellərdə xanımına xəyanət etməsi isə cinsi haqqıdır. Ərin seksual tələbatı var və o bunu başqa qadınlarla da ödəyə bilər. Amma arvada cinsi əlaqə lazım deyil. Yoldaşı ildə bir dəfə də yanına gəlsə, qane olmalıdır. Halbuki seksual münasibət ailə həyatının ən önəmli hissələrindən biridir. İntim rabitə olmadan evliliyi təsəvvür edə bilirsinizmi? Bəli, ağıla, məntiqə görə olmaz, amma reallıq budur ki, əri Rusiyada işlədiyi üçün illərlə cinsi həyatını yaşaya bilməyən yüzlərlə cavan gəlin var. Heç kəs onların bu problemini düşünmür, yada salmır. Sanki elə belə də olmalıdır. Onlar da abırlarına qısılıb səslərini çıxarmır.

Qadın var ki, əri 4-5 ildən bir evinə gəlir. Yoldaşının yolunu gözləyə-gözləyə qocalır. Həyatı da ala-yarımçıq qalır, nə qız, nə qadın olur.

İntim münasibətlər tibbi baxımdan da qadın üçün gərəklidir. Cinsi əlaqə yaşamayan evli qadınlarda menstruasiya tsiklinin pozulması, erkən klimaks kimi bir sıra ginekoloji xəstəliklər yaranır. Xoşumuza gəlməsə də, kişi kimi qadının da fizioloji tələbatı var.

Sabirabadda yaşayan bir qohumum var, kürəkəni 2 ildir rayona gəlmir. Qaynana elçi gələndə: “Oğlum “Ruset”dədir, qapıda inəyim, toyuq-cücəm var, qocalmışam, artıq baxa bilmirəm. Bu işləri görmək üçün gəlin lazımdır”, - deyib və qızı veriblər. Yəni gəlinin ata-anası bəri başdan bilib ki, kürəkən Rusiyaya aparmayacaq, qız qaynananın yanında qalacaq. Buna rəğmən toyuq-cücəyə baxması üçün ərə veriblər. Faciədir, deyilmi?

Aysel ağıllı və dünyagörüşlü qız idi. Tələbində də haqsız deyildi. O, özü ilə eyni durumda olan və dinməyə cəsarət etməyən minlərlə gəlinin problemini dilə gətirmişdi. Onu mentalitetlə “baltalamağa” çalışdılar və bacardılar. Aysel məğlub olmazdı, əgər ətrafında bircə qadın onu dəstəkləsəydi. O gündən sonra tələbə yoldaşımı bir də görmədim. Zəng edəndə telefonu qaynanası açır, kobud cavab verirdi. Beləcə əlaqəmiz tamam kəsildi, bir daha ondan xəbər tuta bilmədim.

Bax belə, dinənin də səsini bu cür batırırlar, “ayıbdır” deyə-deyə. Haqqını tələb edərkən haqsız durumuna düşürsən. Ən kədərlisi isə meydanda tək qalmağın, həmcinslərinin sənə dəstək olmamasıdır. Yəqin hələ uzun illər belə də qalacaq. Tək-tək kimsə dillənsə də, qohum-əqrəba toplaşıb susduracaq. Seksual tələbat kişinin haqqı, qadının isə ayıbı sayıldığı müddətcə, cəhalət həmişə Aysellərin səsini boğacaq...

# 67784 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #