Bu rəssamın əsərlərini əri öz adına çıxırdı

<b>Bu rəssamın əsərlərini əri öz adına çıxırdı
16 dekabr 2017
# 13:00

Rəssamların üslublarının tarixçəsini araşdırıb-öyrənmək sevimli işimdir. Bu bir az da dəfinə axtaranların həyəcanına bənzəyir, xüsusən təxminlərim doğru çıxanda.

Deyirlər Klod Monenin gözündə katarakta varmış, əsərlərindəki dumanlı atmosfer də burdan qaynaqlanır. Pablo Pikasso miqrendən əziyyət çəkdiyi üçün kubist rəsmlər yaradırmış. Alimlər müəyyənləşdiriblər ki, Pikassonun əsərlərinin bəzilərinin tutma vaxtı keçirdikləri hissləri çəkən miqren xəstələrinin rəsmlərilə inanılmaz bənzərlikləri var. Henri Russonun obrazlarının primitiv, kobud alınmasının bir səbəbi vardı, fırça ustasının akademik təhsili yox idi. Onun üçün elementar detalları olduğu kimi çəkə bilmirdi.

Rene Maqrittin əsərlərində niyə bu qədər şlyapa var? Başqa bir sual: yaratdığı sevgili obrazları niyə üzlərini örtüklə gizlədirlər? Cavab rəssamın bioqrafiyasında gizlənib: Maqrittin şlyapaçı olan anası o uşaqkən özünü çaya atmışdı. Meyiti sudan çıxaranda isə üzü görünmürdü, bəyaz donu üzünü örtmüşdü. Bütün bu ağrılar, rahatlıqverməz xatirələr sonradan sürrealizmin bənzərsiz nümayəndəsinin əsərlərinə həkk olunacaq, onun üslubunu təşkil edəcəkdi.

Marqaret Kinin tablolarında özünə əbədi yuva qurmuş iri gözlü uşaq obrazlarını görəndə də öz-özümə sual verdim: Görəsən onu belə iri gözlər çəkməyə vadar edən nəydi? Bu üslubun arxasında hansı əhvalat, hansı ağrı dayanır? Axı bu heç nədən formalaşa bilməz, onu bu üslubu yaratmağa vadar edən bir səbəb olmalıdır?

Bu maraqla da XX əsrin məşhur Amerikan rəssamı Marqaret Kinin həyatından bəhs edən "İri gözlər" filminə baxdım.

Ən əvvəl onu deyim ki, Marqaret Kinin adına Vikipediyada rəssamlar haqqında film axtararkən təsadüfən rast gəlmişdim. Daha sonra rəsmlərinə baxanda yuxarıda dediyim məqam diqqətimi çəkdi.

Marqaret Kin 1927-ci ildə anadan olub. Ötən əsrin 60-cı illərində əsərləri qalereyaları bəzəyən Marqaret Kinin tanınmağı bir məhkəmə qalmaqalı nəticəsində baş tutdu.

Həmin məhkəməni XX əsr rəssamlığında ən səs-küylü işlərdən hesab etmək olar.

Məhkəməyə qədər Marqaret Kin adı məlum deyildi. Çünki əsərləri özünün deyil, həyat yoldaşı Uolter Kinin adı ilə tanınırdı. Uolter bunu ilk dəfə sırf kommersiya marağından etmişdi. Barların birində təşkil etdiyi ilk sərgidə xanımının əsərlərinin daha çox diqqət çəkdiyini görən Uolter bir tərəfdən qadın rəssamların cəmiyyətdə tanınmağının çətin olduğunu düşündüyü üçün, digər tərəfdən məşhurlaşmaq arzusu ilə yanıb-yaxıldığına görə əsərləri öz adına çıxır və güclü marketinq bacarığı sayəsində onları satır. Qısa müddət ərzində Uolter Kinin şöhrəti hər yerə yayılır. Marqaret etiraz etsə də, Uolter tablolara görə böyük pullar aldıqlarını bəhanə gətirərək həyat yoldaşını üzə çıxmağa qoymur. Malbert qarşısında dayanmaqdan başqa arzusu olmayan Marqaret dinməzcə ərinə tabe olur, əsərlərinin gətirdiyi şöhrətin dadını ərinin çıxarmasına göz yumur. "Qul"a çevrilən Kin, evlərindəki gizli emalatxanada dayanmadan çalışır, şöhrətpərəst həyat yoldaşı üçün rəsmlər çəkir.

O illərdə Marqaretin təkcə tabloları deyil, əsərlərinin əks olunduğu açıqcalar, posterlər də Amerikada yayılır. Təbii ki, Uolter poster və açıqcaların satışından da qazanır. Kin ailəsi dəbdəbəli həyat yaşamağa başlayır.

On ildən artıq belə davam etsə də, Marqaret daha ərinin despotizminə dözə bilmir. Üstəlik sənətə qarşı dürüst davranmadığı üçün vicdan əzabı çəkir. Ən ülvi hisslərin bəhrəsi olan bu əsərlərin yoldaşının kommersiya maraqlarına, şöhrət aludəçiliyinə qurban getməsini sindirə bilmir. Havay adalarına köçüb qızı ilə bir müddət orda yaşayan Marqaret Kin Yehova şahidlərinə qoşulur. Onlarla tanışlıq uzun müddət qəlbində boşluq yaşayan Marqaretə yaxşı təsir edir, tədricən özünə gəlir, güc qazanır. Bundan sonra o əsərlərin həqiqətdə özünə məxsus olduğunu elan edib müəlliflik hüququnu sübut etmək üçün həyat yoldaşını məhkəməyə verir.

Ancaq Marqaretin müəllif hüququnu bərpa etmək üçün dəlillər kifayət etmir. Çünki "irigözlü qızlar"ı Marqaret gizlincə, öz emalatxanasına qapanıb orda çəkirdi. Çətin vəziyyətdə qalan hakim Marqaret və Uolterə bir saat vaxt verərək məhkəmə prosesi gedə-gedə irigözlü uşaq rəsmi çəkməyi tapşırır. Bir qədər keçəndən sonra Uolter çiyninin ağrıdığını bəhanə edir. 53 dəqiqəyə rəsmi çəkib qurtaran Marqaret məhkəmə prosesini udur. Bir neçə il əvvəl vəfat edən Uolter ömrü boyu dəfələrlə molbert qarşısında poz verən fotolar çəkdirsə də, onun bircə dəfə olsun kətan üzərində fırça gəzdirdiyini görən olmayıb. Qəribədir ki, məhkəməni uduzsa da Uolter o rəsmlərin arvadına aid olduğunu heç vaxt etiraf etməyib.

Marqaret isə sağdı, yenə də iri gözlü uşaq rəsmləri çəkir.

"Super gözəllər" çoxseriyalı cizgi filminin rəssam-animatoru Kreyq Makkerken Marqaret Kinin yaradıcılığından ilhamlanaraq personajlarının gözlərini iri çəkib. Rejissor Tim Börton isə 2014-cü ildə rəssamın həyatından bəhs edən "İri gözlər" adlı filmi ekranlaşdırıb.

Marqaret Kinin əsərlərini cəlbedici edən yuxarıda dediyimiz kimi, onun personajlarının gözlərinin iri olmasıdır. Rəssamdan bunun səbəbini soruşanda o deyir: "Uşaq vaxtı bir dəfə qulaqlarım tutulmuşdu. İnsanların danışığını anlaya bilmirdim. Buna görə də onları başa düşmək üçün gözlərinə baxırdım. Bəs necə, gözlər qəlbin aynasıdır."

Bir qız uşağı təsəvvür edin. Qulaqları tutulub. Heç nə eşidə bilmir. Adamların nə dediyini anlamır. Yalnız onların gözlərinə baxaraq danışıqlarını başa düşür, ürəklərindən keçəni bilir. Və tədricən hiss etdiklərini kətana köçürür, rənglərin dilinə çevirir. Marqaret kətanın qarşısında hər dəfə özünü uşaq kimi hiss edir, balaca Marqaret, rəng-rəng, tablo-tablo artır. Marqaret Kin obrazlarının daha çox gözlərinə üstünlük verməsi, hisslərini personajlarının gözlərinə köçürməsi, tablolarını iri gözlər vasitəsilə "danışdırması" onların başqa hissələrinin canlılığını azaldır. Buna görə də rəssamın personajları daha çox irigözlü kuklaları xatırladır.

Maraqlıdır ki, insanlarla gözləri vasitəsilə təmas quran, onları gözlərindən tanıyan Marqaret on il bir yerdə yaşadığı ərini tanıya bilməmişdi. Sevginin gözü kor olur deyirlər, yəqin ona görəymiş.

# 1635 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #