İradə İbrahimova: “Qarşımda bir kişi dayanıb” - MÜSAHİBƏ

<span style="color:red;">İradə İbrahimova:  “Qarşımda bir kişi dayanıb” - <span style="color:red;">MÜSAHİBƏ
14 dekabr 2017
# 09:00

Arzu Murad

Kulis.az-ın “Şəklinlə danış” layihəsinin budəfəki qonağı tanınmış müğənni İradə İbrahimovadır.

Düzünə qalsa, onunla müsahibə qətiyyən planımda yox idi, hətta belə deyim, digər planlarımın arasına daxil oldu. Bakıya qəfil gəldi və mən də fürsəti dəyərləndirmək istədim. Nə gizlədim, belə uğurlu bir müsahibə alınacağına ümid etmirdim. Müğənnidir deyib, üş-beş sualla müsahibəni ötürəcəyimi düşünürdüm. Nəticə tam fərqli oldu, söhbətimiz müxtəlif səmtlərə getdi və sonda ədəbiyyatda dayandı.

- Uzun zamandan sonra gəlişinizin səbəbini bilmək olar?

- Budəfəki gəlişimin səbəbi sırf sənətdir. Şəxsi həyatımla bağlı axsatdığım işləri qaydasına salmağa gəlmişəm. “Dostum” adlanan yeni mahnımı dinləyicilərimə təqdim etdim. Repertuarımda daha öncə bu mövzuda mahnı olmadığı üçün insanlara televiziya formatında təqdim etməliydim.

- Türkiyə şou-biznesində çıxmaq üçün hansı keyfiyyətlər lazımdır?

- Oradakı studiyalarda, prodakşınlarda çalışdım, çox adlı-sanlı menecerim də oldu, nə olsun, gördüm ki, axırı yoxdur, buralarda boşuna zaman itirirəm. Ona görə yol yaxınkən geriyə döndüm, anladım ki, hər şeyimlə bura lazımam. Orda heç bir keyfiyyətin önəmi yoxdur. Sadəcə biz oranın şou-biznes siması deyilik, türkcə oxusaq belə ləhcəmiz seçilir. Məsələn, Tarkan ingiliscə albom buraxdı, çox cəhdlər etdi dünyada tanınmaq üçün, amma qəbul olunmadı, dünya ulduzu ola bilmədi. Biz uzağı bir-iki mahnıyla mentalitetimizi, səhnə mədəniyyətimizi bir neçə verilişdə təqdim edib, yenidən vətənə dönə bilərik.

- Türkiyə şou-biznesi niyə zirvə kimi görünür insanlara, bizim şou-biznesdən fərqli hansı tərəfləri var ki?

- Bizim şou-bizneslə heç müqayisəyə gəlmir. Bizim musiqiçilərimiz daha savadlıdırlar, amma oranın güclü aparaturaları, studiyaları var, aranjemançıları, klipmeykerləri məktəb keçiblər. Həmin texnikadan bizdə də var, nə olsun, idarə etməyi bilən yoxdur, öyrənmək də istəmirlər. Budur əsas problemlər...

- Səhnə fəaliyyətiniz dövründə qalmaqallarınız olmayıbsa, gündəmə gəlmənizdə nə rol oynayıb?

- Qalmaqallarım olub, sadəcə mənim başlatdıqlarım olmayıb. Susmuşam, “döz” demişəm, çalışmışam ki, adım qalmaqallarda hallanmasın, amma səbr kasam dolanda cavab vermək məcburiyyətində qalmışam. Bu qədər də olmaz, hədlərini bildirmək lazımdır. Təbii ki, verdiyim cavab onların səviyyəsinə enməyib, ən azından susmamışam. Axı iki-üç illik müğənni deyiləm ki, qarşılarında acizanə şəkildə susum. “Bir dur -, deməlisən, - nə olub, kim qovur arxandan?”.

- Bəs niyə insanlar belə düşündülər ki, Günay İbrahimli İradə İbrahimovanın yerini tutmağa çalışır və buna az-çox nail olub?

- Yəqin millət bənzətmişdi müəyyən şeylərdə, amma mən belə zənn etmirəm ki, Günay gəlib mənim yerimi doldurdu və yaxud o niyyətlə gəldi. Səhnəyə gəlməzdən öncə, uşaq olanda diqqətini çəkmişəm, mənə baxıb nələrsə öyrənib, o üzdən ola bilsin səhnə fəaliyyətində də özünü mənə bənzədib. Bu təbii haldır, mən də gənc vaxtlarımda Şövkət Ələkbərovanı, Rübabə Muradovanı, Zeynəb Xanlarovanı, Brilliant Dadaşovanı izləyirdim. Məsələyə yenə də yaxşı tərəfdən baxmağa çalışıram, hərçənd sağ olsun, Günay məni hər yerdə yıxıb-sürüyür. Hər kəs özünə layiq olan cavabı verməlidir. Mənim o qızla heç bir qəsdi-qərəzim yoxdur, sadəcə onun mənim haqqımda dediklərini göstərdilər, cavablandırmalı idim. Məndə də dil sümüksüzdü, sadəcə danışmaq məqamını bilirəm, bəziləri kimi sümüksüzdür deyib sağa-sol fırlatmıram dilimi. “Mən İradəni şou-biznesdə görmürəm” - deyir, sən məni şou-biznesdə görsən, nə olar, görməsən, nə olar? Mən səninçün heç bir təhlükə deyiləm, daim öndə ol. Dedi, İradəni Türkiyədə tanıyan yoxdur, dedim, inşallah səni tanıyarlar. İndi də deyir, İradə ailəsiylə gündəmə gəlir. Məgər pis örnək oluram ki? İnşallah sən də ailə qurarsan, ailənlə öyünərsən.

- Deyirsiniz, kiçik övladınız bütün enerjinizi alır, onun dirçəlməsini gözləyirsiz, ondan sonra səhnəyə qayıdacaqsız. Bəs qorxmursuz ki, o zamana qədər artıq unudularsız?

- Sənət nankordur, amma mənim elə bir qorxum olsaydı, səhnədən uzaqlaşmazdım, pik nöqtədə sənəti ailəmə qurban verməzdim. Əgər bu addımı atmışamsa, dünyaya iki övlad gətirmişəmsə, ailəmin xanımı olmuşamsa, demək hər şeyi gözə almışdım. 2009-cu ildə ailə həyatı qurmuşam, indi isə 2017-ci ildir, 8 ildir səhnədə yoxam, unuduldummu? Yox! Elə səslər, simalar var ki, insanların yaddaşına həkk olur, unutmaq istəsələr də alınmır. Bütün günü efirdə olsalar da, televiziyada onları görəndə “çıxmasa, ondan yaxşıdır” dediyiniz müğənnilər yoxdur? Az görünsün, keyfiyyətli olsun, məncə bu daha önəmlidir.

- Bəs siz özünüz kimləri görəndə deyirsiz ki, çıxmasa, ondan yaxşıdır?

- Tanımadığım müğənniləri görürəm efirdə, səhnə davranışlarına, ifa tərzlərinə, səslərinə baxıb deyirəm, ay Allah, görən bu necə çıxıb efirə, ümumiyyətlə, niyə çıxıb axı? Sağına-soluna baxmır, güzgüdə özünü görmür? Bir tərəfdən də düşünürəm ki, bunlar olsun, yaxşıların qədri bilinsin. Bu həyatda qanqalın belə bir rolu var.

Müsahibə boyu ha çalışdım ki, İradə xanımı qalmaqala çəkim, olmadı. Qətiyyən reytinq üçün deyil, sadəcə sınamaq üçün idi bu cəhdlərim, amma olmadı. Hədsiz səbirli imiş.

- Səhnə fəaliyyətiniz həyat yoldaşınız tərəfindən qısqanclıqla qarşılanmır?

- Xeyr, çünki həyat yoldaşım məni səhnədə sevib, ailə qurandan sonra sevgisi daha da artıb. Mən heç vaxt ona qısqanması üçün şərait yaratmamışam, çünki bilirəm ki, qarşımda bir kişi dayanıb və qadın kişidən iki addım geridə olmalıdır. Səhnə davranışımdan tutmuş geyimimə kimi hər zaman özümə fikir vermişəm, təkcə ailə qurandan sonra deyil, ailə qurmazdan öncə də belə olub.

- Qaynatanızın xasiyyətinin tünd olduğunu, aşırı qısqanc olduğunu deyirsiz, bəs onun bu xarakteri sizin ailə münasibətlərinizə də sızdımı?

- Qaynanam hər zaman deyir ki, Sabri (qaynatası – A.M.) heç vaxt müğənniylə evlənməzdi, amma Ceyhun zərrə də qısqanc deyil. Atası biləndə ki, Ceyhun müğənniylə evləmək istəyir, başlayıb məni araşdırmağa. Mən onlara gəlin gedəndən sonra isə qaynanama da azadlıq verildi, qaynanama yoldaş oldum, bərabər gəzintiyə çıxdıq, ticarət etdik. Halbuki qaynatam qısqanclığından qaynanamı gözündən kənara buraxmırdı. Mən rəhmətlik qaynatamdan da, qaynanamdan da dünyalar qədər razıyam. Heç vaxt onların haqqını ödəyə bilmərəm.

- Niyə insanlarda belə düşüncə var ki, incəsənət adamından ailə qadını olmaz?

- Çünki biz göz önündə olan insanlarıq, ailə üzvlərimizlə bərabər milyonlarla insanlar bizi tanıyır. Televiziyada oluruq, mahnı oxuduğumuz zaman səhnədə əndamımızı göstəririk. Yuxusuz gecələr, konsert proqramları, evə gec gəlmələr - bütün bunlar mentalitetimizə zidd şeylərdir. Adımız elə çıxıb əslində. Səhnədə olub çox gözəl ailəsi olanlar var, sadəcə qurunun oduna yaş da yanır. Ona qalsa, bu çətinliklər hər sahədə var.

- Bakıda toylara gedirsiz?

- Bəs pulumuz hardan çıxır?! Gedirəm əlbəttə ki, getmək məcburiyyətindəyəm. Çünki geyimimdən tutmuş, klip və albomuma kimi öz büdcəmdən xərcləyirəm. Həyat yoldaşımın pulu ailə büdcəsi üçündür. Asandırmı İstanbul kimi yerdə övlad böyütmək? Hər zaman toylara getmişəm, heç vaxt mənə ordan-burdan pul verilməyib.

- Toy sahibi elə mahnı istəyibmi ki, deyəsiz, mən elə mahnılar oxumuram?

- Çox olub. Elə mahnılar var ki, onlar mənim repertuarım deyil. Əgər bayağı mahnılar istəyəcəklərsə, məni niyə çağırırlar? Gedib həmin mahnıların mahir ifaçılarını çağırsınlar. Gəlib məndən “Qarabalaya söz demək olmaz” mahnısını istəyəcəksə, bilməlidir ki, mən belə mahnı oxumuram, lap oxusam da, bu, qadın mahnısı deyil, kişi ifası üçündür. Fəqət kefi kök adam istəyirsə, məcburiyyətdən ifa edirəm. Bu adamın şənliyidir, əlimdən gələn nədir, gəlməyini də edirəm ki, razı qalsın.

- Bəs albom satışlarından və ya kliplərdən sərf etdiyiniz məbləği geri qazana bilirsiz? Yəni dəyər bu qədər zəhmətə?

- Xeyr. Bəzək üçündür, heç bir qazancım olmur, nəinki mənim, heç kimin albom satışından qazancı olmur. Çünki bütün dünyanı internet idarə edir, bəlkə “Youtube”dakı baxış sayından qazana bilər, o da baxış sayı yüksək olarsa təbii ki. Bu üsulları da dəyərləndirirəm. Sadəcə bu sənətdəsənsə, disk və klip mütləqdir.

- Gündəmdə olmağın bezdirici tərəfləri var?

- Hər gün formada, bəzək-düzəkdə olmaqdan bezirəm, amma insanlar bunu qətiyyən giley kimi qiymətləndirməsinlər. O şeylərdən ki, bezirəm, onlar əslidə səhnə adamının özəyidir.

Müsahibə boyu fikir verirəm ki, İradə xanımın söz ehtiyatı yaxşıdır. Ürəyimdə düşünürdüm ki, görən kitab oxuyurmu? İki uşaqdan adamın zamanı qalarmı kitab oxumağa? Lap zamanı olsa belə, heç vaxt inanmaram ki, nəinki İradə xanım, hər hansı müğənni ciddi-ciddi kitab oxusun.

- Kitab oxuyursuz?

- Mütləq oxuyuram, çox nadir hallarda kitab olmur əlimdə. Hal-hazırda şeir kitablarına meylimi salmışam, əlimdə olan, yanımdan ayırmadığım, daim başucumda olan şeir kitabları da Ramiz Rövşənlə, Vaqif Səmədoğlunundur. Çox sevirəm hər ikisinin şeirlərini. Təəccüblənməyinizin səbəbini də anladım, zənnimcə onları oxumamaq, şeirlərini tanımamaq günahdır. İnsanlara, əsas da gənclərə bunu təbliğ etmək lazımdır. Bilmirəm niyə hamı müğənniliyə can atır, amma bilmirlər ki, sənətindən asılı olmayaraq hər kəsin savadı, dünyagörüşü, ağzını açıb danışa bilməsi üçün kitab mütaliəsi olmalıdır. Qızım səkkiz yaşındadır, özümə kitab alanda onun üçün də seçirdim, şəkilli və iri hərfli olmasına önəm verirdim, amma indi özü adi kitabları da oxuyur.

- Fotosessiyamızdan bəlli olur ki, şəkil çəkdirməyi sevirsiz...

- Əslində, heç sevmirəm, sadəcə sizin işinizə mane olmamaq üçün, türklər demiş, “uslu” durdum. İnsanlara mane olmağı sevmirəm. Bu da sizin vəzifənizdir, bacardığım qədər çalışıram ki, köməkçi olum, nəinki kaprizlərimi sərgiləmək... Özümü qətiyyən fotogenik hesab etmirəm, çünki özümə həmişə tənqidi gözlə baxmışam. Layihənizlə əlaqədar mən də öz üzərimə düşən işi sizin işinizə birləşdirməliyəm ki, tamaşaçılar, oxucular razı qalsın, əsas onların qiymətidir.

# 1371 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
# # #