Bizim qızlar da 16 yaşında hamilə qalsaydı

Bizim qızlar da 16 yaşında hamilə qalsaydı
11 dekabr 2017
# 10:46

Könül Cəfərli

Hamilə olduğunu öyrənəndə 16 yaşı vardı. Görüşdüyü oğlan əvvəl uşağı istəməsə də sonra ata olmağa razılaşır. Sürpriz nəvə xəbəri valideynləri də çaşdırır, amma gələcək nənə-baba təmkini pozmur. Heç kim qızı danlamır, döymür, təhqir etmir, nə də aborta sürümür. Evlənmək, toy, nikah barədə kimsə düşünmür, narahat olmur, bunları dərd etmək ağıllarına da gəlmir. Tək nigarançılıq qızın və balasının sağlamlığıdır. Anası: “Gərək hamiləlikdən qorunardı, amma uşağı müzakirə etmək üçün gecdir ”, - deyir. Ata isə övladına dəstək olacağını bildirir.

Hamiləliyin elanından sonra qız pal-paltarını yığıb sevgilisinin yaşadığı evə köçür. Əslində ev də demək olmaz. Bildiyiniz furqondur.

Aylar ötür, uşaq sağlam dünyaya gəlir, böyüyür. 4 illik birgəyaşayışdan sonra nəhayət münasibətlərini rəsmiləşdirməyini düşünürlər. Toy günü təyin olunur, qız gəlinlik axtarır. Elə bu əhvalatı da iştirak etdiyi bir televiziya layihəsində danışır. Maraqlı verilişdir, toya hazırlaşan qadınlar həm gəlinlik seçir, həm də sevgi hekayələrini nəql edirlər.

Okeanın o tayından danışıram, Amerikadan. Orada belə hallar çox olur və qəbahət sayılmır. Sevgilisi ilə uzun müddət bir evdə yaşayır, ondan 2-3 uşaq dünyaya gətirir, sonra evlənirlər. Toylarında övladları da iştirak edir.

Demirəm ki, belə yaxşıdır, bizim qızlar da nikahsız uşaq dünyaya gətirsin. Mən də ən azı sizin qədər təqdir etmirəm və tərəfdarı deyiləm. Amma amerikalıların danışdığı sevgi hekayələrində insana verilən dəyər diqqətimi cəlb edir. Adam üçün öncəlik qohum-qonşu deyil, özüdür. Buna görə həyatı dolu-dolu yaşaya bilirlər. Çevrənin reaksiyası da bizdən fərqlidir. Hətta o cəmiyyət üçün ənənəvi olmayan hal baş verəndə də qınamır: “Mənə qəribədir, amma bu onun şəxsi həyatı və seçimidir”, - deyirlər.

Evini 10 il təmizləməyən bir amerikalıdan müsahibə almışdılar. Təsəvvür edin ki, otaqlarda əşya, zibil əlindən ayaq basmağa yer yox idi. Döşəmədə it nəcisləri, qurdlamış quş cəsədi, xarab olmuş qida artıqları. Evə girən qonşular üfunət qoxusundan burunlarını tuturdular. Çıxandan sonra fikirlərini öyrəndilər: “Mən belə evdə yaşaya bilməzdim, amma bu onun evidir”,- söylədilər.

Onların toplumunda insanın seçiminə və qərarına sayğı göstərmək, başqasının həyatına burun soxmamaq, müzakirə etməmək, ən önəmlisi şəxsə dəyər vermək var. Yəni ictimai düşüncə insanın fərdi xoşbəxtliyi və rahatlığına əngəl yaratmır. Biri halından məmnundursa, ətrafı onu narahat etmir. Bu səbəbdən xoşbəxt olmağı bacarırlar.

Bizdə isə “Kim nə deyər?” qorxusu həyatımızı yaşamağa imkan vermir, daha çox onun-bunun rəyini nəzərə alaraq ömür sürürük. Dünyaya bir dəfə gəlir, onu da camaata peşkəş edirik.

Doğulandan ta ölənədək çevrə həyatımızın tən ortasındadır.

Deməsinlər ki, oğlu yoxdur deyə övlad dünyaya gətiririk. Qadın var ki, əri ildə bir neçə dəfə aborta göndərir. Oğul doğanadək bəlkə 15 qızı bətnində doğratdırır.

Həyatımızın elə bir önəmli mərhələsi yoxdur ki, el-oba ilə hesablaşmayaq. Müəlliməm kasıb olduğu halda qızına kreditlə bahalı mebel cehiz almışdı. Qohum-qonşudan geri qalmamaq həvəsi başına oyun açdı. Aylıq ödənişləri verə bilmədiyi üçün mağaza qızının evindən mebeli söküb apardı. Qayınata qəzəbləndi, dava-qırğın düşdü, gəlin küsüb atası evinə qayıtdı. Baldızı toyda taxılan qızılları dartıb əlindən aldı. Bir sözlə, biabırçılıq oldu. Həngamənin tək səbəbi müəlliməmin ayağını yorğanına görə uzatmaması, camaatı düşünərək, qaldıra bilməyəcəyi ağır yükün altına girməsi oldu.

Buna bənzər hallar çox olur. Bahalı cehiz alıb, aylıq krediti ödəməkdə zülm çəkən valideynlər var. Ödənişin vaxtı çatanda gözlərinin yaşını axıdır, pul tapanadək özlərini oda-közə vururlar.

İmkanın yetdiyi qədər cehiz verib, rahat yaşamaq var ikən, “camaat” düşüncəsi beləcə bellərini qırır.

Təxminən 10 il əvvəl Şəmkirdə bir bələdiyyə sədrindən müsahibə almışdım. İşində uğurlu biri idi. Söhbət əsnasında dedi ki, ən böyük arzusu kloun işləmək olub. Hətta sirkdə qısa bir müddət də çalışıb. Sonra valideynləri yalvar-yaxar edib ki, bizi adam içində biabır eləmə, rayona qayıt, kişiyə yaraşan iş tut. O, da məcbur qalıb sevdiyi peşəsindən vaz keçib. Bunu danışanda kövrəlirdi. Gözünün yaşını silib, yavaşca pıçıldadı: “Kloun papağımı hələ də sandıqda saxlayıram. İndi də ürəyim sirk üçün əsir”. 50 yaşı olsa da ürəyində hələ də kloun olmaq arzusu qalmışdı.

“Camaat”ın yarımçıq qoyduğu çox arzu var. Elə öz həyatımıza diqqət yetirək. Etmək istədiyimiz, amma “Adamlar yaxşı baxmaz” qorxusu ilə basdırdığımız nə qədər istəyimiz var.

Adamlara xərclədiyimiz ömrün bir saniyəsini də “camaat” bizə qaytarmayacaq. Həyat qısa və onsuz da çox çətindir. Bütün qərarlarımızı ürəyimizi dinləyərək verib, ictimai qınağı başqa məsələlərdə nəzərə alaq. Məsələn, balkondan yerə zibil atmayaq, növbə gözləməyi öyrənək, avtobusda telefonla bağıra-bağıra danışmayaq, birinin ayağını tapdaladığımız zaman üzr istəməyi bacaraq və s.

Sırf bizə aid olan şəxsi həyatımızı isə ancaq və ancaq özümüzə sərf edək. Xoşbəxt və hüzurlu ömrün şifrəsi budur. Çoxumuzun unutduğu və axtarmaq istəmədiyi həyat şifrəsi...

# 1342 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #