Məşhur bəstəkarın qardaşını necə çətinə saldılar?

 

Kulis.az “Naməlum kino” layihəsində Rüstəm İbrahimbəyov və Oleq Səfərəliyevin 1996-cı ildə çəkdiyi “Çalışan adam” bədii-sənədli filmini təqdim edir.

 

“Çalışan adam” filminin qəhrəmanı bir sıra filmlərin administratoru olmuş, kino aləmində məşhur Nəriman Axundovdur.

 

Bu ekran əsərində Nəriman Axundov özünü oynayır. Süjet ondan ibarətdir ki, növbəti filmin çəkilişlərinə hazırlıq başlayır. Qəhrəman da burda filmin təşkilati məsələlərini həll eləməlidir.

 

“Çalışan adam” sinema veritenin ənənələri əsasında çəkilib. 1950-60-cı illərdə Fransa kinosunda meydana gəlmiş bu çəkiliş metodundan həm sənədli, həm bədii-sənədli filmdə istifadə olunur. Rejissor real vəziyyəti sadəcə müşahidə də, onun inkişafı üçün yaradıcı təxribatlara da əl ata bilər.

 

Ofisdəki müzakirələr əvvəlcə qəhrəmandan xəbərsiz, gizlin lentə alınıb. Filmdə haqqında söhbət gedən ssenari də şərti yazılıb və təşkilati məsələlər qəhrəmana tapşırılıb. İnteryer çəkilişlərində kadrarxası danışan hər iki rejissor qəhrəmanı suallarla bir növ təxribata çəkir.

 

Həmin gün qəhrəmana bildirilir ki, filmdə aktrisa Larisa Xələfova çəkilməlidir. Amma aktrisa ev telefonuna cavab vermir. Rejissorlar bunun məsuliyyətini qəsdən qəhrəmanın üzərinə qoyur və onun vəziyyətdən necə çıxacağını müşahidə edirlər. Nəhayət, qəhrəman aktrisanı tapır.

 

Sonra aktrisanın itlə çəkiləcəyi mürəkkəb bir səhnə müzakirə olunur. Rejissorlar bu səhnə zamanı Sergey Yesenin vaxtilə aktyor Vasili Kaçalovun itinə yazdığı şeiri səsləndirməyi təklif edir.

 

Amma şeirin ilk bəndini müəlliflər çox güman ki, qəsdən xatırlaya bilmirlər. Nəhayət, qəhrəman şeiri xatırlayandan sonra onun sonuncu misrasının əslində necə olması barədə uzun müzakirə gedir. Şeirin orijinalı belədir:

 

Дай, Джим, на счастье лапу мне,

Такую лапу не видал я сроду.

Давай с тобой полаем при луне

На тихую, бесшумную погоду.

 

Hərfi tərcüməsi:

 

Cim, pəncəni ver, uğur gətirsin mənə

belə pəncə həyatımda görməmişəm

Gəl, səninlə ay işığında hürək

sakit və səssiz havaya

 

Rejissorlar iddia edir ki, son misra “sakit və səssiz havaya yox”, “sakit və səssiz təbiətə” kimi olmalıdır. Bunu dəqiqləşdirmək üçün Nəriman kitabxanaya gedir və orijinalı tapıb gətirir.

 

Daha sonra administrator səhnə üçün it tapır. Amma aktrisa itin çəkilişə yararsız olduğunu, səhnəni korlayacağını, onunla oynamağın mümkünsüzlüyünü deyir.

 

Nərimanla aralarında xırda mübahisə yaranır və o, aktrisanı oynamağa razı salır.

 

İnteryer çəkilişlərində lazımi sənədli material yığılandan sonra bir neçə bədiiləşdirilmiş səhnə artırılıb.

 

Örnəyi, filmin əvvəlində qəhrəman evində səhər yeməyi yeyir. O, arvadına (Elmira Şabanovaya) yeni çəkiləcək film haqqında danışır:

 

“Ssenari maraqlıdır, amma şərtidir. Mən rejissora dedim ki, orda müəyyən şeyləri dəyişmək lazımdır. Mövzu çox maraqlıdır, aktualdır. Qəhrəman müasirdir, düzdür, aktyor zəifdir.”

 

Bu səhnə qurulsa da, Nəriman Axundovun oyunu, rəssam əli dəyməmiş interyer, təbii işıq epizodun sənədli olması təəssüratını yaradır.

 

Digər belə epizod aktyor, ssenarist Cahangir Aslanoğlunun danışdığı bir əhvalatın səhnələşdirilməsidir. O, Nərimana tez-tez metro qarşısında təsadüfən həmişə eyni vaxtda keçən iki gənci (Fatimə İbrahimbəyova və Fuad İbrahimbəyov) gördüyünü, onların bir-birinə yaraşdığını və tanış etmək arzusunda olduğunu deyir.

 

Film də elə bu epizodla başlayır. Əhvalatın bu ana xətti  mütəmadi süjetdə yer alır.

 

Sonda Nəriman qərara alır ki, Cahangir Aslanoğlunun bu arzusunu reallaşdırsın və gəncləri birləşdirsin. O, buna cəhd edəndə qəzaya düşür, onun ölməsi və ya yaralanması müəmmalı qalır. Gənclər bu qəzanı görür və hadisə yerində tanış olurlar. 

 

Film öz işinə aludə olan kino adamının hər şeyi bacarmasını, ən azı nəticə almaq üçün cəhd etdiyini göstərir. O, hətta həyatı bahasına olsa da, gəncləri birləşdirir.

 

Filmdə detallar, pedant müzakirələr yorucu deyil, əksinə müəlliflər sənədli kino fəndlərindən yararlandığından dinamik alınıb.

 

Film bu cəhətləri ilə milli kinoda bir ilkdir.

 

Nəriman Axundov bəstəkar Şəfiqə Axundovanın qardaşıdır. O, “Evin kişisi”, “Ailə”, “Ovsunçu” və başqa filmlərdə administrator olub. 2009-cu ildə, 80 yaşında vəfat edib.

 

 

 

LENT

20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018