Üzeyir Hacıbəyovun vida mərasimindən reportaj - FOTOLAR

 

Kulis.az 1948-ci il, noyabrın 26-da “Kommunist” qəzetinin Üzeyir Hacıbəyovun vida mərasimi ilə bağlı yayımladığı reportajı təqdim edir.

 

Noyabrın 24-də Bakı zəhmətkeşləri görkəmli bəstəkar, alim, müəllim və ictimai xadim Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyovla vidalaşdılar.

 

Xalqın çox sevdiyi gözəl əsərlər müəllifi, böyük musiqi nəzəriyyəçisi və gənc bəstəkarların həssas tərbiyəçisi, bolşevik partiyasının sədaqətli oğlu Üzeyir Hacıbəyovla görüşmək üçün səhər tezdən axın-axın adamlar Azərbaycan SSR Elmlər Akademiyası binasına tərəf gedirdilər.

 

Əhalinin bütün təbəqələrinin nümayəndələri, müxtəlif millətlərdən, müxtəlif yaşda və müxtəlif peşə sahibi olan adamlar dərin sükut içində tabutun yanından keçirdilər. Bunların çoxu Üzeyir Hacıbəyovu şəxsən tanıyırlar. Bəziləri Azərbaycan operasının bu böyük ustadı tərəfindən yazılmış əsərlərdəki surətlərini səhnədə canlandırmış, bəziləri bəstəkarlıq sənətini ondan öyrənmiş, bəziləri Ü.Hacıbəyovun elmi əsərlərini öyrənməklə musiqi yaradıcılığının dərinliklərini dərk etmiş, bəziləri SSRİ Ali Sovetinin deputatı kimi onunla görüşmüşlər. Üzeyir Hacıbəyovun gözəl əsərləri, opera və musiqili komediyaları, vətənpərvərlik ruhunda yazdığı səmimi lirik mahnıları Bakı zəhmətkeşlərinə yaxşı məlumdur.

 

Mədənçilərin və neftayıranların, teatr və elmi-tədqiqat idarələrinin, ali və orta məktəblərin, Bakı qarnizonu və Qırmızıbayraqlı Xəzər donanması hissələrinin nümayəndələri, bayraqlarını əyərək salona daxil olur, gətirdikləri əklilləri tabutun yanında düzürdülər.

 

Respublikanın kəndlərindən onlarla nümayəndə heyəti gəlmişdi. Azərbaycanın sosialist tarlaları zəhmətkeşlərinin bu nümayəndələri sevimli bəstəkarla vidalaşdılar.

 

Gözəl bolşevik sənətkarın vəfatı münasibətilə qardaş xalqların hüznünü bildirmək üçün Dağıstan və Türkmənistan zəhmətkeşlərinin nümayəndə heyətləri salona daxil oldular. Onlar, Dağıstan və Türkmənistanın partiya və sovet təşkilatları, ədəbiyyat və incəsənət işçiləri adından Üzeyir Hacıbəyovun tabutu üzərinə əklillər qoydular. Dağıstan vilayət komitəsinin katibi S.M.Aydınbəyov yoldaş, Dağıstan MSSR Nazirlər Soveti sədrinin müavini M.Arbuliev yoldaş, Türkmənistan SSR Naizrlər Soveti yanında İncəsənət işləri idarəsinin rəisi A.Nepesov yoldaş, Türkmənistan teatrlarının artistlərindən M.Artıkov və A. Nəzərov yoldaşlar fəxri qaravulda durdular.

 

Azərbaycan SSR Nazirlər Soveti, Azərbaycan Mərkəzi Komitəsi, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti, SSRİ Nazirlər Soveti yanında İncəsənət işləri komitəsi, Azərbaycan KP Bakı Komitəsi, Bakı Soveti, M.C.Bağırov yoldaş, T.Quluev yoldaş, mərhumun qohumları və yaxın adamları, Azərbaycan SSR Elmlər Akademiyası, Azərbaycan Sovet Bəstəkarlar İttifaqı, Azərbaycan dövlət konservatoriyası, M.F.Axundov adına Opera və Balet Teatrı, Azerneft, Azerneftkəşfiyyat və Azərbaycan neft zavodları birlikləri, Kirovabad, Naxçıvan və Stepanakert zəhmətkeşləri, bir çox müəssisə, teatr, məktəb, əsgəri hissə və başqaları tərəfindən göndərilən əklillər tabutun qoyulduğu postamentin ətrafına düzülmüşdü. 

 

Sosialist Əməyi Qəhrəmanları, Sovet İttifaqı Qəhrəmanları, Stalin mükafatı laureatları, elm, texnika, ədəbiyyat və incəsənət xadimləri, fəhlə və qulluqçular, zabitlər və tələbələr, partiya, sovet, komsomol və həmkarlar ittifaqı işçiləri bir-birini tez-tez əvəz edərək tabutun yanında fəxri qaravulda durdular.

 

 

Üzeyir Hacıbəyov adına Azərbaycan dövlət simfonik orkestri, Çaykovski və Şopenin hüznlü matəm havalarını çalır, mərhum bəstəkarın ölməz əsərlərindən milyonlarla adamın dəfələrlə eşitdiyi melodiyaları da ifa edirdi.

 

Saat 13.30 dəqiqədə salona daha adam buraxılmadı. Tabutun yanında mərhumun dostları, qohumları və yaxın adamları qaldı.

 

Son matəm növbələrində M.C.Bağırov, T.Quluev, H.Seyidov, Q.Məmmədov, Azərbaycan KP BK  katibləri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri, Azərbaycan SSR nazirləri, SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatları, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvləri və başqaları durdular.

 

Saat 14-də Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Mirzə İbrahimov yoldaş matəm mitinqini açdı. O, Azərbaycan SSR Nazirlər Soveti və Azərbaycan KP MK adından nitq söyləyərək dedi:

 

- Sovet Mədəniyyətinin görkəmli xadimi, Azərbaycan opera sənətinin banisi, gözəl insan və vətəndaş Üzeyir Hacıbəyovun qəlbi döyünməkdən qaldı. Azərbaycan xalqı onun şəxsində bütün həyatını, böyük və tükənməz istedadını, müasir Azərbaycan musiqi mədəniyyətinin yaradılması və inkişaf etdirilməsi işinə sərf edən coşqun ilhamlı bir sənətkarı itirmişdir. Üzeyir Hacıbəyovun ölümü, sovet musiqi mədəniyyətinin görkəmli xadimlərindən birini itirən bütün sovet incəsənəti üçün böyük itkidir.

 

Üzeyir Hacıbəyov əsl vətənpərvər sovet sənətkarı timsalı idi. O, bütün həyatı və yaradıcılığı ilə xalqa bağlı olub, var qüvvəsi, bilik və istedadı ilə xalqa xidmət etmişdir. Azərbaycan xalqının şəkilcə milli və məzmunca sosialist mədəniyyətinin inkişaf etdirilməsi uğrunda mübarizədə Üzeyir Hacıbəyovun xidmətləri böyükdür. O, Azərbaycan opera sənətinin əsasını qoymuş, Azərbaycan dövlət konservatoriyasının banisi və rəhbəri olmuş, Azərbaycan xalq musiqisinə dair birinci elmi əsəri yazmışdır. Qədirbilən xalqımız öz sədaqətli oğlunu əzizləyir və ona yüksək qiymət verirdi. Xalq onu SSRİ Ali Sovetinin deputatı seçmişdi. Partiya və hökumət ona SSRİ xalq artisti adını vermişdilər. Üzeyir Hacıbəyov dəfələrlə orden və medallarla təltif edilmiş və iki dəfə Stalin mükafatı almışdı. O, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü idi.

 

İbrahimov yoldaş dedi:

 

- Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan KP Mərkəzi Komitəsi Üzeyir Hacıbəyovun vəfatı münasibətilə respublikanın bütün zəhmətkeşləri ilə birlikdə ürəkdən kədərlənirlər. Gözəl sənətkar, görkəmli alim və səmimi insan olan bəstəkar Hacıbəyovun xatirəsi sovet adamlarının qəlbində həmişə yaşayacaqdır.

 

 

Stalin mükafatı laureatı Qara Qarayev respublikanın bəstəkarları adından çıxış edərək dedi:

 

- Dolğun həyat sürən, yaradıcılıq atəşi ilə coşan, sovet adamlarının yüksək amalı uğrunda, əsl sənət həqiqəti uğrunda barışmaz olan Üzeyir Hacıbəyovu heç bir zaman unutmayacağıq. Bütün həyat və fəaliyyəti xalqa misilsiz xidmət nümunəsi olan bu alovlu bolşevik sənətkar həmişə yadımızda qalacaqdır.

 

Üzeyir Hacıbəyov Azərbaycanın bir sıra bəstəkarlarının tərbiyəçisi olmuşdur. Zəmanəmizin bu gözəl bəstəkarının coşqun musiqisinin təsirini biz öz yaradıcılığımızda həmişə hiss etmişdik, edirik və edəcəyik. Unudulmaz dost və müəllimimizlə vidalaşarkən vəd edirik ki, hamımızın sevdiyi Üzeyir Hacıbəyov bütün həyatını böyük və nəcib bir işə həsr etdiyi kimi, biz də onun yolu ilə gedəcəyik.

 

Əziz müəllim və ustadımız, rahat yat, sənin yandırdığın məşəl sönməyəcək və daha artıq şölələnəcəkdir, çünki sovet xalqının mənəvi qüvvəsi tükənməz və imkanları hədsizdir.

 

Azərbaycan SSR xalq artisti A.A.Drozdov, Üzeyir Hacıbəyovun çoxcəhətli yaradıcılığından danışıb göstərdi ki, ən müxtəlif millətlərdən olan adamlar onun musiqisini eyni dərəcədə başa düşürlər. Üzeyir Hacıbəyov Azərbaycan milli incəsənətinin rus musiqi mədəniyyətilə və qardaş xalqların mədəniyyətilə sıx əlaqə şəraitində inkişaf etdirməyə çalışırdı.

 

Azərbaycan SSR Elmlər Akademiyası adından akademiyanın prezidenti, professor Y.Məmmədəliyev nitq söyləyərək dedi:

 

- Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü olan Üzeyir Hacıbəyovun elmi əsərləri Azərbaycan mədəniyyəti xəzinəsinə böyük töhfədir. Hacıbəyov Azərbaycan xalqının musiqi mədəniyyətinin tarixini və nəzəriyyəsini öyrənmək üçün böyük əhəmiyyətə malik olan elmi-tədqiqat əsərlərinin müəllifidir. Üzeyir Hacıbəyovun “Azərbaycan xalq musiqisinin əsasları” adlı qiymətli böyük əsəri xalqımızın musiqi mədəniyyətini zənginləşdirməklə bərabər, onu daha artıq inkişaf etdirmək üçün yollar göstərmişdir.

 

Əziz bəstəkarla vidalaşmaq üçün minlərlə zəhmətkeşin buraya gəlməsi gözəl sənətkarın el tərəfindən nə qədər sevildiyinə ən yaxşı sübutdur.

 

Üzeyir Hacıbəyovun ölməz əsərləri, onun xalq və bolşeviklər partiyasına sədaqətlə xidməti, saf və nəcib qəlbi Sovet Azərbaycanının elm və incəsənət xadimlərini həmişə ruhlandıran timsal olacaqdır.

 

Mitinqdə Azərbaycan Nazirlər Soveti yanında İncəsənət işləri idarəsinin rəisi H.Sultanova və Azərbaycan SSR xalq artisti A.Avanesyan yoldaşlar da çıxış etdilər.

 

Mitinq qurtardı. Üzeyir Hacıbəyov tərəfindən yazılmış Azərbaycan SSR himinin təntənəli səsi ucaldı.

 

M.C.Bağırov, T.Quluev, H.Seyidov, Q.Məmmədov, A.Aqababov, A.Malyutin, M.İbrahimov və T.Yaqubov yoldaşlar tabutu qaldırıb Elmlər Akademiyası binasından çıxardılar.

 

Üzeyir Hacıbəyovun tabutu çıxarılan zaman akademiya binasının qarşısına, küçələrə əziz bəstəkarla vidalaşmaq üçün on minlərlə bakılı toplanmışdı.

 

Matəm dəstəsi hüzn doğuran marşın sədaları altında Kommunist küçəsi ilə üzü yuxarı qalxmağa başladı. Qabaqda, Üzeyir Hacıbəyovun qara parça ilə haşiyələnmiş böyük şəkli aparılırdı. Musiqi məktəblərinin tələbələri xeyli çox əklili, habelə Üzeyir Hacıbəyovun təltif edildiyi Lenin ordeninin, Qırmızı Əmək Bayrağı ordeninin, medalların və Stalin mükafatı laureatı nişanlarının sancıldığı qırmızı balışları öz əllərində tutmuşdular.

 

Qəbiristanda, fəxri adamlar məqbərəsində, təzəcə qazılmış qəbrin yanında izdihamlı matəm mitinqi oldu. Bakı şəhər Soveti icraiyyə komitəsinin sədri A.Buzdakov yoldaş neft Bakısının zəhmətkeşləri adından söylədiyi nitqində dedi:

 

- Ölüm Azərbaycan xalqının ən ləyaqətli oğullarından birini, görkəmli bəstəkarı, bolşevik sənətkar Üzeyir Hacıbəyovu sıralarımızdan qopardı. Bu ağır itki Bakı zəhmətkeşlərini və bütün Azərbaycanı kədərləndirir.

 

 

Bakılılar Üzeyir Hacıbəyovu yaxşı tanıyır və çox sevirlər. Çünki bəstəkarın bütün şüurlu həyatı Bakıda, şanlı Stalin ənənələri şəhərində keçmişdir. Əsası Üzeyir Hacıbəyov tərəfindən qoyulan Azərbaycan opera sənəti burada meydana çıxmış, bəstəkarın ölməz əsərləri, o cümlədən Azərbaycan opera sənətinin incisi olan “Koroğlu” operası burda yaradılmışdır.

 

Neft şəhərinin zəhmətkeşləri Üzeyir Hacıbəyovu yalnız bir bəstəkar kimi deyil, həmçinin görkəmli musiqi nəzəriyyəçisi, gözəl müəllim və respublikanın bütün mədəni həyatında yaxından iştirak edən fəal ictimai xadim kimi tanıyır və sevirlər. Onun xatirəsi Sovet Azərbaycanı paytaxtı zəhmətkeşlərinin qəlbində daim yaşayacaqdır.

 

Azərbaycan SSR xalq artisi, M.F.Axundov adına Dövlət Opera və Balet Teatrının direktoru İ.Hidayətzadə ölməz “Koroğlu” operasının müəllifi Üzeyir Hacıbəyovun vəfatı münasibətilə teatr işçilərinin – operanın quruluşu üzərində bəstəkarla birlikdə çalışmış yaradıcı kollektivin son dərəcə kədərləndiyindən danışdı.

 

Türkmənistan SSR Nazirlər Soveti yanında İncəsənət işləri idarəsinin rəisi A.Nepesov yoldaş Türkmənistan işçiləri adından qardaş Azərbaycan xalqına başsağlığı verdi. Nepesov yoldaş qeyd etdi ki, Üzeyir Hacıbəyovun yaradıcılığı, onu sovet musiqi mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri hesab edən bütün sovet ittifaqı xalqlarına yaxın və əzizdir.

 

Stalin mükafatı laureatı Səməd Vurğun Azərbaycan ziyalıları adından həyəcanlı nitq söyləyərək dedi:

 

- Öz gözəl əsərləri ilə bütün sovet xalqının məhəbbətini qazanan dahi sənətkar Üzeyir Hacıbəyovun vəfatını Azərbaycan ziyalıları və zəhmətkeşləri böyük hüznlə qarşılayırlar. Üzeyir Hacıbəyovun sənətkarlığı misilsizdir, onun böyük istedadı sənətkarın adını əbədi yaşadacaqdır. Xalq tərəfindən tanınmaq və Lenin-Stalin partiyasının etimadını qazanmaq isə sənətkar üçün böyük şərəfdir.

 

Xalq Üzeyir Hacıbəyovu ona görə sevir ki, o, öz unudulmaz əsərlərində xalqın ən yaxşı duyğu, düşüncə və arzularını ifadə etmiş, xalq üçün yaşamış və yaratmışdır. Üzeyir Hacıbəyov yalnız görkəmli bəstəkar və alim deyil, həmçinin sovetlər ölkəsinin böyük vətəndaşı idi. Sosializmin möhtəşəm nailiyyətləri Üzeyir Hacıbəyovun tükənməz ilham mənbəyi idi. O, öz əsərlərində sovet adamlarının azad və xoşbəxt həyatının poeziya və romantikasını tərənnüm etmişdir. O, öz yurdunun alovlu vətənpərvəri, böyük Stalin dövrünün müğənnisi idi.

 

Azərbaycan bəstəkarları, şairləri, ifaçıları və rəssamları tərəfindən yaradılacaq yeni mahnılar, simfoniyalar, operalar və poemalar kommunizmin qalib yürüşünü tərənnüm edən yeni sənət əsərləri bizim unudulmaz və çox sevimli Üzeyir Hacıbəyova ən yaxşı abidə olacaqdır.

 

Mərhumun qəbri üstündə general mayor N.Vişnevski, respublikanın xalq artisti Mirzağa Əliyev və professor Q.Q.Şaroev də nitq söylədilər.

 

Mitinq qurtardı. Son vidalaşma dəqiqələri gəlib çatdı. Tabut yavaş-yavaş qəbrə endirildi, qəbrin üstünə tökülən çiçəklər böyük bir təpə şəklini aldı.

 

(Azər.TA)

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017