“Ay Allah, Rafiq Hüseynov...”Şəhriyar del Gerani yazır

 


“Gəl, hardasan, sən gedəndən yaz ömrümü qar alıb. Bu dünyada nə sevmişəm, hələ ürəyimdə məhəbbət qalıb...” Yutubdan dinləyirəm. Rafiq bəyin ifasında dinləyirəm. Bu günlərdə deyil, illər öncədən dinləyirəm bu müdhişamiz ifaları. Bu günlərdəysə bir başqa aurası vardır əlbət.

“Gəl, görmədim o gedən səni. Gəl, unutdum mən nədən səni, Gəl, sevərəm təzədən səni. Gəl, o gözəl zamanlar kimi gəl. Sevdalı cavanlar kimi gəl. Sevərəm təzədən səni...”

Axşamdır. Sosial şəbəkəni açıram, ümumi mənzərəni gözdən keçirirəm. Digər pəncərədə Rafiq bəyin ifası davam edir: “Bir məhəbbət az olacaq, mən yox olsam, sən ölsən...”

Hə, “sən ölsən...” Ölüm qədər dəhşətli həqiqətin olduğu bir dünyada nəyin peşindəyik ki? Bilmirəm. Elə bu düşüncələrdəykən bir statusla toqquşuram. İlhamiyyə xanım paylaşıb, usta telejurnalist dostumuz İlhamiyyə Rzanı deyirəm:

 

“Mədəniyyət kanalında Rafiq Hüseynova baxıram. Bir dənə də olsun artıq mimika, cümlə, jest, hərəkət tapa bilmirəm. Səs tembri, geyimi, nə deyim... Sadəcə mükəmməl. Və əlbəttə, qızıl xırdalayır. Deyir, şəxsiyyət olmalısan, şəxsiyyət! Heyf sizdən, sənətkar, ustad. Sizdən bir də olmayacaq...”

Deməli belə. “Sizdən bir də olmayacaq...” Əlbəttə, qulaqlara diletantca pərçimlənmiş “Əvəzolunmaz insan yoxdur” sərsəmləməsinin ustaca dərkolunmuş inkarı diqqətimə mismarlandı ilk öncə. Əcəba, əvəzolunmaz insan yoxdursa, bəs Rafiq Hüseynovu kim əvəzləyəcək? Yaxud, Rafiq Hüseynovdan bir də olmayacaq isə bəs, noolacaq?

“Qış ömrümdə yaz olacaq, mənim bu günümdə qayıdıb gəlsən...” Qarışdırmayın, bu, Rafiq bəyin səsiydi. Kompüterdə açdığım digər pəncərədə ifasına davam edir. Görünür, o da illərdir kimisə əvəz edə bilmir kiminləsə. Yoxsa, bu İlahi intonasiyalı iç nəğmələri böylə ovsunlu səslənməzdi ki...


“Gəl, cavanlıq yuxusu kimi gəl. Bənövşə qoxusu kimi gəl. Sevərəm təzədən səni. Gəl, çox uzaq bir qonaq kimi gəl. Yuxuma bir çıraq kimi gəl. Sevərəm təzədən səni...”

Kimin əvəzolunmazlığından yaranmışdı bu nəğmələrin ahəngi? Deyəsən tapmışam. Oğlunun. Bu təsbitimdən sonra Rafiq bəyin bütün ifaları büs-bütün başqa rəng aldı yaddaşımda. Müsahibələrinin birində demişdi. Demişdi: “Mən təkcə 17 yaşlı bir oğul itirməmişəm ki. Həm də yeganə övladımı itirmişəm, həm də nəvə itirmişəm, babalığımı itirmişəm. Bu yaşdan sonra daha nə görəsiyəm? Hələ qızım indi 13 yaşındadı. Ondan nigaranam. Üstəlik, xərçənglə eyni bədəndəyəm...”

Ola bilsin bu təsbitim oxucularda çaşqın təəssürat yaratsın. Amma həqiqətən də olur belə. Bir dəfə məndən “Sevgi şeirlərinizin ünvanı kimdir?” soruşulduğunda: “Anamdır, mən onu çox erkən itirmişəm...”, - demişdim, qərib bir durum yaranmışdı adamlarda. Olsun. Onsuz da heç kimsəyə sevgini izah etmək mümkün deyil. Amma nifrəti olmadıq yerdən də uydururlar.


“Yadındamı onda dünya gözəl idi. O məhəbbət hər sevgidən əzəl idi. Keçdi şirin çağlar, soldu yaşıl bağlar, xatirələr ağlar, gecdi daha...”

Onda lap çoxdan idi. Onda hamı sağ idi. Anam da sağ idi onda. Televiziyada Rafiq bəyin keçdiyi kadrları görcək anamın reaksiyası belə olmuşdu: “Ay Allah, Rafiq Hüseynov!”

Sənətkarın televiziya fəaliyyəti bizim ağlımızın kəsmədiyi vaxtlara düşmüşdü. Biz, müharibə dövrünün uşaqlarıyıq. Ol səbəbdən tanımırdıq Rafiq müəllimi. Sən demə o məşum illər, dəhşətli ictimai-siyasi proseslər bizdən həm də Rafiq müəllimi “alıbmış”. İllər sonra Rafiq bəylə tanış olanda həmin kadrları və anamın reaksiyasını xatırladım: “Ay Allah, Rafiq Hüseynov!” Sanki o vaxt Rafiq müəllimi Allahın yadına salmaq üçün göndərilmişdi bu nida. Və deyəsən Rafiq müəllim də yavaş-yavaş Allahın yadına düşürdü...

“Yadındamı o məhəbbət dəniz idi. O duyğular hər duyğudan təmiz idi. Soyuq yellər əsdi, illər yolu kəsdi, xatırladıq bəsdir. Gecdi daha...” Yutub pəncərəsində ifaya “stop” verib televizoru açıram, ayarlayıram “Mədəniyyət” kanalına.

Nərgiz Cəlilovanın “Sevilənlər” layihəsində qonaqdır Rafiq bəy. Danışır, susur, gülümsəyir. Yəni hamının elədiyi kimi. Amma nədənsə hamının elədiyi kimi görünmür bütün bunlar. Məsələn, heç kəs onun kimi pauza verə bilmir cümlələrin arasında. Qəribədir. Bütün tavrlarıyla ustad bir adam idi Rafiq bəy. Susmağıyla da. Zatən adamlar susmağı və getməkləriylə möhtəşəm olurlar. İlhamiyyə xanım da statusunda şəxsiyyət məsələsini çox yəqin bu üzdən qabartmışdı. Şəxsiyyət. Yekdil anlayışdır. Mənə görə harda susmasını və harda getməsini bilməkdir şəxsiyyətin düsturu. Rafiq bəy bu düstura ömrü boyunca riayət etdi. Sevilməsinin, həm də bu tövr ali zövq, intellekt, elita tərəfindən sevilməsinin ən böyük səbəbi də budur bəlkə də. Sevilmək demişkən, Rafiq bəylə vida mərasimində Nərgiz xanımın çıxışı var. Çox xahiş edirəm o reportajı tapıb izləyin. Yutuba “Get, sevdalı cavanlar kimi get - apa” yazın, çıxacaq. Bilirəm, vaxtınız yoxdur, hamınız tələsirsiniz. Ol səbəbdən dəqiq saniyəsini də yazım - 5:28. Zəhmət olmasa baxın. Nərgiz xanım çıxışının sonunda “...görüşərik, təkraaa...rolunmaz, əziz müəllimimiz, Rafiq müəllim...” deyir və başıyla nəyisə təsdiqləyir.

“Təkraaa...rolunmaz” sözünün intonasiyasını hələ bu möhtəşəmlikdə eşitməmişdim. Nərgiz xanım bütün mahiyyətiylə kimi itirdiyinin fərqindəydi. Ağır olur əlbəttə. Şəxsiyyətlərin gedişi çox ağır olur.

Rafiq bəy getməyi bacaran sənətkar idi. 1990-cı ilin 20 yanvarı... Televiziyanın enerji bloku partladılıb. Ekranın qara üzü işıqlanır və Rafiq bəyin siması görünür. Başını qaldırmadan mətni oxuyur və gedir. Tamaşaçıların üzünə baxmağa həya edir. Rafiq bəy olaya belə şərh verir:

"Komendantın məlumatını oxumaqdan imtina etdim. Çalışırdıq ki, senzuranın gözündən yayındırıb xalqa həqiqəti çatdıraq, bizdən bunu gözləyirdi tamaşaçı". Sonra da əlavə edir: "Sədr ərizəmi cırdı, amma mən təkid elədim. Məni yandıran başqa ağır məqam vardı, tanıdığım, mütəxəssis saydığım rəhbər adamlardan heç kim o vaxt dediklərimi müdafiə edib haqqın, peşəkarlığın tərəfini tutmadılar. O üzdən ərizəmi yazıb getdim”. Dəhşətli situasiyadır.

Getməyi bacarmaq təkcə iş yerindən, hansısa ictimai-siyasi proseslərdən getməklə dairələnmir. Yəni çevrə həm də digər həyati situasiyalarda qapanır. Rafiq bəy həm də ailə-məişət zəminində getməyi bacaran bütöv şəxsiyyətdir. Ailə-məişət deyib mövzuya qıyqacı baxmayın. Ciddi mövzudur. Bu ailə-məişət faktı bizim kimi cəmiyyətlərdə son dərəcə təqdirolunası, təbliğolunası nümunədir. Biz – ayrılmağı bacarmayanların cəmiyyətində yaşayırıq. Adamlar bir-birləriylə mütləq və qəti nifrətlə ayrılırlar. Adamlar “əlvidalaşıb” getmirlər, “tüpürcəkləşib” rədd olurlar. Və geridə qalan ömürlərini bir-birilərinin arxasıyca son dərəcə iyrənc hədyanlar danışmaqla keçirirlər. Belə bir cəmiyyətdə Rafiq bəylə Roza xanımın ayrılığı fantastik bir örnək sayılmalı. Rafiq bəyin ilk ailəsi Roza Tağıyeva ilə ayrılmalarını qəsd edirəm. Az öncə bəhs etdiyimiz verilişdə də Rafiq bəy aristokrat tövr, şahzadə bir təbəssümlə xatırladı Roza xanımı. Ən son müsahibəsində Roza xanımın səsləndirdiyi bu fikirlər isə zehnimə projektor tutdu: “Rafiqin ailəsi ilə də, özü ilə də ömür boyu dostluq əlaqələrimiz olub. Rafiq müəllimin özünə də demişdim, bəxti onda gətirib ki, qarşısına Səbinə xanım kimi insan çıxıb. Səbinə onun üçün çox əziyyət çəkdi. Onu hər adam etməzdi. Hətta Rafiqin öz yaşıdı da o fədakarlığı etməzdi, Səbinə etdi. Biz də arxayın idik ki, Rafiq əmin əllərdədir. Ailənin yaxını kimi Rafiqin dünyasını dəyişməsi xəbərini hamıdan əvvəl mən bilirdim. Vida mərasimində də, dəfn mərasimində də iştirak edəcəyəm, onu son mənzilə yola salacağam. Biz hamımız Rafiqi çox istəyirik”. 

Heyrəteybütsurətingördükdəlaleylərməni nümunədir.
 

Keçirəm mətbəxə, çaydanın altını yandırıram. Bir qəhvə düzəldib yazını tamamlamalıyam. Veriliş də bitib. Bayaq Yutub pəncərəsində ifanı da stoplamışdıq. Bir siqaret alışdırıb eyvana çıxıram. Bu nə avara vərdişdir, bilmirəm. Vallah bu zəhrimardan hələ heç kimə xeyir gəlməyib. Nə qədər gec deyil, atın getsin.

“O arzular sənsiz heçdi daha. O günlərə dönmək gecdi daha. Xatirələr nə istəyir bizdən? Olan oldu bizə, Keçdi daha...”

Rafiq bəy qadın mövzusunda bir xeyli şayiəli olub. Əl-əlbət normaldır. O məşhurluğun və xarizmanın qarşılığında başqa cür ola bilməzdi bizim cəmiyyətdə. Roza xanımın hörmət və sevgiylə bəhs etdiyi, sənətkarın sonuncu həyat yoldaşı Səbinə xanımı dinləyək:
 

“Kimsə deyə bilər ki, o, belə mükəmməl insandırsa, niyə üç dəfə evlənib ayrılıb. İnanırsınız, indiyə qədər mən ondan bunu soruşmamışam. İntuisiyamla duyuram ki, Rafiq günahkar deyil. Şərq kişisi üçün bir qadınla ömrünü başa vurmaq nadir haldır, bəlkə də heç elə bir fakt yoxdur. Rafiq aldatmağı bacarmadığı üçün əgər kimisə sevibsə, onu aldatmayıb, evlənib onunla. Əgər sevgi bitibsə, yenə aldatmayıb və ayrılıb. Mənə deyirdilər ki, oy, o, "babnikdir", sən qorxmursan? Deyirdim, hardan bilirsiniz? Deyirdilər, bütün şəhər bilir. Belə kişinin yanında gərək gözəl və çox ağıllı qadın olsun. Məncə, Rafiq artıq çox etapdan keçib məndə dayanacaq edib. Ya da ki, bir-birimizi çox yaxşı başa düşürük, bu isə yaşa baxmır".

O boyda ustada, Azərbaycan televiziyasının simasına kütlənin münasibətinə baxın. İnsan nə qədər şəngülüm olmalıdır ki, xanımına sevdiyi kişi barədə “o, babnikdir” deyə bilsin? Bilmirəm. Qarşısında təmkinlə susulası kütlədir. Çox təhlükəlidirlər. Amma öldürücülük qabiliyyətləri yoxdur, sadəcə zəhərləyirlər, vəssalam. Şəxsiyyət bütöv olunca isə, bütün bu zəhərlər yığılıb öz tuluqlarını çürüdür. Bu qədər sadə.


“Xatirələr çağırsa da hara gedim? Yadındamı mən səninlə xoşbəxt idim. Olan oldu keçdi. Bu xəyallar heçdi. Bir də sevmək gecdi. Gecdi daha...”

Məqalə boyu fonda səslənən mahnı sözlərinin müəllifi gözəl şair, dostumuz Baba Vəziroğludur. Çağdaş Azərbaycan mahnı yaradıcılığında birmənalı şəkildə alternativsiz xidmətləri olan bir nəğmə ustasıdır Baba müəllim. Sən demə Rafiq bəyin də içinin nəğmə ahəngini tapıbmış şair. Dost olublar. Deyir, “Rafiq televiziyadan uzaqlaşandan sonra dəhşətli bir boşluğa düşmüşdü. Necəsə ifadə etməliydi bu boşluğu. Və belə bir ideyadan yapışdıq – Rafiq oxumalıdır. Böyük auditoriya üçün deyil, özü üçün, eləcə nə isə pıçıldamalıdır”. Maraqlı və gərəkli ideya olmuş. Tam səmimi deyirəm, Rafiq Hüseynov oxumasaydı, çoxdan köç etmişdi dünyadan, ya infaktdan, ya insultdan. O vahiməli, bomboz boşluğun nə olduğunu mən yaxşı bilirəm. Nə yaxşı ki, Rafiq bəy oxudu bu nəğmələri. Biz sənətkarı başqa bucaqdan da tanıya bildik. Və nə yaxşı ki, infarktdan, insultdan deyil, xərçəngdən dünyasını dəyişdi sənətkar. Bilirsinizmi, xərçəngdən gedən adamlar həm də bir az başqa tövr təmiz adamlar olur. Onlar özlərindən sonra heç kimdə peşmanlıq hissi buraxmırlar. Yəni özünü qınamır dostlar, doğmalar. Bilirsən ki, xərçəng məişətsəl, sosialsal dioqnoz deyil, nə də ki, əlacı yoxdur, getməliydi. Və getdi...


“Çıx qatar yoluna hər axşam-səhər, çıx qatar yoluna məni qarşıla. Bəlkə bir ömürlük çəkdi bu səfər. Mən gələ bilmirəm, məni bağışla...”

Hə, onu deyəcəkdim, unutdum. Rafiq bəyin ölüm xəbərini eşidəndə İstanbuldaydım. Yağmurlu havaydı, düzü, səfər uzun çəkdiyindən bir az qəribsəmiş, bir az da darıxmışdım Bakı üçün. İllər öncəki - anamın həmin reaksiyası şimşək təki çaxdı beynimdə - “Ay Allah, Rafiq Hüseynov!”

Artıq bu dəfə Rafiq müəllim Allahın təkcə yadına düşmədi, həm də yanına qalxdı...




 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017