Hafiz Hacıyev: “Əslində, mən artistlik eləyirəm” -  MÜSAHİBƏ

 

Kulis.az “İşdən kənar” layihəsində Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev ilə müsahibəni təqdim edir. Xatırladaq ki, layihədə ədəbiyyatdan kənar peşə sahibləri ilə ədəbiyyat haqqında söhbətlər aparılacaq.    

 

- Hafiz bəy, siz ölkənin tanınmış siyasətçisiniz. Mənə maraqlıdır, Hafiz Hacıyev istəyərdi ki, onun haqqında bir roman yazılsın?

 

- Düzdü, indi deyəcəklərimi lağ obyektinə çevirəcəklər, amma mənim haqqımda roman yazılmalıdır. Elə bir roman yazılsa, Azərbaycan dövlətinin qorunmasında son 15 ildə çəkdiyim əziyyətlər o əsərdə öz əksini tapmalıdır. Həyatımı, canımı dövlətim yolunda qurban vermişəm. Belə bir obraz yaratmaq olardı. Dövlətçiliyin qorunmasında kifayət qədər işlər görmüş adamam. Elə siz dediyiniz romanda istəyərdim ki, Azərbaycan dövlətçiliyini qoruyan obraz kimi Hafiz Hacıyev göstərilsin.

 

- Gəlin, bu romana bir ad fikirləşək... Siz o romana nə ad verərdiniz?

 

- Azərbaycan dövlətçiliyində xüsusi xidmətləri olan Hafiz Hacıyev olsa necə olar?

 

- Bu, bir az çox ictimai-siyasi səslənir. Bəlkə, bir az bədii ad olsun.

 

- Olsun, necə istəyirlər, elə adlandırsınlar. Amma reallığı yazsınlar.

 

- Məsələn, İsa Hüseynovun “Kollu Koxa”, “Şəppəli” kimi povestləri var. Burdan yola çıxıb o romana ad verə bilərik. Sizin də ayamanız hazırdır.

 

- Hə, Balıq Hafiz...

 

 

- Roman elə adlansa inciməzsiniz ki?

 

- Niyə inciyirəm? Mən balıqçılıq üzrə elmlər namizədi olmuşam. İndiki kimi vəzifəmdən istifadə edib, ya da 10 min pul verib professor adı almamışam. Öz adını, soyadını yaza bilməyənlər professor olurlar. Bizim bəzi nazirlər yalandan akademik adı alırlar. Elmdə belə şeyləri görəndə ikrah hissi duyuram. Mən buna getmədim. Sovet dönəmində ovaxtkı Leninqradda balıqçılıqla bağlı elmi dissertasiya yazmışam. Bu, çox ciddi məsələdir.

 

- O ayamanı kim verib sizə?

 

- Kim verib deyəndə ki, mən balıq naziri olmuşam, balıqçılıq üzrə elmlər namizədi olmuşam. Ona görə də Balıq Hafiz deyiblər. Siz dediyiniz romanı da bu cür adlandırsalar problem olmaz. Bu yaxınlarda özümün kitabım çıxır.

 

- Siyasi kitabdı yəqin...

 

- Əlbəttə, siyasi kitab olacaq. Orda mənə qarşı olanlar, mənim xalqıma xidmətlərim, nə etmişəm, nəyə nail olmuşam. Nazir olmuşam, üç dəfə prezidentliyə namizəd olmuşam. Nə uğrunda mübarizə aparmışam? Nədən ötrü xalqın müdafiəsinə qalxmışam? Niyə saxtakar, korrupsiyaya bulaşmış məmurlarla vuruşuram? Niyə ağ günümü qara edirəm? Hamısı bu kitabda öz əksini tapacaq.

 

- Sizin kitabınız haqqınızda yazılan roman üçün yaxşı mənbə olar...

 

- Niyə ola bilmir ki? Ordan da istifadə edə bilərlər. Nə istəyirlər onu da yaza bilərlər. Bilirsən nə təhərdir? Xalqın qəhrəmanı olmaq asan deyil. Keçmişdə bizim Qaçaq Nəbimiz, Koroğlumuz, Babəkimiz olub.

 

- Biri də Hafiz Hacıyev...

 

- Hə.. Məsələn, mənim Rasim Balayevə çox böyük hörmətim var. Nəsimi obrazını çox yaxşı oynayıb. Nəsimi bizim üçün ən önəmli qəhrəmanlıq nümunəsidir. Düzdü, biz indi Rasim Balayevi dəyərləndirmirik, onun dərmanına pul tapa bilmirik. Çox üzücü haldır. Mən istəyərdim ki, haqqımda roman yazacaq adam hər şeyi olduğu kimi yazsın. Bu da mümkün deyil. Çünki müsəlmanda paxıllıq, qısqanclıq var. Biz o qısqanclıqdan qurtara bilmirik. O qısqanclıqdan xilas olsaq, çox şeyə nail olarıq. Məsələn, mən nəsə deyəndə o dəqiqə lağa qoyurlar. Gənclərdə ögeyləşmə var, onların içindəki milli ruhu öldürürlər. Qarabağ dərdimiz var, 20 faiz torpağımız itib, Hafiz Hacıyev deyəndə ki, bir gün Xankəndində bayraq asacağıq, gülürlər, lağ-lağı eləyirlər.

 

- Tutaq ki, mən gənc bir yazar kimi sizdən roman yazmaq istədim. Romanda da bir obrazı birtərəfli təsvir etmək naşılıqdır. Siz bayaqdan yaxşı tərəflərinizi deyirsiniz. Mənə öz qüsurlarınızı, mənfiliklərinizi deyə bilərsiniz? O romanı yazmaq istəsəm, Hafiz Hacıyev mənə özünü bütöv göstərər?

 

- Əlbəttə. Göstərərdim. Mənfi cəhətlərimi, nöqsanlarımı da... Nail ola bilmədiyim məsələləri də. O demək deyil ki, hamı pakdır, təmizdir. İnsan hərəkətdədirsə, onun nöqsanları olur. Yalnız ölülərdə nöqsan tapmaq mümkünsüzdür. Yazın! Mənim nöqsanım da var. Millətimi çox sevdiyimdən həddindən artıq ifrat millətçiliyə də yol vermişəm. Nazir olanda Azərbaycan tarixində ilk dəfə 50 tonluq qara kürü vermişəm. Bunların hamısı yazılmalıdır. Bu tarixdir. Mən tamam təriflənməyin əleyhinəyəm. Buraxdığımız səhvlər var. Ən başlıcası torpaqlarımızı itirmişik...

 

- Amma Hafiz Hacıyev əvvəlcə insandır. İnsan kimi nöqsanlarınızı soruşuram. Ədəbiyyatın gözündə onun nazir, siyasətçi olmağı deyil, insan olmağı önəmlidir.

 

- Mənfi-müsbət obraz deyirsiniz. Başa düşdüm.

 

- Yox, onu demirəm. Məsələn, sizi mən çox çılğın, hirsli, hərdən adamları qorxudan biri kimi təsvir edərdim...

 

- Göstərin. Yazın. Bir şey demirəm. Biz bəzən deyə bilmədiyimizi ictimaiyyətə çılğınlıqla çatdırırıq. Rola giririk, yəni. O romanı yazsanız da sağ olun, yazmasanız da. Mənim prezident seçkilərində dediyim bəzi sözlərdən romanda istifadə edə bilərsiniz.

 

- Məsələn?

 

- Durub-cırıb hara qaçırsan?

 

 

- Əsl bədii tapıntıdır.

 

- Mən bu ifadəni Azərbaycan leksikonuna gətirmişəm. Çılğın biri deyirsiniz. Amma qətiyyən belə deyil. Haqlısız həm də. Mənim bu xasiyyətim camaata, rəqibə bu cür təqdim olunur. Mən nəyisə sübut eləmək üçün o rola girməliyəm. Siyasət nədir? Artistlikdir, roldur. Ağır işdir, murdar tərəfləri də var. Baxın, açın mənim səhifəmi, Facebookda haqqımda təhqirlər, söyüşlər yağdırırlar. Mən neyləməliyəm? O rola girməlisən ki, rəqibini özündən çıxarasan. Mən söz almaqdan ötrü yüz oyuna girməliyəm.

 

- Romandakı əsas xüsusiyyətlərdən biri bu olmalıdı yəqin. Hafiz Hacıyevin rola girdiyi məqamlar...

 

- Əlbəttə, bu olmalıdır. Söhbət də elə bundan gedir. Rəqibi qəzəbləndirmək üçün hər cür vasitədən istifadə etməlisən. Orda çılğınlıq da eləməlisən, artistlik də, yazıqlıq da...

 

- Bəzən bu rola girməyiniz yaxşı qarşılanmır. Hətta, etik olmayan ifadələrə də yol verirsiniz.

 

- Elə olmalıdır da! Bu da lazımdı. Əgər mən qabağımdakı adamı təhqir eləməsəm, öz üzərimə çəkə bilmərəm, onunla vuruşa bilmərəm. Rəqiblə vuruşmaq üçün arada bəhanə lazımdır. Hafiz Hacıyevə nə deyirlər desinlər. O, çılğın deyil. Siyasi texnologiyada bildiyi hər vasitədən istifadə eləyən adamdı Hafiz Hacıyev. Buna görə də cəmiyyətdə özümə pis-yaxşı bir yer tutmuşam.

 

- Hansı obraz oldunuz? Müsbət, ya mənfi?

 

- Demirəm, müsbət, ya mənfi obrazlar. Belə də... Kiminsə xoşuna gəlirəm, başqasının yox. Söyənlər də var, sevənlər də. Sadəcə bunu deyim. Gələcəkdə haqqımda roman yazan adam hansı formada istəyir yazsın. Bəzən mənə deyirlər ki, buna necə dözürsən. Bacarmırsansa, oyuna girməməlisən. Səni təhqir də edəcəklər, söyəcəklər də. Biri deyəcək dəlidir, başı xarabdır.

 

 

- Romanın eskizləri, deyək ki, hazırdır. Bəs Hafiz Hacıyev o romanı hansı yazıçımızın yazmağını istəyərdi? Elə bir imza var ağlınızda?

 

 - Vallah, mən bu gün Azərbaycanda güclü yazan yazıçımı deyim, şairmi deyim, dramaturqmu deyim, Çingiz Abdullayevdən böyüyünü görə bilmirəm.

 

- Sizin haqda da yazsa-yazsa Çingiz Abdullayev yazar deyirsiz...

 

- Bəli. O yaza bilər. Çingiz böyük, ali adamdır. İnsan ağzını açanda nə demək istədiyini yaxşı bilir.

 

- Çingiz müəllim rusca yazır. Sizin o bədii tapıntı hesab olunan sözləriniz rusca eyni effekti verməyəcək.

 

- Nolar? Eybi yox. Öz boynuma götürərəm. Yazsın, tərcümə elətdirərik.

 

- Oxuyursunuz gənc yazarları?

 

- Baxıram. Elə bir şey yoxdu onlarda. Onları da qınamıram. Gənc yazarlara maddi yardım edilmir. Onların elə bir şəraiti də yoxdur. Gənc yazar istəyir ki, ürəyindən keçəni yazsın, amma yaza bilmir. Həqiqəti dilə gətirə bilmir. Əgər yazsa, onun kitabı çıxmayacaq. Bilirsiniz, Azərbaycanda yaltaqlıq mühiti formalaşıb. Ürəyindən keçənləri oturub yazacaq cəsarətli yazıçımız yoxdur. Ziyalı təbəqədən küskünəm mən. Taleyinə biganədir. Rəhmətlik Xəlil Rza kimi şair tapa bilmirəm. O cür hayqıran. Yoxdur. Bəxtiyar Vahabzadə kimi şair tanımıram. Bəlkə də var, mən tanımıram. Ortaya çıxmır. Məsələn, Qarabağdan yazacaq...

 

- Aqil Abbasın “Dolu” romanı var axı...

 

- Var. Amma Aqil bəy deputatdır deyə onun yazdığının səmimi olmadığını düşünürlər. Təfəkkürümüzdə elə formalaşıb. Əslində belə deyil. Aqil bəy həqiqəti deyir, istəyir ki, milli birliyə nail olaq.

 

- Bizim yazıçılardan başqa kimləri bəyənirsiniz?

 

- Mən Sabir Rüstəmxanlını çox sevirəm. Amma gəlin görək, Sabir bəyə layiq olduğu qiyməti verə bilirikmi?

 

- Roman yazılmasa da, haqqınızda şeir yazılıb. Elza Seyidcahan yazmışdı...

 

- Vallah, təsadüf etməmişəm. Yazıb yazıb da. Yaxşı yazıbsa, ağzı şirin olsun. Pis yazıbsa da, Allah onun qələmini iti eləsin.

 

- Ümumiyyətlə, Elza Seyidcahandan nəsə oxumusunuz?

 

- Xeyr. Heç oxumamışam. Mən böyük məsələlərlə məşğulam. Gələcək uğrunda mübarizə aparan adamam. Şou əhli məni maraqlandırmır. Əgər Elza mənim adımı çəkib uşaqlarını dolandıra bilirsə, “lijbi” o uşaqlar xoşbəxt olsun deyə razıyam. Bəzən mənə deyirlər ki, səni təhqir eləyirlər, amma sən onlara mülayim cavab verirsən. Deyirəm, məni təhqir eləməklə evinə çörək apara bilirsə, qoy olsun.

 

- Onda siz “Səfillər” romanında o yepiskop kimisiniz. Jan Valjanın oğurladığı şamdanları ona hədiyyə etdiyini deyən yepiskop...

 

- Mənə xəyanət edənləri belə bağışlayan adamam. Hafiz Hacıyevi beşi sevər, əllisi sevməz. Bunları təbii qarşılayıram. Bu cür şeylərə soyuqqanlı yanaşıram. Hətta haqqımda yazılacaq romanda məni mənfi planda təqdim edilməsinə də təbii baxaram, normal yanaşaram.

 

 

- Heç şeir yazmısınız?

 

- Hə. Gələcəkdə kitabım çıxsa, o şeirləri də orda təqdim edəcəm.

 

- Çap olunmayıb?

 

- Yox, olmayıb. Siyasət başımı elə qatıb ki, bəzən ədəbiyyata olan bağlılığımı da unuduram. Bayaq deyirsiniz, məni çılğın, ağzına gələni danışan kimi tanıyırlar. Elə deyil axı. Hafiz Hacıyev ədəbiyyata marağı, dərin düşüncələri olan, xalqına bağlı bir adamdır.

 

- Yəqin ki, siyasi şeirlərdir.

 

- Yox, mən siyasi şeir yazmıram. Vətənimizlə, başımıza gələn faciələrlə bağlı şeirlərdir.

 

- Məhəbbət şeirləri yoxdur?

 

- Məhəbbət deyəndə ki, mənim elə bir məhəbbətim olmayıb. Mən işlədiyim vaxtlar o qədər millətimin fanatiki olmuşam ki, başqa şey ağlıma gəlməyib.

 

- Sevdiyiniz qadın olub yəqin ki.

 

- Bilirsiniz, mən o məsələlərdə həmişə kənarda dayanmışam. Çox cəhd ediblər ki, o məsələ ilə məni vursunlar. Amma alınmayıb. Mən gənc qızlarla işləmişəm bir yerdə.

 

- Mənim dediyim odur ki, məsələn, Aşıq Ələsgər gördüyü, bəyəndiyi xanımlara şeir yazıb. Hafiz Hacıyev elə şeirlər yazmaz?

 

- Ürəyimdən keçib elə bir şey. Sonra fikirləşmişəm ki, siyasi karyerama zərbə ola bilər.

 

- Amma burda söhbət siyasətçi Hafiz Hacıyevdən yox, şair Hafiz Hacıyevdən gedir.

 

- Təbii, təbii... Bunlar paradoksal məsələlərdir. Gərək bunları uzlaşdırasan.

 

- Ürəyinizdən keçsə, yazmayacaqsınız?

 

- Əlbəttə, yazacam. Televiziyalardakı çıxışlarıma baxanlar deyirlər ki, sənə Allahdan vergi verilib, belə gözəl cümlələr qurursan.

 

- Bu da sizin yaradıcılığınızdır.  

 

- Bəli.

 

- Məsələn, həmişə “Əziz mənim xalqım” deyirsiniz, halbuki o “Mənim əziz xalqım” olmalıdır. Yəqin bu da yaradıcılığınızın tərkib hissəsidir.

 

- Xalq əzizdir. Ona görə əzizi başa gətirirəm. Əvvəlcə “Mənim” demək yaraşmaz mənə. “Mənəm-mənəmlik” ifratçılığa gedib çıxır. Bax məndən yazılan romanda bunlar da olmalıdır. O roman intizarda saxlamalıdır oxucunu.

 

- Sizi intizarda saxlayan əsər olub heç?

 

- O televizorda verirlər e... Polat Alemdar...

 

- “Kurlar Vadisi”

 

- Orda çox böyük qəhrəmanlıq obrazı görürəm. Mənim kimi hövsələsiz tamaşaçını o serial maraqlandırır ki, görən, axırı nə olacaq. Şair, yazıçı bunu bacara bilirsə, o, əsl yaradıcıdır. Yoxsa yalandan doldurub tökürsə, ondan bir şey çıxmayacaq. Məsələn, Vahid Əziz məndə həmişə çox böyük təəssürat buraxıb. Onun dediklərində həqiqətlər var. O xalqın ürəyindən keçənləri deyir. Amma bəziləri yazır ki, pambıq tarlasına nə oldu, nə olmadı. Bunlar şeir deyil.

 

 

- Hazırda oxuduğunuz kitab var?

 

- Var. Niyə yoxdur ki? Müəyyən türk yazıçılarının əsərlərindən...

 

- Orxan Pamuk?

 

- Bəli.

 

- Bəyənirsiniz?

 

- Deyim ki, əlçatmaz əsərlər yazır, düz olmaz. Ortadır. Siyasi ədəbiyyatı daha çox oxuyuram. Amma ədəbiyyat mənə kömək edib. Xalqın dilində danışıram mən. Bəzi dostlarımız var, onlar danışanda elə danışırlar, gərək gedib üç gün fikirləşim ki, görən nə deyir. Məsələn, mənim “durub cırıb gedirsən”, ya da buna bənzər bir çox maraqlı ifadələrim var ki, xalqın dilindədir. Mənə görə, ədəbiyyatı sevməyən, ədəbiyyatı bilməyən adam həyatda ayaqyalındır.

 

- Sizcə, ədəbiyyat pis adamı yaxşı eləyə bilər?

 

- Əlbəttə, eləyə bilər. Sidq ürəklə ədəbiyyata yaxınlaşsa...

 

- Sizi yaxşı eləyə bilib, dəyişdirib?

 

- Ədəbiyyat məni çox dəyişdirib. Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərov bizə dərs deyirdi orta məktəbdə. Çox şeylər öyrənmişik ondan.

 

- Mənfiliklərinizi ədəbiyyat aradan götürə bilir?

 

- Vallah, mənim elə də mənfiliyim yoxdur. Mənim mənfiliyim xalqımı sevməyimə görədir. Əgər kiməsə ağır söz demişəmsə, o da xalqımın xeyrinədir. O televizordakı çıxışlarımdakı cığallığım, əslində cığallıq deyil. Onlar olmalıdır. Bu roldur. Məni narahat edən məsələlər var. Biz niyə Qərbə yuvarlanırıq? Niyə Mirzə Şəfi Vazehdən, Sabir Rüstəmxanlıdan yapışmırıq? Çaykovskiyə qaçırıq. Niyə Qara Qarayev olmasın? Qəhrəmanlığı Xəlil Rzadan, Məmməd Arazdan öyrənək. Gedək soruşaq görək, bir müasir gənc şeir bilirmi? Bilmir. Səməd Vurğundan, Qabildən soruş, bilməyəcək. Çünki Qərb imkan vermir. Avropa mədəniyyəti də dağıdıcı mədəniyyətdir. Adət-ənənələrimiz itəndə ədəbiyyatımız da əldən gedir, hər şeyimiz də. Ona görə də ədəbiyyatımızı, tariximizi bilməyən adamı nadan hesab edirəm. Mikayıl Müşfiqin romanlarını oxumayan adam nadandır.

 

- Yəqin şeirlərini demək istəyirsiniz...

 

- Hə, şeirlərini, əsərlərini...

 

- Hafiz bəy, partiyanız adında müasir sözü var. Amma müasirləri oxumadığınızı dediniz...

 

- Vallah, müasir yazarların yazdıqları mənə maraqlı gəlmir. Yaltaqlığa görə. Onlar kitablarını çap etdirmək üçün hər oyundan çıxarlar. Əsas odur filankəsin kitabı çıxdı.

 

- Məsələn, konkret kimləri deyə bilərsiniz?

 

- Heç kimi deyə bilmərəm. Yazıçılar Birliyində deyəsən 300 yazıçı var. Nə yazırlar oxu onlar? Onlara baxanda nifrət edirsən hər şeyə. Mən indi gedim Səxavətinmi adını çəkim, Seyranımı misal gətirim. Sadəcə, ümumiləşdirirəm.

 

- Onda sizə yeni yox, köhnə ədəbiyyat maraqlıdır.

 

- Köhnə ədəbiyyat mənə əzizdir. Mən həbsdə olanda Maksim Qorkinin “Ana” romanını təkrar-təkrar oxudum. Zindanda oxuyurdum və məndə inqilab ruhu yaradırdı. İndi varmı belə əsər? Gedək Anarı oxuyaq? Anar qalxıb desin ki, yağın kilosu 20 manata qalxdı. Yaxud Qarabağın işğalını? Niyə demir? Nədən qorxur? Bunun nəyini oxuyum mən? Hamısı yaltaqdır. Məsələn, Nəriman Həsənzadəni çox sevirəm. Gözəl yazır. Amma sərhədi keçə bilmir, həqiqəti ortaya qoya bilmir. Həqiqəti ortaya qoysa daha çox oxunar, daha çox sevilər. Ziyalı ordenə, medala qaçırsa, o ziyalı deyil. Olur saray şairi. Nizami Gəncəvi niyə sevilirdi? Çünki saray şairi olmadı. Yoxsa o Yazıçılar Birliyində 300 şair-yazıçı oturur. Nə yazırlar onlar? Niyə ədəbiyyatımızı məhv eləyirlər? Niyə onlara vaxt ayırmalıyam? Saray şairləri həmişə dövlətin evini yıxıb. Mən həqiqəti sevirəm, yaltaqlığı yox. Mənə söy, amma düz söy, həqiqəti söylə. Süleyman Rəhimovun romanını oxuyanda deyirdik ki, bu, görəsən yeyirmi, içirmi. Yaxud “Dəli Kür”ü yazan kişinin qabağında necə səcdə etməyəsən? Amma indikilər... Yaltaqlıqdan başqa bir şey bacarmır. Ancaq bu orden alsın. Yaza bilmirsiniz, çəkilin kənara, gedin Yazıçılar Birliyində oturub erməni kafelərini işlədin. Eybi yox, mən bundan sonra qapını bağlayıb ədəbiyyatla məşğul olaram. Bunu da eləyə bilərəm. Amma sabah Yazıçılar Birliyi mız qoyacaq ki, siyasətçilər də ədəbiyyata baş qoşurlar. Ay qardaş, səni oxuyan yoxdur axı... Sən Tolstoyun şeirini tərs-məzhəb yazıb ədəbiyyat yaratmaq istəyirsən. Bu ədəbiyyat deyil ki! Boşqab dibi yalayan yaltaq şair-yazıçılar nəyimə lazımdır? Rüstəm Behrudiyə bir dəfə dedim, yaltaqlıqla şair olmaq olmaz. Mən oturub şeir yazaram, səndən də yaxşı alınar. Yaltaqlıqla Rüstəm Behrudi marketlər açıb. Bununla şair olmaq olmur. Şairlər şeirlə yaşayıblar. Ac olublar, öz şeirlərini yazanda tox olublar.

 

- Belə çıxır ki, sizin haqda romanı deyəsən özünüz yazacaqsınız...

 

- Yox. Özümün özüm haqqında yazmağım alınmaz. Layiqli bir adam lazımdı ki, otura və mənim köməyimlə o romanı yaza. İstəyərdim ki, Azərbaycan siyasətində qəhrəman Hafiz Hacıyev çıxdığı kimi ədəbiyyatında da qəhrəman Hafiz Hacıyev çıxsın. Burdan məni təhqir edənlərə də minnətdarlığımı bildirirəm. Sadəcə bunu deyim ki, Azərbaycan ədəbiyyatının saflaşmasında əlimdən gələni edəcəm.

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017