Plastik əməliyyat edənlər nəyi bilmir? - ARAŞDIRMA

<b>Plastik əməliyyat edənlər nəyi bilmir?</b> - <span style="color:red;">ARAŞDIRMA
30 noyabr 2017
# 15:09

Gözəllik mədəniyyətlə bağlı anlayışdır. O ölkədən-ölkəyə, mədəniyyətdən mədəniyyətə dəyişir. Məsələn, yapon mədəniyyətindəki gözəllik standartları Qərb mədəniyyətində keçərli deyil. Milli geyimlər bu gözəllik qavrayışının göstəricisidir. Bu geyimlər nəyi vurğulayır, nəyə bənzədilirsə o geyimlərdə trendə çevrilir. Bu günlərdə İncəsənət muzeyində gördüyüm orta əsrə aid qadın başmaqları balığa oxşayırdı. Bu bədii bənzətmə məişətə daxil olub. Gözəllik estetika olaraq sənət hadisəsidir.

Müxtəlif mədəniyyətlərin, müxtəlif dövrlərin öz gözəllik standartı olub.

Məsələn, renessans dövründə qadınlarda kirpiyin olmaması gözəllik standartı sayılıb. Məhz buna görə, qadınlar kirpiklərini qoparırmışlar. Mayyalılarda isə kəllənin forması əhəmiyyət kəsb edib. Bu üzdən yeni doğulmuşların başı üçün xüsusi dəbilqələr hazırlayırmışlar.

Texnologiyalar inkişaf etdikcə dünya qloballaşdıqca bu müxtəliflik əriyir və təkstandartlılığa gətirib çıxarıb.

Bu gün tibb insanlara yeni imkanlar verib. Adəmdən bəri Allah vergisi olan gözəllik də indi paranın lütfüdür-plastik əməliyyatlar, botokslar, daha nələr...

Və bunlardan keçən qadınları, (hətta bəzən kişiləri də) eyni xüsusiyyətlər birləşdirir: fındıq, dik burunlar, şişkin dodaqlar, qabardılmış yanaqlar. Deməli, müasir standartlar əvvəlkilərdən tək standartlılığı ilə, hər hansı fərdi xüsusiyyəti qorumaması ilə fərqlənir. Lakin standarta can atmanın kütləvi hal alması bir çox başqa amillərdən də asılıdır.

Psixoloq Günel Aslanova insanların gözəllik üçün estetik əməliyyatlara üz tutmasının onların standartlara uyğun olmaq arzusu ilə bağlı olduğunu deyir:

Bilirsiniz, bunun kütləvi hal alması bir neçə səbəblə bağlıdır. Məsələn, tutaq ki, burunun müəyyən formaya salınması cəmiyyətdə çoxlarının eyni burunu arzulamasına səbəb olur. Bu insanların digərləri kimi olmaq istəyi, seçilməmək istəyi ilə bağlıdır. Əgər bir adamın burnu bir az individual, daha doğrusu fərqlidirsə, o kütlədən burnuna görə fərqlənmək istəmir. Bu insan özünü fərd olaraq qəbul edə bilməməsi ilə bağlıdır. Hər kəs kimi olmaq istəyi, kütlədən seçilməmək istəyi bir çox hallarda uşaqlıqdan ümumi stereotiplərlə, kütləvi dəyərlərlə böyüdüldüyü üçün yaranır. Uşağa müstəqilliyin, individuallığın verilməməsi, davamlı olaraq təzyiq altında böyüdülmə, başqaları kimi olmağı tələb etməkdən qaynaqlanır. Əvvəl-axır uşaq özü kimi deyil, başqasının istədiyi kimi olmağa can atır, özünün standartdan kənar olmasını qəbul edə bilmir.

Estetik əməliyyat etmiş adam qısa bir xoşbəxtlik yaşayacaq, amma insan özü-özü ilə barışıq olmadısa, növbəti dəfə də çəkisi ilə bağlı narahatlıq yaşayacaq. Və ya başqa bir estetik əməliyyata yönələcək. Yaxşı olar ki belə insanlar əməliyyata getməzdən əvvəl psixoloqa cəlb olunsunlar.

Deməli, müəyyən bir zaman trend olan gözəllik standartları naminə fərdi cizgilərindən imtina etmək fərdi, şəxsi seçim deyil, cəmiyyət də burada iştirak edir. Lakin bu imtinanın həm də fəlsəfi konteksti var. Bu, qocalıq və ölüm qarşısında hər şeyin fəlsəfiləşməsi kimi bir məqamdır. Burada müdriklik yox, fəlsəfi-kulturoloji çalar görmək olar.

Sənətşünas Aydın Talıbzadənin şərhinə diqqət edək:

“Əvvəla bəri başdan xəbər eləyim ki, bu sahə üzrə mütəxəssis deyiləm, mövzunu da araşdırmamışam; estetik əməliyyatlar barəsində heç düşünməmişəm də. Problem mənim üçün yoxdur və aktuallaşmır. Bu kontekstdə mən yad bir seyrçiyəm, vəssalam. Odur ki, məndən çox ummayın: nəyi nə cür anlayıramsa, yalnız onu söyləyəcəyəm. Amma dünyanın estetik əməliyyatlarla, plastik cərrahiyyə ilə əlaqəli küyə düşdüyünü, dəlilik sərhədinə çatdığını bilirəm. Ol səbəbdən suallarınızı bacardığım qədərincə cavablandıracağam.

İkinci: əgər plastik cərrahiyyə kiminsə hansısa anadangəlmə və ya xəsarət nəticəsində peyda olmuş qüsurunu, bədən və ya üz defekktini düzəldirsə, insanı normal, komplekssiz yaşama qaytarırsa, bunu alqışlayıram.

Yapon Noh teatrının təlim-tərbiyə-məşq prosesini "aktyorluğun yoqası" adlandırırlar. Orada gələcəyin aktyoruna hər şeydən öncə taleyin onun üçün seçdiyi ampluanı, yəni rol tipajını ləyaqətlə qəbul etməyi öyrədirlər. Öz yaş dönəmlərini ləyaqətlə qarşılamaq da aktyora uşaqlıqdan təlqin edilir. Çünki müəyyən yaş həddini keçdikdən sonra, yəni ahıllaşdıqca, qocaldıqca aktyor rollarının çoxunu itirir. Buna (hətta ölümün özünə belə) hazır olmaq gərək. Ölüm də Allah kimi insana onun şah damarından yaxındır. Nə üçün bu məsələyə toxundum? İş bu ki, ahıl görünməkdən, qoca görünməkdən qorxan adamlar, cavanlığı qeyb etməkdən qorxan adamlar estetik əməliyyata cumurlar. Bu, bir illüziyadır, Hollivud nağılıdr, cizgi filmidir, aldanışdır, bilgisayar oyunudur. Hamını aldatmaq olar, özünü, təbiəti, içini - yox. Əgər kimsə öz qocalığını gizlətməkdən, yaşını azaltmaqdan, özünü cavan göstərməkdən ötrü estetik əməliyyata gedirsə, bunu anormallıq, psixi pozuntu, tuhaflıq hesab eləyirəm. Hər bir yaş dönəminin öz cazibəsi, gözəlliyi, xarizmatikliyi var.

Plastik-estetik cərrah, professor Vaqif Qələndərli fərdi xüsusiyyətlərin nəzərə alındığını deyir:

Hər insanın üzünün müəyyən ölçüləri var və təbii ki, bunu gözləməliyik. Ola bilər ki, xəstənin istədiyi burun ya hansısa nahiyənin forması çox gözəl olar, amma onun sifət cizgilərinə uyğun olmaz. Bəzən şəkil gətirirlər ki, eynən bu adamın burnu kimi olsun. Başa salırıq ki, bu sənə yaraşmaz.

Bir insanın üzündə bir qüsur varsa burnunda, çənəsində deformasiya varsa müasir cərrahiyə bunun aradan qaldırılmasına imkanlar yaradıb. Bir xanım toya gedəndə makiyaja 1 saatdan artıq vaxt sərf edir, bizsə burun əməliyyatını 45 dəqiqəyə tamamlaya bilirik. Bu isə ona həyatı boyu müsbət enerji verir. Əgər 45 dəqiqəyə aradan qaldırmaq mümkündürsə, insan üzündəki hansısa qüsurun kompleksini niyə yaşasın? Psixoloji narahatlıq yaşamaq, kompleks keçirmək özü də bir xəstəlikdir və biz bunun qarşısını alırıq. İnsan niyə özünü mənfi emosiya ilə yaşamağa məcbur etsin? Amma kimsə dəb xatirinə əməliyyat etməyə gəlirsə mən heç razılaşmıram və ona əməliyyatın gərəksizliyini izah edirəm.”

Görünəni odur ki, edilən plastik əməliyyatlar sosial-pxioloji gerçəkliyin təzahürüdür. Hətta xüsusi gözəllik üçün yox, sonradan qazanılan deformasiyalar üçün edilən əməliyyatlarda belə səbəb sosial psixolojidir. Burada sosial “dışlanma” da rol oynayır. Amma bu “dışlanma”da idarəedici sistem də gözə çarpır:

Estetik əməliyyatlar həyatımızın standartlaşmasının, unifikasiya olunmasının və insanın getdikcə artan istismarının nəticəsidir. Müasir cəmiyyətdə hər şey satışa çıxarılır. O cümlədən, insan da. Və hər hansı mal kimi, onun da qutusu daha cəlbedici olmalıdır. Hamı arıq olmağa çalışır. Yaşına, yapısına uyğun olmasa da. İşə götürənlər alsın deyə. Bu səbəbdən, kosmetikanın edə bilmədiyini əməliyyatlarla edirlər. Estetik baxımdan bu, şablonların gözəllik ideyasına sahiblənməsi, süniliyin artması deməkdir. Gözəllikdə özünəməxsusluq, təbiilik məqamının zəifləməsi deməkdir. Plastik əməliyyatlar artıq industriya halını aldı. Böyük pullar qazanılır orda. Və düşünürəm ki, edilən əməliyyatların əksəriyyəti zəruri ehtiyacdan deyil. Bir zamanlar azərbaycanlılar vardı, uşaqlarının saf dişlərini yonub qızıl qapaq qoydururdular. Düşünürdülər ki, belə daha gözəldir. Təxminən o effekt indi plastik əməliyyatladır. Qızın iri də olsa, cazibədar burnu var, normal dodaqları var, gedib dəyişdirir, üzünə sünilik, qondarmalıq ab-havası gətirir, sonra bununla ömrü boyu yaşamalı olur. Plastik əməliyyatlar zəruridir. Adamlar var, qəza keçirib, ya başqa səbəbdən, güzgüyə baxa bilmir. O, hökmən əməliyyat olunmalıdır. Onun üçün bu, xilasdır. Müasir kütləviləşmə isə zənnimcə, müvəqqətidir, zamanla sakitləşəcək” -filosof Müşfiq Şükürov belə düşünür.

Müasir gözəllik standartlarını əvvəlki dövrlərdən fərqləndirən bir məqam daha var, bu qədər kütləviləşməsinə, müxtəlif məşhur nümunələrdə ideallaşmasına baxmayaraq bədii təfəkkürdə tam refleksiya olunmur. Əgər keçmişin gözəllik standartlarını klassik şairlərin vəsflərindən, mahnılardan, (“küz alması tək al yanaqlım”, “qoşa badam sığmayan dar ağuzlum” kimi) bənzətmələrdən bilə bilirdiksə, bu günün standartları vizual sənətlərdə əksini tapır: rəssamlıqda, fotoqrafiyada və s. Bəs bu standartlar haradan götürülür?

Sənətşünas alim, professor Aydın Talıbzadənin fikrincə, qloballaşma dövrünün gözəllik standartı isə bilgisayar oyunlarının qəhrəmanlarına görə müəyyənləşdirilir: “Bu da ideologiya və biznesdir. Estetik əməliyyatlardan çıxmış adamlar da bilgisayar oyunlarının personajlarını xatırladırlar. Gözəllik kateqoriyadır: əgər kateqoriyadırsa, deməli, yalnız bizim beynimizdə mövcuddur. Əgər beynimizdə mövcuddursa, demək, onu korrektə etmək, dəyişmək mümkündür. Yəni sonucda 25-ci kadr effekti. Məram aydındır: insan - robot sərhədində məxluqlar yaratmaq, öz planetində yad planetli olmaq, bir-birinə oxşamaq, fərqləri minimuma endirmək. Bu ona görə belədir ki, küy, yəni reklam, videoçarxlar, plakatlar, təbliğat maşını düşüncəyə qalib gəlib onu öz ardınca sürükləyir. Nəticə də bu olur ki, hamı "Əlinin jelibon kefi"nə həsədlə baxıb jelibon almaq həşirində bulunur. Bir aldanış o biri aldanışı yaradır. Bədii-estetik təfəkkür isə həmişə gerçəkliyin refleksiyasıdır”.

Bütün bunlardan başqa estetik-plastik cərrahiyə sinfi ziddiyyətlər kontekstini də aktivləşdirir.

Estetik əməliyyatlar qlamur həyat ideologiyasının içinə daxildir. Amma bu, təkcə ideologiya deyil, həm də çox böyük bir biznezdir, milyonçulardan pul qoparmaq vasitəsidir. Bu sahə kasıblar üçün qapalıdır. Kasıblar estetik əməliyyatlara pul xərcləmirlər. Qlamurun özü belə varlıları tez-tez pul xərcləməyə vadar etməkdən ötrü bir tələdir.” (Aydın Talıbzadə)

Psixoloq Günel Aslanova gözəllik naminə edilən əməliyyatların da təbəqələr arasında fərqləri ortaya çıxardığını söyləyir; İnsanlar daha bir kompleks yaşayırlar.

Cəmiyyətdə bədii mədəniyyətin yüksək olmaması, təsviri sənətin çoxluq tərəfindən tanınmaması da bir səbəbdir. Çox az adam rəssam, mədəniyyətşünas rəssam Teymur Daimi kimi düşünür:

Zənnimcə bir neçə məqamlar istisna olmaq şərtilə (əgər insan doğulandan böyük bir fiziki qüsurdan əziyyət çəkir və ya şou biznesə məxsussansa) estetik əməliyyatlara heç bir ehtiyac yoxdur. Təbii, canlı quruluşa müdaxilə edilməsinin tərəfdarı deyiləm”.

# 1838 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #