Azərbaycanlı aktrisanın xəyanətə göz yuman əri

 

Günel Natiq

 

Xəyanətdən söz düşəndə adətən kişilərin adı hallanır, halbuki qadınlar da bu “xəstəlikdən” məhrum deyillər.

 

Sadəcə olaraq bəylər xanımlar kimi bu barədə sağa-sola informasiyalar ötürmürlər, heç bir kişi başqalarının nəzərində “buynuzlu” olmaq istəməz.

 

Həm də qadınlar xəyanətlərini daha məharətlə gizləyə bilirlər, nəinki kişilər. Çünki qadınların taleyi bundan asılıdır.

 

Kişilər üçün bu, bir qürur məsələsidir. Və yanlış olaraq belə düşünürlər ki, əgər qadın xəyanət edibsə, deməli kişi onun tələbatını ödəyə bilmir. 

 

Bu, yanlış təsəvvürdür.

 

Eynilə kişilərin xəyanəti kimi konkret izahı yoxdur.

 

Məsələn, rus klassiklərinin əsərlərində qadınlar xəyanət edir, çünki yeni hisslər dadmaq istəyirlər. Çexovun hekayələrində hər iki qadından biri xəyanətkardır. Amma yazıçı onlara da haqq qazandırır, yəni “onların da yaşamağa haqları var”.

 

Hekayələrin birində qadın xəyanət edir, çünki sevmədən ərə gedib, əri kifirdir, əyriayaqdır və s. Amma (digər hekayələrində) yaraşıqlı, cavan ərə sahib olanlar da yad kişilərlə görüşmək, yasaq eşq yaşamaq fürsətini əldən vermir.

 

Rus qadınlarının psixologiyasını klassiklərin əsərləri ələ verir.

 

Deyilənlərə görə, Çexovun özü də aldadılıb. Arvadı, məşhur aktrisa Olqa Knipper rejissor sevgilisiylə ona xəyanət edirdi. Çexov bunu hiss etsə də, arvadını ittiham etmirdi, sadəcə məktublarında incə eyham vururdu. (Xatırladım ki, onlar məsafəcə bir-birlərindən uzaq idilər, Olqa Knipper Moskvada teatrda işləyirdi, Çexov isə səhhətinə görə Yaltada yaşayırdı).

 

Müşahidələrimdən bu nəticəyə gəlirəm ki, xəyanət etmək istəyən qadının qarşısını heç kim ala bilməz. Nə qısqanc ər, nə məhdudlaşdırılmış azadlıq, nə kilidlənmiş bağlı qapılar. Qadın əngəlləri dəf etməyə mütləq bir yol tapacaq.

 

Kişilər ya bunu görmür, ya da görməzlikdən gəlirlər. Çox vaxt ikisi də bir arada olur. Görüb də görməzlikdən gəlirlər.

 

Mənə bir məşhur aktrisamızdan danışıblar, hansının ki, əri ona dəlicəsinə aşiq idi, qadın isə sabit fikirli deyildi, tez-tez aşiq olmaq kimi vərdişi vardı.

 

Hətta o vaxtlar qəhrəmanımız olan aktrisa özündən xeyli gənc olan bir aktyora düşkün imiş, onun evində yeyib-içib, elə orda da gecələyirmiş. Daha doğrusu, aktrisanın həyat yoldaşı onun yad kişinin evində gecələməyinə imkan vermirmiş, kefli arvadını gecə yarısı da olsa maşına mindirib evə gətirirmiş.

 

Yəni həyat yoldaşına aşiq olan kişi heç vəchlə onu itirmək istəmirmiş və fədakarlığının sayəsində ər-arvad 40-50 il şad-xürrəm ömür sürdülər.

 

Biz istədiyimiz kimi deyil, bacardığımız kimi yaşayırıq. Biz xoşbəxtliyi uydururuq, əslində biz heç birimiz xoşbəxt deyilik. Aktrisanın fədakar həyat yoldaşı da özü üçün kiçik bir xoşbəxtlik dünyası uydurub orda “şad-xürrəm” ömür sürdü. Niyə də olmasın?

 

Uzaqdan-uzağa tanıdığım bir qadın var. Ev qadınıdır. İşləmir, heç vaxt da işləməyib. Kənardan başıaşağı, tərbiyəli ev qadını təsiri bağışlayır. Ziyafətlərdə açıq-saçıq geyinən xanımlar ona özünə fikir verməyi, geyim-keciminə əl gəzdirməyi, artıq kilolarını əritməyi tövsiyə edirlər.

 

Amma təsəvvür edin ki, “ailə qayğılarının içində itib-batmış” qadının həyatında onlarla kişi var. Və yeni kişilər peyda olmaqda davam edir. Getdiyi yerlərdə mütləq nəzərləri kişilərin üstündə olur. Pullu olanları dərhal seçib ayırır. Yəni təcrübə öz sözünü deyir.

 

Ər isə qısqanc kişidir. Düzdür, arvadı barədə pis fikrə düşmək ağlına da gəlmir. Ancaq hər ehtimala qarşı arvadının ətrafındakı qadınları kontrol edir, dul qadınlarla rəfiqəlik etməyinə izn vermir, çünki onun fikrincə, dul və boşanmış qadınlar pozğunluğa ən birinci namizəddirlər.

 

Yaxşı, bu qadının məqsədi nədir? Evi-eşiyi, uşaqları... Ehtiyacları yoxdur. Ər yaxşı ailə başçısıdır. Bəs problem nədədir?

 

Mənə elə gəlir, qadının psixoloji asılılığı var. Necə ki, spirtli içkilərdən, siqaretdən və s. asılı olurlar. Xəyanət də bir növ zərərli vərdişə çevrilib, qadını özündən asılı vəziyyətə salıb.

 

Bu ailə də kənardan xoşbəxt görünür. Narahatlığa heç bir əsas yoxdur. Yəqin bu ailə ən azı “100 il” yaşayacaq. Çünki belə “səriştəli” arvadların idarə etdiyi ailələr adətən möhkəm olur.

 

“Psixoloji asılılıqdan” isə çətin qurtulsun.

 

Necə deyərlər, qozbeli qəbir düzəldər.

 

 

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017