Məşhur filosof: “Məhəmməd peyğəmbərə inanmamaq olmur”

<span style="color:red;">Məşhur filosof:  “Məhəmməd peyğəmbərə inanmamaq olmur”
27 noyabr 2017
# 09:00

Kulis.az fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılov ilə müsahibəni təqdim edir.

- Fərman müəllim, neçə ildir dərs deyirsiniz?

- Çoxdan, 55 il var.

- Fəlsəfə tədris edirsiniz?

- Yox, mən Axundov adına Pedaqoji İnstitutun ingilis dili fakültəsini bitirmişəm. Lenin təqaüdü ilə qurtardığıma görə məni müəllim kimi kafedrada saxladılar, lakin özüm fəlsəfəyə çox meylli idim. Ona görə də əvvəl Tiflisə, sonra Moskvaya getdim, orda Qərb fəlsəfəsi üzrə təhsilimi davam etdirdim. Müasir Qərb fəlsəfəsi üzrə Azərbaycanda o dövrdə heç bir mütəxəssis yox idi.

- Siz ilk mütəxəssis idiniz?

- Bəli. Azərbaycanda Qərb fəlsəfəsi üzrə doktorluq dissertasiyasını da ilk dəfə mən eləmişəm.

- Qərb fəlsəfəsini marksizm-leninizm yönündən təhlil edirdiniz?

- Məsələ belə idi ki, marksizm-leninizm deyilən fəlsəfəni Qərbdən baxanda qəbul etmək mümkün deyildi. Amma rəsmiyyət tələb edirdi ki, biz istəsək də, istəməsək də o doktrina ilə hesablaşaq. Düzdür, tədris prosesində o ehkamları tələbələrə çatdırmalı idim, ancaq təhqiqat sahəsində heç vaxt marksizm fəlsəfəsi üzrə bilavasitə təhqiqatım olmayıb. Bütün təhqiqatlarım Qərb fəlsəfəsi üzrə olub.

- Yəni Qərb fəlsəfəsini marksizm-leninizm yönündən tənqid etməmisiniz?

- 20-30-cu illərdə sovetlərdə tədqiq olunan marksizm-leninizmi sonralar çox cırlaşdırdılar. Elə çalarlar verdilər ki, tamamilə ideoloji horra meydana çıxdı.

- 1978-ci ildə “Antikommunizm və insan problemi” əsəriniz çıxıb. Mən əsərlə tanış deyiləm ,amma adından belə başa düşdüm ki, kommunizmin əksi olan düşüncələr o əsərdə tənqid olunur.

- Məsələ burasındadır ki, marksizm fəlsəfəsinin ilkin variantında çox böyük ideyalar var. Məsələn, marksizmdə özgələşmə problemi qoyulub. Bununla əlaqədar olaraq Marks fəlsəfədə yenilik edib. İstehsal prosesi, əmək bölgüsü, maddi nemətlər bölgüsü və sair sahələrdə Marks ciddi elmi ideyalar irəli sürüb. Bu ideyalar bu gün üçün də aktualdır, mən deyərdim təkcə bu gün üçün deyil, əbədiyyən aktualdır. Lakin elə vəziyyətə gətirdilər Marksdan çox az şey qaldı, onu ideoloji istiqamətə yönəltdilər. Fəlsəfi təlim kimi ictimaiyyət üçün açılmadı. Onun 1844-cü ildə qələmə aldığı iqtisadi-fəlsəfi əlyazmaları dünya fəlsəfəsində çox qiymətli əsərdir. Daha sonra isə onun “Alman ideologiyası” əsəri var, bu əsər 1932-ci ilə qədər çap olunmayıb. O iki əsər 1932-ci ildə çap olunmuşdu. Orda qaldırılan problemləri bizimkilər yeniləşdirə bilmədilər, ancaq Qərb filosofları-ekzistensialistlər onun üzərində yüksəlməyə başladılar. Haydegger, Sartr, Yaspers və başqaları həmin problemə fundamental əhəmiyyət verməyə başladılar. Düzdür özgələşmə problemini əvvəlcə Hegel irəli sürmüşdü, ancaq o, dərinləşdirə bilməmişdi. Onu Marks inkişaf etdirdi. Biz sonralar universitetin professoru İzzət Rüstəmovla “Alman ideologiyası” əsərini çevirdik. Hətta tərcümə bitdikdən sonra əsəri aparıb Marksizm-Leninizm İnstitutuna təhvil verdik. Ancaq o arada da sovetlər dağıldı və ideologiya öz əhəmiyyətini itirdi. Ümumiyyətlə marksizmdən Qərb fəlsəfəsi geninə-boluna faydalandı. Qərbdə Marksın fəlsəfəsini iki yerə bölürlər: Cavan Marks və bir də “Alman ideologiyası” əsərindən sonrakı dövr. Bax, Marksın cavan dövründə yazdığı əsərlər əvəzsiz xəzinədir.

- Marksizmin böyrünə bir də leninizm qoşurlar.

- Bu çox quraşdırma bir şeydir. Əslində Leninin bir fəlsəfi əsəri var. O əsər də başdan-başa dolaşıqlıqdır. Düzdür, Lenin o əsəri yazmaq üçün çox əziyyət çəkib, 700-ə qədər kitab oxuyub. İyirmi-otuzuncu illərdə Deburin adlı filosof olub. O, Leninə filosof deyilməsinə razı deyildi. Mənə elə gəlir ki, marksizmin leninizmlə birləşdirilməsi çox böyük səhv idi.

- Çox güman bunları o vaxtı tələbələrə demirdiniz.

- Sözsüz. Onu demək olmazdı. Xruşşovun məşhur fikri vardı ki, ya sosializmi vəsf etməlisiniz, ya da yeriniz Sibirdir. Qərb fəlsəfəsini elə tədqiq etmək lazım idi ki, səndən şübhələnməsinlər. Hətta Moskvada gizli kitabxana var idi. Oranın kitablarından istifadə edərkən də çalışırdım ehtiyatlı olum ki, şübhələnməsinlər.

- Həmin kitabxana haqqında bir qədər ətraflı danışardınız.

- Moskvada xüsusi kitabxana var idi. Hər adam buraxılmırdı. Mən də xüsusi icazə əsasında o kitabxanaya gedirdim. Orda əlimə nə keçdi oxuyurdum, heç dissertasiya yadıma düşmürdü.

- Yəqin kopya eləmək mümkün deyildi.

- Kopya vardı, ancaq kitabxanadan çıxanda yoxlayırdılar ki, hansı kitabdan hansı sitatı çıxarmısan, onların qeydiyyatı aparılırdı. Yazdıqlarımızı yoxlayırdılar. Sabah hardasa həmin antikommunist xarakterli tezislərdən istifadə eləsəydim, onda məni ifşa eləmək üçün çox asan yol var idi.

- İngilis dilində oxuyurdunuz?

- İngilis dilində olan kitabları da oxuyurdum, ancaq Şpenqler, Nitşe və Freydin əsərlərini rus dilində oxumağa üstünlük verirdim. Gələndən sonra həmin üç müəllif haqqında “XX əsr Qərb fəlsəfəsi tarixi”ni yazdım.

- Freydlə tanışlıq sizin dünyagörüşünüzdə nələri dəyişdi?

- Marksda çatışmayan cəhətləri Freyddə tapdım. Marks bəşər tarixinin başlanğıcını ancaq əmək fəaliyyəti ilə əlaqələndirir. Freyd deyir ki, əməkdən qaçmaq mümkün deyil, ancaq insan tənbəl məxluqdur, onu təzyiqsiz əməyə cəlb etmək olmaz. Bundan əlavə Freyd deyir ki, əmək fəaliyyətinə başlamaq üçün şüur lazımdır. Bu cəhəti qəbul etməmək mümkün deyil. Beləliklə bəşər tarixinin başlanğıcını Freyd həm ruhla, həm də əmək fəaliyyəti ilə əlaqələndirir. Marks isə yalnız əmək fəaliyyəti ilə əlaqələndirir.

- Yəni Marks ancaq materializmi qəbul edirdi. Bəs Freyd necə, materialist deyildi?

- Freyd cavanlığında Nitşedən çox təsirlənibmiş. Sonrdan görüb Nitşe onu çox sıxışdırır və ondan uzaqlaşıb.

- XX əsrə həm siyasi, həm iqtisadi, həm təfəkkür sahəsində təsir göstərən üç alman filosofu var: Marks, Nitşe, Freyd.

- Marks XX əsrə şübhəsiz çox təsir göstərdi. Dünyanın yarısını sosializm ideyası tutmuşdu. Ancaq Nitşeni bütləşdirən faşistlər-Hitler oldu. Beləliklə faşizmin qalib gəlməsi Nitşeyə böyük ziyan vurdu. Nitşedə faydalı şeylər çoxdu.

- Hitler Nitşenin fövqəlinsan anlayışından yararlanaraq almanları ali irq kimi qələmə verdi.

- Fövqəlinsanın milləti yoxdur, o yarıdan aşağı insandır, yarıdan yuxarı heyvandır. Fövqəlinsanın parametrləri sırasında bəşərilikdən qalan heç bir tabular sistemi yoxdur, din, fəlsəfə, hər şey inkar olunurdu. Onun üçün Allah yoxdursa, hər şey bitmiş hesab olunur.

- Fövqəlinsan ideyası bəşəriyyət üçün lazımlıdır?

- Nitşenin ideyası bəşəriyyət üçün təhlükəlidir. Nitşe nihilist idi, nihilistin ifrat forması çox dağıdıcı xüsusiyyətə malikdir. Nitşenin “Antixrist” əsəri var, bütün dinləri inkar edirdi. Nitşe deyir Sokrat fəlsəfənin ölümüdür. Bilirsiniz niyə belə deyir? Vaxtilə Marks deyirdi Sokrat fəlsəfənin intibahıdır. Baxın, Sokratla əsl fəlsəfə başlayır, çünki fəlsəfə ruhla əlaqədar elmdir. Nitşe ruhu çıxarıb atır, yerdə instinktlər qalırdı.

- Marks ruhu inkar etmirdimi?

- Marks ruhu hansı halda inkar edirdi? Marks ruha vulqar-materialist forma verirdi. O, ruhu qətiyyən inkar etmirdi.

- Fərman müəllim, ruhun varlığına inanırsınız?

- Şübhəsiz.

- Sizin inandığınız ruh anlayışı ilə xalq arasında ümumi şəkildə qəbul olunmuş ruh anlayışı arasında nə qədər fərq var?

- Bilmirəm kimin sözüdür, deyir, ruhun mövcudluğuna materiyanın mövcudluğu qədər inanmaq lazımdır. Çünki artıq ruhsuz həyat yoxdur. Ruhu gərək başa düşəsən.

- Ruhu elmlə isbat eləmək mümkün deyil?

- Ruhu başa düşmək üçün elmi təhqiqat əl vermir. Elm obyektivliklə məşğul olur, ruh axı xalis subyektivlikdir, subyektivliyi elm başa düşmək iqtidarında deyil. Fəlsəfənin həqiqətini ancaq fəlsəfə ilə açmaq mümkündür. Bəşər tarixi hələlik ruhu anlamayıb. Çünki ruh beyin məsələsidir. Beynin xüsusiyyətlərin hələ tam tədqiq edə bilmədiyimiz üçün ruh haqqında bildiklərimiz hələ dəqiqləşməyib. Axı sizin və bizim inandığımız Quranda deməyiblərmi ki, ruh barədə sizə çox az şey öyrətdik, bu ilahinin işidir?

- Ruhun forması varmı?

- O şeyin ki, materiyası yoxdur, o şeyin forması haqqında danışmağa dəyməz.

- Ruh insanın harasında yerləşir, bədənindəmi, beynindəmi?

- Ruhun harada yerləşməsi məsələsi hələ də problem olaraq qalır. Vitgenşteyn deyirdi ki, ruhun insan beynində yerləşməsi haqqındakı təsəvvürdən yanlış təsəvvür ola bilməz.

- Belə bir təcrübə barədə eşitmişdim: İnsanı can verən anda və can verəndən sonra çəkirlər, onun çəkisində bir neçə qram fərqlilik yaranır. Bunun əsasında deyirlər ki, ruhun çəkisi bir neçə qramdır.

- Almaniyada belə təcrübə aparılıb. Sadəcə, dediyim kimi, elm hələ ruhu tam tədqiq etməyib.

- Fərman müəllim, postmodernizm barədə fikirlərinizi öyrənmək istərdim.

- Postmodernizmlə məşğul olmamışam. Bir aspirantım vardı, Nərmin Kamal...

- Gözəl tanıyıram, dostumuzdur.

- Nərmin Kamalın çap olunmuş “Umberto Eko və postmodernizm fəlsəfəsi” adlı dissertasiyası ilə əlaqədar olaraq mən bir az postmodernizmi araşdırdım. Postmodernizmlə əlaqədar olaraq suallara cavab vermək istəməzdim.

- Gənclik illərində Qərb fəlsəfəsini öyrənən zaman postmodernizmə rast gəlməmişdiniz?

- Hələ onlar meydanda yox idilər. Postmodernizm mənə o qədər də yüksək təsir bağışlamadı. O mənada ki, ideyaları cırlaşdırmaq məqsədi güdür. Bədiyyatla fəlsəfənin sintezini edən filosoflar çox olub. Ekzistensialist filosoflar içində də yazıçılar çoxdur - Kamyu, Sartr. Hər ikisi həm ədəbiyyat sahəsində, həm fəlsəfə sahəsində öz ideyalarını irəli sürmüşlər. Ancaq postmodernistlər fəlsəfədən ədəbiyyata getmək əvəzinə, ədəbiyyatdan fəlsəfəyə doğru gedirlər. Bu mənə xoş gəlmir.

- Postmodernizm bildiyim qədəri ilə həqiqətlər çoxluğudur. Sıfırla bir arasında sonsuz sayda rəqəm olduğu kimi, ağla qara arasında başqa rəng çalarları olduğu kimi həqiqətlər də çoxdur.

- Əgər həqiqətlər çoxluğu olsaydı qarşılıqlı münasibətlərdə okeana düşərdik, anarxiya əmələ gələrdi. Həqiqətlər çoxluğu yarandıqda mən həqiqəti harda axtarmalıyam?

- Lütfi Zadənin yaratdığı qeyri-səlis məntiq də posmodernizmə oxşayırmı?

- Oxşayır. Lütfi Zadəyə də görə sıfırla bir arasında saysız-hesabsız rəqəmlər var. Burda da rasional deyil. Hər hansı bir ideya meydana çıxanda boş yerdən yaranmır.

- Allaha inanırsınız?

- Tələbələr bu sualı mənə çox verirlər. Onlara verdiyim cavabı sizə də verəcəm. Məhəmməd peyğəmbərin gətirdiyi dinə, paradiqmatik halda, yəni ideal vəziyyətində, Məhəmməd peyğəmbərin öz əlindən çıxmış halında inanmamaq mümkün deyil. Amma o dövrdən nə qədər keçib, 14 əsrdən çox. Düz-yalan çoxlu ideyalar ona qoşulub, bu nə əmələ gətirib, mövhumat əmələ gətirməyibmi? Buna görə də həmin Məhəmməd peyğəmbərin ideyaları mövhumata qarşı deyilmi? Bizim dinimiz ən realist dindir. Həmin o realist dindən söhbət edirsinizsə, orda təsvir olunan ilahidən söhbət edirsinizsə o dinə inanıram. O dinə ki, mollalar yas məclislərində danışırlar, o dinə inanmaq çətindi.

- Fərman müəllim 80 yaşınız var. Ömrünüzün çox hissəsini də fəlsəfə ilə məşğul olmusunuz. Fəlsəfə həm də tanrını, yaradılışı öyrənir. Mən sizə tanrı barədə sual verdim, mənə dindən danışdınız. Sizin öyrətdiyiniz fəlsəfə elmi ilə İslamın bizə öyrətdiyi Allah arasında nə fərq var?

- Bu saat elm materiyanı bölə-bölə elə bir həddə gətirib ki, sonu izah etmək olmur. Bax, bu zaman inam işə düşür. Yəni Bertant Rasselin bir konsepsiyası var, fəlsəfə elmlə din arasında ortaq mövqedə dayanır. O problemləri ki, həll etmək mümkündür, fəlsəfə onları elmə ötürür, o problemləri ki, həll etmək mümkün deyil, inam məsələsidir, onu dinə ötürür. Doğrusu mən dinlə çox maraqlanmıram, ancaq kainatın bir sahibi var.

- Freydin ideyalarını bizim üçün asan dildə necə izah edə bilərsinizmi?

- Freyd deyirdi ki, ailədə məhəbbət çarpaz bölünür. Atalar qızlarını, oğlanlar analarını çox sevir. Buna Edip kompleksi deyirlər. Freyd deyirdi ki, bəşər tarixinin başlanğıcında bu fərqləndirmə olmayıb. Freyd deyirdi ki, bu xüsusiyyətlər bütün insanlarda mövcuddur. Hələ sosiallaşma prosesi baş verməmişdən bu xüsusiyyət insanlarda vardı. Normalar yaranmağa başlayandan sonra bu kimi hallar ləğv edildi. Yəni mədəniyyətə təkan verən Edip kompleksi oldu.

- Freyd hər şeyin mərkəzinə cinsəlliyi qoyurdu. Amma ideyalarına qarşı çıxanlar oldu.

- Freydin tələbəsi Yunq məsələni tamam başqa cür qoydu. Freyddən sonra gələn neofreydistlər də onun ifrata vardığını qeyd etdilər. Freyd bişüur deyilən bir anlayışı gətirib. Freydin ideyaları absurd olsaydı onu dünyanın nəhəng alimlərindən hesab etməzdilər.

- Freyd dünyaya nə verdi?

- Freyd dünyanı anlamağın metodunu verdi. Bizim beynimiz binar prinsip əsasında, yəni ikili prinsiplər əsasında qurulub. Sizə dünyada vahid bir şey verib onun antipodunu verməsələr siz onu dəyərləndirə bilməzsiniz? Yaxşı olmayanda pisi dəyərləndirmək olurmu? Yox. Bax, beynimiz belə qurulub. Şüuru başa düşmək üçün onun antipodu lazım idi. Freydin xidməti də ondan ibarət idi ki, bişüuru, qeyri-şüurunu ortaya qoydu. Yeni metod gətirdi. Freyd deyir ki, mədəniyyətin başlanmasına qədər olan dövr insan beyninin onda doqquzunu təşkil edir, şüur isə bir faizini təşkil edir.

- Deməli Freyd sübut elədi ki, insan təhlükəli, şərə meylli varlıqdır.?

- Şübhəsiz. Onda belə bir ideya var.

- Belə çıxır, insanlar xaricən eyni olduqları kimi şüur olaraq da eynidirlər, hamısında Edip kompleksi və başqa xüsusiyyətlər var.

- Təbiətdən qaça bilmərik. Biz insan səviyyəsinə yüksəlmək üçün bioloji sferadan keçmişik. İnsana tərif verəndə deyirik ki, insan bioloji, sosioloji, psixoloji, kosmoloji varlıqdır. Bunun birini çıxarsan insan olmaz. Freyd də deyir ki ,bizim bioloji varlığımız nəsildən-nəslə keçib gəlir. Edip kompleksi və başqa xüsusiyyətlər hər insanda bu və ya başqa səviyyədə var. Mədəniyyətin antihumanist funksiyası da orda ortaya çıxır ki, həmin ibtida sıxışmanı gücləndirir. Kənddə yaşayan adamların evləri bir-birindən bir kilometr aralıdır. Onlara psixologiya lazım deyil. Ancaq Mexikoda 20 milyon adam yaşayır. Tokioda da o cür. Bax belə böyük şəhərlərdə sıxışma güclənir. Yəni mədəniyyətin inkişafı ilə əlaqədar olaraq normaların sayı çoxalır. Freyd buna sıxışma deyirdi. Baxın, kənddə yaşayan insan nə qədər rahatdır, amma şəhərdə yaşayan insan daima qorxu içindədir, çünki ətrafında daim təhlükə var. Freyd buna görə deyir ki, bəşəriyyəti mədəniyyət xilas edəcək. Çoxları Freydi panseksualist hesab edir, ancaq bəşəriyyəti seks xilas etsəydi Freyd bunu mütləq deyərdi.

# 2845 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #