"Ayə, harya gedersen, ayə?"

"Ayə, harya gedersen, ayə?"
24 noyabr 2017
# 12:11

Cavid Zeynallı

Saytlar xəbər yazdı ki, Vüsal Rzasoy adlı gənc AzTV-nin efirində “Ayə, harya gedersen, ayə?” adlı mahnı oxuyub. Daha sonra layihənin rəhbəri məsələyə aydınlıq gətirdi və məlum oldu ki, həmin kadrlar efirə verilməyib. Vüsalı dinləyənlər məni daha yaxşı başa düşərlər: hətta həmin kadrlar dövlət televiziyasında efirə verilsəydi belə, mən burda qəbahət olan heç bir şey görmürəm. Amma hər bir qurumun öz mövqeyi, standartı var və efir siyasətini ayrı-ayrı fərdlərin yox, ictimaiyyətin istəyinə uyğun qururlar.

Böyük mənada bunun yazacağım məsələyə dəxli yoxdur. Müqayisə qüsurlu çıxmasın, məşhur yazıçı Pol Oster Türkiyəyə gəlməkdən imtina edəndə Ərdoğan “Gelsen ne olur, gelmesen ne olur?” cümləsini işlətmişdi. İndi həmin mahnı efirə getsə nə olacaqdı, getmədi nə oldu?

Vüsal Rzasoyun 30 yaşı var. Bakıda "Tengri" rok qrupunun vokal ifaçısı olub, daha sonra Litvada şəxsi rok qrupunu yaradıb. Hazırda Bakıda yaşayır və özünü “Müasir Azərbaycan gənci” layihəsində sınamaq istəyib. Hər şey də bundan sonra başlayıb. Həmin kadrlar saytlarda yayılar-yayılmaz insanlar Vüsala gülür, ələ salır, haqqında “səviyyəsiz”, “mənasız”, “düşük” kimi ifadələr işlədirlər. Bəs nə olub, bir gənc fərqli sözlər oxuyub, hamımız kimi görünmək istəməyib. Vüsal məhz burda “səhvə” yol verib. Ki, o mütləq hamıya yaxşı tanış olan səslə oxumalı, yazılan yüzlərlə mənasız şeirlərdən birini seçməli və bizdən biri kimi olmadığını gözə soxmamalı idi.

Fərz edək ki, Vüsal məhz fərqli görünmək, özünü reklam edib müzakirə yaratmaq səbəbindən bu sözləri seçib. Burda qəbahət olan nə var? Sovet tərbiyəsi alan, gəncliklə heç cür ayaqlaşa bilməyən istedadsız və uğursuz qocaların aləmində insanın özünü reklam etməsi qeyri-etikdir. Amma dövrün tələbləri diktə edir ki, səni heç kim görmürsə, etiraf etmirsə, özünü təqdim et, reklamını yarat.

Onsuz da hər tərəf ucuz müğənnilər, bayağı filmlər, biabırçı saytlarla doludur. İndi bir gənc "Ayə, harya gedirsən, ayə, anan bilermi harya gedersen?" oxuyanda nolur? Sənət əldən gedir, din-iman itir? Yəni bu ölkədə insan qəzəbi o qədər dağıdıcıdır ki, jurnalist Vüsalın ifasını dinlədikdən sonra “İlahi varsansa, bu ölkəni külə döndər. Bu gədə bütün gün Tarqovuda (Nizami küçəsində) sülənir, tanıyıram” yazsın? Və pis odur ki, sanki insanlar öz fikirlərini etik çərçivədə ifadə etməyi ayıb bilirlər. Azərbaycan Feysbuk təzə-təzə yarananda gəncləri sosial şəbəkələrə qısqanan adamlar az qala şəriət hökmləri kimi qəti qərarlar çıxarırdılar: “Feysbukda ədəbiyyat yaranmaz”. İndi həmin adamların hamısı Feysbukda şeir paylaşır, müzakirələrə qoşulmaq istəyirlər. Ki, zaman öz diktəsini onlara çoxdan edib.

Amma nə yaxşı, istedadı istedadsızdan ayıra bilən, istedadlı adamın hətta əllaməçilik etdiyini anlayıb ona dözümlü yanaşanlar var. Məsələn, bu şərhi Yadigar Cəfərli yazıb və demək istədiklərimi çox gözəl ifadə edib: “Tatar əsilli polyak yazıçısı, Nobel mükafatı laureatı Henrix Sankeviçin "Hara gedirsən?" adlı tarixi romanı ilə ədəbiyyat üzrə Nobel mükafatı almışdı. "Hara gedirsən?" (Quo vadis) xristianlığın əsas suallarından biridir. "Hara gedirsən?" sualı Şərq fəlsəfəsində də var. Nağıllarımızda, dastanlarımızda, adətən, bu suala "Kandan gəlib məkana gedirəm?" deyə cavab verərdilər. İstedadlı oğlandır, tapıntısı şəxsən mənim çox xoşuma gəldi. İmici də sufi dərvişlərini xatırladır.

Məni bağışlayın, indi getməliyəm, Rey Kərimoğlunun kitabının təqdimatına tələsirəm. Bu yazının davamını dostum Mirmehdi Ağaoğlu yazacaq. Çox yox, beşcə cümlə artırsa, bəsdir.

Mirmehdi Ağaoğlu: Yazını yarımçıq qoyub harya gedersen, ayə?

# 1618 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #