Su və demokratiya – FƏLSƏFİ FİKİRLƏR

Su və demokratiya – <span style="color:red;">FƏLSƏFİ FİKİRLƏR
22 noyabr 2017
# 15:14

Kulis.az AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalovun “Düşüncələr, rəylər” yazısını təqdim edir.

Yüz dəlinin içində bir ağıllı olmaq, yüz xəstənin içində tək sağlam olmaq, yüz kasıbın içində tək varlı olmaq patologiyadır. Birincidə gec-tez sən də dəli olacaqsan, ikincidə həyatın mənasızlığı səni də xəstə edəcək, üçüncüdə düşüncən olmasa xoşbəxt, olsa bədbəxt olacaqsan.

***

Şərq ideyanın metafizik, qərb praqmatik çoxluğundan əziyyət çəkir. Ağılın çoxluğu imana, imanın çoxluğu ağıla söykənərsə, həqiqət barədə düşüncələr sərrast olar.

Fəlsəfə ədəbiyyatdan uzaq düşəndə o iztirabını içində, onunla birgə addımlayanda isə bu əzabı varlığında çəkir. Hər halda ədəbiyyatsız fəlsəfə özünüintihara, fəlsəfəsiz ədəbiyyat isə heç nəyi ifadə etməyən daha çox bəsit söz uğrunda yarışa bənzəyir. Yaxud fəlsəfə ədəbiyyatdan uzaq düşəndə o iztirabını içində, onunla birgə addımlayanda isə praktik varlığında çəkir. Hər halda ədəbiyyatsız fəlsəfə özünüintihara daha çox bənzəyir.

***

Çoxluğun aydın fikri, müəyyən etdiyi kursu olmadığından onun işi sadəcə, təqlid olur.
Təqlid kütləviləşdikcə, obrazlar ümumiləşir. Bir çox hallarda ümumiləşmələr isə dəyərsizləşməyə gətirə bilir. Müasir dünyanın (insanın) ən başlıca bəlalarından biri ifrat təqliddir.

***

Təəssüflə qeyd edək ki, bu gün Şərq, daha doğrusu müsəlman Şərqi “Yuvası dağıdılmış” quşu xatırladır. Təbiidir ki, instiktiv olaraq yuvası dağıdılmış quş həm aqressiyaya meyl edəcək, həm də özü üçün daha stabil və rahat mühit axtaracaqdır. Müasir dövrdə bu mühit Qərb hesab edildiyindən oraya xalqların kütləvi miqrasiya (böyük köç) axınları baş verir.

***

Bir gün mütləq öz şəklimi qarşıma qoyub deyəcəyəm: Sən və Sənin kimi 10 milyarddan çox insan dünyaya gəlib sonra da gedib. Və hər kəs nə isə etmək istəyib, sadəcə, edə bilməyib, etməyib, özünü yaratmağa çalışıb, alınmayıb və belə gedəcəksə, heç zaman alınmayacaq. Tanrı ideyası insanlığın tarixində ən doğru kəşfdir.

İnsan və tarix

Müasir insanları heç cür anlaya bilmirəm: onlar sevinməli və qürur duymalı işlərə xəcalət, xəcalət çəkməli işlərə görə isə qürur duyurlar. Ona görə nəyə inanırsınız, ona and içirəm ki, insan xəstədir. Bu xəstəlikdən dolayısı isə Yer üzündə bütün insanlar daima təlaş, qorxu və iztirab içində yaşayır. Başqa formada desək, müasir insanın
məni ya şizoid halındadır, ya da o tamamilə sarsılıb. Bütün bunlar isə sonda dünya müharibəsi ilə nəticələnə bilər. Yəni bizim əslində humanizm, mədəniyyət, din, elm, sevgi və mərhəmət və s. adına pafoslu çıxışlarımız tarixin müasir illüziyalarından başqa bir şey deyil. Bir az da dərinə getsək, biz insan olaraq tarixi daima saxtalaşdırmağa cəhd etdiyimizdən, tarix də bizi proses nəticəsində saxtalaşdırıb və məzmun deyilən həqiqilikdən uzaq salıb. İnsan və tarix: son dərəcə sinonimləşmiş əkizlər...

Yol

İstənilən halda yol həmişə yarımçıqdır. Bu o demək ki, yolun yarımçıqlığı bizi daima, əbədi axtarışa sövq edir. Çünki yolun A və B nöqtələri özü nisbidir. Həm var, həm də yox. Ona görə əsas məsələ nə yoldur, nə də yarımçıq gerçəkliklər. Əsas məsələ anlamağa cəhd və dərketmədir. Bu isə əbədi təzad və paradoksdur. Biz nə etsək, bilmirik, nə qədər bilsək, yenə də bilmirik. Yaxud biz nə etmək lazım olduğunu bilmədiyimizdən həmişə əbədi olaraq yanılırıq, yaxud yolun təyinatı və məqsədi bizim üçün əlçatmaz və qaranlıq görünür. Bu üzdən din və fəlsəfə əksliyindən kənarda heç bir şey mövcud deyildir. Bu üzdən biz daima cəhddə olmalıyıq, bu cəhd bizi xilas edə bildiyi kimi, ruhumuzu da rahatlığa qovuşdura bilər.

Su

Su elə bir mayedir, hamı içir, ancaq onda hamı üzə bilmir. O isə hamıda üzür.

Demokratiya da belə bir şeydir: hamı onda üzmək istəyir, amma o hamıda üzmür.

İçmək məsələsinə gəldikdə isə demokratiya hər kəsin mədəsi üçün deyil. Batılı üçün o şərab və azad libido elementi, doğulu üçünsə ehkamın dağılması və mədə panosu kimi bir şeydir.

Mənəvi və tarixi nihilizm.

İnsanların ən başlıca problemlərinin kökündə qeyri-səmimilik dayanır. Bu adi bir münasibətin fəsadları bütövlükdə insanlararası, dinlər, mədəniyyətlər və sivilizasiyalararası və s. qarşıdurmaların əsasını qoyub. Başqa sözlə, insanın düşməni, sosial dağılmanın sütunu olan bu hadisə bütövlükdə tarixin ümumi tendensiyasını təşkil etdiyindən biz insan olaraq beləyik. Biz nəinki real həyatda bu hadisəni dəf etməyə, hətta nə mifdə, nə elmdə, nə fəlsəfədə, nə də hər hansı bir yaradıcılıq növündə bu baryeri aşmaq iqtidarında deyilik. Biz bütövlükdə bu və digər əqli sapıntılara qiymət verə bilmədiyimizdən ona instinktlərdən qaynaqlanan müdafiə, yaxud yaşamaq uğrunda mübarizə və s. kimi təbiət, hüquqi kimi legitimlik şansı vermişik. Real dünyanın, real sivilizasiya və mədəniyyətin taleyi bütövlükdə bu sapıntını orbitindən yaxa qurtarmadığınca “İnsanın mahiyyəti nədir?” sualına cavab olmayacaq. Bu anlamda miflər və dinlər bizə tarixən müəmmalı görünməkdə davam edəcək, tarixin, mədəniyyət və sivilizasiyanın tarixi daima xaric - kosmosa deyil, daxili didişmələrə hesablanacaq.

Maarifçilik və ruh

Dərin adam hətta bir qurtum suda üzməyi bacarsa da, dayazlar dibi görünməyən dənizdə də “bu mənlik deyil” bəhanəsi ilə yaşayacaq. Yaxud “bu bir ovuc suda çimmək olar?" deyərlər. Bu tarixi, sosial və fəlsəfi ironiyanın təməlidir.

Maarifçilik daxili azadlıqlara, ruhi öztəsdiqə sipərlər yaradırsa, onu göylərin ənginliklərinə qaldırmaq, üstünə gələcəkdə töküləcək "zir-zibilləri" təbliğ etmək deyilmi? Düzdür, biz tarixən maarifçiliyin ətəyindən o qədər möhkəm və ikiəlli yapışmamışıq ki, onu sona qədər tənqid etməyə əsaslarımız da olsun. Ancaq hər halda biz insan olaraq tarixdə etdiyimiz hadisələri, mədəniyyət iddiası ilə təqdim etdiyimiz zir-zibilləri maarifçilik pərdəsi ilə örtməyə, sərməstlik eliksiri ilə bihuş etməyə səy etməklə alternativsizliyi də sübut etməyə cəhd etmişik. Bu həmçinin dinin düşməni olan xurafat kimi bir şeydir.

Deməli mədəniyyətin də düşməni həmçinin yanlış yönümlü maarifçilik onu tarixən həqiqi insanı yola - ruhi, dini, mənəvi azadlıqlara dönməyə buxov hesab edilə bilər. Hər bir din və mədəniyyət digərinin "ögey" qardaşıdır, iudaizm, xristianlıq və islam isə həddindən artıq "doğma" olduqlarından ögeyliyi həmişə öz daxillərində axtardığından onların arasında sabitlik tarixən nöqtələr çoxluğunu özündə ehtiva edir. Din və mədəniyyət - bunlar bütövlükdə tarixin təməl daşlarıdır. Onları qarşı-qarşıya qoymaq insanları irqlərə bölmək kimi bir şeydir. Ancaq dinin ən böyük düşməni xurafat olduğu kimi, mədəniyyətin də düşməni xurafatı və saxta maarifçiliyi həqiqət adına kütlələrə sırımaq hesab edilməlidir. Hər cür estetik eybəcərlikləri, yarımçıq deformasiyaları mədəniyyət adına insana təbliğ etmək insanın həqiqi məninə doğru dönməyə sipərlər yaratdığı kimi, dini xurafatlar da onu həqiqi imana dönüşdə məngənədə saxlayır.

Kölə üçün azadlıq psixoloji travmadır

Bütün fəthlər düşüncənin, məğlubiyyətlərsə nəfsin məhsuludur. Azadlıq həddindən artıq geniş və ağrılı anlayışdır. Köləliksə çox asan və bəsitdir. Kölə üçün azadlıq psixoloji travmadır, onu sərbəstliyə məcbur etmək əzaba düçar etmək deməkdir. Buna görə o azadlıqdan daha çox köləliyi üstün tutur. Qəlbən yazan şair Allahın və ya insanın kosmoloji axtarışının sözlərdə ifadəsidir. Əclaflarsa onların əksidir, bu dualizm həyatın mənasını ifadə etməklə, məqsədə doğru bir yoldur.

Tükənmək təhlükəsi bütün təhlükələrin ən qorxulusudur.

İstər insan, istər təbiət, istər cəmiyyət və ya millət tükənirsə, deməli, onun daxili generasiyası ölüb. Problem onda deyil ki, "mən və ya sən", yaxud hər hansı bir toplum və ya təsisatlar tükənməkdədir. Əsas və qorxulu problem ondadır ki, birbaşa dünya insanı və onun mənəviyyatı, yaradıcılığı, müxtəlif pozitiv potensialı tükənməkdədir.

Məsələnin mahiyyəti ondadır ki, müasir insanın yaratdıqları bir növ onun məhvər tapdığı orbitdən kənarda heç bir şeyi ifadə edə bilmədiyindən o daima tükənmədiyini sübut etmək üçün intuitiv olaraq vurnuxmadadır.

Baba və nəvələr

Bilirsinizmi, baba və nəvələr niyə bir-birini çox sevirlər? Səbəbi elə də çətin deyil: çünki zaman baxımından onların həyatlarının oxşar və paralel anlarını yaşayırlar. Ağıl və şüurun pozitivliyi baxımından da elə bir-birinə yaxın olan həmdövrlülük təəssüf ki, həmişə bu və ya digər şəkildə orta nəsil tərəfindən dominantlıq istəyinə rəğmən diskriminasiyaya məruz qoyulur. Bu isə əslində həm başlanğıcın, həm də sonun elə ikili həyatının və riya anlayışının yaranmasına səbəb olur. Qısası biri yoxuşa o biri enişə doğru hərəkətdəykən birinin mövcud vəziyyəti və varlığı o birisinin ilkin təsəvvürlərinə o dərəcədə uyğun və adekvat olur ki, bu yalnız adama sevinc və hormoniya bəxş edir. Müdaxilələrin monoton monoloqu isə müasir düzənin faciələrini, dramlarını canlı olaraq ortaya qoyur. Bu isə baba və nəvənin normal həyat sürə bilməmələrinə səbəb olmaqla yanaşı, köhnə nağılların yeni formada daha qorxulu obrazlarda yaranmasına səbəb olur.

Lakin elə anlar olur ki, nəvə və baba (nənə) da öz arasında yaşlarından qaynaqlanan və uyğun küsüşmələr də baş verir. Əslində bu da tam anlaşılandır: belə ki, həmdövürlülük burada həm ziddiyyət, həm də rəqiblik kimi meyarı da qabarda bildiyindən nəvə və baba bütün məsələlərlə yanaşı həm də dəhşətli şəkildə qısqanc ola bilirlər. Müşahidə aparın və buna mütləq şahid olacaqsınız. Və son. Bir nəvəyə baxanda ona heç zaman uşaqdır deməyin. Əslində onlar bizim babalarımızdır. Bir baba görəndə isə onlara qocadır deməyin. Əslində onlar bizim qayğıya və sevgiyə möhtac nəvələrimiz. Bəlkə də bir zamanlar bu formada düşünə biləriksə, elə insanı da xilas edə bildik. İnsanın xilası isə elə dünyanın xilası deməkdir.

Ortaq dəyərlər

Təəssüf ki, bizim iş adamları, güc və mənsəb sahiblərimizin böyük əksəriyyətində, yaxud bir çoxunda fəlsəfi dünya görüş, müdriklik, bir sözlə dünyanın faniliyi, keçiciliyi barədə təsəvvürləri yox dərəcəsindədir. İnsan din, elm, fəlsəfə, vicdan, namus kimi anlayışlara arxa çevirəndə onların heç birini özünə kural kimi seçməyəndə, bu həm özünün, həm də başqalarının yaşamına həmişə faciələr və iztirablar gətirir. Birgəyaşayışın, ortaq dəyərlərin mahiyyətini anlaya, onu əməldə, reallıqda, praktikada realizə edən, elitar təbəqəni formalaşdıra bilən xalq mütləq böyük hədəflərə çata bilər.

Tolerantlıq

Bizim məqsədimiz, məramımız öz identikliyimizi qorumaqla yanaşı, həm də müasir zamanın ortaya atdığı ən aktual hadisələrdən biri olan TOLERANT ruhlu gənclər yetişdirməkdir. Amma bu gənclər gərək tolerantlıqla bir sıra neqativ halları - laqeydliyi, biganəliyi, vecsizliyi, ümumbəşərilik adı altında - manqurtluğu, bir sözlə milli güvənc anlayışına zidd olan nəsnələri sivillik adı altında insanımıza və onun düşüncəsinə sırımasınlar.

# 1105 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

15:00 25 aprel 2024
Con Lennonun itmiş gitarası tapıldı

Con Lennonun itmiş gitarası tapıldı

15:00 25 aprel 2024
“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

14:30 25 aprel 2024
#
#
# # #