Milyonlara satılan rəsm əsərlərinin sirri - ARAŞDIRMA

<b>Milyonlara satılan rəsm əsərlərinin sirri</b> - <span style="color:red;">ARAŞDIRMA
21 noyabr 2017
# 13:00

Bu günlərdə Leonardo da Vinçinin əsəri olduğu düşünülən “Dünyanın xlaskarı” tablosunun 460 milyon dollara hərracda satıldığı xəbəri yayıldı. Bu, bir sənət əsərinə verilən ən böyük məbləğ idi. 60 il əvvəl həmin tablo 60 dollara satılıb, çünki, onun Da Vinçinin ola biləcəyinə hər kəs şübhə edirmiş.

Bu yazı qələmə alınan gün isə həmin tablonun da Vinçinin olmamasına dair fikirlər irəli çıxdı.

Sənət əsəri, yoxsa brend rəssam?

Deməli, sənət əsəri özü-özlüyündə qiymətli deyil, onu dəyərli edən hansısa “brendləşmiş”, çoxluq tərəfindən “marka” kimi qəbul olunan rəssama aid olmasıdır.

Hər kəs tərəfindən qəbul olunan, əfsanəviləşmiş rəssama aid, sənət əsəri etibarlı sərmayədir. Ona yatırılmış pullar bata bilməz. Çün, sənət əsəri əsrdən-əsrə öz dəyərini nəinki saxlayır, hətta artırır. Lakin bu onun zamanla yeni bədii keyfiyyət qazanmasından deyil, ona iqtisadi və fetiş yanaşmadan irəli gəlir. Proses necə gedir? Fantastik qiymətlər necə müəyyənləşir?

Macar sənətşünası, sənət tarixini araşdıran alim Jaklin Novikovski bu mövzuya bütöv bir kitab həsr edib. O, “$ 1000 000 000. Sənətin qiyməti” kitabında belə bir tezis irəli sürür:

“Qiymət qoyulmasında digər üslubi və estetik xüsusiyyətlər kimi sənətin keyfiyyət meyarı da ikinci dərəcəli əhəmiyyət daşıyır. Əsas amil onun hansı müəssisə və ya şəxs tərəfindən “istehsalı”dır”.

Sənətşünas rəssam Teymur Daimi də əslində sənət əsərinin deyil, müəllifin adının satıldığını deyir: “Rəssamın adı brendə çevrilibsə, onun əli dəyən boş kətan da satılacaq. Bunun sənətə heç bir aidiyyatı və təsiri yoxdur, sırf biznes faktıdır. Art menecerlər bu işlə məşğul olurlar. Art menecerlik sənət əsərini brendə çevirib satmaq peşəsidir və insanlar bunu öyrədən universitetlər, təhsil müəssisələri var. Sənətkarın adının brendə çevrilməsi üçün müxtəlif texnologiyalar, mexanizmlər var və bu prosesdə art menecerlər, sənətşünaslar, kuratorlar iştirak edirlər.”

Qiymət necə müəyyənləşir?

Jaklin Novikovskinin yazdıqlarına görə, bu gün sənət bazarı həmişəkindən daha mürəkkəbdir və ora indi həddən çox oyunçu cəlb olunub: “Və onlara arasında nüfuza görə hansısa iyerarxiya yoxdur. Sadəcə hansısa ton yaradan insanlar var. Bu ton bazara gətirilən əsərə yeni bir rəng gətirir. Məsələn, demək olar ki, bütün kolleksionerlər muzeylə işləyir. Kolleksionerə öz xəzinəsini muzeyə qoymaq sərf edir, bununla o, əlindəki “mal”ın qiymətini qaldırır. Muzeyin maraqları da aydın məsələdir. Siz burada bir idarəedici tapa bilməzsiniz, çünki söhbət bütöv bir sənayedən, sistemdən gedir. Hətta auksionda qiymətlərin süni qaldırılması, qabaqcadan “razılaşmalar” da səfeh söhbətlərdir. Qabaqcadan heç nə ssenariləşdirilə bilməz”.

Sənət əsəri sərmayə yatırılan məhsuldan başqa, həm də hər hansı məhsulun satışında istifadə oluna bilir. Ənənəvi reklam vasitələri effektivliyini itirib. Sənətsə istənilən məhsula yenilik gətirə bilər. Öz gücünə brend olmuş istehsal şirkətləri belə zamanla sənətə ehtiyac duyurlar. Və sənətlə bağlı hansısa aksesuarla, cizgi ilə zənginləşdirilən məhsul dəfələrlə baha satılır.

Bütün bunlardan sənət özü nəsə qazanırmı, ya itirirmi?

Teymur Daiminin sözlərinə görə, bunun yaradıcılığa bağlı olan sənətə heç bir təsiri yoxdur: “Burada hər şey bazar qanunları ilə işləyir. Həm bunlar artıq mühit faktıdır. Hər şeyin alınıb satıla bildiyi kapitalizm mühitində buna qarşı çıxmaq mümkün deyil. Nə qədər kapitalizm olacaq, bu bazar da davam edəcək”.

Əlbəttə, bu qarşısıalınmaz prosesdir. Bu yerdə pop art-ın yaradıcılarından sayılan, məşhur rəssam Endy Uorholl haqqında şübhələrimi Teymur Daimi ilə bölüşürəm: sənət əsərinin brendləşməsi, tirajlanmasını əyani şəkildə ortaya qoyan Uorholl bununla nəyi ehtiva edirdi? O qarşısıalınmazlığı görüb kapitalizm sisteminin içindəki prosesə təslim olmuşdu, yoxsa onun əsərlərinin alt qatında bu sistemə etiraz var idi?

“Endy Uorholl birmənalı şəxsiyyət deyildi. Mən onun kitabını oxumuşam. O, yaradıcı, həm də faciəvi şəxsiyyətdir və onun sənət qayəsi “kommersiya pop-artı” ilə məhdudlaşa bilməz. Məncə, onun işlərində sistemə etiraz var, daha düzü, bu sistemlə oynamaq niyyəti var. O deyirdi ki, mən canlı aparatam.”

Bu gün brend mağazaların vitrinlərində, qəsdən qızılı çərçivəyə salınmış bir ayaqqabı müştərini keyfiyyəti, təkrarsızlığı, orijinallığı ilə cəlb etməyə çalışır, ona eksklüzivlik xoşbəxtliyi vəd edir, bununla sənətlə yan-yana dayanmaq cəsarəti nümayiş etdirir. Lakin tirajlanma (məsələn, hər hansı brend məhsulun üzərində aksesuar kimi) sənət əsərindəki dərinliyi azalda bilmədiyi kimi eksklüzivlik də istehsal məhsuluna dərinlik qata, onu istehlak predmeti olmaqdan çıxara bilmir. Xüsusən, bu günün market vitrinləri qarşısında sərgilənən əsərə baxar kimi donub qalmış istehlakçılar cəmiyyətində bu mümkünsüzdür.

Məhz buna görə sənət əsəri qiymətsizdir. Eksklüzivlik, dərinlik, tarix, əfsanə – hamısı birində.

Azərbaycanda hansı rəssamın əsərləri brendə çevrilib və baha qiymətə alınıb satılır?

Art menecer Fərid Abdullayev yerli rəsm əsərinin sənət bazarına çıxması üçün bir çox amillərdən asılı olduğunu söylədi: “Dünya bazarında ilbəil trendlər dəyişir. Bunu bilmək üçün dünyada nəyə sənət deyildiyindən xəbərdar olmaq lazımdır, sərgiləri, biennaleləri izləmək, muzey direktorlarının çıxışlarını oxumaq lazımdır, ən azı dil bilmək lazımdır.”

Azərbaycandan hansı rəssamların əsərlərinin satıldığına gəldikdə isə art menecer Tahir Salahovun, Mircavad Cavadovun, Kamal Əhmədin, Faiq Əhmədin adını çəkir: “Əlbəttə çox rəssamın əsərləri satılır, indi hamısını sadalaya bilmərəm. Rəngkarlıqdan söhbət gedirsə, yerli bazarın öz trendləri var. Məsələn, Səttar Bəhlulzadəni dünyada tanımırlar. Tahir Salahov əsərləri dünya bazarında satılan rəssamdır, onun işləri təxminən 200 min dollar məbləğində satıla bilir. Amma onlar “Rus incəsənəti” və ya “Sovet incəsənəti” adı ilə satılır. Rəssam Kamal Əhmədin əsərləri devalvasiyadan əvvəl təxminən 100- 120 min dollara satılırdı. Əlbəttə, bütün bunlar rəssamın statusundan, adından asılıdır.”...

Əlbəttə, istənilən məhsulda olduğu kimi sənət əsərlərində də bazar münasibətləri olmalıdır və olacaq. Lakin sənətin pul ekvivalenti mümkündürmü? Mənəvi zənginlik maddi zənginliklə bərabərləşə bilərmi? Sual buradadır. Əzabdan, ağrıdan, hissiyyatdan yoğurulmuş əsərin hələ də səfalətin hökm sürdüyü dünyada fantastik qiymətə satılması onu sözün hər iki mənasında yaşadır: əsrlərdən əsrlərə, qəlblərdən qəlblərə keçirməklə.

# 1526 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #