Qaçırılan qadınların xoşbəxtliyi

 

Ayxan Ayvaz

 

Xalam qızının uşaqlıqdan sevdiyi bir oğlan olub. Kənd yerində də sevgi imkansız. Kim qoyar səni sevdiyinlə görüşməyə? Yalnız toy məclislərində bir-birilərini görürlərmiş. Hərdən də kəndin yolları onları qovuşdururmuş.

 

Oğlan xalam qızına elçi düşməyi qətiləşdirib. O vaxt da kəndin ən gözəl qızı xalam qızıdır. Yalan olmasın, hər gün qapılarını elçilər kəsdirir. Biri gedir, biri gəlir. Ana-atası da gözəl-göyçək qızlarını hər yoldan ötənə vermək istəmir, xeyli götür-qoy eləyir, elçiləri əliboş qaytarırlarmış.

 

Elə xalam qızının sevdiyi oğlanın ailəsi də əliboş qayıdanlardanmış. Hərdən toy məclislərində əzab dolu gözləri xalam qızının üstündəymiş oğlanın. Qız da camaatın dilinə düşməmək üçün baxışlarını qaçırırmış, amma saçına sığal çəkəndə hərdən-hərdən gözucu oğlana diqqət yetirirmiş.

 

Oğlan çox durmadı kənddə. Evdə də baş-beynini apardılar ki, get, işlə, özünə gün-güzəran yarat. O gündən oğlan Rusiyaya getdi. Kənd yolları onun ayaqlarından yetim qaldı. Xalam qızının onun getməyindən xəbəri olmadı belə. Evdən çıxmağa qoymurdular. Rusiyanın ancaq adını eşitmişdi. Bilmirdi, bizim kəndə yaxındı, ya uzaq.

 

İtlərin hürüşü ilə dolu gecələrin birində xalam qızının yaşadığı evə basqın olur. Onda atası kənddə yoxmuş, Türkiyəyə işləməyə gedibmiş. Qaranlığın içindən iki-üç yekəpər adam çıxıb. Səsə çıxan anasını dəmir sopa ilə yerə yıxıblar. Yerə uzanmış ananın gözünün qarşısındakı mənzərə: qızını darta-darta darvazaya tərəf aparırlar... Sonra bulanıq gözləri heç nəyi ayırd edə bilməyib. Bir azdan səs qalıb ancaq: qızının kömək üçün haray salmağı.

 

Xalam qızının qaçırıldığı gün sevdiyi oğlan kəndə gəlibmiş. Xəbəri eşidib özündən gedib. Qaçıranlar o biri kənddənmiş. Xalam qızı deyir ki, yolda gedəndə ağaclardan başqa heç nə yadımda qalmayıb. Qışqırmaqdan boğazı tutulubmuş, axırda onu susdurublar. Gətirildiyi yad evə meyit sifətində girib.

 

Anası atasına xəbər verib, ata işini buraxıb gəlib, polisə gediblər, qaçıran adamı tutdurmaq istəyiblər. Qaçırılma isə kəndin gündəmiymiş. Hər ağızdan bir avaz gəlirmiş. Biri deyirmiş, qız pozulub, daha qayıtsa da xeyri yoxdur, o biri deyib ki, taleyinə boyun əyməlidir.

 

Və bir gün xalam qızının mübarizəsi sona çatıb. Çırpınmağını, qışqır-bağır salmağını bir qırağa qoyub. Sevdiyi oğlana vermədilər. O da çıxıb Rusiyaya getdi. İndi də yəqin ki, rus qızları ona hər şeyi unutdurub. Kənd də hər şeydən xəbərdar.

 

Xalam qızı əvvəl-əvvəl əsəbiləşdiyi oğlana get-gedə alışmağa başlayıb. Səs-küy yat-küt olub, araya barışıq girib. Kəndə getdiyim bir gün gördüm ki, onun artıq iki uşağı var və üzündə güllər açır. Xoşbəxtdi. Bəlkə zahirən elədi, özünü elə göstərir. Amma dəqiq bilirəm ki, yalan deyil o xoşbəxtlik. Nə bilirsiniz, bəlkə də sevdiyi oğlanla bu cür olmayacaqdı.

 

Qaçırılmaya yaxşı baxmırıq. Doğrudur. İnsan sevmədiyi biri ilə necə yaşayar?! Deyirlər, boşanmaların sayı buna görə artıb. Tanımadığın adamla evlənməyə görə. Amma xalam qızı xoşbəxtdir. Başqa qadınlar da.

 

Sevginin qadağan olunduğu yerlərdə qadınların xoşbəxtliyi ancaq belə olur.

 

 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017