Dünyada analoqu olmayan musiqi aləti yaratdı və... - VİDEO

Dünyada analoqu olmayan musiqi aləti yaratdı və... - <span style="color:red;">VİDEO
13 noyabr 2017
# 17:30

Ötən il bu vədələr ölkəni qarış-qarış gəzirdim. Qarış-qarış, bəli, qarış-qarış. Kənd-kənd, şəhər-şəhər. Bəlkə, İsmayıllıda idim, bəlkə, Qaxda-Qusarda... Bəlkə də, Şəkidə... Yox, yox, xatırladım, Zaqatalada idim.

Bir layihə çərçivəsində məmləkətimin sənət adamlarından “Gözəl insanlar” adlı kitab yazmaq tapşırılmışdı, “eyvallah” deyib yola qoyulmuşduq.

Dəmirçi, sazbənd, qəssab, bərbər, kitabxanaçı demədik, qabağımıza maraqlı hekayəsi olan kim çıxdı, danışdırdıq, yazdıq. O qədər zövqlü iş oldu ki, on beş günə təhvil verməli olduğumuz kitabı cəmi-cümlətanı doqquz günə bitirdik.

Gitara ifaçısı Zahid Mustafayevi də o səfər əsnasında tanıdım. Yox, o, təkcə gitara ifaçısı deyil, həm də ixtiraçıdır. Bəli, doğru eşitdiniz, ixtiraçı. “Oğuz” milli elektron musiqi alətini ixtira edib.

2004-cü ildə patentini də alıb, amma həmin milli musiqi alətinin zavod şəraitində təkmilləşdirilməsi üçün “tükünü tərpədən” olmayıb. Vaxtında üzərinə düşülsə, qiymət verilsə dünya bazarına çıxacaq səviyyəyə gətirilə bilərdi.

Mən demirəm bunu, adını anıb, qapısına təşrif buyuran jurnalistlərə özü danışır.

Yana-yana...

Bir həzin noyabr axşamında biz də açdıq qapısını Zahid Mustafayevin.

Yalvara-yaxara müsahibə aldığımız digər sənət adamlarından fərqli olaraq o qədər mehribanlıqla qarşıladı, söhbətimizi yekunlaşdırıb diktofonu qapadanda ayrılmaq istəmədim.

Ürəyimdəki arzunu duyub saxlancından bir “başıxamırlı” çıxaracağından qorxdum. İşimiz çox idi, ona görə də, fotoqrafa işarə elədim ki, bir-iki şəkil çək, tərpənək...

***

Bir vaxtlar şimal bölgəsində məclislərin yarı-yaraşığı olub Zahid Mustafayev. Hamı fəxr edib onunla. Zaqatala şəhərinin Aşağı Tala kəndində doğulub. Elə indi də orada yaşayır. Şəhərə çatanda adını çəkib, ünvanını kimdən xəbər aldıq, işini, gücünü atıb, bizə bələdçilik etmək istədi.

“Oğuz” milli elektron musiqi alətini də mahalın gözünün işığı olduğu vaxtlarda düzəltməyə başlayıb. İyirmi illik əməyinin bəhrəsidir.

O, çox vətənpərvər adamdır. Vətənsevərliyini şah əsərinin adında və çanağında əks elətdirib. Belə ki, ilk baxışdan udu və gitaranı xatırladan “Oğuz” milli musiqi alətinin çanağı ay və səkkiz guşəli ulduz formasında hazırlanıb. Dünyada analoqu yoxdur.

Zamanında bu musiqi alətinin vasitəsilə təkcə sol əldən istifadə edərək (yəni sağ əllə (mizrabla) simə toxunmadan) eyni anda iyirmiyə yaxın musiqi alətinin (nəfəsli, dilli, simli və zərb) səs tembrini əldə edib.

Möhtəşəm nəticədir, elə deyilmi?

Bəzən internetə yerləşdirdiyi video çəkilişlərdən ifalarını dinləyirəm, məəttəl qalıram. Həm də təəssüflənirəm. Təəssüflənirəm, ona görə ki, evində olanda canlı şəkildə dinləyə bilmədik. Sadəcə, maketinə toxunduq, səsini eşitmədik. Susmuşdu “Oğuz”. İxtiraçının dediyinə görə, biz gəlməzdən bir neçə ay qabaq əsəbini cilovlaya bilməyib, nə əziyyətlə hazırladığı aləti vurub sındırmışdı.

Sizcə, niyə əsəbləşmişdi?

Məncə, gənclik arzuları, xəyalları suya düşdüyü üçün. Uğursuzluğa düçar olduğu üçün. Bəli, onu yanıltdığı üçün “xəyalları”nı divara çırpıb, param-parça etmişdi. Danışır, deyir, bu boyda hadisəni görməzdən gəldilər, qəbul etmək istəmədilər. Niyə? Heç özü də bilmir.

***

Biz sağollaşıb ayrılanda Zahid müəllim divara söykədiyi alətin parçalanmış maketini izləyirdi. Nə düşünürdü, Allah bilir. Bəlkə də, yarasını deşmişdik. Səhər oyanıb aləti yandıracaqdı, ya da həvəsə gəlib təmir edəcəkdi. Bəlkə, çoxdan təmir edib, bəlkə də, bu yazıdan sonra təmir edəcək. Bütün bunları bir ehtimal olaraq düşünürəm, dəqiqini bilmirəm, amma bir şeyi dəqiq bilirəm ki, biz öz dəyərlərimizin, dəyərli adamlarımızın qədrini bilmirik.

Hikmət Orhun

# 1637 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
#
#
# # #