Qızına hamilə qalmamağı öyrədən ata

Qızına hamilə qalmamağı öyrədən ata
13 noyabr 2017
# 12:40

Küçədə hamının həsəd apardığı bir qonşumuz vardı. Əri Berlində işləyir, onun hesabına da yaxşı dolanırdı. Kişinin Avropada nə iş gördüyünü bilməsək də, arvadı özünü Almaniyanın Gəncədəki nümayəndəsi kimi aparırdı. Deyərdin Gülsüm xala (ad şərtidir) elə bil konsul-zaddır.

Söhbətinin əvvəli də, axırı da oralar idi. Qonşular da Qərbə aid hər məsələni ondan soruşardu. Yemək-içməkdən tutmuş dırnaq boyasınadək bütün sualları cavablandırırdı. Söylədiklərindən cəmi 2 şey yadımda qalıb. Bir deyirdi ki, almanlar da “snikers” yeyir, amma orada satılan daha dadlıdır. Bir də Avropada kişi arvadını döyə bilməz, qadın o dəqiqə polis çağırar.

Günlərin bir günü xəbər tutduq ki, qonşu arvad-uşağını da yığıb Almaniyaya aparır. Beləcə ailəlikcə köçüb getdilər.

İllər sonra avropalı qonşumuzla internetdə “qarşılaşdıq”. O burnu bir qarış havada olan qadından əsər-əlamət qalmayıb. Ruh halı çökmüş, dili giley-güzar dolu. Almaniyaya köçdükləri günə lənət oxuyur. Yox, sosial vəziyyətləri əladır, iş-gücləri yerində, uşaqlar ali təhsil alır. Fəqət, Gülsüm xalanın dərdi başqadır. Qızı günlərini qara edib. İpə-sapa yatmır. Nə nəsihət dinləmir, nə mentalitet tanımır. Deyir yetkin insanam, həyatıma müdaxilə edə bilməzsiniz, hüquqlarım var, ərə gedərəm, ya getmərəm, özüm bilərəm-filan. Valideynləri isə təkid edir ki, oğlanlarla dostluq etmək yasaqdır, almandan ər olmaz, biz azərbaycanlıyıq və s. Ananın narahatçılığını da anlamaq olar. Fikirləşir bir gün Azərbaycana qayıtsalar, qızını alan olsun. Özünü salamat saxlasın ki, ərə gedəndə üzüqara çıxmasın. Yəqin başa düşdünüz də nəyi qəsd edirəm. Qorxur ki, övladı almanlara qoşulub onlar kimi həyat sürər, oğlanlarla görüşər, namus əldən gedər. Ona görə bütün fikri, dərdi-səri qızını o məsələdən qorumaq, gələcək kürəkəninə təhvil verənədək bakirəliyinin keşiyini çəkməkdir. Deyir bircə azərbaycanlı oğlan tapıb, sağ-salamat ərə versəydik, bu yükdən qurtulardıq. Qızının hiddətindən qorxmasa, arxayınçılıq üçün arada bakirəlik müayinəsinə də aparar.

Almaniyada rifah içində ömür sürdüyü halda, qonşumuzun həyatı beləcə zəhərə dönüb. Dediyinə görə Avropada mentalitetə uyğun qız böyütmək çox çətin imiş.

Oralarda əxlaq dərdi çəkən tək Gülsüm xala deyil. Bir tələbə yoldaşım var, qardaşı Londonda yaşayır. Özü də ingilislə evlənib, 2 qızı var. Uşaqlar cəmi bir dəfə ölkəmizdə olub, dilimizi bilmirlər. Tam ingilis kimi böyüyüblər. Gileylənir ki, gəlin uşaqları sərbəst buraxıb, namus-zad qanmır, qardaşım da qabağını ala bilmir. Böyük qız artıq ailədən ayrılıb, sərbəst yaşayır. Bu da azərbaycanlı atasına çox pis təsir edir. Amma qolundan tutub evə də qapada bilmir, qanunlar var. İngilis ana isə övladlarını dəstəkləyir. Kişi xaricdə qız böyütməyinə peşmandır.

Xaricdə yaşayıb yengə fikri edən başqa soydaşlarımız da var. Köç edərkən gələcəkdə belə bir durumla qarşılaşacaqları ağıllarına gəlməyib. İndi nə vəziyyətlə barışır, nə də geri qayıda bilirlər. Qalıblar mentalitetlə Avropanın tən ortasında.

Əslində problem nə Gülsüm xalada, nə də Almaniyadadır. Sivilizasiyaların toqquşmasından ortaya çıxan haldır. Avropanın öz dəyərlər sistemi və əxlaq anlayışı var. Biz parkda öpüşənə əxlaqsız deyirik, onlar rüşvət alana.

İngiltərədə valideyn-övlad münasibətlərindən bəhs edən veriliş izləmişdim. Ata danışırdı ki, mən qızıma cinsi yolla keçən xəstəliklər barədə ətraflı məlumat verir, oğlanla görüşə çıxanda hamilə qalmaması üçün qorunmağını tövsiyə edirəm.

Bizim ayıb, əxlaqsız bildiyimiz davranışlar avropalı üçün normal həyat tərzidir. Bu da onların mentalitetdir. Qərbdə yaşayıb, yerli ənənələrlə mübarizə aparmaq, elə Avropa ilə savaşmaq deməkdir. Bəlkə də bu döyüşdən qalib çıxan soydaşlarımız olur, amma hamı üçün bunu demək çətindir.

Gedib orada da ər, toy, “camaat nə deyər” dərdi çəkəcəksinizsə, yaxşısı budur heç köçməyin. Əks halda gününüz stress və qızınızı pusmaqla keçəcək. Ya da qafanızdakı qohum-qonşunu, yengəni, pendir-şoru burada qoyub, elə gedin. Yox, “biz həm Avropada yaşayıb, həm də azərbaycanlı sayaq qız yetişdirə bilərik”-deyirsinizsə, nə gözəl!

İstəməyənin gözü çıxsın...

# 1303 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #