[b]Qolumu, budumu çimdikləyib gedirdi[/b] – BİRCƏNİN ROMANI

[b]Qolumu, budumu çimdikləyib gedirdi[/b] – BİRCƏNİN ROMANI
10 noyabr 2017
# 10:59

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Yazın yaxası açılmışdı. Qaynatamın səliqəyə saldığı bağımızda bənövşədən ayaq basmağa yer yoxuydu. Çiçəkləmiş ağacların qoxusu həyəti bürümüşdü. Pəncərəmin altındakı yasəmənlərin budaqlarından sallanan qotazlar, alma budaqlarından asılan çəhrayı salxımlar rəssamlar rəssamı təbiətin sehrli havasını içimə doldururdu. Mənim qayğıkeş, yanımcıl, dərdbilən qovağım da özünə yaşıl don hörməyə başlamışdı.

Boş vaxtım olanda bənövşə yığıb dəstə bağlayırdım. Sonra da o dəstələrə həsrətlə, nisgillə baxa-baxa qalırdım. İstəyirdim qardaşlarımın, bacılarımın hər birindən ötrü ayrıca çiçək payı tutum. Hər gün gözüm yoldaydı, gözləyirdim bizimkilərdən kimsə qapımızı döyə, mənim bahar sovqatıma solmamış yiyə dura.

Xuraman müəllimədən tez-tez məktub alırdım. Ona yazdığım cavab məktublarının arasına bəzən bənövşə qoyurdum. Məktubu qaynatam gətirirdi, birinci özü açıb oxuyurdu, sonra Emin, lar axırda da mən. Hər dəfə özümü elə aparırdım ki, guya heç nə başa düşmürəm, deyirdim qoy oxuyub rahat olsunlar. Bilirdim Xuraman müəllimə müdrik adamdı, artıq-əskik bir söz yazmaz, ona görə də özümü narahat hiss eləmirdim. Sən demə, mənim cavab məktubumu da Emin açıb oxuyandan sonra poçt qutusuna salırmış – bunu çox sonra görüşəndə Xuraman müəllimə özü mənə demişdi, məktubu qoyduğum konvertin səliqəsiz bağlanmağından bilirmiş. Bundan xəbərsiz olsam da, mən məktublarımda heç bir giley-güzar, qeybət-filan yazmazdım, bilirdim ki, üstü açılsa, məktublaşmağı mənə qadağan eləyəcəklər.

Cavid yeriməyə başlamışdı, bu da yazın gəlişiylə canımda oyanmış həyat eşqini getdikcə artırırdı. Abort davasının toz-torpağı, qəlpələri hələ evdən süpürülməmişdi. Qaynatam tez-tez xəstələnirdi. Arabir yenə Cavidin burnundan qan açılırdı. Eminlə qaynanam məni bir an gözdən qoymurdular.

Artıq evcik komandamıza Cavid də qoşulmuşdu. Mən uşaqlarla siçan-pişik oynamaqdan usanmırdım. Üstəlik, qaynımın məktəbə gedən bir cüt oğluna ev tapşırıqlarını yerinə yetirməkdə kömək eləyirdim. Mən özümü qaynım uşaqlarına istətdikcə qaynanamın mənə nifrəti artırdı. Bu uşaqlar qapıdan girən kimi arvad qənddanı, süfrədəki şirniyyatı gizlədirdi. O vaxtlar qənd-şəkər tapılmırdı, dükan-bazarda adi konfetlər belə qəhətə çəkilmişdi. Qardaşlarım mənim bu ehtiyacımı da unutmurdular, imkan düşən kimi əllərinə keçəndən alıb göndərirdilər. Tez-tez şəkər tozundan içi qozlu qənd, konfetə bənzər şirnilər bişirib hazırlayırdım. Qaynım uşaqlarının ovcuna bunlardan qoyanda qaynanam qiyamət qoparırdı. Deyirdim:

- Ay Zöhrə xala, bunlar sizin nəvələrinizdi axı, niyə belə eləyirsiz?

- Sənə qalmayıb! Atalarının pulunu balta kəsmir, anaları (Maralı deyirdi) məni saymır, vermə deyirəm, vermə!

Qalırdım odla su arasında, başlayırdım oğurluq eləməyə.

Bişirdiklərimdən ciblərimə doldurub, həyətdə, ya pəncərəmin altında çöməlib məni gözləyən uşaqlara atıb qaçırdım. Bir dəfə də şirniləri yaxşı-yaxşı büküb, atacağım zibilin içinə qoymuşdum. Qaynanam oğurluğumu tutub evə bir dava saldı ki, qaynımın uşaqları uzun müddət mənə yaxın gəlmədilər.

***

Evə qalxan pilləkənin dibində əkilmiş üzüm tənəyini qaynatam çəkib çardağa dırmandırmışdı. Arada bunun körpə yarpaqlarından dərib dolma bükürdüm, duza qoyurdum. Bir gün yenə çardağa çıxıb dolmalıq yarpaq yığırdım. Qaynanam sürahiyə dirsəklənib mənə baxırdı. Bir ayağım çardağa söykəli nərdivanın lap yuxarı pilləsində üzüm yarpaqlarının irilərini seçib ehtiyatla dərirdim. Başımı aşağı əyəndə gördüm qaynanamın böyük qardaşı pilləkəni çıxır. Yeri gəlmişkən deyim ki, qaynanam bacılarına olduğu kimi qardaşlarına da çox bağlıydı, qayınlarına nə qədər nifrət eləyirdisə qardaşlarını da bir o qədər istəyirdi.

Qaynanamla xoş-beşdən sonra kişi soruşdu:

- Hanı evin camaatı?

- Nə bilim, hərə bir tərəfdə. Çıx yuxarı.

- Yox, elə burdan keçirdim, dedim bir səni görüm. Gəlin hanı bəs?

Mən yarpaqların arasına pişik kimi sinmişdim. Səsimi çıxarmağa utanırdım, kişi başını qaldırıb altdan yuxarı baxsaydı, ayıb yerlərim çöldə qalasıydı.

- Gəlin də buralardadı. Qalx yuxarı, bir çay iç.

Gördüm qaynanam da yerimi demədi. Bir pillə aşağıda olan ayağımı ehmalca götürüb nərdivanın lap yuxarıkı pilləsinə qoymaq istədim ki, yerimi rahatlayım, ağsaqqal gedəndən sonra enərəm. Ayağımı nə qədər ehtiyatla götürdümsə olmadı, Eminin köhnə başmağının tayı sağ ayağımdan çıxıb tappıltıyla kişinin düz başına düşdü. Xəcalətdən, həyəcandan nərdivana yapışıb qaldım. Qaynanamın səsinə aşağı boylandım: heç demə, başmaq kişinin başına dəyən kimi ağzındakı protez dişlər özündən qabağa düşüb çilik-çilik olub.

Qaynanam başını yuxarı qaldırdı:

- Günün qara gəlsin, düş aşağı, kişini yarıtdın.

Kişi donub yerində qalmışdı, başına nə gəldiyini kəsdirəmmirdi. Mən utandığımdan yalın ayağımla bir az da yuxarı dartındım. Bilmirdim gülüm, yoxsa ağlayım.

Axşam süfrə başında hamı məni ələ salıb güldü. Tək qaynatamın dodağı qaçmadı, boşqabdakı yeməyini qaşıqla qarışdırıb soyuda-soyuda:

- Yığışdırın bu söhbəti, - dedi, - yaxşı ki, gəlin özü çardaqdan yıxılmayıb.

Bundan sonra hamı başını aşağı salıb sakitcə yeməyini yedi. Gecə yatmağa gedəndə qaynatam xəlvətə salıb məni yanladı:

- Dovşan, amma nə bir elədin onun protezini qırdın!

Bu olduqca ciddi, hər saat hər sözə gülməyən kişinin arıq üzünə qonmuş təbəssümü görəndə qulaqlarıma kimi qızardım, nitqim tutuldu:

- Vallah, Mahmud əmi, heç özüm də bilmədim necə oldu.

- Hər necə oldusa lap yaxşı oldu. Vecinə də alma, indi get doyunca gül.

Sonralar bildim ki, Mahmud əminin o qaynıyla qəti arası yoxmuş. Həm də bu soyuqluq, əlbəttə, səbəbsiz deyilmiş.

Qaynatam 18 yaşına çatanacan ata-anası dünyadan köçmüşdü. Mahmud əmi özündən kiçik iki qardaşını, bir bacısını övladları kimi saxlayıb, böyüdüb, oxudub, sonra da evləndirmişdi. Qardaşlarına hətta ev də tikmişdi. Buna acıq qaynanam da öz qardaş-bacısını gətirib bu evdə saxlamışdı. Sən demə, o vaxtlar qaynatam evdə olmayanda qaynanamın həmin bu qardaşı onun balaca qardaşlarına qan uddururmuş. Qaynatam bunu çox sonra bilmişdi, bilən kimi də qaynanamın bacı-qardaşını evdən qovmuşdu...

İndi mənim “qəhrəmanlığım” bu səbəbdən qaynatama ləzzət vermişdi, kişi ona görə belə ürəkdən gülürdü.

Sonralar eltim Maral bu protez əhvalatını gələnə-gedənə danışıb hər yerə yaydı. Hər danışdıqca da gözləri yaşara-yaşara bəs deyincə gülürdü...

***

May gircək Cavidin burnunun qanaxması daha da gücləndi. Çarəsiz qalıb yenə xəstəxanaya düşdük. Onsuz da zəif olan uşağı qanaxma lap əldən salmışdı.

Xəstəxana söhbəti ortaya gələndə Emin yenə mənə qənim kəsildi. Elə bil mən türmə kimi bir yerə yox, evimi, ailəmi atıb kurorta, sanatoriyaya gedirdim. Həkim, iynə-dərman görəndə Cavidin qorxudan zəhri yarılırdı, bu da məni xəstəlikdən betər incidirdi.

Vay o günəydi ki, uşağın həkimi kişi olaydı, onda günüm göy əskiyə düyülürdü. Hər axşam Emin anasının qolundan tutub uşaq xəstəxanasına gətirirdi:

- Burda anam qalacaq, sən evə gedəcəksən.

Uşağı o halda qoyub necə gedəydim? Yenə yük yazıq Səməndərin üstünə düşdü, həm ikimizin arasında, həm də yollarda qaldı. Səməndər də işini-gücünü, ailəsini-uşağını atıb bütün gün mənə qarovul çəkəsi deyildi ki! Hər dəfə mən uşağı qoyub getməkdən boyun qaçıranda Emin elə palatadakı arvadların yanındaca məni vururdu, təhqir eləyirdi, bunlara imkan tapmayanda da qolumu, budumu çimdikləyib gedirdi. Palata yoldaşlarımdan biri nənəydi, nəvəsinin yanında qalırdı. Onu gördükcə Emin lap qızışırdı:

- Bax o uşağın da yanında nənəsi qalır, sən elə ölürsən burda yatmaqdan ötrü.

Bütün günahları, qınaqları kürəyimə şəlləyib susurdum. Aborta getdiyimə görə ürəyimdə min dəfə özümə afərin deyirdim.

Müalicələr nəticə verdikcə, canına təpər gəldikcə Cavidi hörükdə güclə saxlayırdım. Uşağın yuxusu da pozulmuşdu, bütün gün ağlayırdı, gəzmək istəyirdi, əmisi uşaqlarını arzulayırdı. Yanımızdakı nənə cılız, sısqa qız nəvəsini yatıran kimi Cavid qışqırıb onu oyadırdı, onda da mən xəcalətdən yerə girirdim. Qız o qədər zəif idi ki, çarpayıda oturanda başını çiyinləri üstə güclə saxlayırdı. Nənəsi gün uzunu nəvəsinə baxıb ağlayırdı. Cavid yatandan-yatana qızcığazı qucağıma alıb qapqara saçlarına daraq çəkirdim, nənəsinin torbasındakı donlardan birini çıxarıb əyninə geyindirirdim.

Bir axşam dözməyib nənədən soruşdum:

- Xala, hanı bu uşağın anası ki, bu yaşda sən belə zülüm çəkirsən?

Arvad çuxura düşmüş gözləriylə üzümə baxdı, uralanmış bostana oxşayan kirpiklərini bircə yol qırpan kimi yaş kirtiyə dönmüş yanaqları boyunca axıb batıq ovurdlarında gölləndi:

- Ay qızım, yoxdu onun anası. Anası yansın onun, necə ki, məni yandırdı.

Soruşduğuma peşman oldum. Yazığın yarasının qaysağını qoparmışdım.

- Anası bu tifil dünyaya gələr-gəlməz özünü asdı öldürdü.

Qulaqlarım güyüldədi, boğazımda yumruq boyda qəhər düyünləndi:

- Xala, qızının adı Nüşabə deyildi?

- Həə, ay bala, Nüşabəydi, Nüşabəydiii...

Qızcığazı möhkəm-möhkəm sinəmə sıxdım. Yəqin yadına düşdü, Dostum, o gəlin bu qızı doğanda mənlə bir palatada yatırdı, bir-iki saatlığa aradan çıxıb evlərinə getmişdi, axşamtərəfi özünün yerinə xəstəxanaya ölüm xəbəri gəlmişdi. Bəxtikəm Nüşabə o gedişiylə mənim sinəmə içi sirri-xudayla dolu kədər dağı yükləmişdi, o dağın içində yüz il eşələnsəm də, daşını-torpağını ələkdən keçirsəm də, o kədərin sirri açılası deyildi...

İndi gözlərimə inanmırdım, Nüşabənin yanıb dərisinə yapışmış balası qollarımın arasındaydı. Bütün mahal bilirdi ki, Nüşabə özünə qıyandan sonra ərini də, qaynanasını da tutublar. Ortalıqda qalan bu qızcığaza da taleyi qara gəlmiş gəlinin biçarə anası yiyə durmuşdu.

- Bala, qızım məni bu günə qoydu, kəfənimi qoltuğumdan alıb, bir tifili kürəyimə şəlləyib getdi.

Uşağın ana hənirindən məhrum olduğu birgünlükdən bilinirdi. Xəstəxanadan çıxanacan o qızı qucağımdan yerə qoymadım. Biçarə o qədər halsız, o qədər dilsiz-ağızsız idi, iynəsi vurulanda belə səsi çıxmırdı. Bütün gün çarpayıda uzanıb, sağ əlinin arxası alnında gözlərini zilləyirdi nənəsinə. Elə bil bu yolla kimsəsiz qaldığı həyatda tək pənahı olan nənəsiylə bağlarını bir az da bərkitmək istəyirdi. Elə bil qızcığaz şüursuz bir mərhəmətlə nənəsinin üstündə əsirdi – zəif, üzgün canıyla arvadı incitmirdi, ağlayıb-sıtqayıb bezdirmirdi, çox əziyyətə salmırdı ki, birdən nənəsi ölər, bu zalım dünyada xudru-tək qalar...

***

O günlər xəstəxanada baş vermiş bir hadisə də mənim yaddaşıma dağ basdı.

Gülşən adlı bir gəlin Elçin adlı iki yaşlı oğluyla bizim palatada, qonşu çarpayıda yatırdı. Uşaq bir dəqiqə bir yerdə dayanmırdı, xəstəxananın kirli döşəməsinin üstündə eşələnirdi, ana da gün uzunu palataları gəzib arvadlarla çənə vururdu. Balaca Elçin dəcəl olsa da, çox şirin, gözəgəlimli uşağıydı. Gülşən qaynanasıyla dalaşıb atası evinə getmişdi, gedən kimi də uşağı təzə xiyardan zəhərlənib xəstəxanaya düşmüşdü.

Balası toxtayandan sonra mən tez-tez Gülşənə deyirdim:

- Uşağın yaxşıdı, bircə dənə dərman udur, nə oturmusan bu zibillikdə, götür uşağını, get evinə.

- Getməyəcəm, qoy ərim bilsin ki, xəstəxanadayıq, dalımızca gəlsin.

- Gəlmək fikri olsa, atan evinə də gələr.

- Yox, mən onu tanıyıram, bəlkə uşaq xəstələndiyinə görə gələ, yoxsa gəlməyəcək.

Sabahı bizi evə buraxasıydılar – Cavidin burnunun qanı kəsmişdi, səhhəti düzəlmişdi. Uşaq yatanda fürsətdən istifadə eləyib əşyalarımızı qabğarırdım, Cavidin təmiz-kirli paltarlarını ayrı-ayrı qatlayıb yığıb yerbəyer eləyirdim.

Elçin də göz yummurdu ki, Gülşən bayırda mərəkə qurmuş arvadlara qoşulub tum çırtlasın, çənə vursun. Elçinə verilən həbi hər axşam tibb bacısı əzib suda əridir, yatmazdan qabaq dərmanı uşağa içirirdi.

Bu dəfə tibb bacısını gözləməyə Gülşənin səbri çatmadı, uşağı paçasının arasına basıb dərmanı bütöv-bütöv ona uddurmaq istədi. Elçin əvvəlcə qışqırıb fəryad qopardı, sonra da dişlərini bir-birinə sıxıb anasının əlindən çıxmağa çalışdı. Mən uşağı Gülşənin caynağından qurtarmaq üçün dilləndim:

- Ay qız, sən dəlisən-nəsən, qoy tibb bacısı gəlsin, uşaq o boyda dərmanı uda bilməz axı!..

- Qələt eləyir, mən evdə də belə verirəm buna dərmanı.

Gəlin elə bil kiminsə acığına uşaqla öcəşirdi. Əlindən birtəhər çıxıb qaçan Elçini bir göz qırpımında qamarlayıb yenə paçasının arasına basdı, bir əliylə uşağın ovurdlarını sıxıb ağzını yarıyacan açdı, o biri əliylə dərmanı körpənin boğazına dürtdü.

Mən Nüşabənin tifili qucağımda çarpayıda oturub, bu cahil gəlinin çıxardığı hoqqaya tamaşa eləyirdim. Dərmanı uşağın boğazına itələyəndən sonra Gülşən Elçini ayaqlarının arasından buraxdı. Uşaq çırpı kimi yerə aşdı. Mən Elçinin bərəlmiş gözlərini görəndə ilan vurmuş kimi çığırdım. Ana çarpayısının üstündə nəsə eşələnirdi, balasına sarı heç baxmırdı da. Mənim qəfil çığırtıma dönən Gülşən uşağını ildırım sürətiylə yerdən qapıb qucağına aldı, alan kimi də uşağın başı anasının çiyninə düşdü.

Nə baş verdiyi hələ mənim özümə də çatmamışdı. Harayımı eşitmiş bir xeyli adam bizim palataya doluşmuşdu. Tibb bacısı ürəyi ağzından çıxa-çıxa özünü yetirdi:

- Buna noldu, başı dəydi harasa?

Mənim dilim dönmürdü, çox çətinliklə bunu deyə bildim:

- Anası ağzına dərman...

Ana donub qalmışdı, nə iş tutduğunu hələ də qanmırdı. Həkimlər uşağın ayaqlarından tutub başaşağı silkələdilər, boğazına əl saldılar, ancaq gec idi, uşaq artıq keçinmişdi. Həkim başını necə itirdisə bir yumruq anaya, bir yumruq da tibb bacısına ilişdirdi. Yumruq dəyəndə Gülşən elə bil yuxudan ayıldı. Ondan çıxan səsin qəlpələrini indiyəcən qulağımda gəzdirirəm. Gəlin özünü göyə atıb yerə vurdu, saçlarını çəngə-çəngə yolub otaqla bir elədi, canında sağ yamaq qoymadı. Bir anda Gülşən özünü al qana boyadı. Biçarə ana günahkar canını yerə nə zərblə çırpırdısa, düşünürdüm ki, yazığın içində bir salamat tikə qalmaz bundan sonra, ürəyi-böyrəyi-ciyəri yəqin partladı artıq.

Elçin çarpayıda mələk kimi uzanmışdı, ipək saçları ağappaq iri alnına tökülmüşdü, körpəcə əlləri yumruqlanmışdı. Vur-tut bir neçə dəqiqə irəli gözümüzün qabağında qaynayan uşağa baxdıqca içim-içalatım sökülürdü.

Gülşənin atası içəri girəndə otağa sakitlik çökdü. Bir anda bala qatilinə dönmüş gəlin sıçrayıb özünü kişinin üstünə atdı:

- Ata, sən ağlama, ata, təki sən sağ ol!

Kişi sağ olası halda deyildi, beli bükülmüşdü, qədəmləri sınmışdı. Elə bircə:

- Niyə belə oldu, Gülşən, - deyə bildi, - həm evini dağıtdın, həm balanı öldürdün, həm də məni el yanında xəcalətli elədin.

Kişi toxtamamış içəri Elçinin gələcəyinə bənzər yekəpər bir oğlan girdi. Girən kimi də sorğu-sualsız əl atıb Gülşənin saçından yapışdı, gəlinin başını divara necə vurdusa, zərbənin gücündən neçə addım aralıda mən titrədim. Heç kəs irəli dura bilmirdi. Əri Gülşəni bir də götürüb top kimi otağın bu başından o başına atdı, yerə dəyməklə qızın alnından qan şora verdi – çarpayının dəmirinə dəyən qaşı paçal nar kimi aralanmışdı.

Sonra yekəpər oğlan heysiz-heysiz əyilib iki yaşlı Elçinin cansız cəsədini qollarının üstünə aldı:

- Biriniz də dalımca gəlməyəsiz!

Qapıdan çıxanda Gülşən yüyürüb ərinin dizlərinə sarıldı:

- Heç olmasa balamın dəfnini görüm...

Əri təpiyinin burnuyla Gülşəni yolundan qıraq elədi:

- Sən elə burda da öləcəksən!

Gülşən palatanın çirkli divarına dəyib atasının ayaqları altına düşdü. Mən səs-küyə ayılmış Cavidi qucağıma alıb xəstəxananın sakit bir küncünə çəkildim. O gecə uşağım qucağımda danı diri tutdum. Gözümün önündə baş vermiş faciədən böyük dərs aldım...

Sonralar eşitdim ki, Gülşənin ailəsi dağılıb, tibb bacısına isə bir neçə il icbari iş kəsilib. Doğrudu, ana dərmanı ondan zorla almışdı, mən özüm buna canlı şahidəm, amma nə olursa olsun, tibb bacısı bu məsuliyyətli işi savadsız bir qadına etibar eləməli deyilmiş.

Beləcə, ötəri bir inciklik, çürük ədavət, mənasız hikkə gör neçə qat fəlakətə səbəb oldu. Lənət şeytana!..

ardı var

# 1310 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #