Mübariz Örən: “O kitabı oxuyanda dəli oldum” - MÜSAHİBƏ

 

Mübariz bəyi Yaradıcılıq fakültəsi tanıdıb mənə. Dərslərdə hər zaman ciddi görkəmdə oturub, gözlərini bir nöqtəyə - dərs deyən müəllimə zilləyib diqqətlə dinləyərdi.

 

Bütün dostlarım kimi, Mübariz bəylə də aramızda çox böyük yaş fərqi var, amma nədənsə heç o fərqi hiss etməmişəm, hətta bu yaxınlarda yaşının əslində neçə olduğunu bilmişəm. Bu müsahibəmiz başıbəlalı oldu. Mübariz bəylə danışdıq ki, görüşüb bir çay masası ətrafında müzakirə edək. Yağışın "tut ucundan, göyə çıx" vaxtına düşdü müsahibəmiz. Sonra da mən evə gəlib gördüm ki, kompüterim xarab olub. Beləcə müsahibənin sizə çatmaq üçün iki həftədən çox yol gəlib.

 

- Yağışla aranız necədir?

 

- Əvvəllər payızı sevmirdim, doğulduğum yay fəslində özümü suda balıq kimi, komfortlu hiss edirəm. Zaman keçdikcə yaş öz işini görür. Bu ilki payızı artıq sevməyə başlamışam.

 

- Yağışlı havalarda xalqın şairləri qəmli şeirlər yazırlar, bəs sizdə necədi?

 

- Ola bilər ki, onların ilham pəriləri nəmişlik sevir (gülür). Şəxsən məndə yazı-pozu prosesi havadan asılı deyil, əsas daxili havadır, bir də sakit məkan. O məkan ki, orda mən özümlə baş-başa qala bilim, ətrafdan təcrid olum. Bayırda tufan qopsa belə, mənə təsiri olmayacaq.

 

- Dediklərinizdən belə anladım ki, təkliyi sevirsiniz...

 

- Bəli, təkliyi çox sevirəm. Yaxşı nasir öz-özlüyündə daxili dialoqları qura bilmək üçün uzun-uzadı özünə qapanmalı, öz-özüylə söhbət etməyi bacarmalıdır. Bununçun da təbii ki, təklik mühüm əhəmiyyət kəsb edir.

 

- Ədəbiyyata qəfil gəlsəniz də, qısa zamanda geniş oxucu auditoriyası qazandınız.

 

- Mən yazmağa gec başlamışam. Yazana qədər isə çoxlu mütaliə etmişəm. Bu illər ərzində mütaliədən əlavə geniş müşahidələrim olub. Yazmağa başlayanda isə özümçün bir meyar müəyyən etdim ki, bundan aşağı səviyyədə bir şey yazmayacam. Çalışıram ki, buna maksimum dərəcədə əməl edim. “Bizdə yaxşı oxucu yoxdur” fikriylə də razılaşmıram. Yaxşı mətn oxunur, qəbul də edilir.

 

- Yazılarında kifayət qədər sərbəst olan Mübariz Örənin həyatda sərbəstlik anlayışı hara qədərdir?

 

- Məndə sərbəstləşmə prosesi son on ildə özünü göstərməyə başlayıb. Bu gecikmənin səbəbi sovet quruluşunun təsirindəndir, ola da bilər nəsildəngəlmədir. Müəyyən şeylər var ki, mən onları özümə yaxın buraxmıram, düşünürəm nəyi olar, nəyi olmaz.

 

- Elə kitablar var ki, dünyada məşhur olmasına baxmayaraq, siz onları hələ oxumamısınız?

 

- Sizinçün bəlkə təəccüblü gələ bilər, amma mən hələ də “Anna Karenina”nı oxumamışam. Orhan Pamukun cəmi bircə romanını oxumuşam, halbuki azı dörd romanını oxumalıyam. Ümumiyyətlə, çox heyfslənirəm ki, türk ədəbiyyatını orijinaldan oxuya bilmirəm. Çoxdur oxuya bilmədiyim kitablar, hətta günə bir roman oxusan belə, yenə bütün maraqlı kitabları oxumağa ömür çatmaz. Mən eyni gündə evdə bir, işdə bir, tıxac zamanı maşında da bir ayrı kitab oxuyuram.

 

- Bir əsərin sonluğunu bilsəniz belə, təkrar qayıda bilərsiniz ona?

 

- Əlbəttə. Nasir Mənzurinin “Avava” romanını çox sevirəm, təsir qüvvəsi çoxdur. Roman var ki, oxuyursan, düşünürsən ki, şedevrdir, roman da var, qaynadıb suyunu da içmək istəyirsən. Həmçinin, Markesin “Gözlənilən bir qətlin tarixçəsi” romanını dönə-dönə oxuyaram. O əsərdəki texnikaya valehəm. Məni ən çox camaatın biganəliyi alıb aparır. Hamısı bilə-bilə ki, Santyaqo Nasar öldürüləcək, yenə heç biri tədbir görmür, onu xilas etmək üçün addım atmır.

 

- İnsan xislətində biganəlikdən başqa nəyi qəbul edə bilmirsiniz?

 

- Çoxdur, amma satqınlıq və böhtan mənə görə ən dəhşətlisidir. Mən böhtandan çox qorxuram. Üç-dörd nəfər yığılıb böhtançının sözünü təsdiqləsə, adam özü də şübhəyə düşər, özünü təmizə çıxara bilməz. Beləcə mərdi qova-qova namərd edirlər.

 

- Kitabınızı təqdim etmək üçün gecikməmişdiniz ki?

 

- Düşünürəm ki, tam zamanında oldu. On hekayəm vardı, gördüm ki, kitab üçün azdır. Bir povestin də üzərində işləyirdim, elə gözlədim bitsin, birdəfəlik çapa verim. Hazırlıq işləri iki-üç ay çəkdi və təqdimat mənim yubiley günümə təsadüf etdi.

 

- Düşünürdünüz ki, nə vaxtsa sevilən yazıçı olacaqsız, təqdimat mərasimi, kitab imzalamalar, filan?

 

- Heç vaxt bu barədə düşünməmişdim. Yaxşı oxucu idim, amma yaxşı yazıçı olmaq ağlımın ucundan da keçməmişdi. Gənclik illərimdə yazdığım otuza yaxın şeirə qədər idi mənim yaradıcılıq arzum. Hətta fikirləşirdim ki, gələcəkdə bu şeirləri kitab halında çap etdirim. İndi düşünürəm, yaxşı ki o şeirləri çap etdirməmişəm. Zənnimcə, bu günün tələbi fonunda çox bərbad olardı.

 

- Yazılarınızı oxuyanda nə hislər keçirirsiniz?

 

- Kədərlənirəm... O məqamları ki mən qələmə almışam, onlar məni bir zamanlar nəinki kədərləndirib, hafizəmdə dərin iz buraxıb. Əgər illər keçsə də, mən onların heç birini unutmamışamsa, deməli maraqlı hadisələr olub. Həmin məqamları yaxşı yazmağı bacarsam, oxucuya da yaxşı təsir bağışlayar deyə düşünmüşəm.

 

- Övladlarınız oxuyublar kitabınızı?

 

- Oxusalar da, hər halda mənə öz fikirlərini deməyiblər, amma evdən kitabların daşınmasından belə qənaətə gəlirəm ki, qrup yoldaşları oxumaq istəyirlər. Ümumiyyətlə, çox sevinirəm ki, kitab oxumağa həvəslidirlər. Uşaq olanda onlara “Koroğlu” dastanını oxumuşam. Düşünürəm ki, “Koroğlu”nu hamı oxumalıdır. Mən o dastanı oxuyandan sonra sözün əsl mənasında özümü dəli kimi hiss edirdim, deməli bu, bizim qanımıza hopub.

 

- Heç olub ki, düşünəsiniz tükənmisiniz, daha yaza bilməzsiniz?

 

- Hazırda məndə vəziyyət elədir. Mənə elə gəlir ki, Tanrı mənə bir kitablıq söz bəxş eləmişdi. Kitab çıxandan fikrimi toplayıb heç nə yaz bilmirəm. İçimdə qəribə bir boşluq var. Bunu mənə bir çox yazıçı dostlarım demişdilər, xəbərdarlıq etmişdilər ki, bu povestdən sonra sən bir müddət heç nə yaza bilməyəcəksən. Mənim məşğul olduğum iş də ədəbiyyatdan çox uzaqdır. Uzun müddət özümlə tək qala bilmirəm ki, nəsə də ərsəyə gətirim. Nə olsun ki, ədəbiyyatı sevirəm, amma Azərbaycan reallığıyla da barışmaq lazımdır. Ədəbiyyatdan pul qazananlar az deyil ki, çoxdur, mənim kimi adamlar isə nəinki pul qazanmaq, hətta kitab çıxarmaqçün pul xərcləməlidir. Bu da təbii ki mənim ürəyimcə deyil, ikilənmə gedir məndə, yarı canım burda, yarı canım orda. Əminəm ki, vaxtımı yalnız ədəbiyyata sərf etsəm, yaxşı bir roman yaza bilərəm.

 

- Ömründə bir kitab oxumayan adamla dostluğunuz tutar?

 

- Belə dostlarım çoxdur. Bir müddət Rusiyada yaşamışam, orda mənim dostluğum elə adamlarla tuturdu ki, hırla-zırı qanmırdılar. Mənimçün əsas olan sədaqət andıdır. O qədər kitab oxuyan şeytanlar var ki...

 

- Fotolarla, rəsmlərlə aranız necədir? Rəssamlarla, onların əsərləriylə maraqlanırsızmı?

 

- Konkret kimlərisə izləmirəm, düzü heç çox məlumatlı da deyiləm. Gözəl olanları izləyirəm, əsas da intibah dövrünün rəsmlərinə üstünlük verirəm. İncillə bağlı rəsmlər də həmişə maraqlandırıb məni. Fotolara gəldikdə isə təsadüfi kadrlara üstünlük verirəm, zənnimcə həmin fotolar hər zaman danışır.

 

Arzu Murad

 

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017