Mənə dərs deyən pedofil müəllim

 

Könül Cəfərli

 

“Kabinetdə oturmuşdum. Gördüm 6-cı sinifdə oxuyan qız içəri girdi. Mənə hücum edib, dodağımdan öpməyə başladı. Çox çalışdım əlindən çıxa bilmədim. Sonra gördüm fikri başqadır, təcavüz də etmək istəyir. Bir təhər otaqdan qaçdım”.

 

Belə bir açıqlama da verə bilərdi. Hələ Allahınıza şükür edin ki, bunu deməyib. Eləcə qızın şər atdığını söyləyib. Təsəvvür edirsiniz də, uşaq babası yaşında kişiyə seksual məzmunlu böhtan atır. Özü də harda? Azərbaycanda, bir kənddə. Elə yerdə ki, qadın zorlansa belə səsiniz çıxarmaz ki, adım batar. Xaçmazda baş verən olayı deyirəm. Şagirdini öpən 62 yaşlı məktəb direktorundan yəqin xəbəriniz oldu. Deməli, qızı kabinetinə çağırıb dodağından öpüb. Bunu da qadın işçilərdən biri görüb. Uşağa deyib ki, olanları evdə danış. O, da ata-anasına söyləyib. Məsələnin üstü beləcə açılıb, kəndə vəlvələ düşüb. Söhbət yayılandan sonra bəlli olub ki, digər qızları da qucaqlayıb, öpüb, əlləyirmiş. Sonuncu ifadəyə görə üzr istəyirəm, amma camaat elə belə də deyir. Özü də bu dəfələrlə təkrarlanıb. Başqa bir valideyn də danışır ki, uşaq gəlib evdə nələrsə deyirdi, inanmırdıq, ağlımıza belə şey gəlməzdi, amma doğru imiş. Bir ata da ötən il direktoru tənbeh edib ki, bir də qızımı qucaqlayıb öpmə. Yəni bu günün söhbəti deyil. Adam xeyli vaxtdır azyaşlılara qarşı seksual hərəkətlər edirmiş. Sadəcə üstü yeni açılıb. Bəlkə də aşkar olmasaydı, hələ də davam edəcəkdi. Bu məktəblilərin və valideynlərin söylədikləridir. Qarşı tərəf isə şər, böhtan deyib, yaxasını kənara çəkmək istəyir. İş polisdədir, işin əsli-astarı istintaq nəticəsində məlum olacaq.

 

Hamı da daş atıb başını tutur ki, nə dövrə gəldik, dünya korlanıb-zad. Amma əmin olun ki, bunun zəmanə ilə əlaqəsi yoxdur. Məktəblərdə baş verənlər həmişə olub. Uşaqbaz müəllimlər elə Sovetin vaxtında da var idi. Sadəcə indi internet, sosial şəbəkələr dövrüdür. Hadisələr qısa müddətdə ictimailəşir, hamı xəbər tutur, ört-basdır etmək olmur.

 

Yadıma öz müəllimim düşdü, V sinifdə bizə dərs keçirdi. Bir neçə qızı çox incidir, qiymət yazmır, qəribə hərəkətlər edirdi. Məsələn, tabaşirləri şalvarının ciblərinə qoyub, onlara deyirdi ki, cibimdən siz çıxarın. Əvvəl o qızları ağladır, sonra da sakitləşdirmək bəhanəsi ilə ora-buralarını sığallayırdı. Mən müəllimin çirkin əməllərini illər sonra anladım. Böyüyəndən, intim davranışların nə olduğunu biləndən və bu məzmunda xəbərləri oxuyandan sonra.

 

Uşaq idik, müəllimin seksual hərəkətləri necə anlaya bilərdik? Bu barədə heç anlayışımız yox idi. O, da bundan istifadə edir, iyrənc fəndlərlə intim istəklərini həyata keçirirdi. Əxlaqsızlığından kimsə xəbər tutmadı, ən azı narazılıq, şikayət-filan qulağımıza çatmadı. Bir neçə il işlədi, sonra başqa məktəbə keçdi.

 

Təcrübə də göstərir ki, bu cür eybəcərliyin ya üstü açılmır, ya da gec aşkar olur. O cür adamlar çirkin əməllərinə illərlə davam edə bilir. Çünki...

 

“Çünki”lər çoxdur. Əvvəla valideyn-uşaq ünsiyyəti zəif olur. Evdə uşaqdan adətən dərsini, qiymətlərini soruşur, məktəb həyatı, müəllimlərin münasibəti ilə maraqlanmırlar.

 

Qızlar müti və qorxaq böyüdülür. Ona görə də etiraz edə, qarşı çıxa, sıxıntılarını valideynləri ilə paylaşa bilmirlər. Hər səhvinə görə başına qapaz dəyən övlad haqlı durumlarda belə cəza almaqdan ehtiyat edir. 

 

Uşaqlarda ailəsinə qarşı güvənsizlik olur. Ata-anasının ona deyil, müəllimə, direktora inanacağını düşünürlər.

 

Ən önəmli problemlərdən biri də cinsi tərbiyənin olmamasıdır. Avropa məktəbliləri üçün hazırlanmış bir rolik izlədim. Çox sadə bir animasiya idi. Uşağa izah olunur ki, onun intim orqanları hansı bədən üzvləridir və onlara heç kim toxuna bilməz.

 

Uzun sözün qısası, heç kəs heç nədən sığortalanmayıb. Tək qızlar deyil, oğlanlar da uşaqbazların qurbanı olur. Gec olmadan övladınızla münasibətinizi gözdən keçirin. Onun güvənini qazanmağa çalışın. Çox sevdiyinizə və nə olursa-olsun, hər zaman yanında olacağınıza inandırın. Səhvlərinə cəza ilə qarşılıq verməyin. Etdiyi yanlışlığın doğru olmadığını və fəsadlarını ətraflı izah edin. Uşaq zərərin nə olduğunu dərk etsə, özü ondan çəkinəcək.

 

Diqqətlə dinləyin, “uşaqdır” deyib keçməyin. Ən önəmlisi isə ona inanın və dediyini mütləq araşdırın.

 

Əmisinin zorladığı uşaq vardı. Anası danışırdı ki, oğlum bizə şikayət edir, əmisi ilə qalmaq istəmədiyini, onu incitdiyini deyirdi. Fikir vermir, özündən uydurduğunu düşünürdük. Uşağın bədənində göyərti izlərini görəndən sonra ata şübhələnməyə başlayır. Evə kamera quraşdırır, beləcə əminin 5 yaşlı qardaşı oğluna qarşı seksual hərəkətlər etdiyi ortaya çıxır.

 

Əxlaqsız hər yerdə var və peşəsi yoxdur. Hər sahədən “sapık”, uşaqbaz çıxa bilər. Bunun qarşısını qanunla, cəza ilə də almaq mümkün deyil. Hətta pedofillərin edam edildiyi ölkələrdə də uşaq zorakılıqları baş verir. Yəni Xaçmazdakı o direktor kimilər olub, var və olacaqdır. Tək çarə övladlarımızı qorumaqdır. Buna isə ancaq sevgi, güvən və dostluqda nail ola bilərik. 

 

 

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017