SÖYÜŞAydın Talıbzadənin essesi

 

Kulis.az Aydın Talıbzadənin “Söyüş” essesini təqdim edir.

 

/kulturoloji ictimai mesaj/

“Bir söyüşdən ötəri etmə əziyyət balama,

Göyərib coşma, utan, qonşuları yığma dama,

Sənə söydükləri getsin başı batmış atama,

Qışqırıb bağrını da yarma, uşaqdır uşağım!

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!”

Mirzə Ələkbər Sabir

                                                             

 

Söyüş nədir?

 

Elə bilirsiniz, mənim cavabım birdəfəlik və qəti olacaq? Əsla. Amma söyüşdən və söyüş söyən adamdan o qədər zəhləm gedir ki, bu haqda ciddi fikirləşməyi heç vədə ağlıma belə gətirməmişəm. Nahaq... özümü indi qınayıram. Deyim sizə niyə? Əgər bir nəsnə ki, dil qatında, düşüncə qatında, gündəlik məişətdə və ictimai həyatda özünə yer eləyə, bədii mətnlərə, səhnəyə, ekrana ayaq aça, bundan üz döndərməyinə dəyərmi? Söyüşdən qaçmaq nə demək? Bu nə kübarlıq, nə vasvasılıq? Hamıya darğa kəsilib söyüşə qadağa qoymaq absurd, nonsens. Hər söyüş söyənin də ağzına pambıq tıxasan, Mazandaranda pambıq qalmaz. O boyda Amerika söyür, o boyda Rusiya söyür, söyüşlə yatıb söyüşlə durur, bizə çatanda nə olur ki?  

 

Axır vaxtlar teleekranlarda, internet səhifələrində tez-tez görürəm ki, cavan yazarlar bu barədə həvəslə bir-birilə paylaşırlar, bu sosial-psixoloji təzahürün həqiqətinə varmaq istəyirlər. İstəyirlər ki, öz mətnlərinə söyüş sözlərini birbaşa daxil etməklə rəsmi nitqlərin pafosunu, yalançı ura-patriotizmin gurultusunu, əsassız iftixarın şirintəhərliyini “söndürsünlər”. Lap yaxşı: deməli, məsələni aydınlatmaq məqamıdır. Gərçi bu mövzu XXI əsr Azərbaycanında gündəmə gəlibsə, aktuallaşıbsa, çağdaş mədəniyyət koordinatlarında niyə də ondan ciddi danışılmasın? Məgər Mirzə Ələkbər Sabir bu məsələni karikatura çərçivəsində lağ müstəvisinə çıxarmamışdı ki, bəlkə əhli Azərbaycan ayıla? Onda bəs o necə olsun ki, dahi Seyid Əzimin həcvləri “üçmərtəbəli” söyüşlərlə “qaynayır”? Kimdir haqlı? Seyid, yoxsa Sabir? Söyüş yaxşıdır, ya pis; yaradıcıdır, ya dekonstruktiv? Azərbaycan poeziyasına söyüş Seyid Əzimlə birgə addımlayır. Sabirdə isə söyüşə qarşı güclü təpki var. Amma bununla yanaşı Mirzə Ələkbərin bütün satirası söyüşün astanasında gəzişir, latent söyüş konstruktunu özündə saxlayır.

 

Buradan da belə məlum eləyir ki, heç yeni deyil bu tendensiya. Çünki söyüş o nəsnədir ki, mədəniyyətdə çəkisi var. Söyüş o nəsnədir ki, bir özgə xalqı, bir əcnəbi dili, bir yad mədəniyyəti öyrənmək vasitəsi kimi mətbəx ənənələrinə bərabər tutulur. Söyüş o nəsnədir ki, insan övladı yaşadıqca yaşayır. Söyüş o nəsnədir ki, aktuallığı cəmiyyətin sərhədlərinə qədərdir. Təlim görmüş tutuquşu söyürsə də, mənasını anlamır: onun üçün söyüş kəlməsi ilə “şəkər” sözü arasında heç bir fərq yoxdur.

 

Söyüş adicə sözdür. Quruca sözdür. Di gəl ki, coşdura, qəzəbləndirə, güldürə, ağlada bilir. Söz səsdir. Səs dalğadır. İnsan gəzən su çəlləyidir. Su hər bir dalğaya qarşı aşırı həssasdır: çünki özündə dalğa genomunu daşıyır. Bu mənada insanın özü də dalğadır, sözü də. Beynəlxalq Dalğa Energetikası Mərkəzinin direktoru akademik Pyotr Qaryayevin dediyini sitatlaşdırıram: “Yadda saxlamaq lazımdır ki, hər bir tələffüz edilmiş söz dalğavari genetik proqramdır və bu proqram hər bir orqanizmə təsir edir”.

 

Mənim məqaləm kontekstində həmin fikrin sonucu budur ki, söyüş də dalğavari genetik proqramdır. Əgər dalğavari proqramdırsa, yayılacaq və onun qarşısını bir kimsə ala bilməyəcək. Beləliklə, söyüşün kainata dağılmaq xassəsi mövcuddur, eynilə ibadət sözü, ritual sözü, dua sözü kimi. Harada nə qədər neqativ və çirk varsa, söyüşlər orada “çiçəklənib” boy atır. Söyüş dildə pırtlayıb böyüyən zəhərli göbələk kimi bir şeydir: içərinin acısından, kinindən, nifrətindən qidalanır. Çox zaman psixoloqlar deyirlər ki, söyüş batinin mənfi enerjisindən qurtulmaq cəhdidir, neqativdən azad olmaq imkanıdır. Fikri bir ayrı cür ifadə etmək də caiz: söyüş söz-tüpürcəkdir; pisi bayıra daşıyır, çölə tullayır. Hərçənd Matta (Matvey) İsa Məsihin dilindən “İncil”də bunları yazıb: “İnsanlar söyləyəcəkləri hər boş söz üçün hökm günü hesab verəcəklər. Zira, öz sözlərinə görə bəraət qazanacaq və öz sözlərinə görə də məhkum olacaqsan” (Matta, 12:36-37).

 

Muhammad peyğəmbər də buyurur ki, “dilini saxla! Həqqən ki, insanların çoxusu cəhənnəmə öz dilləri ucbatından düşəcək”.

 

Yahu “boş söz”, “quruca söyüş” nədir ki, ondan ötrü axirət zamanında insana cəza kəsilə? Və ya insan bir ləntərani sözdən ötrü cəhənnəm oduna yana? Bəlkə psixoloqlar haqlıdırlar, söy ki, ürəyin boşalsın, stressdən qurtulasan. Kimə inanaq – sinir sistemi üzrə mütəxəssislərə, yoxsa müqəddəs “İncil”ə və ya müsəlmanların peyğəmbərinə? Bax, seçim yenə fərdiləşdi: burada qanun işləmir; yəni “nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!” Onda söyüşün qeyri-rəsmi şəkildə yasaq edilməsi nə ilə bağlı?

 

Fikirləşək.

 

Söyüş nədir?

 

Dedim ki, sözdür, bir az da obrazlı yazsam, söz-qumbaradır; dil onu batindən götürüb bayıra tullayır. Odur ki, söyüş ağır sözdür, için ağrısıyla, mənfisiylə, dərdiylə, azarıyla və 1001 problemilə yüklənmiş sözdür. Bu aspektdə söyüş ağrını obyektivləşdirir; hikkəni, qəzəbi, nifrəti obyektivləşdirir; seksual basqıları obyektivləşdirir; çarəsizliyə ani çarə bulur; aqressivliyi bildirir; bəzən isə həqiqəti pərdələyir, yalançı güc nümayişinə çevrilir. Söyüş hücumdur, həm də – müdafiə.

 

“Çarəsizliyə ani çarə” anlamında söyüş arxadan atılan daş kimi bir şeydir: insan özünü ovudur ki, mən də bacarıram, mən də zor tətbiq edə bilərəm, qorxuda bilərəm. Əməldə bacarıqsızlıq dilinə güc verməklə kompensasiya olunur.

 

Söyüş ekstravertin aksiyasıdır.

 

İntrovertlər söyüş söymür: heç kəs özünü söymür, hamı başqasını söyür.

 

Söyüş söyən insan hörmətsiz olur: amma hamı ondan ehtiyatlanır, qorxur; öz abrını, həyasını saxlayır. Çünki bilir ki, söyən də, söyülən də, söyüşü eşidən də həməncə urvatdan düşür. Ona görə ki, söyüş söymək çılpaq görünmək kimi bir şeydir, camaat arasında soyunmaq kimi bir şeydir: pornoqrafiyanın verbal variantıdır.

 

Varıb da gedək məsələnin xırdalığına.

 

Söyüşün məkanı var. Onun bol-bol işləndiyi yerlər məhəllədir, meydandır, bazardır. Müəyyən bir ərazidə insan sıxlığı artdıqca söyüş intensivliyi də çoxalır. Deməli, söyüş yaşamaq uğrunda mübarizə vasitələrindən biri kimi yozula bilir. Bu, həqiqətən də belədir: ruslar “döyüş meydanı”nı əbəsdən “söyüş meydanı” adlandırmırlar!!! Nədən ki, döyüş həmişə söyüşdür: söyüş həm döyüşün səbəbi, həm də nəticəsidir; yəni bu, permanent qırılmaz əlaqədir. Söyüş döyüşdə çoxalır: çünki məhz döyüşdə affekt, zor tətbiqi və ağrı qaçılmaz olur.

 

Söyüş bir qayda olaraq kişilərin oynatdığı söz-qumbaralardır. Qadınlar, sadəcə, onları yamsılayırlar. Söyüş kişilərə, kişisəl cəmiyyətə xas bir təzahürdür. Kişilər yoxdursa, söyüş də yoxdur. Qadınlıq təbiətinə söyüş söymək tamam yad bir xüsusiyyətdir. Səbəbi gün kimi aydın. Çünki söyüş birbaşa zor işlətməklə, güc tətbiq etməklə bağlı olan bir şeydir. Azyaşlı oğlan uşaqları söyüş söymək bacarığını göstərməklə özlərini kişilərə yaxınlaşdırırlar.

 

Hər bir lokal davanın, döyüşün, savaşın (istər küçə, istər ölkə miqyasında) işarəsi, siqnalı söyüşdür (təhqirdir). Ona görə ki, kişilər hər zaman “kim güclüdür?” sualına dəqiq cavab tapmaq həşirində bulunurlar. Bu mənada söyüş dava salmadan, döyüşmədən digər birisini acı sözlə hədələmək, qorxutmaq, alçaltmaq, ram etmək, tabe etmək yoludur.

 

Söyüş başqasını aşağılamaq, öz üstünlüyünü qabartmaq variantıdır. Kazarmalarda, türmələrdə, internatlarda və hətta düşərgələrdə... və hətta məktəblərdə..., bir sözlə, karnavallaşdırılmış kollektivlərdə qeyri-rəsmi münasibətlər bu üsulla nizamlanır. Söyüş sürünün rudimentidir, zor tətbiqinin mümkünlüyü barədə xəbərdarlıqdır. Əgər söyüşə reaksiya yoxdursa, dava da yoxdur. Yox, əgər söyüşə cavab gəlirsə, məsələ yumruqla həll olunur. Məhz bu aksiya ilə yaltaqlığın, rüşvətxorluğun və daha min cür çirkin əməllərin qapıları taybatay açılır. Söyüşü “götürmək”, yəni onu cavabsız buraxmaq boyun əymək kimi, hər işə razılıq əlaməti kimi qiymətləndirilir. Heç də “İncil” (“Əhdi-cədid”) boş-boşuna bəyan eləmir ki, dildən çıxan sözlər “ürəkdən çıxar və insanı onlar murdar eləyər. Çünki pis düşüncələr, qətllər, zinalar, əxlaqsızlar, oğurluqlar, yalançı şahidliklər, küfrlər ürəkdən çıxar” (15:18-19). Ürəkdən çıxdımı, əlüstü dilə yapışar və dillə dünyaya ayaq açıb yeriyər.

 

Söz dünyasının bir qütbü söyüşdür, bir qütbü – dua.

 

Söyüş şər daşıyıcısıdır. Gərçi söyüş birisinin neqativini çölə tullayırsa, deməli, bu neqativlə bir başqası yüklənir. Söyüş neqativi (hikkəni, acığı, qəzəbi) öldürmür, əksinə, onu tirajlayır. Söyüş mənəviyyatın bakteriyası kimi bir şeydir: qısa müddətdə ildırım sürətilə yayılır. Ona görə ki, söz dalğadır və bu dalğa digər birisinin də neqativini maqnit kimi çəkib üzə çıxarır. Söyüş yaxşı ola bilməz. Söyüş fonetik irindir, söz üfunətidir. Lev Nikolayeviç Tolstoy gözəl deyirdi ki, “sözlə ifadə olunmuş hər bir fikir elə bir qüvvədir ki, təsir dairəsi hüdudsuzdur”. Söyüş permanent pisliklər törədir. Qulaq söyüş eşidən kimi iç həməncə coşur, təlatümə gəlir: kimisində bu partlayışla qurtarır, kimisisə öz qorxaqlığında gizlənir.

 

Eksperiment aparılıb: torpağa iki cərgə buğda əkilib. Birinci cərgə söyüş söyülmüş su ilə suvarılıb; ikinci cərgə isə dua oxunmuş su ilə. “Söyüşlü su” cərgəsində məhsuldarlıq 49% olub, “dualı su” cərgəsində – 86%. Buradan da həməncə aydınlaşır ki, söyüş nifrindir, acıdır və onun yaşatmaq qüvvəsi yoxdur.

 

Amma... bununla belə söyüş konkretləşdirir və materiallaşdırır. Söyüş dünyanın qrotesk şəklidir və dünyanı tərsinə, baş-ayaq çevirmək, göstərmək imkanıdır. Söyüş meydan mədəniyyəti kontekstində ciddiliyin əksi kimi qavranılır: onun vasitəsilə özünə də, başqalarına da, dünyaya da gülmək mümkündür. Söyüşün bir ucu həmişə gülüşə ürcah.

 

Söyüş bir yandan zor tətbiqini eyhamlaşdırır, digər tərəfdən isə həmən zora lağ eləməyin, gülməyin mümkünlüyünü bildirir. Çünki söyüş karnaval sözüdür. Bu, Orta çağların meydan mədəniyyəti üçün xarakterik sayılan bir cizgi idi. Söyüşlə insanı, Mixail Baxtin demişkən, “doğan qəbrə” göndərirdilər, daha doğrusu, söyüşlə “ölü” taxtabaşı, “ölü” danabaşı və ya “ölü” danqabaşı dirildirdilər. Orta əsrlər mədəniyyətində söyüş qrotesk realizminin əlamətindən savayı bir şey deyildi. “Qrotesk dünyası özgələşmiş dünya” (Kayzer) idi və burada hamıya aid, amma heç kimə ünvanlanmamış söyüş vurub mənasızlığı dağıdırdı. Müasir söyüşlərə isə bunun heç bir dəxli yoxdur: bu söyüşlər həyasız, həqarətli söyüşlərdir, şəxsləndirilmiş söyüşlərdir: dünyaya yalnız təhqir etmək və alçaltmaq ehtirası daşıyır.

 

Hərçənd... bütün bunlarla yanaşı... söyüşün əsl səbəbi evdədir, bağlı qapı arxasındadır, məişətdədir, mətbəx və tualet marşrutu üzrə permanent hərəkətdədir, ər və arvad arasındakı intim yaşantılardadır. Bax, bu gündəlik həyatın neqativi axırı söyüş olub məhəllədə özünü gerçəkləşdirir. Yəni söyüşü təhrik edən impulslar evdən gəlir. Söyüş məhz evdən meydana (məhəlləyə) aparılan neqativ enerjinin təzahürüdür.

 

Söyüş həm də mənəviyyatın imtahanıdır. Söyüş söymək də narkomaniya kimi bir şeydir: söyüb rahatlanmaq elə bunu bildirir. Sən hər dəfə söyüşü dilinə gətirib rahatlandıqdan sonra gələn səfər mütləq şəkildə söyüş dozasını artıracaqsan. Ona da alışmaq, öyrəşmək mümkün. Söyüş dağıdıcı başlanğıcdır: ruha zərər gətirir. Şeyx Əhməd Kutti söyləyir ki, “əgər sənin söymək xoşuna gəlirsə, bu, o demək deyil ki, söyüş icazəlidir; bu, o deməkdir, səninlə nəsə qaydasında deyil”. Söyüş xəstə psixikanın məhsuludur, kobudluq əlamətidir, iradə zəifliyinin göstəricisidir, özünə arxayın olmamaq nişanəsidir.

 

Söyüş hədədir.  

 

Söyüş klinikadır.

 

Söyüşdə nərgizlik gizlənir. Pıçıltı ilə söyüş söymürlər. Söyüş söyəndə qışqırırlar. Qışqırırlarsa, deməli, başqalarını çağırırlar. Başqalarını çağırırlarsa, demək, mərkəzdə olmaq istəyirlər. Mərkəzdə olub öz oyunlarını nümayiş etdirirlər. Təsadüfi deyil ki, məhəllədə bərkdən söyüş eşidilən kimi hamı bayıra cumur. Bu, artıq küçənin, məhəllənin, meydanın söyüş teatrıdır. Əgər biz hamımız bu teatrda iştirak ediriksə, onda hamımız günahkarıq.

 

Odur ki, söyüş bir nəfərin, bir ailənin, bir məhəllənin problemi deyil. Söyüş tərbiyənin problemidir: nə əxlaqın problemidir, nə də dilin. Yüz minlərlə azərbaycanlı körpələrini dindirəndə fəxr eləyib onlara söyüş öyrədirlər və bunu utanmayıb ərköyünlük ayağına yozurlar. Olurmu, yahu? Axı söyüş, birmənalı şəkildə, tərbiyəsizlik əlamətidir. Mirzə Ələkbər Sabir yüz min dəfə haqlıdır: ədəb vaxtı uşağı söyüş söyməkdən daşındırmaq gərək. Gərək uşaqlıqdan biləsən ki, söyüş söymək olmaz. Çünki insan söyüş söyəndə hər şeydən öncə öz aurasını çirkləndirir, ünsiyyətsizliyin təməlini qoyur, ətrafın düzənini pozur, cəmiyyətdə qorxutmaq nümunəsi yaradır, kainata neqativ enerji göndərir. Bu enerji isə əvvəl-axır bizim özümüzə qayıdacaq.

 

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018