Azərbaycanlı ilə evlənməyi özünə sığışdırmayan general qızı – NAMƏLUM KİNO

Azərbaycanlı ilə evlənməyi özünə sığışdırmayan general qızı – <span style="color:red;">NAMƏLUM KİNO
28 oktyabr 2017
# 09:30

Kulis.az “Naməlum kino” layihəsində Rasim Ocaqovun 1991-ci ildə çəkdiyi “Qətldən yeddi gün sonra” filmini təqdim edir.

Süjet: Baş verən hadisə SSRİ-nin dağılması ərəfəsinə 1991-ci ilə təsadüf edir. Moskvada nüfuzlu general Mixail Romanoviçin (Yuri Yakovlev) beynəlmiləl ailəsi var. Onun bir kürəkəni latış Andris (İvars Puqa), digəri bir neçə millətin qarışığı Adikdir (Aleksey Bloxin). Oğlu kimi çox sevdiyi sürücü Rauf (Fəxrddin Manafov) isə azərbaycanlıdır.

Günlərin birində ailədə faciə baş verir. Generalın kiçik qızı Daşa (Olqa Bulanova) ailənin bağ evində qətlə yetirilir. Müstəntiq (Donatas Banionis) araşdırmalara əsasən sürücü Raufdan şübhələnir.

Qətl hadisəsi xoşbəxt görünən ailənin tamam başqa tərəflərini açır. Məlum olur ki, Daşanı bacısı Lena (Tatyana Lyutayeva) qətlə yetirib. Hər iki bacı Raufla sevgili olub. Lenanın oğlu Saşa (Andrey Şotin) isə Raufdandır...

“Qətldən yeddi gün sonra” detektiv janrında yazan məşhur yazıçılardan biri, belçikalı Jorj Simenonun hekayəsi əsasında çəkilib. Filmdə detektiv janrının qaydaları əsasən gözlənilir: müəmmalı qətl hadisəsi, qətli araşdıran təhqiqatçının şübhə fokusunu öldürülənin doğma adamlarına tuşlaması, cinayətin motivinin naməlumluluğu və s. Bununla belə filmdə daha çox dram janrının elementləri, atmosferi hiss olunur.

Çünki ssenari müəllifinin də (Rüstəm İbrahimbəyov), rejissorun da əsas məqsədi bir qətlin üzərindən ailənin faciəsini, keçirdiyi mənəvi böhranı göstərməkdir.

Müəlliflərin əsas ideyası beynəlmiləl bir sovet ailəsinin timsalında bütün Sovet İttifaqının modelini və bu modelin saxta, qeyri-səmimi qardaşlıq üzərində qurulduğunun təsviridir.

Əhvalat boyu ilk baxışda mehriban, səmimi görünən ailə üzvlərinin iç üzü kadrbakadr açılır.

Məlum olur ki, Daşanı qətlə yetirən bacısı Lena bir zamanlar Raufla eşq macərası yaşayıb. Sonra statusuna görə onunla ailə qurmağı özünə sığışdırmayıb. Ali təhsilli Adikə ərə gedib. Raufu sevən, narkotik istifadə edən bacısı Daşanı qətlə yeriməsinin səbəbi həm qısqanclıq, həm də mənsub olduğu ailənin nüfuzuna xələl gətirməsidir.

Adikin Lenayla evlənməsinin əsas məqsədi general atasının nüfuzundan, əlaqələrindən istifadə edərək vəzifə pillələrində yüksəlməkdir.

Ailədə bu qədər gizlinlərin, çirkin oyunların baş verməsindən ailə başçısı xəbərsizdir. Onun üçün əsas məsələ zor gücünə ailəni bir arada saxlamaqdır.

Ailənin xanımını (Elina Bıstritskaya) isə hətta qızının ölümündən çox bu gözlənilməz vəziyyətdən sarsılaraq stress alması, özünə vaxtı-vaxtında qulluq edə bilməməsi qayğılandırır.

Daşanın əri Andris soyuq tipdir, arvadı ilə münasibətləri azaddır. Bununla da onun simasında sovet cəmiyyətinin dəyərlərinə zidd, qərbi təmsil edən insan modeli verilib.

Adik Raufa azərbaycanlı olduğu üçün həqarət edir, onu “çernojopıy” adlandırır. Bu da Rusiyada ümumilikdə, qafqazlılara, orta asiyalılara aşağılayıcı münasibəti ifadə edir.

Ailə başçısı hərbi rütbəli adam seçilməsi də təsadüfi deyil. Sovet İttifaqının zor gücünə saxlanılmasına işarədir.

Belə bir ailənin dağılması labüddür. Sərt qanunlarla idarə olunması, şəxsi mənfəətlərinə görə maskalanmaları səbəbindən mənəvi sarsıntıları, böhran da, bir-birinə zərər vermələri də qaçılmazdır.

Adik guya ədalət və həqiqət naminə Raufun ziyanına şahid ifadələri verir. Ancaq arvadı ona bacısını özünün öldürdüyünü deyəndə o, susmağa məcbur olur. Və karyera naminə yalanı seçir.

Raufunda öz zəiflikləri var. Daşaya qarşı sadəcə ehtiras hiss edir və ehtirasının da qurbanına çevrilir.

O, Lenanın təkidiylə oğulları Saşaya görə qətli öz üzərinə götürür.

Film sonda general ailəsinin obyektivə saxta təbəssüm edən foto çəkilişiylə bitir.

“Qətldən yeddi gün sonra” "Azərbaycanfilm", "Bronstin Prodakşn", "Amerika-Sovet Kinotəşəbbüsü" Kino Şirkətinin birgə istehsalıdır. Filmin operatoru Kənan Məmmədov, bəstəkar Emin Sabitoğludur.

# 2039 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #