Britaniya ensiklopediyasına düşmüş yeganə azərbaycanlı

Britaniya ensiklopediyasına düşmüş yeganə azərbaycanlı
27 oktyabr 2017
# 12:10

Bu gün tanınmış ictimai xadim Ramiz Abutalıbovun doğum günüdür. Onun səksən yaşı tamam olur. Kulis.az bu münasibətlə tanınmış adamların ürək sözlərini təqdim edir.

Çingiz Hüseynov (yazıçı, Rusiya):

Ramiz Abutalıbov – millətimizin ən dəyərli insanlarındandır! Tariximizi öz yazı və şəxsən topladığı arxiv materialları ilə zənginləşdirmişdir. Gözəl qollu-budaqlı, nəvə-nəticəli ailə sahibidir. Onu ürəkdən təbrik edir, cansağlığı, uğurlar-sevinclər arzulayıram!.. Yüz yaşa, əziz Ramiz!

Arif Əliyev (jurnalist):

Ramiz Abutalıbov dünyanın ən tanınmış azərbaycanlılarından biridir. Yadımdadır, sovet hakimiyyətinin son illərində onun Britaniya ensiklopediyasına düşmüş yeganə azərbaycanlı diplomat olduğunu da deyirdilər. UNESCO-nun əməkdaşı Ramiz Abutalıbovla mən elə həmin vaxtlar tanış olmuşam. Və artıq 27 ildir ki, bu mahir diplomatın, yorulmaz tədqiqatçının, müdrik və olduqca təvazökar insanın gördüyü işlərin miqyasına heyranlığım qalır. Ramiz müəlllim Azərbaycan tarixinin araşdırılması, mədəniyyət və incəsənətimizin tanıdılması üçün əvəzsiz xidmətlər göstərib: xaricdə çoxlu sayda sərgilər, konsertlər, elmi konfranslar təşkil edib, onlarla kitabın tərtibatçısı və müəllifi olub, arxivlərin bərpasına, abidələrin ucaldılmasına, itmiş tarixi sənədlərinin üzə çıxarılması və Azərbaycana qaytarılmasına çalışıb. İlk müstəqil respublikamızın süqutundan sonra xaricdə yaşamış cümhuriyyət liderlərinin həyat və fəaliyyəti onun xüsusi maraq dairəsini təşkil edib. Ramiz Abutalıbov təkcə bu görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinin öyrənilməsi üçün yox, onların məzarlarının tapılması və bərpası üçün də çox işlər görüb. Müsahibələrinin birində Ramiz müəllim deyib ki, 1920-ci ildən sonra xaricdə qalmış diplomatik nümayəndəliyimiz haqda «Əbədi ezamiyyət» filminə o, «Qərib məzarlar» adı vermək istəyirmiş, hətta bu adda albom da buraxılıb. Bax, Ramiz Abutalıbov bizim «Qərib məzarlar»ımızı darıxmağa qoymayan adamdır.

Qulu Məhərrəmli (professor):

Elə şəxsiyyətlər var ki, adları çəkiləndə göz önündə geniş və zəngin bir mənəvi mənzərə canlanır. Bütün şüurlu həyatı xalqa, milli-ictimai düşüncəyə təmənnasız xidmət nümunəsi olan Ramiz Abutalıbovu belə parlaq şəxsiyyətlərdən hesab edirəm. O, diplomatik fəaliyyəti ilə yanaşı, XX əsr ictimai fikir tariximizin parlaq səhifələrinə işıq salan sənədlərin üzə çıxarılmasında, araşdırılıb sistemləşdirilməsində, bir çox görkəmli şəxsiyyətlərin bizlərə tanıdılmasında böyük işlər görüb. Xüsusən Azərbaycan cümhuriyyəti və mühacirət tariximizin öyrənilməsində Ramiz müəllimin misilsiz xidmətləri var və o, bu gün də həmin milli missiyasını şövqlə yerinə yetirir. R.Abutalıbov qədər xalqına, onun tarixinə və ənənəsinə bu dərəcədə dərindən bağlı olan adamları az-az tapmaq olar. Qarabağ hadisələrinin başlanğıcında Ramiz müəllimin Fransada elədiklərindən xəbərdar olan bir adam kimi deyirəm ki, onun fəaliyyəti heç vaxt diplomatik çərçivə ilə məhdudlaşmayıb. Ramiz Abutalıbov həmişə və hər yerdə böyük AZƏRBAYCANLI kimi çalışıb. Mən bu gün 80 yaşı tamam olan o böyük azərbaycanlını ürəkdən təbrik edir, cansağlığı və milləti şərəfləndirmə missiyasında daha böyük şövq və enerji arzulayıram.

Tahir Tahiroviç (kinorejissor):

Ramiz müəllimlə tanışlığımın 10 illik tarixi var. Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski haqqında sənədli filmin hazırlıqlarına başlayırdım. Kinematoqrafçılar İttifaqının mərhum katibi Abbas Əliyev mənə tövsiyə etdi ki, Ramiz müəllimlə görüşüm. Moskvaya gedib tanış oldum. Görüşdən sonra onun hansı ürəyə, mədəniyyətə sahib olduğunu görüb indiyə kimi onunla niyə dostluq etmədiyimə görə peşman olmuşdum. Son 10 ildə 6 sənədli filmi birlikdə işlədik. Avropanın bir neçə ölkəsində Ramiz müəllimlə birgə qərib məzarların axtarışına çıxdıq. Bir neçəsinin bərpasına da nail olduq. Təbii ki, o indiyə kimi onlarla belə işlərə imza atmışdı. Hətta bir dəfə “Tahir, sən mənim mənəvi davamçımsan” dedi. Bundan sonra daha məsuliyyətlə ona kömək etməyə başladım. Gediləsi uzun yolda onunla çiyin-çiyinə çıxdığım üçün xoşbəxtəm. Ramiz müəllim təbiətcə nə qədər sakit və yumşaq olsa da, öz əqidəsində və tutduğu yolda bir o qədər dönməz və inadkar insandır. Hər mübarizədə ona oxşamağa çalışmışam. Çünki onun xarakteri mənim formalaşmağımda çox böyük rol oynayıb. Bir dəfə tədbirlərin birində Ramiz müəllim özündən təxminən 15-20 yaş böyük bir nəfərlə mehriban görüşdü. Həmin şəxsin kim olduğunu soruşdum. Dedi ki, atasıyla dost olmuşam. Cavab verdim ki, ay Ramiz müəllim bu necə olur onun atası yəqin ki, sizdən 50 yaş böyük olub. Necə dost olmusuz?.. Ramiz müəllim gülüb dedi: “Ay Tahir, bəs mən səninlə necə dostluq edirəm?” Tərcümeyi-halımı yazırdım. Kinoopeator Rafiq Əliyev dedi ki, sən heç nə yazma. Sadəcə yaz ki, Ramiz Abutalıbovun dostuyam bu bəs edər. Dəyərli insanla dostluğa dəyər və mən buna görə özümü məmnun hiss edirəm.”

Aydın Balayev (tarixçi):

Son illərdə Azərbaycan milli hərəkatının XX əsrin əvvəllərindəki tarixinin tədqiqi ilə məşğul olmağım mənə həmin dövrdəki Azərbaycan siyasi və intellektual elitasının bir çox görkəmli nümayəndələrinin həyat və fəaliyyətilə yaxından tanış olmaq imkanı vermişdir. Fərəhləndirici haldır ki, həmin görkəmli şəxsiyyətlərin ardıcılları bu gün də bizim aramızda vardır və onların ən bariz nümunəsi Ramiz Abutalıbovdur. Ramiz müəllim sözün həqiqi mənasında XX əsrin əvvəlində doğma xalqının inkişafı naminə sakitcə və gözə görünmədən, öz fəaliyyəti barədə aləmə car çəkmədən çalışan Azərbaycan ziyalılarının görkəmli nəslinin mənəvi varisidir.

Ramiz müəllimin cəmi 80 yaşı var və o, ömrünün kamillik çağını yaşayır. Ondan dəfələrlə “daha bəsdir, əlimdəki layihəni bitirim, bundan sonra istirahət edəcəyəm” sözlərini eşitmişəm. Lakin hər dəfə həmin layihə bitməmiş, Ramiz müəllim yeni və gözlənilməz ideyalarla çıxış edib, ən başlıcası isə onların gerçəkləşməsində aparıcı rol oynayıb. Ona Tanrıdan möhkəm can sağlığı və bütün arzularının həyata keçməsini arzulayır, Tanrının ona bəxş etdiyi ömrü belə müqəddəs işlərə həsr etdiyi üçün dərin minnətdarlığımı bildirirəm.

İqbal Məmmədəliyev (ARB Aran televiziyasının baş direktoru):

Salnamə Sənədli Filmlər studiyasında çalışdığım vaxtlar rejissor dostum Tahir Tahiroviç Moskvada olarkən Ramiz Abutalıbovla görüşdüyünü və film üçün geniş müsahibə aldığını söylədi. Qərara gəldik ki, studiyanın rəhbəri Tofiq müəllimə film çəkmək arzumuzu deyək. Yeri gəlmişkən Ramiz müəllimin Bakıya gəlişi də gözlənilirdi. Tofiq müəllim məmnuniyyətlə bizim istəyimizə qoşuldu və studiyanın daxili imkanları hesabına film çəkilişinə şərait yaratdı. Müslüm Maqomayevlə vida mərasimində Ramiz müəllimlə görüşdük. O vaxtlar Vahid Poeziya Evində yığışıb film haqqında söhbət elədik. Bakıda , Moskvada və Naxçıvanda çəkilişlər aparıldı. Filmin video formatında olmasına baxmayaraq bizə imkan verildi ki, kinolentdən də istifadə edək. Bütün çəkilişləri Tahir apardı. Mən isə montaj rejissoru kimi çalışdım. Ramiz Abutalıbov haqqında kitab, qəzet, internet yazıları bir tərəfə, onun canlı müsahibəsini izlədikdə dərindən təsirlənməyə bilmirsən. Bu şəxsiyyətin, istər sovet dönəmində, istərsə də müstəqillik illərində diplomatik missiyasını mükəmməl yerinə yetirmiş bir ziyalı olduğunu görüncə fərəhlənirdim. Və bu əhval-ruhiyyə ilə filmin montajını yekunlaşdırdıq. Fəxr edirəm ki, filmoqrafiyama belə bir görkəmli şəxsiyyətin portreti - "Parisli azərbaycalı" filmi daxil oldu. O vaxtdan bəri görüşürük, söhbətləşirik. Parisdə, Bakıda, hətta Kürdəxanıdakı evimizdə... Fürsətdən istifadə edib Ramiz müəllimi doğum günü münasibəti ilə təbrik edir, ona can sağlığı diləyirəm!

Məmməd Abbasov (Naxçıvan MR Baş nazirinin keçmiş müavini):

Ramiz Abutalıbovla mənim şəxsi tanışlığım olmasa da hələ sovet dövründə bir həmyerlimiz kimi onun YUNESKO-nun əməkdaşı kimi fəaliyyət göstərməsi diqqətimi cəlb etmişdi. O dövrdə belə bir beynəlxalq təşkilatda fəaliyyət göstərmək üçün yüksək mədəniyyətə və intellektə sahib olmaq tələb olunurdu. Onun keçdiyi həyat yolu və yaradıcılığı onu deməyə əsas verir ki, Ramiz müəllim bacarıqlı diplomat və görkəmli ictimai xadimdir.

Ramiz müəllimi 80 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm ona möhkəm can sağlığı arzulayıram.

Mirvari Fətəliyeva (Paris Azərbaycan evinin rəhbəri):

Bu gün çox dəyərli bir ziyalımız Ramiz Abutalıbovun yubiley günüdür. Uzun illər Azərbaycan həqiqətlərinin Fransada tanıdılması, hər iki ölkə arasında münasibətlərin inkişafı, burada mühacir yaşamış həmyerlilərimiz haqqında tədqiqat aparan Ramiz müəllimin əməyi danılmazdır. Paris Azərbaycan Evinin ilk rəhbəri kimi həyata keçirdiyi və keçirmək istədiyi layihələr bizlərə miras qoyduğu üçün minnətdarıq. Dəyərli məsləhətləriniz, xeyir-duanız hər zaman bizimlə olsun. Ad gününüz mübarək Ramiz müəllim.

Georgi Mamuliya (Fransa, professor)

Əziz dostum və həmkarımı, Ramiz Abutalıbovu yubiley münasibəti ilə təbrik etmək istəyirəm. Parisin 5-ci məhəlləsindəki Panteon meydanında 2011-ci ilinə təsadüf etmiş ilk tanışlığımızı xatırlayıram. O vaxtdan Ramiz həyatımdakı öz yerini qəti şəkildə tutmuşdur. Azərbaycan və Qafqazın həqiqi vətənparvəri olan Ramizin sarsılmaz ideoloji sadiqliq, məntiqli davranış, təvazökarlıq və əlbəttə ki insanlara qarşı isti münasibət kimi şəxsi keyfiyyətləri onu sevdiyi sənətində əsl yoldaş kimi fərqləndirir. Ramiz Abutalıbovu sadəcə tədqiqatçı, tarixçi və ya publisist adlandırmaq kifayət deyil. Öz işinin ehtiraslı və fədakar vurğunu olan bu insanın saçdığı enerji şüaları, onunla ünsiyyət və ya iş birliyi qurmağa hər fürsəti düşənın ruhunu unudulmaz istilik ilə doldururlar. Əzizim Ramiz müəllim, Sizə möhkəm can sağlığı, şəxsi və ictimai həyatınızda xoşbəxtlik arzu edirəm! Sevdiyimiz vətən Azərbaycan və ümümiyyətlə Qafqazımızın maraqlarına xidmət edən çox işləri görmüsünüz, və inanıram ki, bu yolu yenə də davam edəcəksiniz.

Rafiq İsmayılov (naşir):

Ramiz Abutalıbov. Bu adı ilk dəfə 90-cı illərin əvvəllərində eşitmişəm. O zaman naşirlik fəaliyyətinə yenicə başlamışdım. Bir gün “Xazar” jurnalının redaktoru Arif Əliyev dedi ki, Ramiz müəllim Parisdən bir kitab göndərib – “1915-ci il erməni faciəsi” və məsləhət görür ki, bu kitabı Azərbaycanda nəşr edək. Kitabın müəllifi Jorj de Malevil tarixi sənədlərə söykənərək “erməni soyqırımı” mifini puça çıxarırdı. Ramiz müəllimin xahişi ilə cənab Malevil təmənnasız olaraq müəlliflik hüququndan istifadəyə icazə verdi və biz kitabı nəşr etdik.

Sonradan onun haqqında çox eşitdim: Ramiz Abutalıbov beynəlxalq əlaqələrindən istifadə edib Azərbaycan üçün filan iş gördü, filan faktları aşkar etdi, araşdırdı... Maraqlıdır ki, bunları mətbuatdan yox, daha çox dost-tanışdan eşidirdim. Ramiz müəllim heç vaxt möhtəşəm əməllərini əlində bayrağa çevirmirdi. 25 il sonra onunla şəxsən tanış olduqda bunun səbəbini başa düşdüm: doğma vətəni, xalqı üçün əlindən gələni eləmək Ramiz Abutalıbov üçün böyüklük, möhtəşəmlik göstəricisi deyil, adi, normal davranışdır.

Ramiz Abutalıbov həyatdakı fəaliyyəti və təfəkkürü ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründən XXI əsr azərbaycançılıq məfkurəsinə körpü salan şəxsiyyətdir, ziyalılıq və kübarlıq təcəssümüdür. O, geniş kütlələr arasında az tanınıb tarixdə dərin iz qoyan böyük azərbaycanlıdır! Nə yaxşı ki, belə azərbaycanlımız var!

Nəsib Nəbioğlu (şair, Rusiya):

Azərbaycan həqiqətlərinin dünya ictimaətinə çatdırılmasında Ramiz müəllim Sizin rolunuz olduqca böyükdür, mənalı bir ömür yaşadınız, harada oldunuzsa vətənimizə vicdanla, peşəkarlıqla, təmiz adla xidmət göstərdiniz. Yaşadığınız ölkələrdə mənsub olduğun Azərbaycan xalqının adını yüksək zirvələrə qaldırdınız, yüksək səviyyədə tanıtdınız. Yorulmaq bilmədən daim axtarışda oldunuz, vətənimiz, dövlətimiz, millətimiz üçün əlinizdən gələni etdiniz.

Bu gün yalnız Azərbaycanda, Rusiyada deyil, ölkəmizin hüdudlarından kənarda da sizin fəaliyyətinizi yüksək qiymətləndirirlər, soydaşlarımız da sizin gördüyünüz işlərlə fəxr edir və sizə böyük hörmət və rəğbət bəsləyirlər. Sizin Moskvada təkbaşına gördüyünüz işi, bir diaspora cəmiyyətinin gördüyü işdən yüksəkdə tuturam.

Elçin Şıxlı (jurnalist):

Ramiz Abutalıbovun adını ilk dəfə 80-ci illərin əvvəlində eşitmişəm. O zaman əsgərlikdən yenicə dönüb “Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr cəmiyyətində” işə başlamışdım. Həmin cəmiyyətin işi adından göründüyü kimi xarici ölkələrlə bağlı idi. Ramiz müəllimsə həmin illərdə Azərbaycan KP MK-da “Xarici ölkələrlə əlaqələr” şöbəsinin rəhbəri idi. Yəni, bizim işimizi yönləndirən strukturun başında dururdu. Amma orada çox az işlədi – cəmi 4-5 il, çünki nomenklatura adamı deyil. Yarınmaq, kiməsə yaltaqlıq etməyi bacarmır. Əsil, sudan duru ziyalıdır. Bəlkə də, təbiətindən irəli gələn təvazökarlıqdan bunu bildirməyib, amma bir çox məqamlarda birinci olduğu kimi, o zamanlar da Kremlin razılığı belə olmadan birbaşa UNESCO-da çalışmağa gedən ilk azərbaycanlı olub. Bu insan hay-küysüz böyük işlər görməyi bacaran tək-tük soydaşlarımızdandır. Parisdə çalışarkən başını aşağı salıb millətin başını ucaldacaq çox işlər gördü və indi də durmadan bu istiqamətdə çalışır. Milləti millət edən, onun qürurunu qoruyan və başını ucaldan belə insanlar durduqca millət də duracaq.

Yaşınız mübarək, Ramiz bəy!

# 981 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq Rəqs Günü  qeyd olunacaq

Beynəlxalq Rəqs Günü qeyd olunacaq

16:30 23 aprel 2024
Oxucusuz kitab sərgisi və qul rəftarı görən "könüllülər" - Reportaj

Oxucusuz kitab sərgisi və qul rəftarı görən "könüllülər" - Reportaj

16:30 23 aprel 2024
Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

16:00 23 aprel 2024
Dirijor Faiq Sadıqovun vəziyyəti açıqlandı

Dirijor Faiq Sadıqovun vəziyyəti açıqlandı

15:35 23 aprel 2024
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

15:00 23 aprel 2024
Gəncə Filarmoniyasında "Üzbəüz" layihəsi təqdim olundu

Gəncə Filarmoniyasında "Üzbəüz" layihəsi təqdim olundu

14:30 23 aprel 2024
#
#
# # #