Bizim Cəmil müəllim

Bizim Cəmil müəllim
26 oktyabr 2017
# 12:16

Müdriklər demişlər: “Bilik insanın bəzəyidir”. Biliyi, elmi insana öyrədən isə müəllimdir. Tarix boyu “müəllim” adı, müəllimlik sənəti yüksək qiymətləndirilmişdir. “Müəllim ən böyük bağbandır” atalar sözündə deyildiyi kimi, müəllim yetirdiyi tələbələrə, yaratdığı məktəbə görə tanınır. Əgər bir şəxs həm müəllimliklə, həm də elmi tədqiqatla məşğuldursa, onun fəaliyyəti xüsusilə əvəzsizdir. Bu mənada professor Cəmil Əhmədlinin yaradıcılığı diqqəti cəlb edir. Çünki o, alim kimi qələmə aldığı dəyərli elmi əsərlərlə bərabər, müəllimlik fəaliyyətinə görə də böyük nüfuz qazanmışdır.

Cəmil Teymur oğlu Əhmədli 27 oktyabr 1931-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. 1948-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsinə daxil olmuş, 1953-cü ildə Stalin təqaüdü ilə universiteti bitirmişdir. O, 1953-cü ildə Moskvaya gedərək SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda aspiranturaya qəbul olmuş, 1956-cı ilin dekabr ayında “Azadlıq və zərurət” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. Cəmil Əhmədli AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və elmi katib vəzifələrində işləmişdir. Alim 1965-ci ildə “Materialist dialektikanın qanun və kateqoriyası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Fəlsəfə kafedrasının müdiri təyin edilmiş, elə həmin ildə professor adını qazanmışdır. Cəmil Əhmədli 1969-cu ildə bu institutun nəzdində ilk sosioloji tədqiqatlar laboratoriyası yaratmışdır. 1990-cı ildən 2005-ci ilə qədər Bakı Dövlət Universitetinin Fəlsəfə və Sosiologiya kafedrasının müdiri, 2005-ci ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının professoru kimi çalışmışdır. Cəmil Əhmədli 9 fevral 2010-cu ildə vəfat etmişdir.

Tədqiqatçının ilk elmi əsəri olan “Azadlıq və zərurət” kitabı 1960-cı ildə çapdan çıxmışdır. O, bir alim kimi 40-a yaxın elmi monoqrafiyanın, dərsliyin, dərs vəsaitinin, yüzlərlə məqalənin müəllifidir. Cəmil Əhmədli yüzdən çox beynəlxalq və respublika konfranslarında elmi məruzələrlə çıxış etmişdir.

Alim 1990-cı ildə əməkdar elm xadimi fəxri adını almış, 1997-ci ildə Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü, 2000-ci ildə isə akademik seçilmişdir. Tədqiqatçı 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Göründüyü kimi, Cəmil Əhmədli Azərbaycanda elmin və təhsilin inkişafında misilsiz xidmətlər göstərmişdir. Elmi kadrların hazırlanmasında da onun mühüm rolu vardır. Belə ki, Cəmil Əhmədlinin elmi rəhbərliyi ilə 100 yaxın namizədlik, 10-dan çox doktorluq, onlarla magistr dissertasiyaları, kurs və diplom işləri müdafiə edilmişdir. Alim təbiətşünaslıq, fəlsəfənin nəzəri məsələləri ilə yanaşı, fəlsəfə tarixi mövzuları üzrə də dissertasiyaların elmi rəhbəri olmuşdur. Cəmil Əhmədlinin tələbəsi olmuşam, onun elmi rəhbərliyi ilə kurs və diplom işlərini müdafiə etmişəm. “Nəsirəddin Tusinin dünyagörüşü” mövzusunda fəlsəfə tarixi sahəsi üzrə yazdığım namizədlik dissertasiyasının da elmi rəhbəri Cəmil müəllim idi. Beləliklə, onun həm tələbəsi, həm də aspirantı olmuşam.

Cəmil Əhmədlinin qələmə aldığı kitablar, eləcə də elmi məqalələr orijinallığı, obyektivliyi baxımından hər zaman böyük maraq doğurur. Onun bütün əsərləri müasir dövrdə də elmi əhəmiyyətini saxlamış, fəlsəfəni öyrənmək istəyənlər üçün xüsusilə dəyərlidir.

Cəmil Əhmədli əvəzsiz müəllim, böyük alim idi. Fəlsəfənin ən çətin məsələlərini sadə dillə izah edir, tələbələrə bu elmi öyrətməyə çalışardı. O, qayğıkeş, xeyirxah insan idi. Tələbələrinin, aspirantlarının qarşılaşdıqları problemləri həll etməkdə köməyini əsirgəməzdi. Cəmil müəllimin köməyi ilə elmi fəaliyyətim dövründə qarşılaşdığım bəzi çətinlikləri həll etmişəm. Onu tanıdığım zamandan tələbələrinə qarşı qayğısını, xeyirxahlığını görmüşəm. Cəmil Əhmədli təbiətən təvazökar və sadə insan idi. Onunla ünsiyyətdə olan hər kəs xarakterindəki bütün müsbət keyfiyyətləri müşahidə edər və bu xeyirxahlıqdan bəhrələnərdi.

Professor Cəmil Əhmədli səmimiliyi, qayğıkeşliyi və xeyirxahlığı ilə hər kəsdə xoş xatirələr yaratmış, bu əvəzolunmaz insanın xatirəsi onu tanıyanların yaddaşında daim yaşayır.

Aytək Zakirqızı (Məmmədova)

fəlsəfə doktoru

# 1961 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #