Tərbiyəli əxlaqsızlıq

Əxlaq və tərbiyə. Əxlaq tərbiyə deyil, geniş anlayışdır, onun içinə Lolita da sığır, şeyx Nəsrullah da.

 

Da Vinçinin bakirə "Mono Liza"sı Manenin lüt "Olimpia"sı ilə yanaşıdır orda. Tərbiyə isə təşkil və tərtib olunmuş sintetik bir proqramdır. Əxlaqda yazılmamış qanunlar həmişə qüvvədədir, tərbiyədə isə hər şey yazılı plan üzrədir.

 

Tərbiyənin "olmazları" əxlaqın "olmazlarından" çoxdur. Əxlaqda cəza utopiyadır, tərbiyədə isə sabitdir. Məsələn, daş-qalaq əxlaqın içindəki tərbiyədir, amma əxlaq öz içində tərbiyənin bu amansızlığına qarşı siğə təklif edir və s.

 

Bizim əxlaqsızlıq dediyimiz şeyləri, əslində, tərbiyənin qadağaları yaradır. Məsələn, sovet tərbiyə sistemində yetişmiş mədəniyyətimizə baxaq. Tərbiyəli roman, tərbiyəli kino, tərbiyəli musiqi və nəticəsi - əxlaqsız bir cəmiyyət.

 

Eyni dövrün Avropa mədəniyyətinə baxaq, tərbiyəsiz romanlar, tərbiyəsiz kinolar, tərbiyəsiz musiqilər, rəsm əsərləri və sonuc əxlaqlı cəmiyyət!

 

Biz mədəni ölçü kimi əxlaqı deyil, tərbiyəni götürdüyümüzdən indi dərhal biri düşünəcək ki, Avropada əxlaq var bəyəm, orada qız (oğul) atasının yanında siqaret çəkir.

 

Amma onun əxlaqı atasının yanında siqaret çəkməməklə məhdudlaşdırılmış tərbiyəli qızın (oğulun) atası olmayan yerdə nə hoqqalardan çıxdığından xəbəri yoxdur.

 

Biz insanı tərbiyə çərçivəsinə sıxışdıraraq, onun əxlaqi azadlıqlarını əlindən alırıq və buna görə də ən qəddar əxlaqsızlıq ən tərbiyəli cəmiyyətlərdə baş verir. Çünki burada əxlaqsızlıq etiraz aksiyası kimi baş tutur, əsas məqsəd tərbiyə qalasından fərdin azadlığının qisasının alınmasıdır.

 

Əxlaqdan qaçış azadlıqdırsa, tərbiyədən qaçış özbaşınalıqdır. Eyni sinəsiaçıq paltarı fransız qadını da geyinir, Azərbaycan qadını da, amma bizimkinin əynində daha vulqar görünür. Niyə? Çünki məqsəd ayrıdır, fransız yaraşdığı üçün geyinib, bizimki nənəsindən üzü bəri sülaləsindəki bütün qadınların qisasını onları tərbiyə ilə boğan cəmiyyətdən almaq üçün.

 

Azərbaycan kişisi niyə rüşvət alır, həm də prinsipial olaraq alır? Çünki az maaş alıb çox işləməyin alicənablıq olduğu yalanı ilə tərbiyə olunub.

 

Azərbaycan insanı hər yerə, televizora, kinoya, küçəyə, romana bu tərbiyə yalanının gözü ilə baxır, ona görə öz tərbiyəsinin altındakı əxlaqsızlığı görə bilmir.

 

Göstərənləri isə camaatın anası-bacı tərbiyəsi ilə hədələyir. Çünki bizdə tərbiyənin silah olduğunu çoxdan öyrədiblər ona.

 

LENT

19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017