“Maşın-şou” bizi necə aldadır

“Maşın-şou” bizi necə aldadır
19 oktyabr 2017
# 10:30

“Maşın-şou”... Səs-küylü, qalmaqallı realiti-şou. Maşın ətrafında ehtiraslar son həddə çatır, kimi udur, kimi uduzur, amma nəticədə onsuz da maşın əldən gedir. Cəmi bircə nəfərdən - xoşbəxt qalibdən başqa.

Şou elə bu qalmaqalların üzərində qurulub. Qalmaqallar və aparıcının qalmaqalı şişirdib təqdim etmək məharəti olmasa hər şey çox maraqsız olardı. Tamaşaçıları ekrana bağlayan səngimək bilməyən ehtiraslardır.

Aparıcının məharətini bir daha qeyd etmək istəyirəm. Ara səngiyən kimi Murad Dadaşov vacib bir məlumat çatdırırmış kimi deyir ki, heç bilirsiniz burda nələr baş verir? Burda elə şeylər baş verir ki, iştirakçılar da özlərindən əmin deyillər! Gərginlik son həddədir! Və insanları əyləncəyə cəlb edən sair belə replikalar...

Məqsəd olanları mümkün qədər şişirdilmiş təqdim edə bilməkdir.

Kommersiya maraqları üzərində qurulmuş şouları idarə etmək asan deyil. Bircə səhv neçə doğrunu sıradan çıxara bilər.

Tamaşaçılar şounu futbol matçlarını seyr etdikləri kimi izləyirlər. Ona görə topları qapıdan son dərəcə ustalıqla keçirməyi bacarmaq lazımdır.

Amma nə qədər məharətli olsan da, məsələnin məğzini ört-basdır etmək mümkün deyil.

Bəs mahiyyət nədir?

Realiti şoulara bildiyim qədər adi adamlar cəlb olunurlar, o adamların ki, maşına həqiqətən ehtiyacları var. Təxminən 10 il öncə, ilk “Maşın-şou”da Allahverdi adlı iştirakçını xatırlayıram. Kasıb oğlan idi, amma kimsəni maşından uzaqlaşdırmağa qıymayıb “Bir dəmir parçasına görə niyə insanlığımızı itirək?” - deyirdi.

Allahverdi adlı kasıb oğlan mərdliyiylə yadımda qalıb. Amma yəqin ki, onu az xatırlayırlar. Çünki Allahverdinin mənəvi özəllikləri çağdaş dünyanın tələbatlarına uymur.

“Maşın-şou”nun tarixində tutaq ki, 3-cü yarışmada kişi söyüşləri söyən ulduz müğənni, 6-cıda mavi olduğunu etiraf edən kişi müğənni, 10-cuda hamıya kələk gəlməyi bacarmış hiyləgər tele-ulduz, 14cü-də hətərən-pətərən danışaraq nüfuzunu yerlə bir edən hündür “priçeskalı” xanəndə yadda qalıb.

Elə ona görə də maşının sponsorları adi adamlarla yox, tanınmış müğənnilərlə oynamaq istəyir. O müğənnilər ki, avtomobilləri əlcək kimi dəyişirlər.

Satın ala bilmədikdə prokata götürürlər, yetər ki, rəqiblərin bağrı çatlasın.

Basabas avtobuslardan başqa minik vasitəsi olmayan alicənab tamaşaçılar isə maşın ətrafındakı mübarizəni çılğınlıqla izləyir, son konturlarını süni və yaxud təbii şəkildə qarşıdurma yaratmış ulduzların ünvanına göndərir, qələbəsini görəndə səbəbsiz sevinir, uduzduğunu görüb səbəbsiz üzülür, dərd-sərini sosial şəbəkələrdə paylaşır, ağlayır, gülür və s.

Və həmin o son konturunu sevdiyi müğənninin maşından əlini çəkib getməməsi üçün göndərən adi tamaşaçının sayəsində hansısa ulduzun kolleksiyasına daha bir avtomobil daxil olur, sponsorlar xeyli artıq qazanc əldə edirlər, reklam şirkətləri öz imkanlarını genişləndirir, mobil telefon bazarı artım əldə edir və s.

Əslində, pafoslu yazmaq və məsələnin mahiyyətini araşdırmaq fikrindən uzağam. Çünki mahiyyət heç nəyi həll eləmir.

Məsələnin məğzi olmayanda belə, o, təmtəraqlı və gözəl görünə bilər.

Deməyim odur ki, realiti şoular heç də soyuq gerçəklik üzərində qərar tutmur.

Maşının səs-küylü təqdimatı tamaşaçıya özünü çox vacib bir oyunun tərkib hissəsi kimi hiss etdirir. Hansısa müğənninin və yaxud tele-ulduzun maşın qazanıb-qazanmayacağının onun üçün nə kimi əhəmiyyəti olduğunu düşünmədən oyuna “qatılır”.

Və aldadıldığının yalnız şou bitdikdən sonra fərqinə varır. Bəlkə də heç varmır...

Ta ki, yeni yarışmaya qədər. Yeni şouların təmtərağı tamaşaçıya məsələnin məğzini unutdurur, onu azartlı oyunun iştirakçısına çevirir.

Və yenə həyat bir maşınlıq cəlbedici görünür...

P.S. Bu yerdə yadıma düşdü ki, maşın kolleksiyası olan ulduzların da ilk “Maşın-şou”nun kasıb iştirakçısı kimi “Bir dəmir parçasına görə niyə insanlığımızı itirək” dediyinin şahidi olmadım...

# 1434 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #