Gənc yazıçı: “Prustu anamdan çox sevirəm” - MÜSAHİBƏ

Gənc yazıçı: “Prustu anamdan çox sevirəm” - MÜSAHİBƏ
17 oktyabr 2017
# 13:35

Kulis.Az gənc yazıçı Müşfiq Şükürlünün müsahibəsini təqdim edir.

- Müşfiq, səhv eləmirəmsə, ilk müsahibəndir?

- Səhv etmirsən. (gülür)

- Onda özün haqda məlumat verərdin...

- 23 yaşım var, BDU-nun Jurnalistika fakültəsini bitirmişəm. Deyilənə görə, gənc yazaram. Yazıçılar Birliyində Gənc Ədiblər Məktəbinin koordinatoru, "525-ci qəzet”in müxbiriyəm.

- Bəs harda doğulmusan?

- Bakıda doğulmuşam, sonra Gəncəyə köçmüşük. Uşaqlığım Hacıkənddə keçib. Universitetə qəbul oldum, gəldim Bakıya.

- Uşaqlığın necə keçib?

- Uşaqlığın bir oyun-əyləncə tərəfi var: dəcəllik, qorxaqlıq, çılğınlıq... Bir də hamının olmasa da, ən azından ədəbiyyat həvəskarlarının uşaqlıq həyatı. Yəni mütaliə ilə keçən şablon yazıçı taleyi. İbtidai sinifdən sonra ədəbiyyat oxumağa və yazmağa başladım.

- Kitaba maraq ailədənmi gəlirdi?

- Biz guya "ziyalı ailəsi”yik. Mənim üçün "ziyalı” anlayışı bir az fərqlidir. Bu sözə ya çox tələbkar yanaşıram, ya da ki, qəbul etmirəm. Amma reallıq budur ki, anam, əmilərim, dayılarım müəllimdir. Atam isə hərbçi. Dörd uşağıq, hamımız da ali təhsilli. Bizim nəsildə yazıçı yoxdur, amma kitaba maraq var. Bədii kitaba marağım, meylim məncə böyük qardaşımla bağlıdır. Hacıkənddə Mərkəzi Kitabxanamız var idi. İndi də durur. Mən o zaman ancaq bunu dərk edirdim ki, qardaşım evə kitab daşıyır, bir ucdan oxuyub qaytarır. Sonradan bu xasiyyəti mənə də keçdi.

- Bəs ədəbiyyata gəlişin necə oldu? Kim səni aldatdı ki, istedadlısan?

- (gülür). İndi məni ədəbiyyat mövzusunda aldatmaq elə də asan deyil. Amma sən deyəndə də həqiqət var. Açığı məni universitet dövründən aldatdılar. Professor Cahangir Məmmədli məni inandırdı ki, yazıların maraqlı və fərqlidir, sən yazıçısan. Ədəbi mühitlə yaxından tanışlığım isə yazıçı Şərif Ağayarın sayəsində oldu. O, "Mənim kiçik nağılım” adlı hekayəmi səmimi və maraqlı bir şəkildə oxuculara təqdim etdi. Hekayəm bəyənildi, hətta deyərdim oxundu. Beləcə, çağdaş ədəbiyyatçılarımızın, yazıçılarımızın bir qismilə dostlaşdıq. Mənə elə gəlir, oxuduğum kitablardır mənə bu cür dostlar, dəyərli insanlar qazandıran. Ədəbiyyata gəlməksə ciddi məsələdi. Bunu gələnlərdən-gedənlərdən soruşmaq lazımdı.

- Şərif sənə yazıçılıqla bağlı məsləhətlər verirdi?

- Şərif indi də məsləhətlər verir. İlk söhbətlərimiz yadımdadır. Mənə dedi, istedadını qatla qoy cibinə, yaz-poz, öyrən. Amma düzünü deyim Şəriflə və ədəbi mühitlə tanışlıqdan sonra məndə bir depressiya yarandı. Böhran deyək. Onlar günahkar deyil, əlbəttə. Bəlkə heç ədəbiyyatçılarla ünsiyyətim olmasa da, gözlərim açılacaq və ədəbiyyatın nə dərəcə məşəqqətli bir iş olduğunu anlayacaqdım axır- əvvəl. Yəni uşaq vaxtı yüz vərəqli dəftərlərdən düzəltdiyim, içini yazıb doldurmağa çalışdığım yarımçıq romanlarım, hekayələrim, rəvayətlərim, nağıllarım yoxdur artıq. Bəlkə bir də o cür özümü aldada bilmərəm. Çünki indi ciddi-ciddi oynamağın vaxtıdır. Bu isə asan deyil. Zəhmət çəkmək də təhlükəlidir yazıçılıqda. Nə bilirsən, bəlkə bada getdi? Oldun istedadsızın biri. (gülür) Özümü yazıçı hiss etmirəm artıq. İki ilə yaxındır ki, heç nə yazmıram. Ara-sıra məşğul olsam, çap olunsam da, necə yazmalı sualı məni ciddi şəkildə narahat eləyir, əngəl yaradır.

- İlk dəfə harda çap olundun?

- İlk dəfə universitet qəzetində çap olunmuşam. Universitet yeməkxanasındakı bir aşbaz qadının gündəlik işlərindən bədii reportaj hazırlamışdım. İlk hekayəm isə "525-ci qəzet”də çıxdı.

- Ədəbi gənclikdən razısan?

- Ümumiyyətlə, mənim ədəbiyyatla bağlı xəyallarım, ümidlərim qənaətbəxş deyil. Təkcə gənclik yox. Bütövlükdə ədəbiyyat. Düşünürəm ki, texnikanın inkişafı və başqa-başqa səbəblər ədəbiyyatı sıradan çıxarmaqdadır. Sanki ədəbiyyat gərəksiz bir şeyə çevrilir, ya da dəyişir. Ədəbiyyat, mənə elə gəlir ki, hal-hazırda cəmiyyətə ciddi şəkildə təsir eləmir.

- Demək istəyirsən ki, ədəbiyyat şouya çevrilib?

- Yox, onunla əlaqəsi yoxdu. Ədəbiyyatın qüdrətindən söhbət gedir.

- Kafkaya bənzərliyin var. Bu, səndə fəxr hissi yaradırmı?

- Kafka mənim yazıçım deyil. Üç-dörd il öncə oxumuşam "Çevrilmə”ni, "Qəsr”i, hekayələrini. Onda bir düşkünlük yarandı. Sevdim Kafkanı. Ancaq elə də çox keçmədi. İçimdəki Kafka sevgisi tezliklə tükəndi. Əvvəllər sirli bir qutu və məni ədəbiyyata calaşdıran bir bağ, keçid, körpü, mübhəm bir qapıydısa, indi artıq səfsətədən ibarətdir. Əksinə ondan daha gözəl əsərlər yazmaq istərdim. Kafka da öz əsərlərinin mükəmməl olmadığını etiraf edir. Kafkada ədəbi baxımdan yarımçıqlıq var, məncə. Yenilik gətirib, modernistdir, amma nəsə ədəbi natamamlıq var əsərlərində. Ona zahiri mənada bənzədiyimi isə düşünmürəm.

- Onun şəxsi həyatında qadınlarla olan yarımçıqlığı sənin hekayələrində var elə bil?

- Hekayələrimdən bir-ikisini çıxsaq, hamısı zibil qutusuna atılmalıdı. Qismən ürəyimcə olanlar da mən deyən ölçülərə uymur. Qaldı qızlarla platonik, qeyri-sağlam münasibətlərə, yeniyetməlik dönəminin əlamətləri idi orda yazılanlar. Yavaş-yavaş insanın həyata baxışı dəyişir, nəinki qızlara, qadınlara.

- Sosial şəbəkələrdə elə də aktiv deyilsən...

- Yox, istifadə edirəm. Bir ara Tviterdə yaman aktiv idim. Gördüm vaxtımı aparır, atdığım tvitlər də bir işə yaramır, çıxdım. Feysbuk profilimi da nə vaxtsa dondurmaq fikrindəyəm.

- Kənardan cılız, bədbin, qapalı birinə bənzəyirsən. Hekayələrində də görünür bu. Adamlardan qaçırsan sanki…

- Fiziki quruluşumla bağlı nəsə deyə bilmərəm. Özümü, bədənimi sevirəm. Bəli, hardasa məsafəli adamam. Bu da yəqin nəzakət qaydalarına əməl etməyi sevdiyimdəndir. Ancaq o qədər də bədbin deməzdim. Bəlkə rasionalam? Emosional və rasional.

- Nə vaxtsa ədəbiyyata gəldiyinə görə peşman olmayacaqsan ki?

- Ədəbiyyata gəldiyimi düşünmürəm. Ədəbiyyata gəlmək üçün həqiqətən ciddi mənada bir sanballı əsər ortaya atmaq lazımdır.

-Ədəbi mühiti deyək…

- Bizim ədəbi mühiti sevirəm. Nə qədər dava-dalaş, "qırğınlar", mübahisələr, soyuqluqlar, şou-konfliktlər olsa da, sevdiyim adamlar çoxdur. Ancaq tam ruhuma uyğun adam yoxdur. Ümumiyyətlə, fikirləşirəm ki, insanın ruh ekizi olmur.

- Marsel Prustun "İtirilmiş zamanın sorağında” roman-epopeyasını oxumusan, 7 cildlin hamısını. Necə oxudun bu boyda kitabı? Bu yaş üçün tez deyil? Əvvəlcə klassikləri oxuyub sonra keçməyin daha doğru deyildimi?

- Bu yaxınlarda bir oğlan da yazmışdı məndən. Adımı çəkməyib, amma söz atıb. Guya ki, Prustu göstəriş üçün oxumuşam, hətta oxumamışam və ciddi reklama ehtiyacım var. Açığı sistemlə oxumağı düşünmüşəm, alınmayıb. Ürəyim istəyən kitabları tapıram, oxuyuram... Prustla bağlı ümumən qəribə söhbətlər gedir, istər ədəbi kontingentdə, istərsə də oxucular arasında. Bu cür söhbətlər mənə yad və gülməli gəlir. Bu nə deməkdir, yazıçı kitabı yazır ki, oxuyaq da. Bəlkə yazıçılığa iddialı olanlar, sistemli mütaliə sərkeşləri düşünür ki, nə vaxtsa proqramı bitirib Prusta çataram. Mənim açığı yazıçılığa iddiam yoxdur, ikincisi də qorxuram ölüb eliyəm, ömrüm çatmaya. Demirəm kamil bir oxucuyam. Müəyyən mütaliə bazam var və nəyi necə oxuduğumu da başa düşürəm. Prustda çətin bir şey yoxdur. Sadəcə bizim uşaqlar özləri öz gözlərini qırıblar. Qaldı ki, yaşıma. Anar, İsa Hüseynov elə ilk yaradıcı addımlarını bu yaşlarda atıb.

- Bəlkə də elə bunu intellektual görünmək üçün edirsən?

- Kənardakı adamlar üçün nəsə edən biri deyiləm. Hər halda mürəkkəb şeylərdir bunlar. Özümü ustalıqla aldada da bilərəm. Prustu sevirəm. Bəlkə də anamdan, atamdan çox... Yalan, bəhanə... Belə şeyləri məktəbdə, hazırlıqda, universitetdə iki alan, həvəssiz, zehni qabiliyyətcə zəif uşaqlar edərdi. Heç vaxt ehtiyac duymamışam. Bax, "Səfillər”i oxumamışam. İndi gərək oxumadıqlarımdan danışam, ürəyin dincələ? (gülür)

- Deyirsən ki, özümü yazıçı hesab etmirəm, iddiasızam. Bəs niyə çap olunursan?

- Qərarsızlıq. Mən yaxşı yazıçı olmayacamsa, milçəklənmək fikrində deyiləm. Bundandır tərəddüdüm. Amma yəqin bir-iki ilə bəlli olacaq, yazmaq istəyirəm yoxsa yox.

-Son vaxtlar yazıb eləmirsən. Bəlkə yaradılıcıq əzabı çəkirsən?

- Açığı əzab duyğumu da itirmişəm. Əzab çəkmirəm. Son vaxtlar elə bil heç nə hiss eləmirəm.

- Ən çox sevdiyim hekayən "Mənim kiçik nağılım”dır. Dünyaya gəlməyini çox həssaslıqla qələmə almısan. Ananı həqiqətən bu qədər çox sevirsən?

- Anamı hər şeydən çox sevirəm. Əlbəttə, yaşayanlar, nəfəs alanlar arasında. Bu, belə də olmalıdır. Hekayə isə fantastik janrdadır əslində. Ölü körpə necə danışa bilər? Ana obrazı da bir başqa qadındır. Üstündən iki il keçib o hekayənin. İndi düşünürəm, o körpə də heç mən deyiləm. İnsanın daxili dünyasıyla real həyatı arasında dərin uçurumlar olur.

-Anan yazılarını oxuyur?

- Özüm oxuyuram. Hərdən də verirəm özü oxuyur. Yazılarıma maraqlıdır. Qəribədi, birdən görürəm ki, məni ondan yaxşı anlayan, duyan yoxdur. Birdən də görürəm danışdıqlarımdan nə qədər uzaqdır. Yəni söhbət tək hekayədən getmir. Anamı bir ədəbiyyatşünas kimi yenidən yaratmaq arzusudur bəlkə də bu. Söhbət edirik. Qəfil ədəbiyyatdan söz açıram. Məni dinləməyi sevir. Bir dəfə dedi ki, sən qəribəsən. Ancaq əfsus ki, özümü artıq dahi hesab etmirəm.

- Bir ədəbiyyatçı kimi nə istəyərdin?

- Markesin Kortasar haqqında essesi var. Yazır ki, Kortasarla səhərəcən qatarda söhbətləşdik. Ardınca Kortasarın homervari, heyrətamiz nitqindən danışır. Bax o nitqi qulaqlarımla eşitməsəm də, Kortasarın əsərlərindən duyuram. Və inanmıram ki, Kortasar kimi düha olam. Amma yaxşı yazıçı olmaq istərdim, ortabab yox.

Söhbətləşdi: Oğuz Ayvaz

Adalet.az

# 964 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #