5 yaşlı qızını zəhərləyən ana

 

Könül Cəfərli

 

Heç nə uşaq qətlinə bəraət qazandıra bilməz. Hələ qatil anadırsa. Daha çox sarsıdan da elə budur. Qusarda bir fermada anasının zəhərlədiyi 5 yaşlı Luizanı deyirəm. Qadın ifadəsində uşağın ona əngəl yaratdığını deyib. Söylədiyinə görə anasının yanına qayıtmaq istəyib, ailəsi övladını qəbul etməyib. O da həyatına maneə kimi gördüyü balasından “xilas” olmağa çalışıb. Niyəsə tək çarə kimi də ağlına öldürmək gəlib. Zəhərli süd içirib, uşağın vəziyyəti ağırlaşanda yazığı gəlib, yardım çağırıb. Amma kömək üçün gec olub, qız xəstəxanaya çatmamış yoldaca keçinib.

 

Qadın birmənalı canidir, qınanmalı və cəzasını da çəkməlidir. Buna sözüm yox. Amma hadisədə tək günahkar olduğuna inanmıram. Həyatda nələri yaşamalısan ki, doğduğuna ana ola bilməsəyən, balana qıyasan? Sağlam adamın edə biləcəyi əməl olmadığından, şübhəsiz ki, həm də əsəbi, psixikası xəstə insandır. 

 

Fermada yaşayan bir ana-bala da tanıyırdım. Qadının çəkmədiyi zülm qalmadı-yoxsulluq, səfalət, qapılarda nökərçilik... Dağ idi dözürdü. Gücü heç nəyə, heç kəsə çatmayanda hərdən özünü döyürdü. Bəzən adama elə gəlirdi ki, başını itirib, yol boyu əl-qol ata-ata öz-özünə danışar, xəyalında kiməsə acıqlanar, gülərdi. Salamlaşıb görüşəndə bilirdik ki, yox, ağlı üstündədir. Özü də arada deyirdi ki, mənə fikir verməyin, dərdimi daş çəksəydi, quma dönərdi. Hər şeyə rəğmən tab gətirib, qızını böyüdə bildi. Onu güclü edən övladı idi, balası ilə ayaqüstə dayanırdı. O qədər bədbəxtliyin içində ana olmağı bacarmışdı.

 

Amma hamının dərd qarşısında duruşu eyni olmur. Hərə bir təbiətdədir. Kimi dözüb dayanır, kimi azır, ağlını itirir. 

 

Luiza kimi uşaqlar az deyil. Nənə-babasının imtina etdiyi, görmək istəmədiyi o qədər körpə var ki.

 

İki oğlu ilə qadın sığınacağında yaşayan bir qadından müsahibə almışdım. Əri atıb, o da övladlarını götürüb ata evinə üz tutub. Valideynləri isə şərt qoyub ki, ya özün tək gəl, ya da bir də bu qapını döymə. Ağlayaraq yalvarıb ki, getməyə başqa yerim yoxdur, küçədə qalmışıq. Yenə də ata-anasının ürəyinə rəhm gəlməyib. Qız balalarından keçməyib. Bir müddət restoranlarda qabyuyan, kafelərdə xadimə işləyib. Uşaqları ilə parklarda gecələyib. Axırda pis yola düşüb. Fahişəlikdən qazandığı pulla bir müddət balalarını saxlayıb. Bunları danışanda gözünün yaşını axıdır, özündən diksindiyini deyirdi. Övladları ilə skamyada yatdığını görən biri onları qadın sığınacağına aparıb. “Vaxtında anam qapını açıb, evin bir küncündə yer versəydi, bu həyatı yaşamazdım. Ərə verirlər, sonra yiyə durmurlar”- söyləyirdi. Yenə də balalarını bağrına basıb deyirdi ki, daha betərini yaşamağa razıyam, amma uşaqlarımı atmaram.

 

Hələ də qıza yük kimi baxan ailələr var. Ərə verib, bir növ başlarından edirlər. Elələri üçün qızın ata evinə qayıtmağı əlavə xərc, əziyyətdir. Üstəlik uşaqla dönürsə, lap narazı qalırlar. Ər atır, işləməyə sənəti yox, pul qazana bilmir, qalmağa ev yox, çarə nədir? Ya qapılarda hamam-tualet təmizləyib bala böyüdəcək, ya skamyalarda yatıb fahişəlik edəcək, ya da övladından imtina edib ata evinə dönəcək.

 

Həyat dönə-dönə göstərir ki, qızı ərə verməklə əziyyətdən qurtulduğunu zənn edən ailələr yanılır. Gəlin köçürüb evdən çıxarmaqla məsələ həll olmur. Sən bu gün ərə göndərirsən, sabah yanıuşaqlı qayıdıb gəlir. Qızların təhsil alması, bir sənətə yiyələnməsi olduqca vacibdir. Həm əlləri çörəyə çatar, həm də oxumaqla dünyagörüşləri artar, ailənin, ana olmağın nə olduğunu öyrənərlər. Ər qovanda, ya atıb gedəndə, ana qapını açmayanda özləri bir tikə çörək qazanarlar. 

 

Luiza həyatda ola bilərdi, əgər anasının dolanmağa sənəti, işi olsaydı. Səbəb nə olursa olsun, nənəsi üz çevirməyib, bağrına basa bilsəydi. Anası öldürməyi deyil, uşaq evinə verməyi seçsəydi. Niyə bunu etməyib, orası da bəlli deyil.

 

Luizanın qətlində cavabsız çox sual var. Məsələn, qadın niyə fermada yaşayıb? Heçmi övladına qarşı sevgisi olmayıb? Nə üçün nənə nəvəsini qəbul etməyib? Tək səbəb yoxsulluq olub, yoxsa bilmədiyimiz başqa mətləblər də var? Övladı hansı şərtlərlə dünyaya gəlib? Bəlkə təcavüzə uğrayıb, ailəsi də yaxın durmayıb? Yəqin ki, heç məktəb də bitirməyib, adını yazmağı da bacarmır. Bəlkə də yaşadığı ağır həyat nəticəsində ruhi sarsıntı keçirib, psixoloji problemləri var, ona görə balasını öldürüb? Bunlar sadəcə ehtimallardır, həqiqət nədir mən də bilmirəm. Ən azı belə olduğuna, övladını zəhərləyərkən ağlı başında olmadığına inanmaq istəyirəm...

 

 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017