Əsayla “qaytarılan” borc

 

Reyhan Məcidli

 

Sənin qırış tutmuş əllərini uşaq kimi tutub bağrıma basmaq istəyirəm. Onlar mənə necə də iri, kainat boyda görünürdü. İndi qaxaca dönmüş əllərinin cizgisini oxumaq, onları anlamaq, dərk etmək istəyirəm. Bu əllər nə çilələr çəkdi, nə ağrılar keçirdi, nələrə imza atdı?!

 

Nəfəs aldığın hər məkan, toxunduğun hər nöqtə, əllərin dəyən hər nə varsa - daş, divar, toz, torpaq mənim üçün müqəddəsdir, əzizdir. Onlarda sənin alnından süzülən tərin izləri qalıb.

 

Onlar yeddi övladının başına pərvanə kimi dolanan anaya illərdir uzatdığın mübarək əllərdir. Mənə güc, qürur verərək, məktəbə, universitetə aparan, çıraq başına dolandıran, “Müqəddəs kitab”ın altından keçirən əllər…

 

Onlarda mən qorxumu, həyəcanımı unutdum, yumrulanıb xoş avazınla, şirin səsinlə oxuduğun lay-layda xumar-xumar yatdım, uşaqlıq illərimi qayğısız, ərköyün keçirdim.

 

Uşaqkən kölgə səhnəcikləri quran, cürbəcür şəklə düşüb məni həyəcanlandıran, oynadan, yaxalayan, şıltaqlıq edəndə göyə atıb-tutan, ağladıqca gözümün yaşımı silən, saçlarımı oxşayan əllər…

 

Kitablarda, misralarda gizlənən, əlimdən tutub məni nəvazişlə yazdıran əllər…

 

Anam naxoşlayarkən sənin yapdığın çörəyin dadı damağımdadır. İri, güclü əllərin bizi yedirdər, anamın ağrılarını unutdurardı. Sonra biz süfrədən ayrılar-ayrılmaz halsız şəkildə öz gözlərinin yaşını silərdin. Sakitcə anamın başını qaldırıb balıncını düzəldər, hərarətini ölçərdin.

 

O əllər taxtadan gəlincik də düzəldərdi… 

 

Onlar ağac əkdi, yer bellədi, daşı daş üstə qoyub ev tikdi. Dırnaqlar göyərdi, düşdü...

 

O əllər çiçəklər yığdı, mənə çələng düzəltdi. Saçlarımı hördü.

 

Onlar tikana düzülsə belə, ağacın ən əlçatmaz budağından ilk meyvəni mənə dərən əllərdi. Onlar şeir yazdı, rəsm çəkdi. Onlar bizlər üçün Uca Tanrıya gecə-gündüz dua etdi. Silah tutdu, düşmənə atəş açdı, bəzən kobudlaşdı, rəhmsizləşdi, qabardı.

 

Onlar haqsızlığa dözməyib əsəbdən gərilən, masaya zərbə vuran, heyvərələri yumağa döndərən əllərdi. Nə qədər yetim-yesirə çörək verdi. Nə bacarırdısa etdi.

 

Mən isə...

 

Mən isə…

 

Bu gün onlara fərəhlə bir əsa aldım. Əllər titrədi, əsdi, gah yaxınlaşdı, gah uzaqlaşdı, tərəddüd etdi. Sanki dil açıb danışmaq istədi, sonra ondan bərk-bərk yapışdı...

 

 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017