Bakı kafelərində film nümayiş olunacaq - FESTİVAL

DokuBaku Beynəlxalq sənədli filmlər festivalı öz işinə başlayıb.

 

Kulis.az-ın verdiyi xəbərə görə, Doku Baku sənədli film festivalı oktyabrın 12-də “Landmark” da açılışı keçirilən İmagine Avropa Tolerantlıq festivalı ilə paralel keçirilir.  

 

Xarici ölkə səfirliklərinin nümayəndələri, media işçiləri iştirak etdiyi festivalın açılışında "Fuocoammare" sənədli filmi nümayiş olunub. Açılış mərasimi Stefano Muscaritolo və Kəmalə Əlizadənin iştirakı ilə “Müxtəlif səslər” konserti ilə davam edib.

 

Imagine Avropa Tolerantlıq Festivalı musiqi tamaşaları, debatlar və müzakirələr, film nümayişləri, foto və video müsabiqəsi, incəsənət sərgiləri kimi bir çox müxtəlif tədbirləri özündə birləşdirir. Festival Bakının kino zallarında və kafelərində dünyanın 20 ölkəsindən olan 30-dan cox filmi izləmək imkanı verir.

 

“Reallığı sınayaraq” devizi altında təşkil olunan DokuBaku festivalı iki hissədən - əsas və yerli rejissorlar üçün nəzərdə tutulmuş müsabiqə proqramından ibarətdir. Əsas proqram çərçivəsində tamaşaçılara 18 sənədli film təqdim ediləcək, rejissor və prodüserlər üçün ustad dərsləri təşkil olunacaq.

 

Yerli rejissorlar üçün müsabiqə proqramında isə son iki ildə çəkilən 15 qısametrajlı sənədli filmin nümayişi nəzərdə tutulur. Filmlər tanınmış yerli və xarici kino mütəxəssislərinin təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 

Oktyabrın 20-dək davam edəcək festivalın ideyası rejissor İmam Həsənov və prodüser Veronika Yanatkovaya məxsusdur.

 

DokuBaku proqramının təqdim etdiyi ilk film “İsveç sevgi nəzəriyyəsi” (İsveçrə) adlanır və oktyabrın 13-ü saat 19:00-da Landmark otelində nümayiş olunacaq.

 

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
15 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017