Səməd Vurğun Nizamiyə görə Stalinə niyə minnətdarlıq etdi - ARAŞDIRMA

Səməd Vurğun Nizamiyə görə Stalinə niyə minnətdarlıq etdi - <span style="color:red;">ARAŞDIRMA
11 oktyabr 2017
# 11:06

Mirmehdi Ağaoğlu

Bir neçə il əvvəl İranın “Fars xəbər Agentliyi” və “Tehran Tayms” kimi informasiya vasitələrində Nizami Gəncəvi fars şairi kimi təqdim olunmuşdu. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu məsələyə açıqlıq gətirdi, məlumatları təkzib etdi.

Nizaminin fars şairi olmasını təsdiqləyən ən böyük fakt isə onun farsca yazıb-yaratmasıdır. Məhz elə buna görə də bir çox əcnəbi mənbələrdə Nizami fars şairi kimi göstərilir.

Nizaminin fars olduğunu söyləyən İranı təkzib etmək olar, amma təkcə İran onu fars şairi kimi qəbul etmir. Görünür bu sahədə görülən işlər yetərsizdir. Belə fəaliyyətlərdən biri də Meksikanın paytaxtında Azərbaycan Respublikasının iyirmi illiyi münasibətilə Nizami Gəncəvinin heykəlinin qoyulmasıdır.

Bununla belə “Britannika”da Nizami fars şairi kimi göstərilir.

“Britannika”dakı fars

“Britannika”nın 1911-ci nəşrində belə yazılıb: “Hicri 535-ci ildə anadan olmuş fars şairi. Atası Qumun dağlıq ərazilərindən idi. Bütün həyatını Arranın Gəncə (Yelizavetpol) şəhərində yaşayıb. O Gəncəli Nizami və ya Gəncəvi kimi tanınır”.

Nizami Gəncəvinin milli kimliyi barədə durum keçən əsrin əvvəllərində bu cür idi. Bir əsrdən sonra da vəziyyət dəyişməyib. “Britannika” eyni şeyləri yazır. Tutalım, “Britannika” o qədər də ciddi mənbə sayılmır(!), bəs axı dünyanın əksər şərqşünasları da eyni fikirdədirlər axı.

Image result for Firudin bəy Köçərli

Yelizavetpoldan olan tatar

Hələ 1903-cü ildə Firudin bəy Köçərli “Azərbaycan tatarlarının ədəbiyyatı” əsərində Nizamini “Yelizavetpoldan olan tatar” adlandırmışdı. Onun farsca yazıb-yaratmasının orta əsrlərdə azərbaycanlılarla farsların ədəbiyyat, dil və dinlərinin eyni olmasından irəli gəldiyini bildirir.

1930-cu illərə qədər dünya şərqşünaslığında Nizaminin fars ədəbiyyatının nümayəndəsi olması fikri dominantlıq təşkil edirdi. Bir çox sovet alimləri və Rusiya ərazisində dərc olunmuş ensiklopediyalarda da Nizami fars şairi kimi göstərilirdi. Ata yurdu kimi isə İranın Qum şəhəri verilirdi.

Nizaminin türk şairi olması fikrini ilk dəfə 1934-cü ildə SSRİ yazıçılarının birinci qurultayında Azərbaycandan gələn nümayəndə heyəti səsləndirmişdi. Bu vaxta qədər Azərbaycan hüdudlarından kənarda bu fikir səslənmirdi.

Bununla belə 1937-ci ildə “Azərbaycan poeziyası antologiyası” nəşri hazırlanarkən ilkin variantda Nizaminin əsərləri kitaba salınmır. Həmən ilin 1 avqustunda “Bakinskiy raboçiy” qəzetində verilən bir məqalədə isə yazılırdı: “”Xalq düşmənləri”nin Nizaminin əsərlərini antologiyaya salmamaq cəhdləri baş tutmadı.”

Gürcülərlə, ermənilər qabağa düşdülər

1936-cı il dekabrında qəbul olunan Sovet Konstitusiyasında Azərbaycan Sovetlərin bərabərhüquqlu dövləti kimi göstərildi. Bu qərarın qəbulundan sonra digər xalqlar kimi Azərbaycan xalqının da qədim tarixə malik olduğunu əyani faktlarla sübut etmək lazım idi. Azərbaycanlıların qədim ənənəyə sahib olduqlarını, gəlmə olmadıqlarını sübut etmək iki cəhətdən vacib idi.

Birincisi azərbaycanlıların köklü xalq olduqlarını sübut etməklə Stalin deportasiyasından yaxa qurtarmaq üçün. Bu məqsədlə Azərbaycan Dövlət Universitetinin tərkibində “Azərbaycan tarixi” kafedrası yaradıldı.

İkincisi isə Sovetlərə daxil olan xalqların qədim, ulu xalqlar olduqlarını, onların “böyük ənənə”lərə sahib olduqlarını isbat etmək üçün. Sovet xalqları qondarma ola bilməzdilər.

Onlar da ruslar kimi qədim tarixə malik olan xalq olmalı idilər. Bu məqsədlə də 30-cu illərin ikinci yarısından başlayaraq “Sovet patriotizmi” adı altında sovetlərə daxil olan bütün xalqların tarixlərində “axtarışlar” aparılmağa başlandı.

Ən kiçik ipucları belə geniş araşdırma mövzularına çevrildi. Bu cür araşdırmalar və “böyük ənənə” yaratmaq cəhdləri daha çox qədim keçmişləri olmayan kiçik xalqlara lazım idi. Azərbaycanlıların böyük tarixlərinin olmasının xüsusi isbata ehtiyacı olmasa da, bəzi tarixi yanlışlıqları aradan qaldırmaq üçün bu cür ümumittifaq səviyyəli tədbirlərin burda da həyata keçirilməsi vacib idi.

Ümumittifaq miqyasında Puşkinin ölümünün yüz ili ilə yanaşı erməni eposu “David Sasunski”nin 1000 illiyi və gürcü poeması “Pələng dərisi geymiş qəhrəman”ın yazılmasının 750 illiyi qeyd edildi.

Azərbaycanda da Nizaminin anadan olmasının 800 illiyinə hazırlıqlar başlandı.

Image result for Stalin

Rus şərqşünasları susurdular

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu Arxiv idarəsinin rəhbəri O. Tamazaşvili deyir ki, Nizaminin Azərbaycan şairi olması fikrini ilk dəfə Mir Cəfər Bağırov söyləmişdi.

Amma Azərbaycanda Nizaminin milli kimliyi məsələsi çox ehtiyatla qabardılırdı. Məsələ burasında idi ki, Leninqrad şərqşünasları o dövrdə çox güclü idilər. Onların əksəriyyəti isə Nizaminin fars olması fikrini ciddi müdafiə edirdilər. Yalnız şərqşünas Y. N. Marrın 1929-cu ildə səsləndirdiyi “Nizami Azərbaycanda İrandan daha məşhurdur” fikrindən sonra Azərbaycan alimləri cəsarətləndilər. Onlar Rusiya şərqşünasları arasında həmfikir tapmışdılar.

1938-ci il 5 aprel tarixində Moskvada Azərbaycan incəsənəti dekadasının keçirilməsi ilə əlaqədar Bakıda nəşr olunan “Azərbaycan poeziyası antologiyası”nda Konstantin Semyonovun tərcüməsində Nizaminin şeirləri də yer alır. Bunun ardınca “Pravda” qəzetində dərc olunan məqalələrdə Nizami adı Xaqani, Füzuli kimi Azərbaycan şairləri ilə yanaşı çəkilməyə başlayır.

1938-ci il boyu Nizami respublika daxilində qətiyyətlə Azərbaycan şairi kimi hallandırılsa da hələ akademik dairələrdə, əsasən də Rusiya iranşünas və şərqşünasları səviyyəsində Nizaminin adı fars şairi kimi keçirdi.

Bertels əvvəllər Nizamini fars şairi hesab edirdi

İlk məqalə şərqşünas, iranşünas Yevgeni Bertelsdən gəldi. Əvvəllər Nizamini İran şairi hesab edən şərqşünas 1939-cu ilin fevral ayında “Pravda” qəzetində yazdığı “Dahi Azərbaycan şairi Nizami” məqaləsi ilə akademik səviyyədə Nizaminin azərbaycanlı olduğunu bəyan elədi. Tamazaşvilinin iddiasına görə bu məqalə sifarişlə yazılmışdı.

1939-cu ilin aprel ayının 3-də “Pravda”da dərc edilmiş başqa bir məqalə Nizaminin milli kimliyi ilə bağlı mübahisələrə son qoydu. Məqalənin müəllifi ukraynalı şair Mikola Bajan idi.

O Stalinlə görüşündən bəhs edərək yazırdı: “Yoldaş Stalin Azərbaycan şairi Nizamidən danışdı. Ondan sitatlar gətirdi. Guya qardaş Azərbaycan xalqının dahi şairini əsərlərinin böyük hissəsini iranca yazdığı üçün İran ədəbiyyatına vermək lazımmış. Nizami poemalarında da etiraf edib ki, ona öz xalqına ana dilində müraciət etməyə imkan vermirlər, buna görə də İran dilində yazırdı. Məhz elə bu hissəni yoldaş Stalin qeyd elədi.”

Britaniyalı sovetoloq Volter Kolarts qeyd edir ki, Stalinin bu fikrindən sonra Nizami Gəncəvi sovetlərdə yekdilliklə Azərbaycan şairi kimi qəbul edilməyə başladı.

Image result for евгени бертельс

Səməd Vurğun Stalinə təşəkkür etdi

Bu məqalədən on üç gün sonra “Pravda” qəzetində Səməd Vurğun, Rəsul Rza və Süleyman Rüstəmin Stalinə yazdıqları şeirlər dərc olundu. Şairlər Nizamini Azərbaycana qaytardığı üçün dahi rəhbərə şeir dili ilə minnətdarlıqlarını bildirirdilər.

Həmən ilin dekabr ayında Bertlesin “Ədəbiyyat qəzeti”ndə “Nizaminin yubileyinə hazırlıq” adlı yazısı dərc olunur. O məqalədə Nizaminin “İskəndərnamə”nin sonuncu hissəsində yaratdığı utopik ölkənin Sovetlər Birliyi olduğunu xüsusilə vurğulayır.

Stalinin son sözündən sonra Nizaminin milli kimliyi məsələsinə tamamilə aydınlıq gətirilir. Nizaminin 1941-ci ildə keçirilməsi planlaşdırılan 800 illik yubileyinə ümumittifaq səviyyəsində hazırlıqlar görülür.

Böyük Vətən Müharibəsinin başlaması ilə yubiley tədbirləri təxirə salınsa da 1940-cı illərdə akademik səviyyədə Nizaminin poemalarının tərcüməsinə başlanılır. Sovet araşdırmaçıları və ensiklopediyaları Nizaminin Azərbaycan şairi olduğunu yazmağa başlayırlar.

1940-cı ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı dekadası çərçivəsində Səməd Vurğun məruzəsində Stalin yoldaşın Nizamini Azərbaycan xalqına qaytardığını vurğulayır: “Nizami bir çox əsərlərini farsca yazdığına görə xalqımızın alçaq düşmənləri, nasionalist-müsavatistlər, pantürkistlər və başqa xəyanətkarlar onu bizdən məhrum etmək istəyirdilər”.

Daha maraqlısı isə 1947-ci ildə Nizaminin yubileyi çərçivəsində təşkil olunan tədbirdə SSRİ Yazıçılar İttifaqının rəhbəri Aleksandr Fadeyevin çıxışıdır: “Əgər Sovet hakimiyyəti olmasaydı Azərbaycan xalqının, bəşəriyyətin bu dahi şairini heç Azərbaycan xalqı belə tanımayacaqdı”.

Image result for Məmməd Əmin Rəsulzadə

Rəsulzadə də araşdırmalara qoşuldu

S. Vurğunun və yaxın dostu olmuş A. Fadeyevin çıxışlarına baxmayaraq Nizaminin Azərbaycan şairi olmasının isbatı üçün görülən işlərin ən böyüyünü elə birinci müsavatçı Məmməd Əmin Rəsulzadə elədi.

Mühacirətdə olan Rəsulzadə 1941-ci ildə böyük şairin 800 illiyi münasibətilə “Azərbaycan şairi Nizami” əsərini tamamlayır. Rəsulzadə kitabı yazarkən bir sıra mənbələrə, tarixi qaynaqlara üz tutmaqla yanaşı Nizaminin poemalarını da araşdırmış, onun türk olduğunu təsdiq edən faktları üzə çıxarmışdır.

“Azərbaycan şairi Nizami” əsəri 1941-ci ildə tamamlansa da müəllifin düşdüyü çətinliklər üzündən nəşri 1949-cu ilə qədər ləngiyir.

Keçən əsrin 30-cu illərindən Sovetlərdə aparılan bu kampaniya nəticəsində Nizamiyə daha çox diqqət ayrıldı. Böyük şairin əsərləri Azərbaycan dilinə çevrildi. Ən əsası rus şərqşünaslarının Nizaminin milli kimliyi haqqında fikirləri tamamilə dəyişdi. Keçmiş Sovet ölkələrində də Nizami Azərbaycan şairi olaraq tanınmağa başladı.

# 5822 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #