Arvadına xəyanət edən kişinin namusu

Arvadına xəyanət edən kişinin namusu
10 oktyabr 2017
# 11:43

Könül Cəfərli

O gün də qadın öldürülüb, yenə də başı kəsilib. Diqqət etmisinizsə, çox az halda kişilər bu cür qətlə yetirilir. Daha çox qadınların başı kəsilir. Təsadüfən deyil, mentalitetdən gələn bir ənənədir. İndi baş kəsmək cinayət sayılır, bir vaxtlar isə cəza idi. Özü də “urvatlı” cəza, bir növ ləkəçıxarıcı funksiyası da vardı. Elə indi də var. Pis yola düşən qadınlar bu yolla cəzalandırılır, həm də namus “təmizlənir”. Hər halda camaat belə düşünür. Əxlaqsız qadını başqa cür də öldürmək olar, amma başını kəsəndə kişi daha hörmətli olur. Həm də namussuzluğun el arasında cəzası budur. Əksəriyyət də qəbul edib, razılaşır. Bir növ milli normaya çevrilib. Çünki davamlı olaraq, təbliğ edilir. Qızları “ağllı ol, yoxsa atan başını kəsər” deyə-deyə yetişdiririk. Bunu ailədə böyüyən oğlan uşaqları da eşidir. “Əxlaqsızın başı kəsilməlidir” qənaəti beyinlərə beləcə çökür. Eşidəndə ki, əri arvadının başını kəsib, çox adam səsini çıxarmır, qatilə cani gözü ilə baxmır, “bərəkallah” deyənlər də tapılır. Dildə dəstəkləməyən də ürəyində bəraət qazandırır, haqq verir.

Bu ictimai münasibətdən xəbəri olan bəzi kişilər rahatlıqla bıçağa əl ata bilir. Namus asan bəhanə, qadına yapışdırıla bilən ən rahat iftiradır. Başını kəs, bircə kəlmə də de ki, namusumu təmizlədim, vəssalam. Dövrəyə namus, qeyrət girdisə, kimsə böhtan olub-olmadığını araşdırmayacaq. Qadının həyatı namusla bıçaq arasında itib batır.

Bir neçə gün öncə Gədəbəydə ər keçmiş arvadının başını kəsib. Caninin babası aliment, mərhumun atası isə kartof üstündə münaqişə düşdüyünü deyir. Yəni namus söhbəti deyil. Yenə də camaat dincəlmir, aliment, kartof ağıllarına batmır. “Bəlkə də başqa məsələ olub, yoxsa niyə başını kəssin?”-deyirlər. Ortada baş kəsilməsi olduğu üçün altında namus axtarırlar.

Bizdə qadının namusundan kişi cavabdehdir. Əxlaq elə bir ağır zaddır ki, guya qadın özü təkbaşına, kənardan nəzarət olmasa daşıya bilməz. Mütləq başının üstündə bir kişi (ata, ər, qardaş) dayanmalı, ona istiqamət verməlidir. Yoxsa qadın namusuna sahib çıxa bilməz, yolunu azar. Bu yanaşma ilə əslində qadın nə qədər aşağılanır.

Namusu kişiyə mentalitet həvalə etsə də, ədalətsiz bir bölgü olduğu aşkardır. Arvadına dəfərlərlə xəyanət edən kişinin bu hüquqa nə qədər mənəvi haqqı çatır? Qadın namus daşıyıcısı, kişi isə onun namusunu qoruyandır. Yaxşı, bəs kişinin özünün əxlaqı? Niyəsə söhbət kişidən gedirsə, namusu heç kimin yadına düşmür, maraqlandırmır. Oğlan yüz qızla gəzsə də, evlənəndə buna görə problem yaşamır, ona heç kim əxlaqsız demir. Amma qız bir oğlanı sevəndə adına söz çıxır, qapısına elçi düşən olmur. Nə qədər ikili, riyakar yanaşmadır.

Bizdə namus ancaq qadının boyuna biçilmiş bir anlayışdır. Onu kişidə heç kim axtarmır. Namussuz qadın var, amma namussuz kişi olmur. Kişiyə əxlaqına görə tənə edən, barmaqla göstərən yoxdur. Siz heç qızla gəzdiyi üçün evdə qalmış oğlan tanıyırsınızmı? Amma nişanı qayıtdığı üçün ərə gedə bilməyən qızlar var.

Xəyanət edən qadının başı kəsilir, bəs ömrü boyu eyni əməli edən kişilər niyə cəzalandırılmır? Onların namusu kirlənib-zad eləmir? Yaxud da kişilərin namusunu bəs kim təmizləsin?

Bütün halda insan öldürmək cinayətdir və heç bir səbəb buna bəraət qazandıra bilməz. Hər kəs öz həyatına və namusuna cavabdehdir. Qadın düşünüldüyündən qat-qat artıq güclüdür və ən çətin durumlarda da əxlaqına sahib çıxa bilər. Yaxşı olar ki, “təmiz”liyə hərə elə özündən başlasın. Hamı öz əxlaqına sahib çıxsa, heç kəsin namusu kirlənməz, elə fahişələrin də...

# 4135 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #