Məni əsla tərk etmə

Məni əsla tərk etmə
6 oktyabr 2017
# 11:38

Nobel üçüncü dəfə bir yapona verildi. Bundan əvvəl Yasunari Kavabata və Kenzeburo Oe mükafata layiq görülmüşdü.

Qəribə orasıdır ki, yapon ədəbiyyatının görkəmli nümayəndələrindən olan Aqutaqava Rünoskeni oxuduğum vaxt Nobel İşiquroya verildi.

Yapon ədəbiyyatı tamam ayrı istiqamətdir. Məsələn, Kavabata “Dağın çiçəyi” romanında modern dünyanı bir çiçəyin əfsanəsinin gözü ilə təqdim edir. Mişimanın qəhrəmanları dəhşətli əzablar çəkirlər. Rünoske buz kimi soyuqdur. Və hər ikisi intiharla bu dünyadan köçdülər.

Rünoskenin indilərdə oxuduğum bir cümləsini xatırladım: “Mənim yalnız əsəblərim var”.

Kavabata Nobel nitqində həm Mişimanı, həm də Rünoskeni intiharda qınamış, bunun yanlış yol olduğunu demişdi. Nəticədə özü də intihar elədi.

Sirli, qorxulu, ecazkardır yapon ədəbiyyatı...

Açığı, İşiquroya Nobel verilməyi məni bir xeyli təəccübləndirdi. Bəlkə də İsveç Akademiyasında əyləşən qocalar Bob Dilan seçimindən narazı qalanları susdurmaq üçün bu addımı atdı. Yapon olacaqsa, Murakamiyə verərlər deyə düşünürdük. Ancaq bu dəfə də Nobel motosiklet kimi Murakaminin yanından sürətlə ötüb keçdi.

Murakami İşiquroya baxanda favorit idi. 2000-ci illərin əvvəlindən namizəd göstərilən, 2010-cu ildən bu günə qədər də adı siyahıda birinci çəkilən Murakaminin Nobel almaması artıq zarafata çevrilib. Murakami haqqında görün nə zarafat quraşdırıblar: “Qışın gəldiyini Haruki Murakminin Nobel Ədəbiyyat Mükafatını uduzmağından bilirəm”.

Kazuo İşiquronun özü də mükafatla zarafat etdi. Nobelin ona verilməsi xəbərinə inanmadığını, eşidən kimi saxta xəbər və ya zarafat hesab etdiyini dedi.

Yalan ya gerçək, indi Nobel mükafatı İşiquronun adına yazıldı. Özü yapon, ədəbiyyatı Britaniya...

İşiquronun ən məşhur romanını keçən il oxumuşam. Adı bizim dilə təxminən belə çevrilir: “Məni əsla tərk etmə”.

Qapalı bir yetimxana təsvir olunur. Amma bu bildiyimiz yetimxanalardan deyil. Bu yetimxananın arxasında dəhşətli bir fakt var. Deməli, oradakılar balaca vaxtından yetişdirilir. Onlar yetimxanadan o tərəfdə yaşayan yaşlı insanların klonlarıdır. Nə vaxtsa, onların hansısa orqanı sıradan çıxanda klonlardan istifadə olunur. Klonlar 25 yaşına qədər yaşaya bilirlər və 4-cü əməliyyatdan sonra ölürlər. Hekayəni danışan qəhrəman hər dəfə “Məni əsla tərk etmə” adlı mahnıya qulaq asır və əlini sanki uşaq yelləyirmiş kimi yelləyir. Bunu görən yetimxanadakı müəllim şoka düşür. Dəhşətli səhnədir. Axı onlar heç vaxt uşaq sahibi ola bilməyəcəklər. Onlar başqalarını yaşatmaq üçün vardırlar.

İşiquro bunu təftiş edir: elm, texnoloji inkişaf yaxşıdır, amma biz istədiyimiz hər şeyi edə bilmərik. Yapon yazıçısı məhz bu etik sualı verir: bunu etmək doğrudurmu?

Klonlar o qapalı yetimxanadan çıxa bilmirlər. Deyilənə görə, yalnız bircə şansları var: aşiq olmaq! Bir-birini sevən iki klon azad olunacaq. Yetimxanada bir-birini sevdiyini düşünən iki klon rəhbərin yanına gedirlər. Qoca rəhbər onlara şok açıqlama verir: “Belə bir qayda yoxdur”.

Klonlardan biri deyir ki, bəs bizə niyə rəsmlər çəkdirirdiniz, yəqin ki, içimizdəki sevginin axtarışındaydınız. Rəhbərin cavabı dəhşətlidir: “Biz ruhunuzda nəyin olub-olmadığını araşdırmırdıq, biz araşdırırdıq ki, ümumiyyətlə, sizin ruhunuz var, ya yox”.

Bu roman ingilscə yazılmış 100 ən yaxşı romanın arasındadır. Əsər əsasında film də çəkilib.

Öz taleyindən xəbərsiz olmaq. Daha sonra məhv olacağını bilə-bilə bu taleyi yaşamağa razılaşmaq. Qəhrəmanın tez-tez dinlədiyi mahnı: “Məni əsla tərk etmə”.

İşiquro romanının amansız mövzusu...

Hesab edirəm ki, oxumağa dəyər. Və İsveç Akademiyasına da təşəkkür düşür: bu dəfə tam hədəfə vurdular!

İnşallah bu da intihar eləməz!

# 1499 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #